Kontentə keç

Mündəricatı göstər

Əcnəbidilli yığıncaqda xidmət edənlər, ruhani sağlamlığınızı qoruyun

Əcnəbidilli yığıncaqda xidmət edənlər, ruhani sağlamlığınızı qoruyun

«Sözlərini qəlbimdə hifz edirəm» (ZƏB. 119:11).

NƏĞMƏ: 142, 47

1—3. a) Harada xidmət etməsindən asılı olmayaraq hər bir məsihi nəyə önəm verməlidir? b) Yeni dil öyrənənlər hansı çətinliklərlə üzləşirlər və bununla bağlı hansı suallar yaranır? (Məqalənin əvvəlindəki şəklə baxın.)

MİNLƏRLƏ Yehovanın Şahidi müjdəni hər xalqa, tayfaya, ümmətə car çəkərək Vəhy 14:6 ayəsindəki peyğəmbərliyi yerinə yetirir. Ola bilsin, siz əcnəbi dil öyrənirsiniz, yaxud təbliğçilərə ehtiyac olan başqa ölkədə xüsusi təyinatlı müjdəçi kimi xidmət edirsiniz və ya öz ölkənizdə əcnəbidilli yığıncağa keçmisiniz.

2 Allahın xidmətçisi kimi hər birimiz üçün özümüzün və ailəmizin ruhani sağlamlığı birinci yerdə olmalıdır (Mət. 5:3). İşimiz çox olduğundan hərdən, ola bilsin, dolğun mütaliə keçirmək alınmır. Əcnəbidilli yığıncaqda xidmət edənlər isə daha bir çətinliklə üzləşirlər.

3 Onlar yeni dil öyrənməklə yanaşı müntəzəm olaraq möhkəm ruhani qida qəbul etməklə ruhani sağlamlıqlarını qorumalıdırlar (1 Kor. 2:10). Bəs əgər xidmət etdikləri yığıncağın dilini yaxşı bilmirlərsə, nə edə bilərlər? Nəyə görə məsihi valideynlər çalışmalıdırlar ki, Allahın Kəlamı uşaqlarının ürəyinə təsir etsin?

RUHANİ SAĞLAMLIQ ÜÇÜN TƏHLÜKƏ

4. Əcnəbidilli yığıncaqda xidmət edən məsihinin ruhani sağlamlığı üçün nə təhlükə yarada bilər? Nümunə çəkin.

4 Əgər məsihi əcnəbi dildə Müqəddəs Kitab təlimlərini mənimsəyə bilmirsə, bu, onun ruhani sağlamlığı üçün əsil təhlükə ola bilər. Eramızdan əvvəl V əsrdə Nəhəmya Babildən qayıdan bəzi yəhudi uşaqlarının ibrani dilini bilmədiyini eşidəndə çox narahat olur. (Nəhəmya 13:23, 24 ayələrini oxuyun.) Allahın Kəlamını başa düşmədiyi üçün bu uşaqların Yehova ilə və onun xalqı ilə münasibəti, demək olar ki, yox idi (Nəh. 8:2, 8).

5, 6. Əcnəbidilli yığıncaqda xidmət edən bəzi valideynlər nəyi müşahidə etmişlər və bu problemin yaranmağına səbəb nə olur?

5 Əcnəbidilli yığıncaqda xidmət edən bəzi məsihi valideynlər müşahidə etmişlər ki, uşaqlarının həqiqətə marağı get-gedə zəifləyirdi. Yığıncaq görüşündə söylənilən fikirləri tam başa düşmədikləri üçün ruhani qida onların ürəyinə təsir etmirdi. Ailəsi ilə birgə Cənubi Amerikadan Avstraliyaya köçən Pedro [1] deyir: «Ruhani mövzuların hisslərə və ürəyə təsir etməsi mütləqdir» (Luka 24:32).

