Kontentə keç

Mündəricatı göstər

Qəriblərə Yehovaya sevinclə ibadət etməyə kömək edin

Qəriblərə Yehovaya sevinclə ibadət etməyə kömək edin

«Yehova qəribləri qoruyur» (ZƏB. 146:9).

NƏĞMƏ: 84, 73

1, 2. a) Ev-eşiklərindən didərgin düşən bacı-qardaşlar hansı çətinliklərlə üzləşir? b) Bu məqalədə hansı suallar araşdırılacaq?

BURUNDİDƏN olan Lice adlı qardaş danışır: «Ölkəmizdə vətəndaş müharibəsi başlayanda biz ailəlikcə toplantıda idik. Atışma başlamışdı, hərə bir tərəfə qaçırdı. Biz də, 11 uşaq və valideynlərim, canımızı qurtarmaq üçün üstümüzdə olan bir neçə əşyanı götürüb qaçdıq. Ailəmizin yarısı 1600 kilometr yol qət edərək Malavidəki qaçqın düşərgəsinə gedib çıxdı, qalanları isə pərən-pərən düşdü».

2 Bütün dünyada müharibə və ya təqiblər ucbatından evlərindən didərgin düşmüş qaçqınların * sayı rekord həddə, 65 milyona çatıb. Onların arasında minlərlə Yehovanın Şahidi var. Çoxları doğmalarını, mal-mülkünü itirib. Qaçqınlar daha hansı çətinliklərlə üzləşir? Yurd-yuvalarını məcburən tərk edən bacı-qardaşlara «Yehovaya sevinclə ibadət et»mələri üçün necə kömək edə bilərik? (Zəb. 100:2). Bəs xoş xəbəri eşitməyən qaçqınlara necə təbliğ edə bilərik?

QAÇQIN HƏYATI

3. İsa Məsih və onun davamçıları yurd-yuvalarından nəyə görə ayrı düşmüşdülər?

3 Yehova mələk vasitəsilə Yusifə bildirəndə ki, padşah Hirod körpə İsanı öldürmək istəyir, Yusif ailəsini də götürüb Misirə qaçdı. Onlar Hirod ölənə qədər orada qaldı (Mət. 2:13, 14, 19—21). Onilliklər sonra İsanın şagirdləri təqiblər ucbatından «Yəhudiyyə və Səməriyyə bölgələrinə dağılışdı» (Həv. 8:1). İsa Məsih davamçılarına bildirmişdi ki, onlar yurd-yuvalarından didərgin düşəcəklər. O demişdi: «Sizi bir şəhərdə təqib edəndə o biri şəhərə qaçın» (Mət. 10:23). Səbəb hər nə olursa olsun, ev-eşiyindən ayrı düşmək çox çətindir.

4, 5. Evindən didərgin düşən insanlar a) qaçhaqaç vaxtı və b) qaçqınlar üçün düşərgədə yaşayarkən hansı çətinliklərlə üzləşir?

4 Qaçqınlar istər qaçhaqaç vaxtı, istərsə də qaçqın düşərgəsində yaşadığı müddətdə müxtəlif təhlükələrlə üzləşirlər. Məqalənin əvvəlində adı çəkilən Licenin kiçik qardaşı Qad deyir: «Həftələrlə insan cəsədləri ilə dolu yollarla gedirdik. Həmin vaxt mənim 12 yaşım var idi. Ayaqlarım o qədər şişmişdi ki, daha gedə bilmirdim. Ailə üzvlərimə dedim ki, yola mənsiz davam etsinlər. Ancaq atam məni orada qoyub getmək haqqında heç düşünmədi. O, yola davam etməyə mənə kömək etdi. Sağ qalmaq üçün hər gün mübarizə aparırdıq, Yehovaya dua edirdik, ümidimizi Ona bağlayırdıq. Hərdən yeməyə yol qırağında bitən manqodan başqa heç nə tapmırdıq» (Filip. 4:12, 13).

