Kontentə keç

Mündəricatı göstər

Xəbərdarlığa qulaq vermək həyati vacibdir!

Xəbərdarlığa qulaq vermək həyati vacibdir!

İNDONEZİYANIN Sumatra ərasizinin şimal-qərb sahilyanı adası olan Simeulyoda 2004-cü il dekabrın 26-sı 9,1 bal gücündə zəlzələ baş verdi. Həmin vaxt sahildə olan bütün gözlər dənizə baxdı. Dəniz qeyri-adi tərzdə geri çəkilirdi. Hamı dərhal təpələrə doğru qaçaraq yerli dildə sunami mənasını verən «Smonq! Smonq!» — deyə qışqırmağa başladı. 30 dəqiqənin içində güclü dalğalar sahili basıb evləri və kəndləri yuyub apardı.

Simeulyo adası sunami nəticəsində yerlə bir olan ilk ərazi idi. Amma 78 000 sakindən cəmi 7 nəfər həlak olmuşdu. Həlak olanların sayının az olmasının səbəbi nə idi? * Ada sakinləri arasında belə bir deyim var: «Əgər güclü bir titrəmə baş verərsə, dəniz geri çəkilərsə, dərhal təpələrə qaçın, çünki dəniz tezliklə sahili basacaq». Simeulyo sakinləri öz təcrübələrinə əsaslanaraq, dənizdə baş verən dəyişikliklərdən sunaminin yaxınlaşdığını müəyyən edə bilirlər. Xəbərdarlığa ciddi yanaşmaları onların həyatını xilas etdi.

Müqəddəs Kitabda da yaxınlaşan bir fəlakətdən bəhs olunur. Orada yazılıb: «Elə böyük müsibət olacaq ki, beləsi dünya yaranandan bəri olmamışdır və bir daha olmayacaq» (Mətta 24:21). Bu, məsuliyyətsiz insanların törətdikləri işlər ucbatından, yaxud təbii fəlakətlər nəticəsində Yer kürəsinin dağılacağı mənasını daşımır. Çünki Allahın niyyəti odur ki, Yer kürəsi əbədi mövcud olsun (Vaiz 1:4). Yaxınlaşan bu müsibət Allahın «yeri tələf edənləri» tələf etmək üçün gördüyü bir tədbirdir. Bu, bütün əzab əziyyətin və pisliyin sonu deməkdir (Vəhy 11:18; Məsəllər 2:22). Allahın böyüklüyünə şükürlər olsun ki, belə işlər görəcək!

Bundan əlavə, Müqəddəs Kitabda deyilir ki, ismi Yehova olan Allah məhəbbətdir və O, salehlərin yerə sahib olub, orada əbədi yaşayacaqlarını vəd edir (1 Yəhya 4:8; Zəbur 37:29). Bəs bu böyük müsibətdən sağ çıxmaq və Allahın vədlərini öz gözlərinizlə görmək üçün nə edə bilərsiniz? Cavab sadədir: xəbərdarlığa ciddi yanaşın!

VƏZİYYƏTİN DƏYİŞMƏSİNƏ BİGANƏ QALMAYIN

Pisliklərə və əzab-əziyyətə nə vaxt son qoyulacağını dəqiq deyə bilmərik, çünki İsa Məsih demişdi: «O günü və saatı heç kəs bilmir: nə göydəki mələklər, nə də Oğul. Bunu yalnız Ata bilir». Buna baxmayaraq, Məsih bizi oyaq qalmağa səsləyir (Mətta 24:36; 25:13). Nə üçün? Müqəddəs Kitab son gəlməzdən öncə dünyada hökm sürəcək vəziyyəti təsvir edir. Dənizin qəfildən çəkilməsi Simeulyo sakinləri üçün sunaminin yaxınlaşmasına bir işarə olduğu kimi, dünyada cərəyan edən hadisələrin qəfildən məcrasını dəyişməsi də bizim üçün sonunun yaxınlaşdığına işarə olacaq. Bu dəyişikliklərdən bəziləri çərçivədə göstərilib.

Düzdür, çərçivədəki hadisələrin bəziləri ayrı-ayrılıqda keçmişdə müəyyən dərəcədə baş verib. Ancaq İsa Məsih demişdi ki, «bütün bunları» görəndə biləcəyik ki, son yaxında, qapının ağzındadır (Mətta 24:33). Düşünün, Müqəddəs Kitabda təsvir olunan hadisələr bəşər tarixində nə vaxt 1) dünya miqyasında olub, 2) eyni zamanda baş verib və 3) get-gedə pisləşib? Sözsüz ki, yaşadığımız bu zəmanədə.

