Kontentə keç

Mündəricatı göstər

«Qorxma! Sənə kömək edəcəyəm»

«Qorxma! Sənə kömək edəcəyəm»

TƏSƏVVÜR EDİN, gecə vaxtı küçə ilə gedirsiniz. Birdən görürsünüz ki, kimsə arxanızca gəlir. Siz dayananda o da dayanır, addımlarınızı sürətləndirəndə o da başlayır tez-tez yeriməyə. Qaçıb özünüzü yaxınlıqda yaşayan dostunuzun evinə yetirirsiniz. Dostunuz qapını açıb sizi içəri buraxır və siz dərindən nəfəs alıb rahatlaşırsınız.

Ola bilsin, sırf bu cür vəziyyətlə üzləşməmisiniz, amma çox güman ki, həyatın bir sıra qayğıları sizə rahatlıq vermir. Məsələn, bəlkə hansısa günahlı meyilinizlə mübarizə aparırsınız, ancaq nə etsəniz də, günah sizə üstün gəlir. Ola bilsin, uzun müddətdir işsiz qalmısınız, nə qədər axtarsanız da, iş tapa bilmirsiniz. Yaxud da qocalığı və onun özü ilə gətirdiyi xəstəlikləri fikirləşib narahat olursunuz. Bəlkə də, sizi tamam başqa problemlər narahat edir.

Hər bir insan istəyərdi ki, hər zaman dərdinə şərik olan, ehtiyac yarananda kömək əlini uzadan bir dostu olsun. Bəs sizin belə dostunuz var? Əmin olun ki, var. Bu dost Yehova Allahdır. Əşiya 41:8—13 ayələrində yazılıb ki, Yehova İbrahim peyğəmbər üçün məhz bu cür dost olub. 10 və 13-cü ayələrdə Yehova xidmətçilərinə üz tutub deyir: «Qorxma, Mən səninləyəm. Təlaşa düşmə, sənin Allahın Mənəm. Sənə qüvvət verəcəyəm, sənə kömək edəcəyəm, haqq olan sağ əlimlə səni bərk-bərk tutacağam... Mən, Allahın Yehova sənin sağ əlindən tutmuşam, sənə deyirəm: “Qorxma! Sənə kömək edəcəyəm”».

«SƏNİ BƏRK-BƏRK TUTACAĞAM»

Məgər bu sözlər sizə təskinlik vermir? Gəlin bu ayələrdə yazılanları təsəvvürümüzdə canlandıraq. Burada sizin Yehova ilə əl-ələ tutub gəzdiyiniz təsvir olunmur. Amma bu fikir də öz-özlüyündə pis deyil. Əgər ayələrdə söhbət gəzintidən getsəydi, onda Yehova sağ əli ilə sizin sol əlinizdən tutmuş olardı. Amma orada qeyd olunur ki, Yehova haqq olan sağ əli ilə sizin sağ əlinizdən tutub ki, çətinlikdən dartıb çıxartsın. Eyni zamanda sizə ürək-dirək verib əmin edir: «Qorxma! Sənə kömək edəcəyəm».

Siz Yehovaya çətinliklər zamanı sizə dayaq olan məhəbbətli Ata və Dost kimi baxırsınız? O, sizinlə maraqlanır, rifahınızı düşünür və hər zaman kömək etməyə hazırdır. Siz çətinliklə üzləşəndə Yehova sizi sevdiyi üçün narahat olmağınızı istəmir. O, həqiqətən də, «dar gündə köməyə hazırdır» (Zəb. 46:1).

KEÇMİŞ GÜNAHLAR ƏZAB VERƏNDƏ

Bəziləri keçmişdə etdiyi günahlara görə əzab çəkir və fikirləşir ki, görəsən, Allah onu bağışlayıb. Əgər siz də eyni hissləri keçirirsinizsə, onda cavanlıqda etdiyi səhvləri boynuna alan Allahın sadiq bəndəsi Əyyubu yadınıza salın (Əyy. 13:26). Davud peyğəmbər də eyni hissləri keçirərək Yehovaya yalvarırdı: «Nə olar, cavanlıq səhvlərimi, günahlarımı yadına salma» (Zəb. 25:7). Qeyri-kamil olduğumuz üçün «hamı günah işləyib, heç kəs Allahın calalını əks etdirə bilmir» (Rom. 3:23).

