Kontentə keç

Mündəricatı göstər

«Məni çox istəyirsən, bunları?»

«Məni çox istəyirsən, bunları?»

«Yəhya oğlu Şimon, məni çox istəyirsən, bunları?» (YƏH. 21:15).

NƏĞMƏ: 128, 45

1, 2. Bütün gecəni balıq tutmağa həsr edən Butrus hansı dərsi aldı?

İSA MƏSİH diriləndən sonra maraqlı bir hadisə baş vermişdi. Onun yeddi şagirdi bütün gecəni Cəlilə dənizində balıq tutmağa çalışmış, amma heç nə tuta bilməmişdilər. İsa sahildə dayanıb onlara baxırdı. Birdən o dedi: «Toru qayığın sağ tərəfindən atın, tutacaqsınız». «Onlar toru atdılar və tora çoxlu balıq düşdü. Balıq o qədər çox idi ki, toru dartıb çıxara bilmirdilər» (Yəh. 21:1—6).

2 Şagirdləri səhər yeməyinə qonaq edəndən sonra İsa üzünü Butrus ləqəbli Şimona tutub dedi: «Yəhya oğlu Şimon, məni çox istəyirsən, bunları?» «Bunları» deyəndə İsa nəyi nəzərdə tuturdu? Butrus balıq tutmağı çox xoşlayırdı. Yəqin bununla İsa onun ürəyinin, əslində, nəyə bağlı olduğunu soruşmaq istəyirdi. Bilmək istəyirdi, Butrus balıqları və balıqçılığı çox istəyir, yoxsa İsanı və onun təlimlərini. Butrus belə cavab verdi: «Ağa, yaxşı bilirsən ki, səni çox istəyirəm» (Yəh. 21:15). Əminliklə deyə bilərik ki, Butrus dediyi sözə uyğun yaşadı. Həmin gündən etibarən o, şagird hazırlamaq işində fəal iştirak etdi və birinci əsrdəki məsihi yığıncağının sütunu oldu. Bununla Butrus İsanı sevdiyini təstiq etdi.

3. Məsihilər özlərini nədən gözləməlidirlər?

3 İsanın Butrusa dediyi sözlərdən nə öyrənirik? Biz yol verməməliyik ki, Məsihə olan məhəbbətimiz soyusun və diqqətimiz Yehovanın işindən yayınsın. İsa axırzamanda həyatın çox çətin olacağını və problemlərlə üzləşəcəyimizi bilirdi. Onun əkinçi haqda çəkdiyi məsəldə deyilirdi ki, insan «Padşahlıq haqqındakı sözü» qəbul edəcək və müəyyən addımlar atacaq, «lakin bu zəmanənin qayğıları və var-dövlətin aldadıcı qüvvəsi» sözü boğacaq (Mət. 13:19—22; Mark 4:19). Əgər ehtiyatlı olmasaq, ürəyimiz həyatın qayğıları ilə ağırlaşar və Yehova Allaha ibadətdə zəifləyə bilərik. Bu səbəbdən İsa şagirdlərini xəbərdar etmişdi: «Özünüzə fikir verin, ürəyinizi qarınqululuq, sərxoşluq və həyatın qayğıları ilə yükləməyin» (Luka 21:34).

4. İsa Məsihi nə dərəcədə sevdiyimizi necə müəyyən edə bilərik? (Məqalənin əvvəlindəki şəklə baxın.)

4 Butrus kimi, biz də İsa Məsihi sevdiyimizi onun tapşırdığı işi həyatımızda birinci yerə qoymaqla sübut edə bilərik. Bu işin həyatımızda hələ də önəmli yer tutduğunu necə müəyyən etmək olar? Vaxtaşırı özümüzdən soruşmalıyıq: «Mənim ürəyim nəyə bağlıdır? Mən daha çox nədən sevinc duyuram: dünyəvi işlərdən, yoxsa ibadətdən?» Əgər dünyəvi işlər, məsələn, iş, istirahət və maddi şeylər həyatımızda əsas yeri tutarsa, İsaya və ibadətə məhəbbətimiz soyuyar. Odur ki, gəlin bu sahələri nəzərdən keçirək və görək ehtiyatlı olmaq üçün nə edə bilərik.

İŞİN ÖZ YERİ VAR

5. Müqəddəs Kitaba əsasən, ailə başçısının hansı məsuliyyəti var?

5 Butrus balıqçılıqla əylənmək üçün məşğul olmurdu, balıqçılıq onun dolanışıq yeri idi. Müqəddəs Kitaba əsasən, ailə başçısı ailəsini dolandırmalıdır (1 Tim. 5:8). Bu məsuliyyəti yerinə yetirmək üçün o, zəhmət çəkməli, işləməlidir. Lakin indiki zəmanədə iş insanları əldən salır, narahatçılıq yaradır.

