Kontentə keç

Mündəricatı göstər

Qoymayın məhəbbətiniz soyusun

Qoymayın məhəbbətiniz soyusun

«Hərc-mərclik baş alıb getdiyindən əksər insanlarda məhəbbət soyuyacaq» (MƏT. 24:12).

NƏĞMƏ: 60, 135

1, 2. a) İsa Məsihin Mətta 24:12 ayəsində yazılmış sözləri ilk növbədə kimlərə aid idi? b) Birinci əsrdə yaşayan əksər məsihilərin məhəbbətinin güclü olduğunu «Həvarilərin işləri» kitabı necə təsdiq edir? (Məqalənin əvvəlindəki şəklə baxın.)

İSA MƏSİH «dövrün yekunu» ilə bağlı əlamətlər verəndə demişdi ki, «əksər insanlarda məhəbbət soyuyacaq» (Mət. 24:3, 12). Birinci əsrdə yaşayan yəhudilər Allahın xalqı olduğunu iddia etsə də, onların Allaha məhəbbəti yox dərəcəsində idi.

2 Həmin dövrdə yaşayan məsihilərin isə məhəbbəti güclü idi. Onlar «Məsih İsa haqqında müjdəni durmadan bildirir», Allaha, dindaşlarına və başqa insanlara məhəbbət göstərirdilər (Həv. 2:44—47; 5:42). Amma təəssüf ki, bəzi məsihilərin də məhəbbəti soyumuşdu.

3. Bəzi məsihilərin məhəbbətinin soyumasına nə səbəb ola bilərdi?

3 İsa Məsih birinci əsrdə Efesdə yaşayan məsihi yığıncağına müraciət edərək demişdi: «Sənə iradım var: əvvəlki məhəbbətin soyuyub» (Vəhy 2:4). Görəsən, buna nə səbəb olmuşdu? Ola bilsin, onlar ancaq cismani istəklərini düşünən insanların təsiri altına düşmüşdülər (Efes. 2:2, 3). Bugünkü şəhərlərin əksəriyyəti kimi, Efes də murdar əməllərlə dolu idi. Efes çox zəngin şəhər olub. Onun əhalisi cah-calal içində yaşamağı, əylənməyi və rahat həyatı sevirdi. Onların cismani arzuları hətta Allaha və insanlara məhəbbəti boğmuşdu. Hələ bu azmış kimi orada azğınlıq və əxlaqsızlıq baş alıb gedirdi.

4. a) Bizim zəmanədə məhəbbətin soyumasına nə səbəb ola bilər? b) Kimə və nəyə bəslədiyimiz məhəbbət sınana bilər?

4 İsa Məsihin məhəbbətin soyuması ilə bağlı dediyi sözlər bizim zəmanəyə də aiddir. Bu gün insanların Allaha məhəbbəti günü-gündən soyuyur. Milyonlarla insan problemlərin həlli üçün Allaha yox, insan təşkilatlarına üz tutur. Buna görə də Yehova Allaha ibadət etməyən insanlarda məhəbbət getdikcə soyuyur. Efesdəki məsihilər kimi, bugünkü məsihilər də ehtiyatlı olmasalar, arxayınlaşar və məhəbbətləri azala bilər. Biz bir məsihi kimi Yehova Allaha, Müqəddəs Kitabdan öyrəndiyimiz həqiqətlərə və bacı-qardaşlarımıza məhəbbət bəsləməliyik. Gəlin görək bu məhəbbətimiz necə sınana bilər.

YEHOVA ALLAHA MƏHƏBBƏT

5. Nəyə görə bizdə Allah sevgisi olmalıdır?

5 İsa Məsih məhəbbətin soyuması barədə danışdığı gün ən üstün məhəbbət barədə söz açmışdı. O demişdi: «“Allahın Yehovanı bütün qəlbinlə, bütün varlığınla və bütün ağlınla sev”. Bu, birinci və ən böyük əmrdir» (Mət. 22:37, 38). Allah sevgisi bizə Onun əmrlərinə itaət etməyə, dözümlü olmağa kömək edir və daxilimizdə şər əməllərə ikrah yaradır. (Zəbur 97:10 ayəsini oxuyun.) Amma Şeytan və onun şər dünyası da boş durmur, onlar bu məhəbbəti öldürməyə can atırlar.

