Kontentə keç

Mündəricatı göstər

Bacı-qardaşların mənəvi, ruhani və ya əməli köməyə olan ehtiyacını duymağa çalışın

Öz yığıncağınıza kömək edə bilərsiniz?

Öz yığıncağınıza kömək edə bilərsiniz?

GÖYƏ qalxmazdan əvvəl İsa Məsih şagirdlərinə demişdi: «Yerin ucqarlarınadək mənim şahidim olacaqsınız» (Həv. 1:8). İlk məsihilər bu işi yerinə yetirməyə necə müvəffəq olmuşdular?

Oksford universitetinin professoru Martin Qudmənin sözlərinə görə, «Roma imperiyasının ilk çağlarında bütün məsihilər öz üzərlərində məsuliyyət hiss edirdilər: onların görməli olduğu iş var idi. Bu, məsihiləri bütün dini qruplardan, o cümlədən yəhudilərdən ayırırdı». İsa Məsih xidmətini icra etmək üçün hər yanı qarış-qarış gəzirdi. Onun izləri ilə gedən həqiqi məsihilər başa düşürdülər ki, «Allahın Padşahlığı haqqında müjdəni» yaymaq üçün gərək həqiqəti öyrənmək istəyən insanları tapsınlar (Luka 4:43). Birinci əsrdə məsihi yığıncağında həvarilərin olmasının bir səbəbi də elə bu idi. «Həvari» kimi tərcümə olunan söz orijinal dildə göndərilmiş, elçi mənasını daşıyır (Mark 3:14). İsa öz davamçılarına tapşırmışdı: «Gedin və bütün xalqların içində şagird hazırlayın» (Mət. 28:18—20).

Bu gün İsanın on iki həvarisindən heç biri bizimlə deyil. Lakin Yehovanın bir çox xidmətçisi onların nümunəsini izləyir. Tələbat olan yerdə təbliğ etmək çağırışına onlar: «Mən gedərəm! Məni göndər!» — deyə hay verirlər (Əşy. 6:8). Bəziləri uzaq ölkələrə köçüblər. Bunlara Gilad Məktəbinin minlərlə məzununu nümunə çəkmək olar. Digərləri öz yaşadıqları ölkənin başqa yerinə köçüblər. Elələri var ki, xarici dil öyrənib, əcnəbidilli insanlara təbliğ edən yığıncaq və qruplara keçiblər. Tələbat olan yerə köçən, yaxud yeni dil öyrənən bacı-qardaşların heç də hamısının şəraiti əlverişli olmayıb. Bu addımı atmaq elə də asan başa gəlməyib. Onların hamısı Yehovanı və insanları sevdiklərini göstərmək üçün nələri isə qurban veriblər. Məsrəfləri ölçüb-biçib tələbat olan yerdə xidmət etməyə başlayıblar (Luka 14:28—30). Bu addımı atan bacı-qardaşların əməyi çox qiymətlidir.

Ancaq hamının şəraiti eyni deyil. Hər məsihinin tələbat olan yerə köçməyə, yaxud da yeni dil öyrənməyə imkanı yoxdur. Buna baxmayaraq, hər birimiz öz yığıncağımızda həvari kimi xidmət edə bilərik.

ÖZ YIĞINCAĞINIZDA HƏVARİ KİMİ OLUN!

Hazırkı vəziyyətinizdə əlinizdən gəldiyi qədər kömək edin:

Birinci əsrdə məsihilər canla-başla xidmət edirdilər. Ancaq bu, o demək deyil ki, onların hamısı təbliğ etmək üçün başqa yerə gedirdi. Əksəriyyəti elə öz yaşadığı yerdə qalıb xidmət edirdi. Bununla belə, həvari Bulusun Timutiyə verdiyi məsləhət onlara da aid idi: «Müjdəni təbliğ et, xidmətini tam yerinə yetir» (2 Tim. 4:5). Bu nəsihət Allahın bütün xidmətçilərinə aiddir. Harada yaşayırlar yaşasınlar, məsihilərin hamısı Padşahlıq xəbərini təbliğ etməli və şagird hazırlamalıdır. Üstəlik, hətta öz yığıncağında ola-ola məsihi bir çox sahədə həvari kimi xidmət edə bilər.

