Kontentə keç

Mündəricatı göstər

Lütfünə görə Allaha minnətdarıq

Lütfünə görə Allaha minnətdarıq

«Hamımız... lütf üstündən lütf aldıq» (YƏH. 1:16).

NƏĞMƏ: 95, 13

1, 2. a) İsa Məsihin çəkdiyi məsəli danışın. b) Bu məsəldə səxavət və lütf kimi xüsusiyyətlər necə vurğulanır?

BİR kişinin üzüm bağı var idi. O, səhər tezdən bazar meydanına gedir ki, bağında işləmək üçün işçilər tapsın. Tapdığı işçilər onun təklif etdiyi əməkhaqqına işləməyə razılaşıb onunla gedirlər. Bağ sahibi görür ki, yenə işçi lazımdır və gün ərzində bir neçə dəfə bazar meydanına gedib muzdlu işçi tutur. O hətta günün sonunda tapdığı işçilərə də eyni miqdarda zəhmət haqqı təklif edir. Axşam düşəndə üzümlüyün sahibi işçiləri çağırır və hamısına, bütün günü işləyənə də, bir saat işləyənə də eyni zəhmət haqqı verir. Səhərdən işləyən işçilər narazılıq etməyə başlayırlar. Onda üzümlüyün sahibi deyir: «Məgər təklif etdiyim məbləğə işləməyə razılaşmadınız? Mənim işçilərə istədiyim qədər əməkhaqqı verməyə ixtiyarım çatmır? Yoxsa səxavətli olduğumu görüb paxıllığınız tutur?» (Mət. 20:1—15).

2 İsa Məsihin çəkdiyi bu məsəl Yehovanın Müqəddəs Kitabda tez-tez adı çəkilən bir xüsusiyyətini — lütfünü vurğulayır. (2 Korinflilərə 6:1 ayəsini oxuyun.) Əslində, bir saat işləyən işçilərə bütün günlük əməkhaqqı düşmürdü. Sadəcə, üzümlüyün sahibi onlara lütf göstərdi. Müqəddəs Kitabın bir çox tərcümələrində «inayət» kimi tərcümə olunan «lütf» sözü ilə bağlı bir alim demişdi: «Bu söz, insana təmənnasız olaraq və qazanmadığı halda verilən bəxşişə aid işlənir».

YEHOVA ALLAHIN ƏNAMI

3, 4. Yehova Allah bəşəriyyətə necə və nə üçün lütf göstərdi?

3 Müqəddəs Kitabda Allahın lütfü ənam adlanır (Efes. 3:7). Yehova bu ənamı nə üçün və necə verir? Əgər Yehovanın tələblərini mükəmməl şəkildə yerinə yetirsəydik, onda Onun bizim üçün etdiyi yaxşılıqlar lütf sayılmazdı, biz onları qazanmış olardıq. Amma acı həqiqətdir ki, heç kəs Allahın tələblərini kamil şəkildə yerinə yetirə bilmir. Böyük hikmət sahibi olan Süleyman padşah yazmışdı: «Dünyada elə saleh adam yoxdur ki, heç vaxt günah etməsin, ancaq yaxşılıq etsin» (Vaiz 7:20). Oxşar fikri həvari Bulus da demişdi: «Hamı günah işləyib, heç kəs Allahın calalını əks etdirə bilmir» və «günahın ödədiyi haqq ölümdür» (Rom. 3:23; 6:23a). Bəli, əslində, biz ölümə layiqik.

4 Amma Yehova Allah məhəbbətdən irəli gələrək ölümə məhkum bəşəriyyətə misilsiz lütf göstərdi. O, bizə misli bərabəri olmayan ənam bəxş etdi, «yeganə Oğlunu» yer üzünə göndərdi ki, uğrumuzda canını fəda etsin (Yəh. 3:16). Həvari Bulus yazmışdı: «İsanı başında şərəf və izzət tacı ilə görürük. Çünki o, Allahın lütfü ilə hər kəsin əvəzinə ölümü dadmaq üçün əzab çəkib ölmüşdü» (İbr. 2:9). Bəli, «Allahın verdiyi ənam... Ağamız Məsih İsa sayəsində əbədi həyatdır» (Rom. 6:23b).

5, 6. a) Günahın ağalığı bizə necə təsir edir? b) Lütfün tabeliyində olmaq hansı faydanı gətirir?

