Kontentə keç

Mündəricatı göstər

Yehova Allahın yolunda fədakar olun!

Yehova Allahın yolunda fədakar olun!

«Xalq şövqlə döyüşə atıldı, Yehovaya alqış edin!» (HAK. 5:2).

NƏĞMƏ: 150, 10

1, 2. a) Əlifəzin və Bildadın sözlərinə əsasən, Allah bizim ibadətimizə necə yanaşır? b) Bəs, əslində, Yehova bu məsələyə necə yanaşır?

«İNSANDAN Allaha nə fayda? Ağıllı adamın Ona nə xeyri? Məgər sənin salehliyin Qüdrət Sahibinə lazımdır? Yoxsa təmiz həyatının Ona xeyri var?» (Əyy. 22:1—3). Ola bilsin, sizdə nə vaxtsa bu cür suallar yaranıb. Bu sualları Əyyub peyğəmbərə dostu təhmani Əlifəz vermişdi. Əlifəzin fikrincə, insandan Allaha heç bir fayda yoxdur. Əlifəzin dostu şuhi Bildad da onunla eyni fikirdə idi. O, qəti şəkildə demişdi ki, insan Allahın qarşısında haqlı çıxa bilməz. (Əyyub 25:4 ayəsini oxuyun.)

2 Əyyuba təsəlli verməyə gələn bu dırnaqarası dostlar deyirdilər ki, bəndənin ibadətinin Allaha heç bir xeyri yoxdur, insan Allahın gözündə güvə, qurd və soxulcan kimi bir şeydir (Əyy. 4:19; 25:6). İlk baxışdan elə təəssürat yarana bilər ki, Əlifəzlə Bildad təvazökarlıqdan irəli gələrək belə deyirlər (Əyy. 22:29). Belə baxanda, biz, doğrudan da, Allahın yanında acizik. Məsələn, dağın başından və ya təyyarənin pəncərəsindən aşağı boylananda insanın necə cılız və əhəmiyyətsiz olduğunu başa düşürük. Bəs demək olarmı ki, Yehova Allah Öz uca dərgahından bizə nəzər salanda Padşahlıq uğrunda gördüyümüz işlər Onun gözündə bu cür kiçik və adi görünür? Xeyr. Ona iftira atdıqları üçün Yehovanın Əlifəzi, Bildadı və Söfəri tənbeh etməyindən, Əyyubu isə «qulum» adlandırmağından görünür ki, Yehova xidmətçilərinin zəhmətini qiymətləndirir (Əyy. 42:7, 8). Göründüyü kimi, insandan Allaha fayda var.

«ONA NƏ VERMİŞ OLARSAN?»

3. Əlihu Allaha ibadətlə bağlı nə demişdi və onun sözləri hansı mənanı daşıyır?

3 Əyyubun Əlihu adlı digər bir dostu demişdi: «Saleh olsan, Ona [Allaha] nə vermiş olarsan? O, səndən nə alar?» (Əyy. 35:7). Amma Allah Əlihunu bu sözlərə görə danlamadı. Çünki Əlihu insanın xidmətinin Allahın gözündə dəyərsiz olduğunu iddia etmirdi. O, demək istəyirdi ki, Yehova bizim ibadətimizə möhtac deyil. Onun heç nəyə ehtiyacı yoxdur. Bəndənin etdiyi heç bir şey Allahı varlı və imkanlı etməz, Onun gücünə-güc qatmaz. Əksinə, nəyimiz varsa, O, bizə bəxş edib, bizdə olan gözəl nemətlər, bacarıq və xüsusiyyətlər Onun hədiyyəsidir. Onlardan necə istifadə etməyimiz Yaradanımız üçün əhəmiyyətlidir.

4. İnsanlara etdiyimiz yaxşılıqlar Yehova Allah üçün nə dərəcədə dəyərlidir?

4 Kimsə Yehovanın xidmətçisinə yaxşılıq edəndə Yehova bunu Ona edilən yaxşılıq kimi qəbul edir. Məsəllər 19:17 ayəsində yazılıb: «Fağıra lütf eləyən Yehovaya borc verir, Allah da ona əvəzini verər». Bu ayədən görünür ki, Yehova fağıra edilən bütün yaxşılıqları görür. Bundan əlavə, Yehova Allah Kainatın Yaradanı olsa da, etdiyimiz yaxşılıqlara görə Özünü biz fani insanların qarşısında borclu sayır və bizə çoxlu nemət verməklə bu borcu qaytarır. Bu fikri Yehovanın Oğlu İsa Məsih də təsdiqləmişdi. (Luka 14:13, 14 ayələrini oxuyun.)