Məsələn, məsihi xidmət etmək üçün başqa ölkəyə köçəndə çox şey onun üçün yeni olur. Ona yeni şəraitə uyğunlaşmaq lazım gəlir. Bəs əgər biz tələbat olan yerə köçə bilmiriksə, nə etməliyik? Xidmət etdiyimiz əraziyə artıq yaxşı bələd olduğumuzu düşünərək əlimizi əlimizin üstünə qoyub oturmalıyıq, yoxsa təbliğ etmək üçün yeni üsullar axtarmalıyıq? Misal üçün, 1940-cı ildə məsləhət görülürdü ki, qardaşlar həftənin bir günü küçədə təbliğ etsinlər. Siz təbliğin bu növündə iştirak edirsiniz? Bəs ədəbiyyat arabaları ilə təbliğ edirsiniz? Bir sözlə, müjdəni təbliğ etmək üçün yeni üsullardan istifadə edirsiniz?

bacı-qardaşları müjdəni təbliğ etməyə təşviq edin

Müsbət əhval-ruhiyyə bizə canla-başla, həvəslə xidmət etməyə kömək edəcək. Tələbat olan yerə köçən, yaxud əcnəbidilli ərazidə xidmət etmək üçün yeni dil öyrənən təbliğçilər, adətən, bacarıqlı təbliğçilər olurlar. Buna görə də onların çoxlarına böyük köməyi dəyir. Məsələn, onlar təbliğ etməkdə gözəl nümunə qoyurlar. Bundan əlavə, çox vaxt başqa ölkəyə göndərilən xüsusi təyinatlı müjdəçilər yerli qardaşlar yetişənə qədər yığıncaq işlərini özləri görürlər. Əgər siz vəftiz olunmuş qardaşsınızsa, öz yığıncağınızdakı həmimanlılara xidmət etməyə can atırsınız? (1 Tim. 3:1).

DAYAQ OLUN!

əməli kömək göstərin

Təbliğ işində canla-başla xidmət etməkdən və yığıncaqdakı məsuliyyətləri icra etməkdən başqa digər sahələrdə də yığıncağımıza kömək edə bilərik. Yaşlı, cavan, kişi, qadın, bir sözlə, hər kəs darda olan həmimanlısına dayaq ola bilər (Kol. 4:11).

Dindaşlarımıza kömək etmək üçün biz onları yaxşı tanımalıyıq. Müqəddəs Kitab bizi təşviq edir ki, bir yerə yığışanda bir-birimizə qarşı diqqətli olaq (İbr. 10:24). Bu, o demək deyil ki, biz başqalarının işinə qarışmalıyıq. Biz sadəcə onları tanımağa, onları başa düşməyə, ehtiyaclarını duymağa çalışmalıyıq. Onların mənəvi, ruhani və ya əməli köməyə ehtiyacı ola bilər. Bacı-qardaşlara kömək etmək təkcə ağsaqqalların və yığıncaq xidmətçilərinin işi deyil. Düzdür, bəzi hallarda yalnız bu qardaşlar kömək edə bilərlər (Qal. 6:1). Bununla belə, hər birimiz yaşlı bacı-qardaşlara, problemlərlə üzləşən ailələrə kömək əlimizi uzada bilərik.

həyatın qayğıları ilə çarpışanlara mənən dayaq olun

Məsələn, Salvatore iflas olanda biznesini, evini, əşyalarının çoxunu satmalı olmuşdu. O, ailəsinə görə çox narahat olurdu. Yığıncaqda başqa bir ailə onların ehtiyac içində olduğunu görüb onlara əl tutdu, həm Salvatoreyə, həm də yoldaşına iş tapdı. Onlar günlərlə Salvatore və onun ailəsi ilə vaxt keçirib onları dinləyir, onlara ürək-dirək verirdi. Bu iki ailənin arasında möhkəm dostluq yarandı. Artıq uzun illərdir ki bu dostluq davam edir. Düzdür, o vaxtlar çox çətin vaxtlar idi. Amma indi hər iki ailə birlikdə keçirdikləri anları xoş xatirələr kimi yada salır.

Həqiqi məsihilər düşünmürlər ki, etiqadlarını özlərində saxlamalıdırlar. İsa Məsih öz nümunəsilə göstərmişdi ki, biz Müqəddəs Kitabda yazılan gözəl vədlər barədə hər kəsə danışmalıyıq. Bəzi məsihilərin şəraiti tələbat olan yerə köçməyə yol verir, digərlərininki isə yox. Buna baxmayaraq, hər birimiz hazırda xidmət etdiyimiz yığıncaqda hamıya əlimizdən gəldiyi qədər yaxşılıq edə bilərik (Qal. 6:10). Bununla biz əliaçıqlığın gətirdiyi sevinci dadacağıq və hər bir yaxşı işdə bəhrə gətirəcəyik (Kol. 1:10; Həv. 20:35).