Kontentə keç

Mündəricatı göstər

Hikməti qoruyun

Hikməti qoruyun

ƏFSANƏYƏ GÖRƏ, ucqar kənddə kasıb bir oğlan yaşayırmış. Şəhər camaatı onu ağıldankəm sayıb ona lağ edərmiş. Kəndlilərin şəhərdən qonaqları gələndə onların yanında oğlanı məsxərəyə qoyarlarmış. Onlar oğlana iki dəmir pul, biri böyük gümüş, o birisi isə balaca, amma gümüşdən ikiqat baha olan qızıl pul uzadıb deyərlərmiş: «Hansını istəyirsən?» Oğlan gümüş pulu götürüb qaçarmış.

Bir gün qonaqlardan biri oğlandan soruşur: «Sən bilmirsən ki, qızıl pul gümüş puldan ikiqat bahadır?» Oğlan gülümsəyib deyir: «Bilirəm». «Onda niyə gümüş pulu götürürsən?» — deyə qonaq soruşur, — «Qızıl pulu götürsən, pulun iki dəfə çox olar». Oğlan deyir: «Qızıl pulu götürsəm, camaat mənə daha pul təklif etməyəcək. Bilirsən, mənim nə qədər gümüş pulum var?!» Bu oğlan böyüklərin də özündə yetişdirməli olduğu gözəl bir keyfiyyətə, hikmətə sahib idi.

Müqəddəs Kitabda deyilir: «Hikməti, düşüncəni qoru,.. asudə, rahat gəzərsən, ayağın heç vaxt büdrəməz» (Məs. 3:21, 23). Hikmətdən bizim firavanlığımız asılıdır və onun sayəsində ruhani cəhətdən ayaqda möhkəm qala bilərik. Gəlin görək hikmət necə bir xüsusiyyətdir və hikmətli olduğumuzu əməldə necə göstərə bilərik.

HİKMƏT NƏDİR?

Hikmət bilik və dərrakədən fərqlənir. Məsələn, çoxlu məlumat əldə edən insana bilikli insan deyilir. Bir məlumatın o birisi ilə necə bağlı olduğunu başa düşən insan dərrakəli insan sayılır. Aldığı biliyi dərk edib əməldə göstərən insana isə hikmətli insan deyilir.

Tutaq ki, dərs keçdiyiniz insan əsas dərs vəsaitindən oxuduqlarını dərhal dərk edir. Dərs zamanı suallara dəqiq cavab verir, hətta, ola bilsin, ibadət görüşlərinə gəlir və yaxşı şərhlər verir. Bütün bunlar onun ruhani cəhətdən inkişaf etdiyini göstərə bilər. Bəs bu şeylərə əsaslanıb onu hikmətli insan adlandırmaq olar? Xeyr! Sadəcə, ola bilsin, onun hafizəsi güclüdür. Amma biliyini və dərrakəsini işə salaraq öyrəndiyi həqiqətləri həyata keçirəndə o, hikmətə yiyələnir; gələcəyi fikirləşib uğurlu qərarlar verirsə, deməli o, hikmətli insandır.

Mətta 7:24—27 ayələrində İsa Məsih ev tikən iki kişi haqda danışır. Onlardan birini İsa ağıllı adlandırır. Çünki bu kişi gələcəyi fikirləşərək evi daş üzərində tikir. O, uzaqgörən və ağıllı insandır. Əgər kişi evi qum üzərində tiksəydi, həm ucuz başa gələrdi, həm də tez qurtarardı. Amma o, bu işin sonrasını fikirləşdi və bundan görünür ki, o, hikmətli insandır. Buna görə də fırtına qopanda onun evinə heç nə olmadı. Bəs biz bu gözəl xüsusiyyətə necə sahib ola bilərik və nə etməliyik ki, onu itirməyək?

HİKMƏTƏ NECƏ SAHİB OLMAQ OLAR?

Əvvəlcə gəlin Mikə 6:9 ayəsinə diqqət yetirək. Orada yazılıb: «Hikmətli adamlar [Allahın] adından qorxacaq». Yehovanın adından qorxmaq Ona hörmət etmək deməkdir. Yəni Onun adı ilə bağlı olan şeylərə, həmçinin Onun qanunlarına ehtiramla yanaşmaq lazımdır. Kiməsə hörmət etmək üçün gərək onu yaxşı tanıyasan. İnsanı yaxından tanıyandan sonra ona etibar edirsən, ondan nümunə götürürsən və onun nailiyyətlərini təkrarlayırsan. Əgər hərəkətlərimizin Yehova ilə münasibətlərimizə necə təsir edəcəyini düşünürüksə və Onun prinsiplərinə əsasən qərarlar veririksə, bu göstərir ki, biz hikmətə yiyələnirik.

İndi isə Məsəllər 18:1 ayəsini oxuyaq. «Tənhalığa qapılan xudbinliyinin dalınca düşür, hər cür hikməti rədd edir». Ehtiyatlı olmasaq, Yehovadan və Onun xalqından uzaqlaşa bilərik. Bu aqibətə düşməmək üçün Allahın adına ehtiram edən və Onun qayda-qanunlarını yüksək tutan insanlarla vaxt keçirməliyik. İbadət görüşlərinə gedib Allahın xalqı ilə üzbəsurət ünsiyyət etməliyik. Görüş zamanı imkan verməliyik ki, səslənən fikirlər zehnimizə və ürəyimizə təsir etsin.