6 İnsan əcnəbi dildə nə isə oxuyanda məlumat onun ürəyinə öz ana dilindəki qədər təsir etmir. Üstəlik, həmin dildə rahat ünsiyyət edə bilməmək insanın beynini yora və onu ruhani cəhətdən geri sala bilər. Buna görə də məsihi əcnəbidilli yığıncaqda xidmət etmək arzusunu şövqlü saxlamaqla yanaşı ruhani sağlamlığına da fikir verməlidir (Mət. 4:4).

ONLAR RUHANİ SAĞLAMLIQLARINI QORUYA BİLDİLƏR

7. Babillilər öz mədəniyyətini və dinini Dənyala aşılamaq üçün nə etmişdilər?

7 Dənyal və onun dostları Babildə əsir olanda babillilər onlara kəldanilərin dilini öyrətməklə bu gənclərə öz mədəniyyətlərini aşılamağa çalışırdılar. Üstəlik, baş saray məmuru onlara Babil adları vermişdi (Dən. 1:3—7). Dənyala verilən ad babillilərin baş allahı Belin adı ilə bağlı idi. Görünür, bununla Navuxodonosor padşah Dənyala təlqin etmək istəyirdi ki, babillilərin allahı Yehovadan güclüdür (Dən. 4:8).

8. Yad ölkədə yaşamasına baxmayaraq, Dənyala ruhani sağlamlığını qorumağa nə kömək etmişdi?

8 Dənyala padşah süfrəsindən ən dadlı təamlarından yemək təklif olunmuşdu, amma o, ürəyində qət etmişdi ki, özünü murdarlamayacaq (Dən. 1:8). Dənyal kitabları, yəni müqəddəs yazıları öz ana dilində oxuduğu üçün yad ölkədə ruhani sağlamlığını qoruya bilmişdi (Dən. 9:2). Hətta Babilə gələndən 70 il sonra da onu öz ibrani adı ilə çağırırdılar (Dən. 5:13).

9. Allahın Kəlamı 119-cu məzmuru yazan məzmurçuya necə təsir etmişdi?

9 119-cu məzmuru yazan məzmurçu haqsızlıqla üzləşmişdi, saray adamları onun əleyhinə danışırdı. Amma o, Allahın Kəlamından güc alırdı və bunun sayəsində düşmənləri kimi olmadı (Zəb. 119:23, 61). Çünki o imkan verirdi ki, Allahın Kəlamı ürəyinin dərinliyinə nüfuz etsin. (Zəbur 119:11, 46 ayələrini oxuyun.)

RUHANİ SAĞLAMLIĞINIZIN QEYDİNƏ QALIN

10, 11. a) Allahın Kəlamını araşdıranda qarşımıza hansı məqsədi qoymalıyıq? b) Bu məqsədə çatmaq üçün nə edə bilərik? Nümunə çəkin.

10 Şəxsi işlərimiz və ruhani məsuliyyətlərimiz nə qədər çox olsa da, hər birimiz fərdi mütaliəyə və ailəvi ibadətə vaxt ayırmalıyıq (Efes. 5:15, 16). Amma yadda saxlamalıyıq ki, əsas məqsəd səhifələri vərəqləyib keçmək və şərh hazırlamaq deyil. Allahın Kəlamını bu məqsədlə araşdırmalıyıq: aldığımız biliklər ürəyimizə təsir etsin və imanımızı möhkəmləndirsin.

11 Bu məqsədə çatmaq üçün mütaliə edəndə tarazlı olmalıyıq, yalnız başqalarının ruhani tələbatını düşünməməliyik, öz ruhani ehtiyaclarımız barədə də fikirləşməliyik (Filip. 1:9, 10). Nəzərə almalıyıq ki, təbliğə, ibadət görüşünə hazırlaşanda, məruzə və ya tapşırıq hazırlayanda oxuduqlarımızı, adətən, özümüzə tətbiq etmirik. Məsələn, aşbaz yeməyi süfrəyə qoymazdan əvvəl onun dadına baxır. Amma o, sadəcə yeməyin dadına baxmaqla çox yaşaya bilməz. Sağlam olmaq üçün o, özü üçün də qidalı yemək hazırlamalıdır. Eynən, biz də ürəyimizi bizim ehtiyaclarımızı təmin edən ruhani qida ilə qidalandırmalıyıq.