«Əşiya» kitabının 41-ci fəslindəki sözlər, ilk növbədə, Allahın qədim xalqına ünvanlanmışdı. İsraillilərin günahları o həddə çatmışdı ki, Yehova onları Babilə sürgün etdi (Əşy. 39:6, 7). Ancaq eyni zamanda Yehova vəd etmişdi ki, tövbə edib Ona tərəf dönən israilliləri xilas edəcək (Əşy. 41:8, 9; 49:8). Bu gün də Yehova səmimi qəlbdən Onun rəğbətini qazanmaq istəyən hər kəsə böyük mərhəmət göstərir (Zəb. 51:1).

Gəlin Takuya * adlı qardaşın nümunəsinə baxaq. O, pornoqrafiyaya baxmaq və masturbasiya kimi vərdişləri ilə mübarizə aparırdı. Nə qədər çalışsa da, hərdən bu vərdişi ona üstün gəlirdi. Həmin an keçirdiyi hisslər barədə Takuya deyir: «Mən özümü çox dəyərsiz hiss edirdim. Ancaq duada Yehovadan əfv diləyəndən sonra mənə elə gəlirdi ki, O, əlimdən tutub məni ayağa qaldırır». Maraqlıdır, Yehova bunu necə edirdi? Yığıncağının ağsaqqalları Takuyaya demişdilər ki, nə vaxtsa zəiflik göstərib bu hərəkətə yol versə, çəkinmədən onlara zəng etsin. O etiraf edir: «Təbii ki, bu heç də asan deyildi. Ancaq hər dəfə onlara zəng edəndə rahatlıq tapırdım». Sonra ağsaqqallar tədbir gördülər ki, rayon nəzarətçisi Takuyanı ziyarət etsin. Rayon nəzarətçisi ona belə dedi: «Mənim burada olmağım təsadüf deyil. Ağsaqqallar istəyirdi ki, məhz sənə baş çəkim, məhz səni ruhlandırım». Takuya xatırlayır: «Mən günah etsəm də, Yehova ağsaqqallar vasitəsilə mənə kömək edirdi». Takuya pis vərdişlərindən yaxa qurtardı, öncül xidmətinə başladı və hal-hazırda filialların birində xidmət edir. Yehova sizə də, Takuya kimi, ayağa qalxmağa kömək edəcək.

DOLANIŞIQLA BAĞLI NİGARANÇILIQ

Bu gün bir çox insanın narahatçılığının səbəbi işsizlikdir. Bəziləri işlərini itirir və yeni iş tapana qədər dəridən-qabıqdan çıxırlar. Təsəvvür edin ki, iş axtarırsınız. İş üçün hara üz tutursunuzsa, qapılar üzünüzə bağlı olur. Bu kimi vəziyyətlərdə çoxları özünəhörmət hissini itirir. Bu cür çətinə düşəndə Yehova sizə necə kömək edə bilər? Ola bilsin, O, dərhal sizə ürəyiniz istəyən işi yetirməyəcək. Ancaq O, Davud peyğəmbərin sözlərini sizin yadınıza salacaq: «Cavanlığımdan bəri, bu qoca yaşımadək, nə saleh adamın atıldığını, nə də övladlarının çörək diləndiyini görməmişəm» (Zəb. 37:25). Bəli, siz Yehova üçün çox əzizsiniz. O, haqq olan sağ əli ilə nəyə ehtiyacınız varsa, sizə verəcək ki, ibadətdən qalmayasınız.

Əmin olun, işsiz qalanda Yehova sizə də kömək edəcək!