5. Növbəti abzaslarda hansı sualların cavabını nəzərdən keçirəcəyik?

5 Yehova Allah Əşiya peyğəmbəri Öz elçisi olmağa dəvət etdi. Bu göstərir ki, Yehova sadiq xidmətçiləri Onun iradəsini yerinə yetirəndə məmnunluq duyur (Əşy. 6:8—10). Əşiya peyğəmbər bu dəvəti böyük məmnuniyyətlə qəbul etdi. Bu gün Yehovanın minlərlə xidmətçisi çətin tapşırıqları canla-başla yerinə yetirməklə Əşiya kimi hazırlıq ruhu təzahür etdirir. Lakin, kimdəsə sual yarana bilər: «Tək mənim gördüyüm işdən nə asılıdır? Mənim üçün Yehovaya xidmət etmək şərəfdir. Amma məgər mən bu işi görməsəm, Onun niyyəti yerinə yetməyəcək ki?» Bu suallara cavab tapmaq üçün gəlin qadın peyğəmbər Dəburə ilə hakim Bərəqin günlərində baş vermiş hadisəyə nəzər salaq.

QORXUNUN YERİNİ CƏSARƏT TUTUR

6. İsraillilərlə Yavinin ordusu arasında hansı fərq var idi?

6 Kənan padşahı Yavin «düz iyirmi il israillilərə qan uddurdu». Kənd camaatı küçəyə çıxmağa belə qorxurdu. İsraillilərin nə döyüşmək, nə müdafiə olunmaq üçün silahları yox idi. Düşmən ordusunun isə «900 dəryazlı cəng arabası var idi» (Hak. 4:1—3, 13; 5:6—8) *.

7, 8. a) Yehova Bərəqə hansı tapşırığı vermişdi? b) İsraillilər Yavinin ordusunu necə məhv etdi? (Məqalənin əvvəlindəki şəklə baxın.)

7 Yavinin ordusu ilə müqayisədə israillilər aciz görünürdü. Buna baxmayaraq, Yehova Dəburə vasitəsilə Bərəqə tapşırdı: «Qalx, Tabur dağına yürüş et. Özünlə Niftalı və Zəbulundan 10 000 nəfər götür. Mən Yavinin ordusunun başçısı Sisarı cəng arabaları və qoşunları ilə birgə Qişon çayına — sənin yanına gətirib sənə təslim edəcəyəm» (Hak. 4:4—7).

8 Bu çağırış tez bir zamanda bütün İsrailə yayıldı və könüllülər Tabur dağına toplaşdı. Bərəq vaxt itirmədən Yehovanın tapşırığını icra etdi. (Hakimlər 4:14—16 ayələrini oxuyun.) Tanaqda gedən döyüş zamanı qəflətən başlayan leysan yağışı ərazinin torpağını lil-palçığa çevirdi. Bərəq Sisarla ordusunu 24 kilometr aralıda yerləşən Haroşet-Quimədək təqib etdi. Arabası palçığa batıb qaldığı üçün Sisar piyada Sənannimə qaçdı. O, qəni Habirin arvadı Yailin çadırına gəlib orada gizləndi. Yorulub əldən düşdüyü üçün Sisar dərin yuxuya getdi. O, yatan vaxt Yail gözünü qırpmadan onu öldürdü (Hak. 4:17—21). Beləcə, İsraillin düşmənləri məğlub oldu! *

YEHOVANIN İŞİNƏ FƏRQLİ MÜNASİBƏT

9. Hakimlər 5:20, 21 ayələrində Sisara qarşı gedən döyüşlə bağlı hansı təfsilatlar yazılıb?

9 «Hakimlər» kitabının 4-cü fəslində yazılan hadisələri başa düşmək üçün 5-ci fəsli də oxumaq lazımdır. Məsələn, Hakimlər 5:20, 21 ayələrində deyilir: «Ulduzlar asimandan döyüşdü, öz yerlərindən Sisara qarşı vuruşdu. Qişon çayı düşmənləri yuyub apardı». Müqəddəs Kitabda dəqiq deyilmir döyüşən ulduzlar mələklər idi, yoxsa meteor yağışı. Lakin vəziyyəti bir az təhlil etsək, görərik ki, bu, Allahın işi idi. 900 arabanı məhv etmək üçün leysan lazım olan vaxtda, lazım olan yerdə yağdı. Allahın əli olmasaydı, bu, necə mümkün olardı?! Hakimlər 4:14, 15 ayələrində düz üç dəfə qələbənin Yehova Allahdan olduğu vurğulanır. 10 000 könüllü döyüşçüdən heç biri qələbəni öz gücü ilə qazandığını deyə bilməzdi.