5 Licenin ailə üzvlərinin əksəriyyəti uzun illər BMT-nin qurduğu qaçqın düşərgəsində yaşayıb. Bununla belə, ora da təhlükəsiz deyildi. Hal-hazırda rayon nəzarətçisi kimi xidmət edən Lice bölüşür: «Düşərgədə yaşayanların əksəriyyəti işsiz idi. Buna görə də onlar qeybət edir, içki içir, qumar oynayır, oğurluq edir və əxlaqsızlıqla məşğul olurdular». Bu cür insanların təsiri altına düşməmək üçün orada yaşayan bacı-qardaşlar vaxtlarını tamamilə ibadətə həsr edirdi (İbr. 6:11, 12; 10:24, 25). Bəziləri öncül kimi xidmət edirdi. Onlar müsbət əhval-ruhiyyəni qoruyurdular, inanırdılar ki, israillilərin səhrada keçirdikləri çətin günlərin sonu gəldiyi kimi, onların da əzablı günlərinin sonu gələcək (2 Kor. 4:18).

QAÇQINLARA MƏHƏBBƏT GÖSTƏRİN

6, 7. a) «Allah məhəbbəti» bizi nəyə təşviq edir? b) Nümunə çəkin.

6 «Allah məhəbbəti» bizi bir-birimizə, xüsusilə də çətin şəraitdə olanlara məhəbbət göstərməyə təşviq edir. (1 Yəhya 3:17, 18 ayələrini oxuyun.) Birinci əsrdə Yəhudiyyədə hökm sürən aclıqdan əziyyət çəkən bacı-qardaşlara digər ərazidə yaşayan dindaşları yardım göndərmişdi (Həv. 11:28, 29). Həvari Bulus və Butrus məsihiləri bir-birinə qarşı qonaqpərvər olmağa təşviq edirdi (Rom. 12:13; 1 But. 4:9). Əgər adi vaxtlarda başqa ərazilərdən gələn dindaşlarımıza qonaqpərvərlik göstərməliyiksə, görün həyatı təhlükə altında olan və ya imanına görə təqib olunan dindaşlarımıza nə qədər diqqət göstərməliyik! (Məsəllər 3:27 ayəsini oxuyun.) *

7 Bu yaxınlarda Ukraynanın şərqində baş verən iğtişaşlar və təqiblər minlərlə Yehovanın Şahidini evlərindən didərgin saldı. Əfsuslar olsun ki, onlardan bəziləri həyatını itirdi. Ukraynanın digər ərazilərində və Rusiyada yaşayan bacı-qardaşlar evlərinin qapılarını qaçqın düşmüş dindaşlarının üzünə açdı. Hər iki ölkədə yaşayan Yehovanın Şahidləri bitərəf mövqe tutmaqla dünyaya məxsus olmadıqlarını göstərdilər və usanmadan Allahın sözünü müjdələməyə davam etdilər (Yəh. 15:19; Həv. 8:4).

İMANDA MÖHKƏM QALMAĞA KÖMƏK EDİN

8, 9. a) Başqa ölkəyə köçən qaçqınlar hansı çətinliklərlə üzləşir? b) Nəyə görə biz onlara kömək edərkən səbirli olmalıyıq?

8 Ev-eşiklərini tərk etməyə məcbur olan insanların çox az qismi öz ölkələrində qala bilir, əksəriyyəti başqa ölkəyə köçməli olur. Hökumət onları yeməklə, geyimlə və sığınacaqla təmin etsə də, heç nə insanın öz evinin, öyrəşdiyi yeməyin yerini vermir. Məsələn, isti ərazilərdən gələn qaçqınlar gəldikləri ərazidə ilk dəfə soyuq hava ilə rastlaşanda bilmirlər nə geyinsinlər. Ola bilsin, bəziləri kənd yerlərindən gəlib və müasir məişət avadanlıqlarından istifadə etməyi bacarmır.

9 Bəzi ölkələrdə qaçqınlar yerli şəraitə uyğunlaşa bilsinlər deyə, yardım proqramları təşkil olunur. Bununla belə, qaçqınlardan tələb olunur ki, müəyyən müddətdən sonra özlərini təmin etsinlər. Düzdür, yeni şəraitə uyğunlaşmaq elə də asan deyil. Bunun üçün yeni dil öyrənmək, həmin ölkənin qanunlarına, mədəniyyətinə uyğunlaşmaq lazımdır. Həmçinin, vergiləri, kommunal və digər xərcləri ödəmək, uşaqların məktəbə getməsi, onların tərbiyəsi kimi digər çətinliklər də var. Biz belə vəziyyətlə üzləşən bacı-qardaşlara kömək edərkən onlara səbirlə və hörmətlə yanaşmalıyıq (Filip. 2:3, 4).

