Kontentə keç

Mündəricatı göstər

ÜZ QABIĞINDAKI MÖVZU | Hamının təsəlliyə ehtiyacı var

Allah təsəllini necə verir?

Allah təsəllini necə verir?

Müqəddəs Kitabda yazılıb ki, Yehova * Allah «hər cür təsəlli Allahı olub hər dərdimizdə bizə təsəlli verir» (2 Korinflilərə 1:3, 4). Bu sözlərə əsasən, elə bir dərdli insan yoxdur ki, Allah ona təsəlli verə bilməsin.

Amma Allahdan təsəlli almağımız üçün biz də nəsə etməliyik. Misal üçün, əgər həkimin yanına getməsəniz, o, sizi necə müalicə edə bilər? Buna görə də Allahın Kəlamı bizi təşviq edir: «Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq» (Yaqub 4:8).

Bəs Allahın bizə yaxınlaşacağına necə əmin ola bilərik? Hər şeydən əvvəl, bu, Allahın Kəlamında dönə-dönə vurğulanır. ( Çərçivəyə baxın.) Bundan əlavə, həm qədim, həm də müasir dövrdə yaşamış insanların hadisələri sübut edir ki, Allah hər birimizə təsəlli vermək istəyir.

Misal üçün, bu gün kömək üçün Allaha üz tutan insanlar kimi, dərd-bəlanın nə olduğunu yaxşı bilən Davud peyğəmbər də Allaha yalvarıb demişdi: «Səndən imdad diləyəndə yalvarışımı eşit». Bəs Allah onun duasını eşitdi? Bəli. Peyğəmbər demişdi: «Onun köməyini gördüm, qəlbim sevincdən coşur» (Zəbur 28:2, 7).

İSA PEYĞƏMBƏRİN VERDİYİ TƏSƏLLİ

Allah buyurur ki, İsa peyğəmbərin təsəlli verməkdə böyük rolu var. İsa peyğəmbərin Allahdan aldığı tapşırıqların sırasına qəlbisınıqların yarasını sarımaq, bütün yaslılara təsəlli vermək də daxil idi (Əşiya 61:1, 2). Peyğəmbər yer üzündə yaşadığı vaxt ərzində, onun haqda əvvəlcədən deyildiyi kimi, zəhmətkeşlərə və yükü ağır olanlara xüsusi qayğı göstərdi (Mətta 11:28—30).

İsa peyğəmbər gözəl məsləhəti, mülayim rəftarı ilə insanlara təsəlli verirdi. O, bunu hətta xəstəlikləri sağaltmaqla da edirdi. Bir dəfə cüzam xəstəliyinə tutulmuş bir adam peyğəmbərə yaxınlaşıb yalvarmışdı: «Əgər istəsən, məni təmizləyə bilərsən». Peyğəmbərin ona yazığı gəlmiş və ona demişdi: «İstəyirəm. Təmizlən» (Mark 1:40, 41). Cüzamlı o andaca sağalmışdı.

Bu gün İsa Məsih artıq yer üzündə yaşamır ki, bizə təsəlli versin. Ancaq hər cür təsəlli Allahı olan Yehova ehtiyacı olanlara təsəlli verməyə davam edir (2 Korinflilərə 1:3). Allah əsasən aşağıdakı dörd üsulla insanlara təsəlli verir.

  • Müqəddəs Kitab. «Əvvəlcədən yazılanların hamısı bizə nəsihət olaraq yazılıb ki, dözüm sayəsində və Müqəddəs Yazılardan aldığımız təsəlli sayəsində ümidimiz olsun» (Romalılara 15:4).

  • Müqəddəs ruh. İsa peyğəmbərin ölümündən bir az sonra onun davamçılarının son dərəcə təsəlliyə ehtiyacları var idi. «Yehova Allahın qorxusu və müqəddəs ruhun təsəllisi ilə» yaşamağın sayəsində onlar lazım olan təskinliyi tapmışdılar (Həvarilərin işləri 9:31). Allahın fəal qüvvəsi olan müqəddəs ruh çox güclüdür. Allahımız onun vasitəsilə hər birimizə istənilən çətinliyimizdə təsəlli verə bilər.

  • Dua. «Heç nəyə görə narahat olmayın. Hər məsələ barədə diləyinizi dua və yalvarışla, şükr edə-edə Allaha bildirin. Onda Allahın hər bir ağıldan üstün olan sülhü ürəyinizi və fikirlərinizi... qoruyacaq», — deyə Müqəddəs Kitab bizə məsləhət görür (Filippililərə 4:6, 7).

  • Dindaşlar. Onlar əsl dost olub dar günümüzdə bizə dayaq ola bilərlər. İsa Məsihin birinci əsrdə yaşamış bir davamçısı bir dəfə demişdi ki, sıxıntı və əzab-əziyyətli günlərində iman bacı-qardaşları ona dayaq olmuşdu (Koloslulara 4:11; 1 Salonikililərə 3:7).

Bəs bu üsullar təcrübədə özünü necə göstərib? Gəlin ilk məqalədə göstərilən problemlərlə üzləşən bəzi insanların həyatına nəzər salaq. Onlar kimi, siz də Allahın Öz vədinə sadiq qaldığını duya bilərsiniz: «Ana oğlunu ovundurduğu kimi, Mən də sizi ovunduracağam» (Əşiya 66:13).

^ abz. 3 Müqəddəs Kitaba əsasən, Allahın adı.