12, 13. Əcnəbidilli ərazidə xidmət edənlərin çoxu nəyə görə mütaliəni öz ana dilində keçirir?

12 Əcnəbidilli ərazidə xidmət edənlərin çoxu Müqəddəs Kitabın mütaliəsini öz ana dilində keçirir (Həv. 2:8). Hətta xüsusi təyinatlı müjdəçilər başa düşürlər ki, ancaq yığıncaqda eşitdikləri məlumatla kifayətlənmək olmaz, təyinatlarında qalmaq üçün onlar möhkəm ruhani qida qəbul etməlidirlər.

13 Alan səkkiz ildir ki, fars dilini öyrənir. O deyir: «Fars dilində görüşlərə hazırlaşanda fikrim dilin özündə qalır. Beynim ancaq dili təkmilləşdirməyə cəmləndiyi üçün oradakı ruhani fikirlər ürəyimə təsir etmir. Buna görə də Müqəddəs Kitabı və nəşrlərimizi öz ana dilimdə oxuyuram».

QOY HƏQİQƏT UŞAĞINIZIN ÜRƏYİNƏ TƏSİR ETSİN

14. Əcnəbidilli yığıncaqda xidmət edən valideynlər nə etməyə çalışmalıdırlar və nəyə görə?

14 Məsihi valideynlər əllərindən gələni etməlidirlər ki, Allahın Kəlamı uşaqlarının zehninə və ürəyinə təsir etsin. Serj və həyat yoldaşı Mürel üç ildən artıq əcnəbidilli yığıncaqda xidmət edəndən sonra fikir vermişlər ki, 17 yaşlı oğullarının teokratik işlərə marağı soyuyur. Mürel deyir: «Oğlumuz yerli dildə xidmətə getmək istəmirdi, amma əvvəllər doğma fransız dilimizdə təbliğ etməyi çox xoşlayırdı». Serj isə deyir: «Başa düşəndə ki, bu, oğlumuzun ruhani inkişafına əngəl törədir əvvəlki yığıncağımıza qayıtmaq qərarına gəldik».

Var gücünüzlə çalışın ki, həqiqət uşaqlarınızın ürəyinə təsir etsin (14 və 15-ci abzaslara baxın)

15. a) Hansı səbəblərə görə əcnəbidilli yığıncaqda xidmət edən məsihilər uşaqlarının daha yaxşı başa düşdüyü dildə keçirilən yığıncağa qayıtmaq qərarına gələ bilər? b) Qanunun təkrarı 6:5—7 ayələrində valideynlər üçün hansı məsləhət var?

15 Əcnəbidilli yığıncaqda xidmət edən məsihilər necə müəyyən edə bilərlər ki, uşaqlarının daha yaxşı başa düşdüyü dildə keçirilən yığıncağa keçməyə ehtiyac var, yoxsa yox? Birincisi, onlar müəyyən etməlidirlər ki, uşaqlarına Yehova Allaha məhəbbət aşılamaq, eyni zamanda əcnəbi dili öyrətmək üçün vaxtları və gücləri çatırmı. İkinci səbəb uşağın ruhani işlərə və əcnəbidilli yığıncaqdakı xidmətə marağının soyuması ola bilər. Bu cür hallar yaranarsa, məsihi valideynlər uşaqları həqiqətdə möhkəm dayanana qədər onların daha yaxşı başa düşdüyü dildə keçirilən yığıncaqda xidmət etmək qərarına gələ bilərlər. (Qanunun təkrarı 6:5—7 ayələrini oxuyun.)

16, 17. Əcnəbidilli yığıncaqda xidmət edən bəzi məsihilər uşaqlarına ruhani bilik vermək üçün nə edirlər?

