Kontentə keç

Mündəricatı göstər

Bilirsiniz?

Bilirsiniz?

İsa peyğəmbər cüzamlılarla necə rəftar edirdi?

Müqəddəs Kitabın yazıldığı dövrdə yaşayan yəhudilər cüzama tutulmaqdan qorxurdular. Bu dəhşətli xəstəlik insanın sinir sonluqlarına hücum edir, ömürlük zərər vurub eybəcər hala salır. O dövrdə cüzam xəstəliyinin müalicəsi yox idi. Bu xəstəliyə tutulan insanlar cəmiyyətdən təcrid edilməli və başqalarını öz xəstəliklərindən agah etməli idilər (Lavililər 13:45, 46).

Yəhudi din xadimləri isə bu qaydaları ağırlaşdırıb cüzamlı insanların həyatını daha da çətinləşdirmişdilər. Məsələn, ravvin qanunlarına əsasən, heç kim cüzamlıya 2 metrdən yaxın durmamalı idi. Külək əsəndə isə insanlarla cüzamlı arasında 45 metrə yaxın məsafə olmalı idi. Qanuna əsasən, cüzama tutulmuş insan «düşərgədən kənarda yaşamalı» idi. Ancaq Talmud tədqiqatçıları bu ayəni belə izah edirdilər ki, cüzamlılar şəhər divarlarının o tərəfində yaşamalı idilər. Bu səbəbdən, ravvin şəhərdə bir cüzamlı görərdisə, onu daşlayaraq deyərdi: «Yerinə get! Camaatı murdarlama!».

Ancaq İsa peyğəmbərin cüzamlılarla rəftarı tamam başqa idi! O, cüzamlıları qovmurdu, əksinə, yaxınlaşıb onlara toxunurdu və hətta sağaldırdı (Mətta 8:3).

Yəhudi din xadimləri hansı hallarda boşanmağa icazə verirdilər?

Eramızın 71 və ya 72-ci ilə aid talaq kağızı

Boşanma eramızın birinci əsrində din xadimləri arasında mübahisəli məsələ idi. Elə buna görə bir dəfə bəzi fərisilər İsa peyğəmbəri sınamaq məqsədilə ona yanaşmışdılar: «Kişi hər səbəbə görə arvadını boşaya bilər?» (Mətta 19:3).

Allahın Musa peyğəmbər vasitəsilə verdiyi Qanuna əsasən, kişi arvadında «bir ləyaqətsizlik görər»disə, boşaya bilərdi (Qanunun təkrarı 24:1). İsa peyğəmbərin dövründə iki ravvin cərəyanı var idi və hərəsi bu qanunu bir cür izah edirdi. Daha sərt olan Şammay cərəyanı deyirdi ki, boşanma üçün yeganə səbəb zina idi. Hilal cərəyanı isə öyrədirdi ki, nə qədər kiçik olmasından asılı olmayaraq, kişi arvadı ilə arasında olan istənilən söz-söhbətə görə qanuni şəkildə ondan boşana bilər. Hətta əgər kişi daha gözəl qadın tapardısa və ya onun arvadı yeməyi xarab edərdisə, bu vəziyyətlərdə də kişi qadını boşaya bilərdi.

Bəs onda İsa peyğəmbər fərisilərin sualına necə cavab verdi? O aydın şəkildə dedi: «Kim arvadını əxlaqsızlıq etdiyinə görə deyil, başqa səbəbə görə boşayıb özgəsi ilə evlənirsə, zina edir» (Mətta 19:6, 9).