Kolumbiyada yaşayan Sara Yehovanın qayğıkeş əlini öz üzərində hiss etmişdi. O, çoxlu vaxt və güc tələb edən yüksək məvacibli işdə işləyirdi. Sara xidmətini genişləndirmək istədiyi üçün işdən çıxdı və öncül xidmətinə başladı. Ancaq yarımgünlük iş tapmaq elə də asan deyildi. Onda o, kiçik bir dondurma kafesi açdı. Lakin əlindəki pul qurtaranda kafeni bağlamalı oldu. Sara deyir: «Üç il işsiz qaldım. Bu illər ərzində Yehova məni köməksiz qoymadı». Sara bacı istəkləri ilə tələbatları arasında fərq qoymağı və sabahkı gün üçün narahat olmamağı öyrəndi (Mət. 6:33, 34). Bir müddət sonra keçmiş müdiri bacıya zəng edib əvvəlki işinə qayıtmağı təklif edir. Sara müdirə deyir ki, o, bir şərtlə razıdır: yalnız yarım gün işləyəcək, işi ibadət görüşünə və xidmətə getməyə mane olmayacaq. İndi Sara əvvəlki qədər pul qazanmasa da, əsas odur ki, öncül xidmətini davam etdirə bilir. Bütün bu çətinliklərdən keçəndən sonra Sara deyir: «Mən Yehovanın məhəbbətini öz üzərimdə hiss edirdim».

QOCALIQLA BAĞLI QAYĞILAR

İnsanda narahatçılıq yaradan başqa bir səbəb qocalıqla bağlıdır. Çoxları təqaüd yaşına çatanda narahat olmağa başlayırlar ki, bundan sonra özlərini dolandırmağa pulları çatacaq, ya yox. Onları həmçinin yaşa dolduqca səhhətlərində yaranan problemlər narahat etməyə başlayır. Çox ehtimal ki, Davud padşah da eyni hissləri keçirmişdi. O, Yehovaya yalvararaq demişdi: «Yaşa dolanda məni atma, gücüm tükənəndə məni tərk etmə» (Zəb. 71:9, 18).

Yehovanın yaşa dolmuş xidmətçiləri gələcəyə görə narahat olmamaq üçün nə edə bilərlər? Onlar imanlarını günü-gündən gücləndirməli və əmin olmalıdırlar ki, Yehova onların bütün ehtiyaclarını ödəyəcək. Əgər bu yaşa qədər heç nədə özlərinə yox deməyib yaxşı yaşayıblarsa, indən belə sadə yaşamalı və olanları ilə kifayətlənməlidirlər. Ola bilsin, onlar görəcəklər ki, «tərəvəz yemək... yağlı dana əti yeməkdən yaxşıdır», hətta sağlamlığa xeyirdir (Məs. 15:17). Əgər diqqətinizi Yehovanı razı salmağa cəmləsəniz, siz yaşa dolanda da O, qeydinizə qalacaq.

Xoseylə Rouz Toni və Vendi ilə

Gəlin 65 ildən çox tammüddətli xidmətdə olan Xose və Rouzun nümunəsinə baxaq. Onlar uzun illər Rouzun atasına baxırdılar. Ona günün 24 saatı diqqət lazım idi. Bu azmış kimi, Xose xərçəng əməliyyatı keçirir və kimyaterapiya qəbul edir. Bəs Yehova bu cütlüyə haqq olan sağ əlini uzatdı? Əlbəttə ki, uzatdı! Yehova Xosegilə onlarla eyni yığıncaqdan olan Toni və Vendinin vasitəsilə kömək etdi. Onlar Xosegili öz evlərində yaşamağa dəvət etdilər. Bu cütlük həmişə istəyirdi ki, orada tammüddətli xidmətçilər təmənnasız yaşasın. Toni deyir ki, uzun illər əvvəl orta məktəbdə oxuyanda məktəbin pəncərəsindən Xose ilə Rouzun müntəzəm olaraq xidmətdə iştirak etdiyini görürdü. Xidmətə belə can yandırdıqları üçün Toni onları çox sevirdi. Onların bu şövqü Toniyə güclü təsir bağışlamışdı. Bu yaşlı cütlüyün ömürlərini Yehovaya həsr etməsi Toni və Vendini təşviq etmişdi ki, onlara kömək əllərini uzatsınlar. Son 15 il ərzində Tonigil 80-dən yuxarı yaşları olan bu cütlüyə dayaq olurlar. Xose və Rouz bu cütlüyə Yehovanın hədiyyəsi kimi baxırlar.

Yehova haqq olan sağ əlini sizə də uzadır və söz verir: «Qorxma! Sənə kömək edəcəyəm». Bəs siz Onun əlindən tutacaqsınız?

^ abz. 11 Bəzi adlar şərtidir.