16 Əcnəbidilli yığıncaqda xidmət edən bəzi məsihilər müxtəlif üsullarla uşaqlarına öz ana dillərində həqiqəti aşılayırlar. Doqquz, on iki və on üç yaşlarında üç qızı olan Çarlz linqala dilində keçirilən yığıncaqda xidmət edir. O deyir: «Biz uşaqların Müqəddəs Kitab dərsini və ailəvi ibadəti öz dilimizdə keçiririk. Biz həmçinin linqala dilində şərhlər, təqdimələr, xidmətlə bağlı səhnəciklər hazırlamağa və oyunlar keçirməyə çalışırıq ki, qızlarımızın bu dili öyrənməyə həvəsləri olsun».

Xidmət etdiyiniz yığıncağın dilini öyrənmək və yığıncaqda şərh vermək üçün əlinizdən gələni edin (16 və 17-ci abzaslara baxın)

17 Beş və səkkiz yaşlarında iki qızı olan Kevin qızları xidmət etdikləri yığıncağın dilini tam başa düşmədikləri üçün əlindən gələni edir ki, onlara həqiqəti aşılasın. O deyir: «Yoldaşımla mən qızlarımıza Müqəddəs Kitab dərsini öz ana dilimiz olan fransız dilində keçirik. Biz həmçinin qarşımıza məqsəd qoymuşuq ki, ayda bir dəfə fransızdilli yığıncaqda iştirak edək və çalışırıq məzuniyyət götürüb öz dilimizdə keçirilən toplantılara gedək».

18. a) Romalılara 15:1, 2 ayələrindəki prinsip əcnəbidilli yığıncaqda xidmət edən valideynlərə düzgün qərar verməyə necə kömək edə bilər? b) Bəzi valideynlər bu məsələ ilə bağlı nə məsləhət görürlər? (Haşiyəyə baxın.)

18 Əlbəttə, hər bir valideyn uşağının ruhani sağlamlığını qorumaq məsələsində özü qərar verməlidir [2] (Qal. 6:5). Yuxarıda adı çəkilən Mürel deyir ki, o və əri oğullarının ruhani rifahı üçün öz şəxsi istəklərini qurban verdilər. (Romalılara 15:1, 2 ayələrini oxuyun.) Onun əri Serj verdikləri qərara görə peşman olmadıqlarını söyləyir. O deyir: «Fransızdilli yığıncağa qayıdandan oğlumuz ruhani cəhətdən inkişaf etməyə başladı və vəftiz olundu. Hazırda o, öncüldür, hətta əcnəbidilli qrupda xidmət etmək istəyir!»

QOY ALLAHIN KƏLAMI ÜRƏYİNİZƏ TƏSİR ETSİN

19, 20. Allahın Kəlamını ürəkdən sevdiyimizi necə sübut edə bilərik?

19 Yehova Allah məhəbbətdən irəli gələrək Öz Kəlamını yüzlərlə dildə əlçatan edib ki, hər cür insan həqiqət barəsində dəqiq biliyə yiyələnsin (1 Tim. 2:4). Yehova bilir ki, insan Onun Kəlamını öz doğma dilində oxuyarsa, ruhani tələbatlarını tam şəkildə ödəyə bilər.

20 Harada xidmət etməyimizdən asılı olmayaraq, hər birimiz ürəyimizi möhkəm ruhani qida ilə qidalandırmalıyıq. Allahın Kəlamını öz doğma dilimizdə mütaliə etməklə özümüzün və ailəmizin ruhani sağlamlığını qoruya bilərik və bununla sübut etmiş olarıq ki, Allahın Kəlamına dəyər veririk (Zəb. 119:11).

^ [1] (5-ci abzas) Adlar şərtidir.

^ [2] (18-ci abzas) «Gözətçi qülləsi» jurnalının 2002-ci il 15 oktyabr sayında çıxan «Xarici ölkədə uşaq böyütməyin çətinlikləri və mükafatı» adlı məqalədə (türk.) ailələrə kömək edən bəzi prinsipləri tapa bilərsiniz.