6. Bizim zəmanədə işçilər hansı çətinliklər yaşayır?

6 İş tapmaq çətin olduğu üçün insanlar hərdən az məvacibə daha çox işləmək məcburiyyətində qalır. İstehsalçılar az işçi qüvvəsi ilə daha çox mal istehsal etmək istədiyi üçün işçilər işdə gərginlik yaşayır, əldən düşür, hətta xəstələnir. Çoxları qorxur ki, bu cür işləməyə razılaşmasa, işdən qovulacaq.

7, 8. a) Biz ilk növbədə kimə sadiq olmalıyıq? b) Tailanddan olan bir qardaş işlə bağlı nəyi başa düşdü?

7 Məsihi olduğumuz üçün biz, ilk növbədə, Yehovaya sadiq olmalıyıq, müdirimizə yox (Luka 10:27). İş, sadəcə, müəyyən məqsədə çatmaq üçün bir vasitədir. Biz zəruri ehtiyaclarımızı ödəmək və xidmətimizi rahat icra etmək üçün işləyirik. Əgər ehtiyatlı olmasaq, işimiz ibadətimizə mane ola bilər. Misal kimi Tailandda yaşayan bir qardaşın hadisəsini gətirmək olar. O deyir: «Mən kompüter ustası idim və işimi çox sevirdim. Amma bu iş vaxtımın çoxunu apardığı üçün, demək olar ki, ibadətə vaxtım qalmırdı. Nəhayət başa düşdüm ki, Yehovanın işinin həyatımdan hər şeydən üstün olmasını istəyirəmsə, işimi dəyişməliyəm». Gəlin görək bu qardaş nə etdi.

8 O deyir: «Təxminən bir il ərzində pul yığdım və hansı işlə məşğul olacağımı götür-qoy etdim. Nəhayət qərara gəldim ki, küçədə dondurma satım. Əvvəl-əvvəl pul qazana bilmirdim, buna görə də çox narahat olurdum. Köhnə iş yoldaşlarım məni görəndə lağa qoyub gülürdülər. Deyirdilər ki, mən hansı ağılla sərin yerdə kompüter düzəltməyi qoyub küçələrdə dondurma satıram. Yehovaya dua edirdim ki, mənə məqsədimə çatmağa, ibadətə daha çox vaxt ayırmağa kömək etsin. Qısa müddət sonra işim yaxşı getməyə başladı. Yavaş-yavaş müştərilərin zövqünü tutmağa və dondurma düzəltmək işində ustalaşmağa başladım. Gün ərzində bütün dondurmaları satıb qurtarırdım. Hətta kompüter düzəldəndə qazandığımdan da çox qazanırdım. Mən bu işdən çox məmnun idim, çünki əvvəlki işdəki stresi və narahatçılığı yaşamırdım. Ən əsası isə indi Yehovaya daha yaxınam». (Mətta 5:3, 6 ayələrini oxuyun.)

9. İşə tarazlı yanaşmağa bizə nə kömək edə bilər?

9 Zəhmətkeşlik Yehovaya xoş gedən xüsusiyyətdir və zəhmətkeş insanın əməyi mükafatlanır (Məs. 12:14). Ötən abzasda haqqında söhbət açdığımız qardaşın da başa düşdüyü kimi iş həyatda birinci yerdə durmamalıdır, işin öz yeri var. İsa Məsih demişdi: «Padşahlığı və Allahın tələb etdiyi salehliyi hər şeydən üstün tutun, onda bütün bunlar [yaşamaq üçün zəruri olan şeylər] sizə veriləcək» (Mət. 6:33). Dünyəvi işlər və ibadət arasında tarazlı olub-olmadığımızı müəyyən etmək üçün gəlin özümüzdən soruşaq: «İşimə necə yanaşıram: o mənə maraqlı gəlir və sevinc gətirir? Bəs ibadətə adi bir iş kimi, hətta bir yük kimi yanaşmıram?» İşimizdən və ibadətimizdən duyduğumuz hisslər barədə düşünmək bizə nəyə bağlı olduğumuzu anlamağa kömək edəcək.

10. İsa davamçılarına hansı vacib dərsi aşılamışdı?

10 İsa davamçılarına işlə ibadət arasında tarazlı olmağı öyrətmişdi. Bir dəfə İsa Məryəmlə Martagilə qonaq getmişdi. Martanın başı biş-düşə qarışmışdı. Məryəm isə İsanın ayaqları yanında oturub ona qulaq asırdı. Marta şikayətlənməyə başladı ki, Məryəm ona kömək etmir. Onda İsa Martaya dedi: «Məryəm özünə yaxşı pay seçib və bu, ondan alınmayacaq» (Luka 10:38—42). Bu hadisədə İsa Martaya vacib bir dərs verdi. Dünyəvi işlərin bizi ibadətdən yayındırmaması üçün və Məsihi sevdiyimizi sübut etmək üçün «yaxşı pay» seçməliyik, yəni ibadətimizlə bağlı işləri hər şeydən üstün tutmalıyıq.

