Kontentə keç

Mündəricatı göstər

ÜZ QABIĞINDAKI MÖVZU | Hamının təsəlliyə ehtiyacı var

Çətinliklər zamanı təsəlli

Çətinliklər zamanı təsəlli

Həyatda müxtəlif çətinliklər var. Bu məqalədə onların hamısı haqda danışa bilməsək də, gəlin əvvəlki məqalədə qeyd olunan dörd vəziyyətə yenidən baxaq və görək Allah bu kimi problemlərlə üzləşən insanlara necə təsəlli verib.

İŞSİZ QALANDA

«Başa düşdüm ki, nə iş olsa, razılaşmalıyam. Vacib olmayan şeylərə pul xərcləmirdik» (Conatan).

Set * adlı bir kişi xatırlayır: «Həyat yoldaşımla mən işimizi eyni vaxtda itirdik. Düz iki il çox əziyyət çəkdik. Ailəmizin digər üzvlərinin maddi köməyi ilə və günəmuzd işlərin hesabına birtəhər dolanırdıq. Belə vəziyyətin ucbatından arvadım Priskila depresiyaya düşdü, mən isə özümü yararsız hiss edirdim.

Amma biz bu vəziyyətin öhdəsindən gələ bildik. Arvadım Priskila İsa peyğəmbərin bu sözlərini tez-tez xatırlayırdı: “Heç vaxt sabahkı gün üçün narahat olmayın, çünki sabahkı gün özü ilə yeni qayğılar gətirəcək” (Mətta 6:34). Həmçinin Allaha etdiyi hərarətli dualar ona möhkəm qalmağa güc verdi. Mənə isə Zəbur 55:22 ayəsi təsəlli verdi. Bu sözləri yazan məzmurçu kimi, mən də qayğı yükümü Yehovaya verdim və Onun mənə dayaq olduğunu gördüm. Allaha şükür, indi işsiz deyiləm. Amma yoldaşımla mən, Allahın Kəlamında məsləhət görüldüyü kimi, sadə həyat sürməyə çalışırıq (Mətta 6:20—22). Ən əsası, indi Allaha və bir-birimizə daha yaxınıq».

Conatan adlı bir ailə başçısı bölüşür: «Kiçik ailə biznesimiz iflasa uğradı. Məni fikir götürmüşdü ki, görəsən, ailəmi dolandıra biləcəyəm? İqtisadi böhran üzündən iyirmi illik zəhmətim hədər getdi. Yoldaşımla aramda pul üstündə söz-söhbət düşürdü. Kredit kartımızla da heç nə ala bilmirdik, qorxurduq ki, kartımızı ləğv ediblər.

Ancaq Allahın Kəlamı və Onun müqəddəs ruhu sayəsində biz düzgün qərarlar verə bildik. Başa düşdüm ki, nə iş olsa, razılaşmalıyam. Vacib olmayan şeylərə pul xərcləmirdik. Yehovanın Şahidi olduğumuza görə dindaşlarımız da bizə dayaq olurdu. Həyat şəraitimiz dəyişdiyi üçün sıxılmayaq deyə, onlar əllərindən gələni edirdilər. Ən çətin günlərimizdə dindaşlarımız bizim yanımızda idilər».

AİLƏ DAĞILANDA

Rakel deyir: «Ərim gözlənilmədən məni atıb gedəndə qəlbim sındı, ona çox əsəbiləşmişdim. İçimdə olan kədər hissi məni boğurdu. Ancaq Allaha üz tutdum və O, mənə təsəlli verdi. Hər gün Allaha etdiyim dualar sayəsində Onun verdiyi qəlb rahatlığı ürəyimi qorudu. Allah sınmış qəlbimə şəfa verdi.

Allahın Kəlamının köməyi sayəsində hirsimi və qəzəbimi boğa bildim. Mən Müqəddəs Kitabda yazılmış bir ayəyə əməl etməyə çalışdım. Orada deyilir: “Pisliyə məğlub olma, pisliyə yaxşılıqla qalib gəl” (Romalılara 12:21).

«“İtki ilə barışmağın öz vaxtı var”... İndi qarşıma yeni məqsədlər qoymuşam» (Rakel).

Bir yaxşı dostumun verdiyi məsləhətlər sayəsində başa düşdüm ki, keçmişimlə yaşamamalıyam. O, mənə Vaiz 3:6 ayəsini göstərib dedi: “İtki ilə barışmağın öz vaxtı var”. Etiraf edirəm ki, bu sözləri qəbul etmək asan deyildi, amma düz sözə nə deyəsən?! İndi qarşıma yeni məqsədlər qoymuşam».

Elizabet deyir: «İnsanın ailəsi dağılanda dəstəyə çox ehtiyacı olur. Yaxın bir rəfiqəm mənə həmişə dayaq olurdu. O, mənimlə birgə ağlayır, mənə təskinlik verir, özümü atılmış yox, sevgiyə layiq olduğumu hiss etməyə kömək edirdi. Əminəm ki, mənim yaralarımı onun vasitəsilə Yehova Allah sarıdı».

YATAĞA DÜŞƏNDƏ VƏ YA QOCALANDA

«Dua edəndən sonra Allahın ruhunun mənə güc verdiyini hiss edirəm» (Luiz).