ALLAHIN MƏHƏBBƏTİNİN İZHARI

ABŞ-ın keçmiş prezidenti belə sözlər demişdi: «Erkən xəbərdarlıq sistemləri... həyatları xilas edir». 2004-cü ildəki sunamidən sonra zərərçəkmiş ərazidə xəbərdarlıq sistemləri quraşdırıldı. Məqsəd gələcəkdə olacaq fəlakət zamanı ölüm sayını minimuma endirmək idi. Eynilə, Allah da tədbir görüb ki, dünyanın sonu gəlməzdən öncə insanlara xəbərdarlıq olunsun. Müqəddəs Kitabda yazılıb: «Padşahlıq haqqındakı bu müjdə xalqların hamısına şəhadət olsun deyə, bütün yer üzündə təbliğ ediləcək və son o vaxt gələcək» (Mətta 24:14).

Təkcə keçən il Yehovanın Şahidləri 1,9 milyarddan çox saat sərf edərək 240 ərazidə yaşayan insanlara 700-dən çox dildə xoş xəbəri çatdırıblar. Müasir dövrdə baş verən bu inkişafın özü sonun yaxın olduğuna güclü sübutdur. Yehovanın Şahidləri insanlara sevgidən irəli gələrək güclərini səfərbər edib Allahın hökm gününün tezliklə yaxınlaşdığı barədə hamını xəbərdar edirlər (Mətta 22:39). Sizin xilasınız bu xəbərdarlıqdan asılıdır. Buna görə də demək olar ki, bu xəbərdarlıq Allahın məhəbbətinin izharıdır. Yadda saxlayın, Allah «heç kəsin məhv olmasını istəmir, əksinə, istəyir ki, hamı tövbəyə gəlsin» (2 Butrus 3:9). Bəs siz Allahın məhəbbətinə hay verib xəbərdarlığa ciddi yanaşacaqsınız?

TƏHLÜKƏSİZ YERƏ QAÇIN!

Simeulyonun sahilyanı kəndlərinin camaatı çəkilməni gördükdə dalğaların geri qayıdacağını gözləmədilər, dərhal hündür ərazilərə doğru qaçdılar. Onların bu qəti addımı həyatlarını xilas etdi. Yaxınlaşan müsibətdən xilas olmaq istəyirsinizsə, siz də, hələ ki gec deyil, məcazi dillə desək, hündür ərazilərə qaçmalısınız. Bəs necə? Əşiya peyğəmbər Allahdan ilham alaraq zamanın sonuna, yəni bizim dövrümüzə də aid olan möhtəşəm bir dəvətdən bəhs etmişdi. O, belə səslənir: «Gəlin Yehovanın dağına...qalxaq. O, bizə yolunu öyrətsin, biz də Onun yolu ilə yeriyək» (Əşiya 2:2, 3).

Dağın başına qalxmaq insana yuxarıdan hər şeyi görməyə və təhlükəsizlikdə olmağa imkan yaradır. Buna bənzər tərzdə, Müqəddəs Kitabın səhifələrindən Allahın qanunları barədə öyrənmək bu gün milyonlarla insana həyatlarında yaxşı dəyişikliklər etməyə kömək edir (2 Timutiyə 3:16, 17). Belə etməklə onlar Allahın yolu ilə yeriməyə başlayır, Onun rəğbətini qazanır və müdafiəsinə sığınırlar.

Bəs siz bu dəvətə hay verib yaşadığımız ağır zəmanədə Allaha pənah aparacaqsınız? Məsləhət görürük ki, axırzamanın əlamətlərini göstərən çərçivədəki ayələrin üzərində diqqətlə düşünəsiniz. Ərazinizdəki Yehovanın Şahidləri böyük məmnuniyyətlə sizə bu ayələrin həm məğzini, həm də tətbiqini öyrənməyə kömək edərlər. Siz həmçinin jw.org saytımıza daxil olub suallarınıza cavab tapa bilərsiniz. MÜQƏDDƏS YAZILARIN TƏLİMLƏRİ > MÜQƏDDƏS YAZILARA AİD SUALLARA CAVAB adlı bölməyə baxın.

^ abz. 3 2004-cü ildə baş verən bu sunami 220 000 insanın həyatına son qoymuşdu. Bu sunami tarixdə ən məhvedici təbii fəlakətlərindən biri kimi qeydə alınıb.