5 Bəs insanlar günahı və ölümü necə miras aldılar? Müqəddəs Kitabda deyilir ki, «bir nəfərin [Adəmin] günahı ucbatından» ölüm bəşəriyyət üzərində hökmranlıq edir (Rom. 5:12, 14, 17). Xoşbəxtlikdən, biz günahın köləliyindən çıxa bilərik, seçim öz əlimizdədir. Biz Məsihin fidyə qurbanlığına iman etməklə izin veririk ki, bizə Yehovanın lütfü hakim olsun. Bunu necə başa düşmək olar? Romalılara 5:20, 21 ayələrində deyilir: «Günah çoxaldıqca Allahın lütfü də aşıb-daşırdı. Nə üçün? Onun üçün ki, günahla ölüm bəşəriyyət üzərində hökmranlıq etdiyi kimi, lütf də Ağamız İsa Məsih sayəsində əbədi həyata aparan salehlik vasitəsilə hökm sürsün».

6 Günahlı olmağımız o demək deyil ki, günah üzərimizdə ağalıq etməlidir, biz onunla mübarizə aparmalıyıq. Buna görə də günah işlədəndə Yehovaya yalvarıb əfv diləyirik və bununla da Məsihin qurbanlığına iman gətirdiyimizi göstəririk. Həvari Bulus məsihilərə tövsiyə etmişdi: «Günah sizin üzərinizdə ağalıq etməməlidir, axı siz qanunun yox, lütfün tabeliyindəsiniz» (Rom. 6:14). Bəs lütfün tabeliyində olmaq hansı faydanı gətirir? Bulus bu suala cavab verir: «Allahın lütfü... bizə allahsızlığı və bu dünyaya xas istəkləri rədd edib bu zəmanədə sağlam düşüncə ilə, salehlik və möminliklə həyat sürməyi öyrədir» (Tit. 2:11, 12).

MÜXTƏLİF YOLLARLA İFADƏ OLUNAN LÜTF

7, 8. Allahın lütfü hansı mənada müxtəlif yollarla ifadə olunur? (Məqalənin əvvəlindəki şəklə baxın.)

7 Həvari Butrus yazmışdı: «Hər kəs aldığı ənama əsasən, Allahın müxtəlif yollarla ifadə olunan lütfünün nümunəvi nökərbaşısı kimi bir-birinə xidmət etsin» (1 But. 4:10). Allahın lütfü hansı mənada müxtəlif yollarla ifadə olunur? Yəni hansı sınaqla üzləşiriksə üzləşək, Yehova dözməyə kömək edəcək (1 But. 1:6). O, üzləşdiyimiz hər sınaqdan alnıaçıq çıxa bilməyimiz üçün nə lazımdırsa, məhz onunla bizi təmin edəcək.

8 Doğrudan da, Yehova Allahın lütfü müxtəlif yollarla ifadə olunur. Həvari Yəhya yazmışdı: «Biz hamımız onun dolğunluğundan bəhrələndik, lütf üstündən lütf aldıq» (Yəh. 1:16). Allahın müxtəlif yollarla ifadə olunan lütfü bizə çoxlu fayda gətirir. Gəlin bu faydalardan bir neçəsini nəzərdən keçirək.

9. Yehovanın lütfü bizə hansı faydanı gətirir və lütfünə görə Allaha minnətdar olduğumuzu necə göstərə bilərik?

9 Günahlarımız bağışlanır. Biz tövbə edəndə və günahlı meyillərimizlə mübarizə aparanda Yehova lütf edib günahlarımızı bağışlayır. (1 Yəhya 1:8, 9 ayələrini oxuyun.) Bu mərhəmətinə görə Allaha minnətdar olmalı və Onun adını ucaltmalıyıq. Həvari Bulus məsh olunmuş qardaşlarına müraciət edərək demişdi: «[Yehova] bizi zülmətin hakimiyyətindən qurtardı və sevimli Oğlunun padşahlığına köçürtdü. Biz Oğulun fidyəsi vasitəsilə qurtuluşa, yəni günahlarımızın əfvinə yetişmişik» (Kol. 1:13, 14). Bəli, Allahın əfvi qarşımızda gözəl nemətlərə qapı açır.