İSTİRAHƏT VƏ ƏYLƏNCƏ

11. Müqəddəs Kitabda istirahətlə bağlı nə deyilir?

11 İşin və gərgin həyatın yorğunluğunu çıxartmaq üçün insana hərdən dincəlmək və güc toplamaq lazımdır. Allahın Kəlamında yazılıb: «İnsan üçün yeyib-içməkdən, zəhmətindən zövq almaqdan yaxşı şey yoxdur» (Vaiz 2:24). İsa da arada istirahət etməyin vacib olduğunu başa düşürdü. Bir dəfə şagirdləri çoxlu təbliğ edəndən sonra İsa onlara demişdi: «Gəlin sakit bir yerə gedək, bir az dincinizi alın» (Mark 6:31, 32).

12. İstirahət və əyləncə məsələsində nəyə görə ehtiyatlı olmalıyıq? Misal çəkin.

12 Düzdür, istirahət və əyləncədən sonra insanın yorğunluğu çıxır, təravətlənir. Amma ehtiyatlı olmalıyıq ki, istirahət və əyləncə həyatımızda hər şeydən üstün olmasın. Birinci əsrdə əksər insanlarda belə bir düşüncə tərzi var idi: «Gəlin yeyib-içək, onsuz da sabah öləcəyik» (1 Kor. 15:32). Eyni düşüncə bu gün də çox insanlara xasdır. Misal üçün Avropada bir cavan oğlan bizim ibadət görüşlərinə gəlməyə başlamışdı. O, əyləncəni o qədər sevirdi ki, Yehovanın Şahidləri ilə əlaqəni kəsməyə qərar verdi. Amma bir müddət sonra o başa düşdü ki, həyatı ancaq əylənməklə keçirmək problemlərdən və məyusluqdan başqa bir şey gətirmir. O, yenidən Müqəddəs Kitabı öyrənməyə başladı və bir müddət sonra təbliğçi oldu. Vəftiz olandan sonra o demişdi: «Mən başa düşdüm ki, Yehovaya xidmət etmək insana bu dünyanın təqdim etdiyi əyləncədən qat-qat artıq sevinc gətirir. Amma bir şeyə pis oluram ki, bunu başa düşənə qədər çox vaxt itirdim».

13. a) İstirahət və əyləncəyə çox vaxt ayırmağın təhlükəli olduğunu göstərən nümunə çəkin. b) İstirahət və əyləncə məsələsində ifrata varmamağa bizə nə kömək edə bilər?

13 İstirahət etməkdə məqsəd dincəlmək və güc toplamaqdır. Bəs istirahətə nə qədər vaxt ayırmalıyıq? Gəlin bu suala cavab tapmaq üçün bir nümunə üzərində düşünək. Çoxlarımız şirniyyatı sevirik, amma yalnız tort, pirojna yesək, sağlamlığımıza ziyan vurarıq. Buna görə də biz ən çox sağlam qida yeməliyik. Eynilə, ancaq istirahətlə, əyləncəylə məşğul olsaq, ibadətimiz axsayacaq. Bu problemin qarşısını almaq üçün Yehovanın işində fəal olmalıyıq. Necə müəyyən edə bilərik ki, əyləncə məsələsində həddi aşmamışıq? Misal üçün, bir həftə ərzində ibadətə — yığıncaq görüşlərinə, təbliğə, mütaliəyə və ailəvi ibadətə ayırdığınız saatı yazın. Həmçinin həmin həftə istirahətə — idmana, hobbilərinizə, televizora baxmağa və video oyunlara sərf etdiyiniz saatı qeyd edin. Sonra nəticələri müqayisə edin. Əldə etdiyiniz nəticə sizə nə deyir? Bəlkə, «şirniyyatı» azaltmaq lazımdır? (Efeslilərə 5:15, 16 ayələrini oxuyun.)

14. İstirahət və əyləncə məsələsində nəyə əsaslanaraq seçim etməliyik?

14 Hər kəsin, həmçinin ailə başçılarının istirahət və əyləncə məsələsində seçim etmək ixtiyarı var, amma Müqəddəs Kitab prinsipləri çərçivəsindən çıxmamaq şərtilə *. Yaxşı istirahət Allahın bəxşişidir (Vaiz 3:12, 13). Təbii ki, istirahət və əyləncə ilə bağlı hər kəs fərqli seçim edir (Qal. 6:4, 5). Amma əsas bu deyil, əsas odur, istirahət və əyləncə həyatımızda birinci yeri tutmasın. İsa demişdi: «Xəzinəniz haradadırsa, ürəyiniz də orada olacaq» (Mət. 6:21). İsaya bəslədiyimiz güclü məhəbbət bizi Padşahlığın işini həyatımızda hər şeydən üstün tutmağa təşviq edəcək, bu isə özünü fikirlərimizdə, nitqimizdə və hərəkətlərimizdə büruzə verəcək (Filip. 1:9, 10).