10. Ərazimizə köçən dindaşlarımızın imanını necə möhkəmləndirə bilərik? (Məqalənin əvvəlindəki şəklə baxın.)

10 Hökumət hərdən evlərindən didərgin düşmüş bacı-qardaşlara yığıncaqlarla əlaqə yaratmağa çətinlik yaradır. Bəzən yardım təşkilatları dindaşlarımıza yığıncaqlara getməyə mane olan iş təklif edir. Əgər onlar bu işdən imtina etsələr, onda təşkilat onları daha yardım göstərməyəcəyi ilə, yaxud ölkədən qovacağı ilə hədələyir. Köməksiz qalmaqdan qorxan bəzi bacı-qardaşlar bu şərtlərə boyun əyirlər. Buna görə də ərazimizə köçən dindaşlarımızla dərhal əlaqə saxlamalıyıq. Onlar bizim qayğımızı hiss etməlidirlər. Göstərdiyimiz şəfqət və kömək onların imanlarını möhkəmləndirəcək (Məs. 12:25; 17:17).

KÖMƏYİNİZİ ƏSİRGƏMƏYİN

11. a) Qaçqınların ilk öncə nəyə ehtiyacı var? b) Onlar minnətdarlıqlarını necə göstərə bilər?

11 Biz ilk öncə onları yemək, geyim və digər vacib şeylərlə təmin edə bilərik *. Verdiyimiz ən kiçik hədiyyə belə, məsələn, adi bir qalstuk, onlar üçün çox dəyərli ola bilər. Əlbəttə, qaçqınlar da onlara ediləndən artığını gözləməməli, əksinə, onlara göstərilən hər cür qayğıya görə minnətdar olmalıdırlar. Bununla belə, yurd-yuvalarından ayrı düşənlər çalışmalıdırlar ki, özlərini təmin etsinlər. Bunun sayəsində onlar həm özünə hörmət hissini, həm də başqaları ilə yaxşı münasibəti qoruyub saxlayacaqlar (2 Salon. 3:7—10). Ancaq hər bir halda onlar bizim köməyimizə ehtiyac duyurlar.

Ev-eşiklərindən didərgin düşən bacı-qardaşlarımıza necə kömək edə bilərik? (11—13 abzaslara baxın)

12, 13. a) Qaçqınlara nədə kömək göstərə bilərik? b) Nümunə çəkin.

12 Qaçqınlara kömək etmək onlara çoxlu pul vermək yox, onlara vaxt ayırmaq və qayğı göstərmək deməkdir. Məsələn, onlara ucuz və keyfiyyətli ərzaq satılan yerləri göstərmək, ictimai nəqliyyatdan istifadə etməyi öyrətmək, həmçinin işləmək üçün müəyyən alət və avadanlıq almağa kömək etmək olar. Ən əsası isə onlara yeni yığıncağa qaynayıb-qarışmağa kömək etməliyik. İmkan daxilində onları özümüzlə yığıncaq görüşlərinə aparıb gətirə bilərik. Bundan əlavə, onlara ərazimizdə necə təbliğ etməyi öyrətmək və xidmətdə əməkdaşlıq etmək olar.

13 Bir yığıncağa məcburi köçkün olan dörd yeniyetmə gəlmişdi. Ağsaqqallar onlara maşın sürməyi, kompüterdə çap etməyi, tərcümeyi-hal yazmağı, eləcə də xidməti düzgün planlaşdırmağı öyrətmişdilər (Qal. 6:10). Bir müddət sonra onların dördü də öncül xidmətinə başladı. Həm qardaşların köməyi, həm də özlərinin ibadətə can atmaları bu gənclərə ruhani cəhətdən inkişaf etməyə, Şeytanın tələlərinə düşməməyə kömək etdi.

14. a) Məcburi köçkünlər hansı iman sınağı ilə üzləşirlər? b) Nümunə çəkin.