6. Allaha məhəbbətin azalması nəyə gətirib çıxara bilər?

6 Bu dünyanın məhəbbət anlayışı təhrif olunub. İnsanlar Allahdan çox özlərini sevirlər, onlar çox xudbin olublar (2 Tim. 3:2). Şeytanın əlində olan bu dünya insanlara «cismin istəyi, gözlərin istəyi və varın nümayişə qoyulması» kimi yanlış arzuları təlqin edir (1 Yəh. 2:16). Həvari Bulus dindaşlarını cismani arzuların təhlükəli olduğu barədə xəbərdar edərək demişdi: «Daima cismani istəklər haqqında düşünmək ölüm... gətirir. Çünki cismani düşüncə tərzi Allahla düşmənçiliyə gətirir» (Rom. 8:6, 7). Doğrudan da, ömrü var-dövlət yığmaqla və ehtirası təmin etməklə keçirmək axırda insana məyusluq və dərd yaşadır (1 Kor. 6:18; 1 Tim. 6:9, 10).

7. Məsihilərin Allaha məhəbbətini nə zəiflədə bilər?

7 Ateistlərin, aqnostiklərin və təkamülçülərin çoxu insanların yalnız Allaha sevgisini deyil, hətta Ona imanını sarsıtmağa çalışır. Onların fikrincə yalnız sadəlövh və avam insanlar Allahın varlığına inana bilər. Təəssüf ki, bəzi insanlar Allahdan çox, alimlərə ehtiram bəsləyir (Rom. 1:25). Bu cür insanların fərziyyələrinə qulaq assaq, Yehova Allahdan uzaqlaşacaq və nəticədə Ona məhəbbətimiz soyuyacaq (İbr. 3:12).

8. a) Yehova Allahın xidmətçilərinin çoxu hansı problemlərlə mübarizə aparır? b) 136-cı məzmur bizi nəyə əmin edir?

8 Yehova Allaha imanımız və məhəbbətimiz üçün təhlükəli olan daha bir amil ruh düşkünlüyüdür. Şeytanın ağalıq etdiyi bir dünyada yaşadığımız üçün vaxtaşırı hər birimiz bizi ruhdan salan problemlər yaşayırıq (1 Yəh. 5:19). Hazırda, ola bilsin, kimimiz qocalığın, xəstəliyin və pulsuzluğun yaratdığı çətinliklərlə mübarizə aparırıq. Kimimiz özünü bacarıqsız bildiyi, arzularının həyata keçmədiyi və səhvlərə yol verdiyi üçün məyusluğa qapılır. Bu cür vəziyyətlərdə düşünməməliyik ki, Yehova bizi atıb. Əksinə, Yehovanın bizə bəslədiyi məhəbbətin tükənməz olduğunu sübut edən fikirlərin üzərində düşünməliyik. Məsələn, Zəbur 136:23 ayəsində deyilir: «Odur miskin halımızda bizi unutmayan, məhəbbəti əbədidir». Bəli, Yehova Allahın xidmətçilərinə duyduğu məhəbbət sarsılmazdır. Buna görə də əmin ola bilərik ki, O, bizim yalvarışımızı eşidir və bu dualarımızı cavabsız qoymur (Zəb. 116:1; 136:24—26).

9. Həvari Bulusa Allaha məhəbbətini möhkəm saxlamağa nə kömək edirdi?

9 136-cı məzmurun yazarı kimi, həvari Bulus da Yehova Allahın Öz xidmətçilərinə həmişə dayaq olduğu barədə düşünüb bundan güc alırdı. O yazmışdı: «Yehova dayağımdır, əsla qorxmaram. İnsan mənə nə edə bilər?!» (İbr. 13:6). Yehovaya etibarı həvari Bulusa problemlərlə mübarizə aparmağa güc verirdi. Çətinə düşəndə o, ruhdan düşmürdü. Əksinə, o həbsdə olanda bir neçə ruhlandırıcı məktub yazmışdı (Efes. 4:1; Filip. 1:7; Flm. 1). Hansı problemlə üzləşirdisə üzləşsin həvarinin Yehova Allaha məhəbbəti sarsılmırdı. Bəs o, bu gücü haradan alırdı? Bulus «hər cür təsəlli Allahı olub hər dərdimizdə bizə təsəlli» verən Yehova Allaha sığınırdı (2 Kor. 1:3, 4). Bəs biz onun kimi Allaha məhəbbətimizi möhkəm saxlamaq üçün nə edə bilərik?

Yehova Allahı sevdiyinizi əməldə göstərin (10-cu abzasa baxın)

10. Yehova Allaha məhəbbətimizi necə möhkəmləndirə bilərik?

10 Həvari Bulus Yehova Allaha məhəbbətimizi güclü saxlamağa kömək edən amillərdən biri barədə söz açmışdı. O, Salonikidəki bacı-qardaşlara ünvanladığı məktubda yazmışdı: «Həmişə dua edin». Sonralar Romalılara yazdığı məktubda da oxşar sözlər demişdi: «Daima dua edin» (1 Salon. 5:17; Rom. 12:12). Dua vasitəsilə Allahla ünsiyyət qurmaq Onunla sıx dostluğun təməlidir (Zəb. 86:3). Biz məhrəm fikirlərimizi və hisslərimizi Allaha açanda duaları eşidən səmavi Atamıza yaxın oluruq (Zəb. 65:2). Yehova Allah dualarımıza cavab verəndə isə Ona məhəbbətimiz güclənəcək. Onda əmin olacağıq ki, «Yehova Onu çağıranlara... yaxındır» (Zəb. 145:18). Yehovanın bizi sevdiyinə və lazım olanda köməyə gələcəyinə əminlik bizə sınaqlara sinə gərməyə güc verəcək.