MADDİ ŞEYLƏR

15, 16. a) Maddi şeylər məsihi üçün hansı mənada tələ ola bilər? b) İsa Məsih maddi şeylərlə bağlı hansı məsləhəti vermişdi?

15 Bu gün çoxlarının fikri-zikri son dəbə uyğun pal-paltarda, yeni texnologiyada və bu kimi şeylərdədir. Buna görə də hər bir məsihi müntəzəm olaraq növbəti sualların köməyilə öz istəklərini təhlil etməlidir: «Vaxtımın çoxunu nəyə sərf edirəm, yığıncaq görüşlərinə hazırlaşmağa, yoxsa son model maşınlara və ya paltarlara baxmağa? Gündəlik işlərə görə duaya və Müqəddəs Kitabın mütaliəsinə az vaxt ayırmıram?» Əgər görsəniz ki, maddi şeylərə sevgi Məsihə məhəbbətinizdən daha güclüdür onun dediyi növbəti sözlərin üzərində düşünün: «Ayıq-sayıq olun, özünüzü hər cür tamahkarlıqdan qoruyun» (Luka 12:15). Nəyə görə İsa belə ciddi xəbərdarlıq vermişdi?

16 Məsih demişdi ki, «heç kim iki ağaya qulluq edə bilməz». Sonra əlavə etmişdi: «Siz həm Allahın, həm də var-dövlətin qulu ola bilməzsiniz». Çünki hər iki «ağa» tam sədaqət tələb edir. İsa demişdi ki, biz «birinə nifrət edib digərini sevəcək», yaxud «birinə sədaqət göstərib, digərini» saymayacağıq (Mət. 6:24). Günahlı olduğumuz üçün hər birimiz cismani arzularla, eləcə də maddi şeylərə istəklə mübarizə aparmalıyıq (Efes. 2:3).

17. a) Nəyə görə cismani düşüncəli insana maddi şeylərə tarazlı yanaşmaq çətindir? b) Cismani arzularla mübarizədə bizə nə kömək edə bilər?

17 Cismani düşüncəli insana maddi şeylərə tarazlı yanaşmaq çətindir. Çünki onun bəsirət gözü bağlıdır. (1 Korinflilərə 2:14 ayəsini oxuyun.) Bu insanın idrakı kütləşdiyi üçün pisi yaxşıdan ayıra bilmir (İbr. 5:11—14). Nəticədə, onun maddi şeylərə istəyi, heç vaxt «bəsdir» deməyən arzuları idarəolunmaz hal alır (Vaiz 5:10). Xoşbəxtlikdən bizim bu öldürücü zəhərə qarşı dərmanımız var — müntəzəm Müqəddəs Kitabı oxumaq (1 But. 2:2). Allahın sözləri üzərində düşünmək İsa Məsihə Şeytanın tələsinə düşməməyə kömək etmişdi. Biz də Müqəddəs Kitab prinsiplərinə uyğun yaşamaqla cismani arzulara «yox» deyə bilərik (Mət. 4:8—10). Onda İsa Məsih görəcək ki, biz onu maddi şeylərdən çox sevirik.

Həyatda nəyə üstünlük verirsiniz? (18-ci abzasa baxın)

18. Siz nəyə qətiyyətlisiniz?

18 Məsih Butrusa «məni çox istəyirsən, bunları?» sualını verməklə ona başa salmaq istəyirdi ki, o, ibadəti həyatında hər şeydən üstün tutmalıdır. Butrus adına layiq yaşadı. Onun adının mənası daş deməkdir. Bu həvari Yehovaya xidmətdə mətin, daş kimi möhkəm idi (Həv. 4:5—20). Biz də möhkəm və qətiyyətli olmalıyıq, qoymamalıyıq ki, iş, istirahət və maddi şeylər həyatımızda əsas yeri tutaraq Məsihə məhəbbətimizi soyutsun. Onda biz də, sanki, Butrus kimi İsaya deyəcəyik: «Ağa, yaxşı bilirsən ki, səni çox istəyirəm».

^ abz. 14 «Gözətçi qülləsi» jurnalının 2011-ci il 15 oktyabr sayının 9—12 səhifələrində yerləşən «Seçdiyin əyləncə faydalıdır?» adlı məqalənin 6—15 abzaslarına baxın.