14 Məcburi köçkün olan məsihilər də digərləri kimi var gücləri ilə çalışmalıdırlar ki, dünya malı dalınca qaçmasınlar, Yehova Allahla münasibətlərini qorusunlar *. Lice və onun doğma bacı-qardaşları qaçhaqaç vaxtı olmuş bir hadisəni heç vaxt unutmurlar: «Atamız yolboyu daşıdığımız lazımsız əşyaları bir-bir atırdı. Axırda boş çantanı qaldırıb gülümsəyərək dedi: “Görürsünüz, bunların heç biri bizə lazım deyilmiş!”» (1 Timutiyə 6:8 ayəsini oxuyun.)

QAÇQINLARIN ƏN BÖYÜK EHTİYACI

15, 16. Qaçqınlara a) ruhani və b) mənəvi cəhətdən necə kömək edə bilərik?

15 Maddi dəstəkdən çox, qaçqınların ruhani və mənəvi köməyə ehtiyacı var (Mət. 4:4). Ağsaqqallar onlara doğma dillərində ədəbiyyat əldə etməyə və onların dilində danışan bacı-qardaşları tapmağa kömək edə bilər. Bir çox qaçqınlar ailələrindən, evlərindən və yığıncaqlarından ayrı düşüblər. Buna görə də onlar gəldikləri yerdə Yehovanın və bacı-qardaşların məhəbbətini hiss etməlidirlər. Əks təqdirdə, onlar imanlarına şərik olmayan qohumlarına və həmyerlilərinə üz tutacaqlar (1 Kor. 15:33). Onlara səmimi qəlbdən məhəbbət göstərməklə, sanki, Yehova ilə əməkdaşlıq edib qəribləri qorumuş oluruq (Zəb. 146:9).

16 İsa və onun valideynləri kimi, ola bilsin, qaçqın düşmüş bacı-qardaşlar da onları təqib edən insanlar hakimiyyətdə olduğu müddətdə evlərinə qayıda bilməsinlər. Lice deyir: «Ailə üzvlərindən kiminsə zorakılığa məruz qaldığını və ya öldürüldüyünü görən valideynlər övladlarını yenidən həmin ölkəyə aparmaq istəmirlər». Bu cür dəhşətli hadisələri yaşayan dindaşlarına kömək etmək üçün bacı-qardaşlar onların «dərdinə şərik, qardaşsevən, şəfqətli və təvazökar» olmalıdırlar (1 But. 3:8). Ola bilsin, təqiblər ucbatından bəzi bacı-qardaşlar özünə qapansın və çəkdikləri əzablar haqqında, xüsusilə uşaqlarının yanında, danışmağa utansınlar. Özünüzə sual verin: «Mən onların yerində olsaydım, insanların mənimlə necə rəftar etməsini istəyərdim?» (Mət. 7:12).

YEHOVANIN ŞAHİDİ OLMAYAN QAÇQINLARA TƏBLİĞ EDİN

17. Xoş xəbər qaçqınlara necə toxtaqlıq verir?

17 Qaçqınların çoxu fəaliyyətimizin məhdud olduğu ölkələrdən gəlir. Onların məskən saldığı ölkələrdə yaşayan bacı-qardaşların yorulmadan təbliğ etməsi sayəsində minlərlə qaçqın ilk dəfə «Padşahlıq haqqındakı sözü eşidir» (Mət. 13:19, 23). «Yükü ağır olan» qaçqınlar yığıncaq görüşlərinə gələrkən əsl təravət tapır və «həqiqətən də, Allah sizinlədir» deyirlər (Mət. 11:28—30; 1 Kor. 14:25).

18, 19. Qaçqınlara təbliğ edərkən necə müdrik ola bilərik?