10. Allahın lütfü bizə hansı neməti bəxş edir?

10 Allahla barışırıq. Qeyri-kamil olduğumuz üçün hər birimiz doğulandan Allaha düşmənik. Bulus da bunu çox gözəl dərk edirdi və buna görə yazmışdı: «Hələ düşmən ikən biz Allahın Oğlunun ölümü vasitəsilə Allahla barışmışıq» (Rom. 5:10). Fidyə qurbanlığı sayəsində biz Allahla barışırıq, yəni aramızda sülh münasibəti yaranır və Onunla dost oluruq. Bulus İsanın məsh olunmuş qardaşlarına yazdığı növbəti sözlərdə bu şərəfin Allahın lütfü ilə bağlı olduğunu qeyd etmişdi: «İmana görə saleh sayıldığımız üçün gəlin Ağamız İsa Məsih vasitəsilə Allahla aramızdakı sülhü qoruyaq. Aldığımız bu lütfə də onun vasitəsilə və imanımız sayəsində yol açıldı» (Rom. 5:1, 2). Bu, doğrudan da, əsil nemətdir!

Xoş xəbəri eşitmək şərəfi (11-ci abzasa baxın)

11. Məsh olunmuş məsihilər çoxlarını salehliyə necə çatdırır?

11 Salehliyə çatırıq. Hamımız anadangəlmə qeyri-salehik. Lakin Dənyal peyğəmbər yazmışdı ki, axırzamanda «ağıllı adamlar», yəni məsh olunmuş məsihilər «çoxlarını salehliyə» çatdıracaq. (Dənyal 12:3 ayəsini oxuyun.) Onların apardığı təbliğ və maarifləndirmə işi sayəsində milyonlarla insan Yehovanın qanunlarını öyrənib salehliyə qovuşur (Yəh. 10:16). Bu, yalnız və yalnız Yehovanın lütfü sayəsində mümkündür. Bu fikri Bulus da təsdiqləyir: «Onlar Məsih İsanın ödədiyi fidyə vasitəsilə qurtulub saleh sayılırlar. Bu, Allahın Öz lütfü sayəsində verdiyi bir ənamdır» (Rom. 3:23, 24).

Dua etmək imkanı (12-ci abzasa baxın)

12. Dua ilə Allahın lütfü arasında hansı bağlılıq var?

12 Allaha cəsarətlə dua edə bilirik. Yehovanın lütfü sayəsində Ona dua edə bilirik. Bulus Yehovanın taxtını «lütf taxtı» adlandırmışdı və məsihiləri Ona cəsarətlə dua etməyə səsləyirdi (İbr. 4:16a). Yehova bu imkanı Oğlu İsa Məsih vasitəsilə açıb, «onun sayəsində biz belə cəsarətlə danışır, ona olan imanımız vasitəsilə Allaha maneəsiz yaxınlaşırıq» (Efes. 3:12). Necə də xoşdur ki, Yehovanın lütfü sayəsində Ona dua edə bilirik!

Dara düşəndə aldığımız kömək (13-cü abzasa baxın)

13. Dara düşəndə Allah bizə necə lütf göstərir?

13 Dara düşəndə kömək alırıq. Həvari Bulus bizi «dara düşəndə Allahdan mərhəmət və lütf gör»mək üçün Yehovaya cəsarətlə dua etməyə səsləyir (İbr. 4:16b). Hər dəfə sınağa, çətinə düşəndə, Yehovaya yalvara bilərik ki, mərhəmət göstərib bizə kömək etsin. Allah layiq olmadığımız halda dualarımıza cavab verir, çox vaxt bunu bacı-qardaşlarımızın vasitəsilə edir. «Buna görə də biz cəsarətlə deyirik: “Yehova dayağımdır, əsla qorxmaram. İnsan mənə nə edə bilər?!”» (İbr. 13:6).

14. Yehovanın lütfü qəlbimizə necə təsir bağışlayır?

14 Qəlbimiz təsəlli tapır. Yehova lütfündən irəli gələrək narahat qəlbimizi təsəlli edir (Zəb. 51:17). Bulus təqiblərlə üzləşən Salonikidəki məsihilərə yazmışdı: «Qoy Ağamız İsa Məsih və bizi sevən, lütfü vasitəsilə bizə sonsuz təskinlik verən, gözəl ümid bəxş edən Atamız Allah ürəyinizə təsəlli, hər cür xeyirxah sözdə və əməldə dilinizə təpər, qolunuza qüvvət versin» (2 Salon. 2:16, 17). Yehova Allahın bizi sevdiyini və qeydimizə qaldığını bilmək bizə sözün əsil mənasında təskinlik verir!

