Kontentə keç

Mündəricatı göstər

ÜZ QABIĞINDAKI MÖVZU

Hamının təsəlliyə ehtiyacı var

Hamının təsəlliyə ehtiyacı var

Uşaq olanda yıxıldığınız vaxtı yadınıza salın. Ola bilsin, əlinizi kəsmişdiniz və ya diziniz sıyrılmışdı. Bəs həmin vaxt ananız qayğınıza necə qalmışdı? Yəqin o, yaranızı təmizləyib sarımışdı. Siz ağlayırdınız, o isə sizi bağrına basıb ovundururdu. Uşaq vaxtı yanınızda hər zaman qayğınıza qalan kimsə olub.

Ancaq böyüdükcə həyat çətinləşir. Qayğılar artır, təsəllini isə haradan tapasan, bilmirsən. Əfsuslar olsun ki, böyüdükcə problemlər ana qayğısı ilə həll olunmur. Məsələn, götürək aşağıdakı problemləri.

  • Ola bilsin, işinizi itirmisiniz. Hülyan adlı bir nəfər deyir ki, onu işdən çıxaranda dəli kimi olmuşdu. «Ailəmi necə dolandıracağam?» — deyə elə hey düşünürdü. — «Necə ola bilər ki, işinə bu qədər can qoyasan, axırda səni işə yararsız hesab etsinlər?»

  • Ola bilsin, nikahınız dağılıb. Rakel adlı bir qadın hisslərini bölüşür: «On səkkiz ay bundan əvvəl ərim məni qəflətən atıb getdi. Çox pis olmuşdum. Özümə yer tapa bilmirdim. Sanki, ürəyim ortadan ikiyə bölünmüşdü. Daxilən əzab çəkirdim, üstəlik, bütün bədənim ağrıyırdı. Qorxurdum, bilmirdim axırım necə olacaq».

  • Ola bilsin, səhhətinizdə ciddi problemlər var və yaxşılaşacağınıza ümid yoxdur. Bəlkə də, Əyyub peyğəmbər kimi, siz də belə sözlər demisiniz: «Bezmişəm, daha yaşamaq istəmirəm» (Əyyub 7:16). Ya da 80 yaşlı Luiz adlı bir kişinin keçirdiyi hissləri keçirmisiniz: «Hərdən mənə elə gəlir ki, sadəcə oturub öləcəyim günü gözləyirəm».

  • Ola bilsin, yaxın adamınızı itirmisiniz. Robert bölüşür: «Oğlum təyyarə qəzasında həyatını itirəndə buna inanmağım gəlmirdi. Ancaq sonradan daxilimdə elə bir ağrı hiss elədim ki, sanki, bağrımı qılıncla yardılar» (Luka 2:35).

Bu insanların hər biri vəziyyətlərinin nə qədər ağır olmasına baxmayaraq, təskinlik tapıblar. Onlara bu təsəllini hansısa insan yox, yeri-göyü yaradan Külli-İxtiyar Allah verib. Bəs Allah insana təsəllini necə verir? O, şəxsən sizə təsəlli verə bilər?