Biz həmçinin duada ürəyimizi Yehovaya boşaldanda Ona yaxınlaşırıq (Məs. 3:5, 6). Müqəddəs Kitabı və Yehovanın təşkilatının təqdim etdiyi nəşrləri oxuyanda zehnimizi və ürəyimizi işə salarıqsa, bu, bizə hərəkətlərimizin nəticəsini əvvəlcədən görməyə və bunu nəzərə alaraq davranmağa kömək edəcək. Biz, eləcə də yetkin qardaşların verdiyi məsləhətləri qəbul etməliyik (Məs. 19:20). Onda göstərəcəyik ki, hikməti rədd etmirik, əksinə, bu vacib xüsusiyyəti artırmağa çalışırıq.

HİKMƏTİN AİLƏYƏ FAYDASI

Ailəni qorumaq üçün hikmətli olmaq vacibdir. Misal üçün, Müqəddəs Kitabda qadınlara məsləhət görülür ki, ərlərinə dərin hörmət bəsləsinlər (Efes. 5:33). Bəs ər bu hörməti necə qazana bilər? Əgər tələb edərsə, arvadının ona hörməti uzun çəkməyəcək. Ola bilsin, qadın söz-söhbət yaranmasın deyə, ərinin yanında ona hörmət edəcək. Bəs əri yanında olmayanda arvadı onun hörmətini saxlayacaq? Çətin ki! Ər uzaqgörən olmalıdır. O, ruhun bəhrəsini təzahür etdirməli, arvadı ilə məhəbbətlə və xeyirxah şəkildə davranmalıdır ki, onun hörmətini qazansın. Təbii ki, məsihi qadınlardan, ərləri layiq olsalar da, olmasalar da, onlara hörmət etmək tələb olunur (Qal. 5:22, 23).

Allahın Kəlamında həmçinin ərlərə arvadlarını sevmək buyrulur (Efes. 5:28, 33). Ola bilsin, qadın ərinin məhəbbətini itirməmək üçün ondan bilməyə haqqı çatan şeyləri gizlətmək istəyər. Demək olarmı ki, bu qadın hikmətlə davranır? Əri bundan xəbər tutanda necə olacaq? Arvadına məhəbbəti artacaq? Çətin ki! Amma qadın münasib vaxt seçib vəziyyəti mülayim şəkildə ərinə başa salarsa, çox ehtimal ki, əri onun dürüstlüyünə qiymət verəcək və arvadına məhəbbəti güclənəcək.

Bu gün uşağa verdiyiniz tərbiyə, sabah münasibətlərinizdə əks olunacaq

Uşaqlardan valideynlərinə itaət etmək gözlənilir. Valideyn uşağı Yehovanın tərbiyəsi ilə böyütməlidir (Efes. 6:1, 4). Bəs bu o deməkdirmi ki, uşağa olar-olmazlar siyahısı vermək lazımdır? Uşağa yalnız valideynlərin qayda-qanunları və səhv edəndə alacağı cəza barədə məlumat vermək azdır. Hikmətli valideyn övladına başa salmalıdır ki, nəyə görə o, ata-anaya tabe olmalıdır.

Məsələn, tutalım uşağınız sizinlə hörmətsiz şəkildə danışır. Ola bilsin, üstünə qışqırmaqla və cəzalandırmaqla uşağı utandıra və ya susdura biləcəksiniz. Amma o, sizdən inciyə bilər və nəticədə, sizinlə münasibəti soyuyar.

Hikmətli valideyn uşağına verdiyi tərbiyə üsulu və onun uşağa təsiri barədə düşünür. Uşaq nə isə edəndə valideyn hisslərə qapılıb hərəkət etməməlidir. Uşaqla təklikdə danışmaq məsləhətdir. Onu sakit və mehriban şəkildə başa salın ki, Yehova Allah ondan valideynlərinə hörmət etməyi gözləyir və bu, ona ömür boyu fayda gətirəcək. İzah edin ki, valideynə hörmət etməklə o, Yehovaya hörmət etdiyini göstərir (Efes. 6:2, 3). Uşağı bu cür başa salsanız, onun ürəyinə təsir edə bilərsiniz. Onda uşaq hiss edəcək ki, siz onu fikirləşirsiniz və sizə hörməti artacaq. Bunun sayəsində övladınız gələcəkdə ciddi məsələlər yarananda çəkinmədən sizə yaxınlaşacaq.

Bəzi valideynlər xətrinə dəyməmək üçün uşağa güldən ağır söz demirlər. Bəs bu uşaq böyüyəndə necə olacaq? O, Yehovadan qorxacaq, Onun qanunlarına tabe olmağın ağıllı hərəkət olduğunu başa düşəcək? Yol verəcəkmi ki, Yehova Allah onun ürəyinə və zehninə təsir etsin, yoxsa Ondan və Onun xalqından uzaqlaşacaq? (Məs. 13:1; 29:21).

Yaxşı heykəltəraş yaratmaq istədiyi heykəli əvvəlcədən fikirləşir. O, ortaya bir şey çıxarmaq ümidi ilə, daşı haradan gəldi, necə gəldi yonmur. Hikmətli valideyn Yehovanın qayda-qanunlarını öyrənmək üçün vaxtını əsirgəmir və öyrəndiklərini həyata keçirir, bununla da, Allahın adından qorxduğunu göstərir. O, özünü Yehovadan və Onun təşkilatından uzaq salmır, hikmətli olmağı öyrənir və bu hikməti əməldə göstərib ailəsini möhkəmləndirir.

Tez-tez gələcəyimizə təsir göstərən qərarlar verməli oluruq. Dərhal, düşünmədən və hisslərə qapılaraq qərar verməməliyik, yaxşı olardı ki, dayanıb fikirləşək, qərarımızın nəticəsi barədə ciddi düşünək. Yehovadan kömək istəməliyik və Ondan gələn hikmətlə hərəkət etməliyik. Onda hikməti qorumuş olarıq və bu hikmət bizə həyat verəcək (Məs. 3:21, 22).