18 Qaçqınlara təbliğ edərkən ehtiyatlı və uzaqgörən olmalıyıq (Mət. 10:16; Məs. 22:3). Yurdundan uzaq düşən bu insanlar ürəklərini boşaldanda onları səbirlə dinləməliyik, lakin siyasi mövzuları müzakirə etməməliyik. Filialdan və yerli hökumət orqanlarından gələn göstərişlərə əməl etsək, nə özümüzü, nə də başqalarını təhlükəyə atmayacağıq. Biz hər bir qaçqının etiqadına, mənsub olduğu mədəniyyətə hörmət etməliyik. Misal üçün, bəzi ölkələrdə qadınların geyiminə ciddi yanaşılır. Buna görə də onlara təbliğ edəndə geyimimizə xüsusilə diqqət yetirməliyik.

19 İsa Məsihin məsəlindəki səməriyyəli kimi, biz təkcə Yehovanın Şahidlərinə yox, əziyyət çəkən digər insanlara da kömək etməliyik (Luka 10:33—37). Bunu etməyin ən yaxşı üsulu onlara xoş xəbəri təbliğ etməkdir. Bir çox qaçqına kömək etmiş ağsaqqal deyir: «Qaçqınlara təbliğ edərkən Yehovanın Şahidi olduğumuzu əvvəlcədən deməliyik. Həmçinin bildirməliyik ki, bizim əsas məqsədimiz onlara maddi yardım göstərmək deyil, Allahın Kəlamındakı ümidverici xəbəri çatdırmaqdır. Əks halda, onlar bizimlə nə isə umduqları üçün ünsiyyət edə bilərlər».

GÖZƏL NƏTİCƏLƏR

20, 21. a) Qaçqınlara məhəbbət göstərmək hansı gözəl nəticələr verir? b)  Növbəti məqalədə hansı sualları araşdıracağıq?

20 «Qəriblərə» məhəbbət göstərmək gözəl nəticələr verir. Eritreyada yaşayan bir bacı təqiblər ucbatından dörd uşaqla oradan qaçmalı oldu. Onlar səhralıqla səkkiz gün əziyyətli yol gedəndən sonra nəhayət Sudana çatdılar. Bacı bölüşür: «Buradakı bacı-qardaşlar uşaqlarımla öz doğmaları kimi davrandı, qida ilə, geyim-kecimlə, sığınacaqla təmin etdilər. Üstəlik, yol pulumuzu da verirdilər. Sadəcə eyni Allaha ibadət etdikləri üçün kim tanımadığı insana öz evinin qapısını açar?! Ancaq Yehovanın Şahidləri!» (Yəhya 13:35 ayəsini oxuyun.)

21 Bəs ailəsi ilə birgə evlərini tərk etməyə məcbur olan uşaqlar barədə nə demək olar? Onlara Yehovaya sevinclə xidmət etməyə necə kömək edə bilərik? Növbəti məqalədə bu sualları araşdıracağıq.

^ abz. 2 Bu məqalədə «qaçqın» və ya «məcburi köçkün» sözü altında hərbi iğtişaşlar, təqiblər və ya təbii fəlakətlər ucbatından daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında, ya da ölkədən kənarda başqa yerə köçmüş şəxslər nəzərdə tutulur. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hesabatına görə, hal-hazırda «hər 113 nəfərdən biri məcburi köçkündür».

^ abz. 6 «Gözətçi qülləsi» jurnalının 2016-cı il oktyabr sayının 8—12 səhifələrində yerləşən «Qonaqpərvərliyi yaddan çıxarmayın» adlı məqaləyə baxın.

^ abz. 11 Məcburi köçkünlər gələn kimi ağsaqqallar «Allahın iradəsini yerinə yetirən təşkilat» kitabının 8-ci fəslinin 30-cu abzasında verilən göstərişə riayət etməlidirlər. Ağsaqqallar jw.org saytından istifadə edərək filial vasitəsilə həmin bacı-qardaşların əvvəl getdiyi yığıncağın ağsaqqalları ilə əlaqə saxlaya bilərlər. Bundan əlavə, ağsaqqallar belə bacı-qardaşlara yığıncağı və xidməti barədə nəzakətlə suallar verməklə onların ruhani vəziyyətini müəyyən edə bilərlər.

^ abz. 14 «Gözətçi qülləsi» jurnalının 2014-cü il 15 aprel sayının 17—26 səhifələrində yerləşən «Heç kim iki ağaya qulluq edə bilməz» və «Cəsarətli ol. Yehova sənə dayaqdır!» adlı məqalələrə baxın.