MÜQƏDDƏS KİTABA MƏHƏBBƏT

11, 12. Müqəddəs Kitabdan öyrəndiyimiz biliklərə məhəbbətimizi necə artıra bilərik?

11 Bir məsihi kimi biz Müqəddəs Kitabdan öyrəndiyimiz həqiqətləri qiymətləndirməli və sevməliyik. Müqəddəs Kitab həqiqətin yeganə mənbəyidir. İsa Məsih duada Yehovaya demişdi: «Həqiqət Sənin sözündür» (Yəh. 17:17). Deməli, həqiqətə sevgi Müqəddəs Kitabdan dəqiq bilik əldə etməkdən başlayır (Kol. 1:10). Burada, sadəcə, təməl biliklər nəzərdə tutulmur. Bəs Müqəddəs Kitabdakı həqiqətləri sevmək nə deməkdir? Bunu 119-cu məzmurdan öyrənmək olar. (Zəbur 119:97—100 ayələrini oxuyun.) Gün ərzində Müqəddəs Kitabı oxumaq və oxuduqlarınızın üzərində düşünmək üçün vaxt ayırırsınız? Müqəddəs Kitabdakı nəsihətlərin həyatınızı necə gözəlləşdirdiyi barədə düşündükcə həqiqəti daha çox qiymətləndirəcəksiniz.

12 119-cu məzmurun yazarı demişdi: «Sözlərin damağıma necə şirindir, onlar ağzımda baldan da şirindir» (Zəb. 119:103). Nəşrlərimizi dadlı qidaya bənzətmək olar. Adətən, biz çox sevdiyimiz yeməyi yavaş-yavaş yeyirik ki, onun dadından zövq alaq. Eynilə, Müqəddəs Kitabı mütaliə edəndə tələsməməliyik, bunun üçün kifayət qədər vaxt ayırmalıyıq. Onda lətif kəlmələr, yəni Müqəddəs Kitabdan öyrəndiklərimiz bizə zövq verəcək, həmçinin onları yadda saxlamaq asan olacaq və yeri gələndə onların vasitəsilə kiməsə kömək edə biləcəyik (Vaiz 12:10).

13. Ərəmya peyğəmbərə Müqəddəs Yazılardan oxuduğu həqiqətləri sevməyə nə kömək etmişdi və bu sevgi onu nəyə təşviq edirdi?

13 Ərəmya peyğəmbər Müqəddəs Yazılardan oxuduğu həqiqətləri sevirdi. O demişdi: «Sözlərini tapıb yedim. Sözün mənə sevinc verdi, ürəyimə şadlıq gətirdi. Çünki mən Sənin adını daşıyıram, ey ordular Allahı Yehova» (Ərm. 15:16). Görün Allahın sözləri peyğəmbərə necə güclü təsir bağışlayırdı! Ərəmya peyğəmbər, sanki, Allahın sözlərini yeyir və həzm edirdi. Bu, o deməkdir ki, o, onların üzərində düşünürdü. Bu, ona Allahın adını daşımaq şərəfini qiymətləndirməyə kömək edirdi. Biz də Müqəddəs Kitabdakı həqiqətləri sevsək, Yehovanın Şahidi olmaq şərəfini qiymətləndirəcək və sonun yaxın olduğu bu dövrdə Padşahlıq haqda müjdəni təbliğ edəcəyik.

Müqəddəs Kitabı sevdiyinizi əməldə göstərin (14-cü abzasa baxın)

