Kontentə keç

Mündəricatı göstər

Bilirsiniz?

Bilirsiniz?

Yusifin atası kim idi?

Nasirə şəhərində dülgər kimi tanınan Yusif İsa peyğəmbərin atalığı idi. Bəs görəsən, Yusifin atası kim idi? İsa Məsihin «Məttanın müjdəsi»ndə yazılan nəsil şəcərəsində deyilir ki, Yusifin atasının adı Yaqub idi, amma «Lukanın müjdəsi»ndə yazılır ki, «Yusif Əlinin oğlu» idi. Bəs nəyə görə belə bir təzad var? (Luka 3:23; Mətta 1:16).

«Məttanın müjdəsi»ndə oxuyuruq: «Yaqub... Yusifin atası idi». Burada işlənən yunan sözü açıq-aşkar göstərir ki, Yusifin doğma atası Yaqub olub. Beləliklə, Mətta İsa peyğəmbərin nəsil şəcərəsini ata tərəfdən qələmə almışdı. Bu, Davud padşahın nəsil xətti idi. Bu nəsil vasitəsilə Yusifin ögey oğlu İsa taxt-tacın qanuni varisi oldu.

«Lukanın müjdəsi»ndə isə deyilir ki, «Yusif Əlinin oğlu» idi. Burada işlənən «oğlu» ifadəsi «kürəkən» mənasını da daşıyır. Eyni sözə Luka 3:27 ayəsində də rast gəlmək olar. Şəəltiilin doğma atası Yəkunya olduğu halda, orada yazılır ki, «Şəəltiil Nurinin» oğlu idi (1 Salnamələr 3:17; Mətta 1:12). Ehtimal olunur ki, Şəəltiil Nurinin qızı ilə evlənmişdi və beləcə, onun kürəkəni olmuşdu. Yusif də məhz bu mənada Əlinin oğlu idi. Çünki o, Əlinin qızı Məryəmlə evlənmişdi. Beləcə, Luka öz müjdəsində İsanın nəsil şəcərəsini doğma anası Məryəm tərəfdən qələmə almışdı (Romalılara 1:3). Bəli, Müqəddəs Kitabda İsa Məsihin həm ana, həm də ata tərəfdən olan iki fərqli nəsil şəcərəsi qeyd olunub.

Müqəddəs Kitabın yazıldığı dövrdə hansı qumaş və boya növləri var idi?

ERAMIZIN 135-Cİ İLİNƏ AİD BOYALI YUN PARÇA. ÖLÜ DƏNİZİN YAXINLIĞINDAKI MAĞARADA TAPILIB

Qədim zamanlarda Yaxın Şərqdə keçi və dəvə tükündən əlavə, qoyun yunu da parçaların hazırlanmasında geniş istifadə olunurdu. Yun parça ən geniş yayılmış qumaş növü idi. Allahın Kəlamında da qoyunçuluqdan, qoyun qırxımından və yun paltardan tez-tez bəhs edilir (1 İşmuil 25:2; 2 Padşahlar 3:4; Əyyub 31:20). Kətan Misirdə və İsraildə yetişdirilirdi (Yaradılış 41:42; Yuşə 2:6). O dövrdə israillilər pambıq yetişdirmirdilər. Kəlamda deyilir ki, bu məhsul Fars ölkəsində istifadə olunurdu (Əstər 1:6). İpək parça əla növ bahalı qumaş sayılırdı və çox güman ki, onu yalnız uzaq Şərqdən gələn tacirlər gətirirdi (Vəhy 18:11, 12).

Bir kitabda deyilir ki, «yunun özü təbii rənglərdə, yəni dümağ rəngdən tutmuş tünd qəhvəyi rəngə qədər müxtəlif çalarlarda olurdu («Jesus and His World»). Üstəlik, yunu çox vaxt rəngləyirdilər. Bahalı bənövşəyi boya bəzi molyuskalardan alınırdı. Qırmızı, sarı, mavi və qara kimi rəngləri isə müxtəlif bitkilərdən, onların kökündən, yarpaqlarından və həşəratlardan alırdılar.