Birinci məqalədə adı çəkilən Luiz adlı yaşlı kişinin ürəyində ciddi problem var. O, az qala iki dəfə həyatını itirmişdi. Hal-hazırda Luiz günün 16 saatını aparat vasitəsilə oksigen qəbul etməli olur. O bölüşür: «Həmişə Yehova Allaha dua edirəm. Dua edəndən sonra Allahın ruhunun mənə güc verdiyini hiss edirəm. Dua mənə kömək edir ki, həyat eşqim ölməsin, çünki Allaha inanıram və Onun mənim qayğıma qaldığını bilirəm».

80 yaşlı Petra hisslərini belə ifadə edir: «Ürəyimdən çox şey etmək keçir, ancaq bacarmıram. Gücümün getdikcə tükəndiyini görəndə pis oluram. Taqətim qalmayıb, dərmanlara möhtac qalmışam. Tez-tez İsa peyğəmbərin duasını yadıma salıram. O, Allaha yalvararaq demişdi ki, əgər mümkünsə, qarşıda onu gözləyən çətinliyi ondan uzaqlaşdırsın. Lakin Allah peyğəmbərinə dözmək üçün güc vermişdi. O, mənə də güc verir. Dua mənim gündəlik dərmanımdır. Allaha dua edəndən sonra özümü çox yaxşı hiss edirəm» (Mətta 26:39).

30 ilə yaxındır ki, dağınıq skleroz xəstəliyindən əziyyət çəkən Hülyan da eyni hissləri keçirir. O deyir: «Mən müdir kreslosundan əlil arabasına keçdim. Buna baxmayaraq, özümü lazımsız hiss etmirəm, çünki başqalarına kömək etməyə çalışıram. Başqaları üçün nəsə etmək mənim əzabımı yüngülləşdirir. Yehova Allah da Öz Kəlamında yazdırdığı kəlmələrə sadiq qalaraq, ehtiyac duyduğum vaxtlarda mənə güc verir. Müqəddəs Kitabda yazılmış bu sözlərə qoşuluram: “Mənə qüvvət verənin sayəsində hər şeyə gücüm çatır”» (Filippililərə 4:13).

YAXININI İTİRƏNDƏ

Antonyo xatırlayır: «Atamı maşın vuranda əvvəl-əvvəl buna inana bilmirdim. Bu ədalətsizlik idi, çünki o, sadəcə öz yolu ilə gedirdi. Amma əlimdən heç nə gəlmirdi. O, beş gün komada qalandan sonra vəfat etdi. Anamın yanında olanda özümü güclə sıxırdım ki, ağlamayım, ancaq tək qalanda göz yaşlarım sel kimi axırdı. Öz-özümə deyirdim: “Axı niyə? Niyə mənim atam?”

Bu əzablı günlərimdə Yehova Allaha yalvarırdım ki, özümü ələ almağa və sakitləşməyə kömək etsin. Yavaş-yavaş özümə gəldim. Çünki Müqəddəs Kitabda yazılıb ki, hər bir insanın başına təsadüf nəticəsində istənilən hadisə gələ bilər. Həmçinin əminəm ki, atam bir gün diriləcək və onu yenidən görəcəyəm, çünki bunu yalan danışmayan Allah vəd edir» (Vaiz 9:11; Yəhya 11:25; Titusa 1:2).

«Oğlumuz təyyarə qəzasında vəfat edib. Amma onunla bağlı xoş xatirələrimiz bizə güc verir» (Robert).

Birinci məqalədə adı çəkilən Robert də belə düşünür. O deyir: «Həyat yoldaşımla mən Filippililərə 4:6, 7 ayələrində yazılan Allahın verdiyi sülhü tapdıq. Bu, etdiyimiz dualar sayəsində mümkün oldu. Allah ürəyimizə sülh verdiyi üçün xəbər müxbirləri ilə dirilmə ümidimiz haqda bölüşə bildik. Oğlumuz təyyarə qəzasında vəfat edib. Amma onunla bağlı xoş xatirələrimiz bizə güc verir. Çalışırıq ki, diqqətimizi bu xatirələrə cəmləyək.

Dindaşlarımız bizim televizorda imanımız barədə necə sakit tərzdə danışdığımızı deyəndə biz bildirdik ki, belə olmağımız onların bizim üçün etdiyi duaların sayəsindədir. Mən bilirəm ki, saysız-hesabsız dindaşın bizə təsəlli vermək üçün dedikləri sözlər Allahdan idi».

Bütün bu hadisələr göstərir ki, Allah istənilən dərdi olan insana təsəlli verməyə qadirdir. Əmin ola bilərsiniz ki, hansı çətinliyiniz olursa olsun, Allah sizə də təsəlli verə bilər *. Buna görə də kömək üçün Yehova Allaha üz tutun, çünki, O, hər cür təsəlli Allahıdır (2 Korinflilərə 1:3).

^ abz. 5 Bəzi adlar şərtidir.

^ abz. 23 Allaha yaxınlaşmaq və Ondan təsəlli almaq istəyirsiniz? Ərazinizdə yaşayan Yehovanın Şahidləri ilə əlaqə saxlayın və ya yaxınlıqda yerləşən filiallarımızdan birinə məktub yazın.