10, 11. Məruz nə idi və nəyə görə o, lənətlənmişdi?

10 Dəburə ilə Bərəqin heyrətamiz qələbəyə görə Yehovaya ucaltdığı həmd nəğməsində maraqlı bir məqam var. Nəğmədə onlar deyirlər: «Məruza lənət olsun! Qoy onun sakinlərinə lənət olsun! Çünki Yehovaya köməyə gəlmədilər, Yehovanın igidlərinə qoşulub köməyə gəlmədilər» (Hak. 5:23).

11 Bu lənət Məruzu elə tutmuşdu ki, onun şəhər, kənd, yaxud qəsəbə olduğu heç kimə məlum deyil. Ola bilsin, bu, şəhər olub və onun sakinləri düşmənlə döyüşmək çağırışına hay verməyiblər. Bəlkə də, Sisar döyüşdən qaçanda bu şəhərin içindən keçmişdi, amma şəhər sakinləri onu tutmamışdılar. Ola bilməz ki, onlar Yehovanın çağırışını eşitməsinlər, çünki həmin bölgədən 10 000 könüllü bu çağırışa hay vermişdi. Yəqin Məruz sakinləri zalım Sisarın bu şəhərin küçələri ilə tək-tənha və təlaş içində qaçdığını görmüşdülər. Bu, bir fürsət idi ki, onlar Yehovanın iradəsini yerinə yetirsinlər və Ondan xeyir-dua alsınlar. Onlar bu fürsətdən istifadə edib Yehovanın yolunda nə isə edə bilərdilər, amma heç nə etmədilər. Onlar cəsarətli Yaildən necə də fərqlənirdilər! (Hak. 5:24—27).

12. Hakimlər 5:9, 10 ayələrində hansı təzad təsvir olunur və bu, bizi nəyə təşviq edir?

12 Hakimlər 5:9, 10 ayələrindən Bərəqlə birgə döyüşə atılanlarla bundan boyun qaçıran insanlar arasındakı kəskin fərqi görmək olar. Bu parçada Dəburə ilə Bərəq xalqa qoşulub gedən İsrail əmirlərinə tərif deyir. Bu əmirlər «boz ulaqlara minənlər»dən, yəni qürurundan döyüşə qatılmayanlardan və «bahalı xalılar üstdə oturanlar»dan, yəni dəbdəbəli həyat yaşayanlardan yerlə-göy qədər fərqlənirdilər. Onlar «yollarla gedənlər»dən, yəni rahatlıq axtaranlardan fərqli olaraq, Bərəqlə birgə daşlı-kəsəkli Tabur dağında və lilli-palçıqlı Qişon vadisində döyüşməyə hazır idilər. Yuxarıdakı ayələrdə rahatlığını düşünənlərə xitabən deyilir: «Fikir verin!» Onlar başa düşməli idilər ki, Yehovanın yolunda nə isə edə bilərdilər, amma bu fürsəti əldən verdilər. Bu gün Yehovaya tam şəkildə xidmət etməkdən boyun qaçıranlar da bunu nəzərə almalıdırlar.

13. Rubən, Dan, Aşir və Zəbulunla Niftalı qəbilələri Yehovanın işinə hansı fərqli münasibəti göstərmişdilər?

13 Döyüşə gedənlər Yehova Allahın Ali Hökmdar kimi göstərdiyi əzəmətli işlərin şahidi oldular. Buna görə də onlar başqalarına Yehovanın haqq işlərini nəql edə bilərdilər (Hak. 5:11). Rubən, Dan və Aşir qəbilələrini isə Yehovanın işi yox, öz var-dövlətləri, yəni sürüləri, gəmiləri və limanları maraqlandırırdı (Hak. 5:15—17). Amma Zəbulunla Niftalı qəbiləsi «həyatını ölümün pəncəsinə» ataraq Dəburə ilə Bərəqi dəstəklədi (Hak. 5:18). Yehovanın işinə göstərilən bu təzadlı münasibətdən özümüzə dərs götürə bilərik.

«YEHOVAYA ALQIŞ EDİN!»

14. Yehovanın hakimiyyətini dəstəklədiyimizi necə göstərə bilərik?

14 Bu gün biz Yehovanın hakimiyyətini dəstəkləmək üçün döyüşə çağırılmırıq, amma bunu təbliğ işində canla-başla və cəsarətlə iştirak etməklə edirik. Əvvəlki illərə nisbətən hazırda Yehova Allahın təşkilatında könüllülərə tələbat daha böyükdür. Milyonlarla bacı-qardaş fədakarlıq göstərib tammüddətli xidmətin müxtəlif növlərində iştirak edirlər. Onların sırasında öncüllərin, beytellilərin, ibadət evlərinin tikintisində iştirak edən könüllülərin adını çəkmək olar. Toplantılarla bağlı işlərdə kömək edən yaşlı və cavan dindaşlarımız da eyni fədakarlıq ruhu göstərirlər. Xəstəxanalarla əlaqə komitəsinin üzvü olan və toplantıların təşkilində iştirak edən ağsaqqallar da çox zəhmət çəkirlər. Əmin ola bilərik ki, Yehova Onun yolunda fədakarlıq göstərən insanların zəhmətini unutmur (İbr. 6:10).