15. Allahın lütfü bizə hansı ümidi bəxş edir?

15 Əbədi yaşamaq ümidi bəxş edir. Əslində, günahlı insanın gələcəyə heç bir ümidi yoxdur. (Zəbur 49:7, 8 ayələrini oxuyun.) Amma Yaradanımız bizə gözəl ümid verir. Məsih şagirdlərinə demişdi: «Atamın iradəsi budur ki, Oğulu qəbul edib ona iman edən hər kəs əbədi həyata qovuşsun» (Yəh. 6:40). Həqiqətən də, əbədi həyat Yehovanın lütfüdür, bir ənamdır. Bulus da bunu başa düşdüyü üçün demişdi: «Allahın lütfü aşkar olaraq hər cür insana xilas gətirdi» (Tit. 2:11).

ALLAHIN LÜTFÜNDƏN SUİ-İSTİFADƏ ETMƏYİN

16. Birinci əsrdə yaşayan bəzi məsihilər Allahın lütfündən necə sui-istifadə edirdilər?

16 Yehova lütfündən irəli gələrək bizə çoxlu nemətlər verir, amma biz Onun lütfündən sui-istifadə etməməliyik, yəni lütfü günah etmək üçün bəhanəyə çevirməməliyik. Erkən məsihilərin arasında bu cür insanlar var idi, onlar «azğınlıq etmək üçün Allahımızın lütfünü bəhanəyə» çevirirdilər (Yhd. 4). Görünür, bu məsihilər düşünürdülər ki, hər dəfə günah edib sonra Yehovadan əfv diləsələr, günahları bağışlanacaq. Ən betəri isə, onlar öz qardaşlarını da pis yola çəkirdilər. Bu gün də eyni hərəkəti edənlər, «lütf ruhuna həqarət» etmiş olurlar (İbr. 10:29).

17. Həvari Butrus hansı ciddi məsləhəti vermişdi?

17 Bu gün Şeytan bəzi məsihilərə belə bir fikir aşılayır: günah eləsən də, Yehova mərhəmət göstərib səni bağışlayacaq. Düzdür, Yehova tövbə edənləri bağışlayır, amma bu o demək deyil ki, ürəyimiz istəyəni edə bilərik. Allah bizdən günahlı meyillərimizlə mübarizə aparmağı tələb edir. Həvari Butrus Allahdan ilham alaraq yazmışdı: «Siz isə, əzizlərim, bütün bunları qabaqcadan bildiyiniz üçün özünüzü gözləyin ki, qanun tanımayan həmin adamların səhv yolu sizi azdırmasın və siz mətanətinizi itirməyəsiniz. Əksinə, qoy sizdə Ağamız və Xilaskarımız olan İsa Məsihin lütfü və onun haqqındakı bilik daima artsın» (2 But. 3:17, 18).

LÜTFÜN ÜZƏRİMİZƏ QOYDUĞU MƏSULİYYƏT

18. Yehova Allahın lütfü üzərimizə hansı məsuliyyətləri qoyur?

18 Yehova Allah bizə lütf göstərdiyi üçün bizim Onun və insanların qarşısında borcumuz var: biz lütfdən doğan ənamlardan Allaha şərəf gətirmək və insanlara xeyir vermək üçün istifadə etməliyik. Bunu necə edə bilərik? Bu sualın cavabını Bulusun yazdığı növbəti ayədə tapmaq olar: «Aldığımız lütfdən doğan ənamlar müxtəlifdir... Xidmət ənamıdırsa, xidmətlə məşğul olaq. Qoy təlim verən təlim verməklə, ruhlandıran ruhlandırmaqla məşğul olsun,.. mərhəmət göstərən isə qoy sevinclə mərhəmət göstərsin» (Rom. 12:6—8). Yehovanın lütfü üzərimizə bir sıra məsuliyyətlər qoyur: biz insanlara Müqəddəs Kitabdan bilik vermək üçün xidmətdə müntəzəm iştirak etməli, bacı-qardaşlarımızı ruhlandırmalı və bizə qarşı günah edənləri bağışlamalıyıq.

19. Növbəti məqalədə söhbət nədən gedəcək?

19 Allahın tükənməz məhəbbətinə minnətdarlıq əlaməti olaraq, var gücümüzlə çalışıb «Allahın lütfü barəsindəki müjdə haqqında ətraflı şəhadət» verməliyik (Həv. 20:24). Növbəti məqalədə bu haqda daha ətraflı danışılacaq.