14. Müqəddəs Kitabdan öyrəndiyimiz biliklərə məhəbbəti daha necə artıra bilərik?

14 Gördüyümüz kimi Müqəddəs Kitabdakı həqiqətlərə məhəbbətimizi artırmaq üçün Müqəddəs Kitabı və ona əsaslanan nəşrləri oxumalıyıq. Bəs bu sahədə bizə başqa nə kömək edə bilər? İbadət görüşlərində müntəzəm iştirak etmək. Biz hər həftə «Gözətçi qülləsi» vasitəsilə Müqəddəs Kitabı araşdırırıq. Bu, Yehovanın təlim vermək üsullarından biridir. Məqalədəki mövzunu tam başa düşmək üçün hər həftə «Gözətçi qülləsi» müzakirəsinə əvvəlcədən yaxşı hazırlaşmaq lazımdır. Məsələn, məqalədə istinad olunan ayələrin hamısını bir-bir oxumalıyıq. Bu gün biz «Gözətçi qülləsi» jurnalını jw.org saytından yükləyir və ya bir çox dillərdə əlçatan olan «JW Library» proqramından oxuyuruq. Bu cür elektron proqramlar sayəsində istinad olunan ayələri asanlıqla açmaq olur. «Gözətçi qülləsi» jurnalını haradan oxuduğumuz vacib deyil, əsas odur, ayələrin hamısını diqqətlə oxuyub üzərində düşünək. Bu, Müqəddəs Kitabdakı həqiqətlərə məhəbbətimizi artıracaq. (Zəbur 1:2 ayəsini oxuyun.)

BACI-QARDAŞLARA MƏHƏBBƏT

15, 16. a) Yəhya 13:34, 35 ayələrinə əsasən, Allahın qarşısında hansı borcumuz var? b) Bacı-qardaşlara məhəbbət Yehova Allaha və Müqəddəs Kitaba məhəbbətlə necə bağlıdır?

15 İsa Məsih yer üzündəki həyatının son gecəsi şagirdlərinə demişdi: «Sizə yeni bir əmr verirəm: bir-birinizi sevin. Bir-birinizi mən sizi sevdiyim kimi sevin. Aranızda məhəbbət olsa, hamı biləcək ki, siz mənim şagirdimsiniz» (Yəh. 13:34, 35).

16 Bacı-qardaşlara məhəbbət Yehova Allaha məhəbbətlə sıx bağlıdır. Əgər Allahı sevmiriksə, bacı-qardaşları da sevə bilmərik. Və əgər bacı-qardaşları sevmiriksə, Allahı sevə bilmərik. Həvari Yəhya da yazmışdı: «Gördüyü qardaşını sevməyən adam görmədiyi Allahı sevə bilməz» (1 Yəh. 4:20). Yehovaya və bacı-qardaşlara məhəbbət, Müqəddəs Kitaba sevgi ilə də sıx bağlıdır. Nəyə görə? Müqəddəs Kitabda buyrulur ki, biz Yehova Allahı və bacı-qardaşları sevməliyik. Bizi bu əmrə tabe olmağa məhz Müqəddəs Kitabdakı həqiqətlərə məhəbbət təşviq edir (1 But. 1:22; 1 Yəh. 4:21).

Bacı-qardaşları sevdiyinizi əməldə göstərin (17-ci abzasa baxın)

17. Bacı-qardaşlara məhəbbətimizi necə göstərə bilərik?

17 1 Salonikililərə 4:9, 10 ayələrini oxuyun. Yığıncağımızdakı bacı-qardaşlara məhəbbətimizi necə göstərə bilərik? Ehtiyacı olan yaşlı bacını və ya qardaşı ibadət görüşlərinə aparıb-gətirməklə. Dul bacının evində nəyi isə təmir etmək gərəkdirsə, kömək əlimizi uzatmaqla (Yaq. 1:27). Biz həmçinin ruhdan düşmüş, depressiyada olan və başqa problemlərlə üzləşən bacı-qardaşlara diqqət göstərə, ruhlandıra və təsəlli verə bilərik (Məs. 12:25; Kol. 4:11). İman qardaşlarımıza həm sözlərimizlə, həm də əməllərimizlə qayğı göstərəndə onları, sözün əsl mənasında, sevdiyimizi sübut edirik (Qal. 6:10).

18. Bacı-qardaşlarla aramızda yaranan anlaşılmazlığı aradan qaldırmağa nə kömək edir?

18 Müqəddəs Kitabda əsrlər əvvəl yazılmışdı ki, axırzamanda əksər insanlar xudbin və tamahkar olacaq (2 Tim. 3:1, 2). Buna görə də biz bir məsihi kimi Allaha, Müqəddəs Kitab həqiqətlərinə və bir-birimizə məhəbbəti alovlandırmaq üçün var gücümüzlə çalışmalıyıq. Düzdür, hərdən bacı-qardaşlarla aramızda anlaşılmazlıq yaranır. Amma bir-birimizə bəslədiyimiz məhəbbət bizə bu çətinlikləri mehribanlıqla yoluna qoymağa kömək edir (Efes. 4:32; Kol. 3:14). Odur ki, gəlin bu məhəbbəti soyumağa qoymayaq! Gəlin həmişə Yehova Allaha, Onun Kəlamına və bacı-qardaşlara məhəbbəti alovlandıraq.