Qərar verməzdən əvvəl ailənizi və yığıncağı fikirləşin (15-ci abzasa baxın)

15. Yehovanın işinə münasibətimizi necə yoxlaya bilərik?

15 Hər birimiz növbəti sualların üzərində düşünməliyik: «Ehtiyac yarananda öhdəmə iş götürürəm, yoxsa gözləyirəm başqaları bunu etsin? Daha çox xidmətə can atıram, yoxsa maddi şeylərə? Bərəq, Dəburə, Yail və 10 000 döyüşçü kimi Yehova Allahın tapşırığını yerinə yetirmək üçün öz tərəfimdən əlimdən gələni edirəm?» Pul qazanmaq üçün başqa şəhərə və ya ölkəyə köçməyi planlaşdırırsınızsa, dua edib bunun ailənizə və yığıncağa necə təsir edəcəyi barədə düşünürsünüz? *

16. Yehovanın heç nəyə ehtiyacı olmadığı halda biz Ona nə verə bilərik?

16 Yehova bəndələrinə Onun hakimiyyətini dəstəkləmək imkanı verib və bununla bizə şərəf göstərib. Şeytan Adəmlə Həvvanın vaxtından başlayaraq insanları öz tərəfinə çəkmək istəyir. Allahın hakimiyyətini dəstəkləməklə biz Yehovanın tərəfini tutduğumuzu sübut etmiş oluruq. Yehovaya imanımız və sədaqətimiz bizi Onun yolunda fədakar olmağa təşviq edir, bu isə, öz növbəsində, Yehovanın könlünü şad edir (Məs. 23:15, 16). Bunun əsasında Yehova Allah Şeytanın ittihamlarına layiqli cavab verir (Məs. 27:11). Beləcə, biz Yehovanın dəyər verdiyi itaətkarlıq xüsusiyyətini təzahür etdirərək Ona sevinc gətiririk.

17. Hakimlər 5:31 ayəsinə əsasən, gələcəkdə nələr baş verəcək?

17 Tezliklə dünyada yalnız Yehovanın tərəfini tutan insanlar yaşayacaq. Biz o günün həsrəti ilə yaşayırıq! Dəburə ilə Bərəqin növbəti sözlərinə qoşularaq deyirik: «Ey Yehova, qoy bütün düşmənlərin məhv olsun, Səni sevənlər isə əzəmətlə doğan günəş kimi parlasın!» (Hak. 5:31). Yehova Şeytanın şər dünyasını məhv edəndə bu diləyimiz çin olacaq. Armageddon savaşında düşmənlə döyüşmək üçün bizə ehtiyac olmayacaq. Onda biz durub gözləyəcəyik, Yehovanın bizi necə xilas edəcəyinə baxacağıq (2 Saln. 20:17). Amma o günə kimi biz Yehovaya cəsarətlə və can-dildən xidmət edərək Onun tərəfini tutmalıyıq.

18. Yehovanın yolunda göstərdiyiniz fədakarlıq başqalarına necə təsir edə bilər?

18 Dəburə ilə Bərəq həmd nəğməsini Yaradanı ucaltmaqla başlayır: «Xalq şövqlə döyüşə atıldı, Yehovaya alqış edin!» (Hak. 5:1, 2). Qoy sizin də Yehovanın yolunda göstərdiyiniz fədakarlıq başqalarını Ona alqış deməyə təşviq etsin!

^ abz. 6 Dəryaz ağzı iti, uzun və hərdən yarımdairə şəklində olan alətdir. Dəryazlar arabaya, çox ehtimal ki, təkərlərin oxuna bərkidilirdi. Heç kim cürət edib bu dəhşətli arabaların qarşısına çıxa bilməzdi.

^ abz. 8 Bu hadisə haqqında ətraflı məlumatı «Gözətçi qülləsi» jurnalının 2015-ci il 1 avqust sayının 12—15 səhifələrində (türk.) tapa bilərsiniz.

^ abz. 15 «Gözətçi qülləsi» jurnalının 2015-ci il 1 iyul sayında «Pul narahatçılığı» adlı məqaləyə baxın.