Kontentə keç

Mündəricatı göstər

Qoy Allahın verdiyi xəzinəyə məhəbbətiniz soyumasın

Qoy Allahın verdiyi xəzinəyə məhəbbətiniz soyumasın

«Xəzinəniz haradadırsa, ürəyiniz də orada olacaq» (LUKA 12:34).

NƏĞMƏ: 76, 59

1, 2. a) Yehova Allahın bizə pay verdiyi xəzinələrdən üçünün adını çəkin. b) Bu məqalədə nə barədə danışılacaq?

KAİNATDA nə varsa hamısı Yehova Allaha məxsusdur. Həqiqətən də O, zəngin Allahdır (1 Saln. 29:11, 12). O, səxavətli Ata kimi xəzinəsini Öz bəndələri ilə paylaşır, ancaq yalnız onun qədrini bilənlərlə. Şükürlər olsun Yehovaya ki, bizə 1) Padşahlığı barədə müjdə, 2) insanlara xilas gətirən təbliğ işi, 3) Müqəddəs Kitabdakı əvəzsiz həqiqətlər kimi xəzinələr ərməğan edib! Amma biz ehtiyatlı olmasaq, bu xəzinələr gözümüzdə adiləşər və nəticədə onları lazımsız bir əşya kimi atarıq. Bu xəzinələri itirmək istəmiriksə, onları istifadə etməli və onlara sevgimizi gücləndirməliyik. İsa Məsih demişdi: «Xəzinəniz haradadırsa, ürəyiniz də orada olacaq» (Luka 12:34).

2 Elə isə gəlin görək Padşahlıq barədə müjdəyə, xidmətə və həqiqətə məhəbbətimizi, minnətdarlığımızı necə artıra bilərik və bu hisslərin soyumaması üçün nə etmək olar. Məqaləni oxuduqca gəlin hər birimiz Allahın bəxş etdiyi bu xəzinələrə məhəbbətimizi necə gücləndirəcəyimiz barədə düşünək.

ALLAHIN PADŞAHLIĞI MİSLİ-BƏRABƏRİ OLMAYAN MİRVARİ

3. İsanın çəkdiyi məsəldəki tacir şahanə mirvarini almaq üçün nə etməyə hazır idi? (Məqalənin əvvəlindəki şəklə baxın.)

3 Mətta 13:45, 46 ayələrini oxuyun. Məsih əla mirvari axtaran bir tacir barədə məsəl danışmışdı. Şübhəsiz ki, bu tacir uzun illər ərzində yüzlərlə mirvari alıb-satıb. Bir gün onun əlinə şahanə bir mirvari düşdü. Tacir onu görəndə heyran qaldı. Bu mirvarini almaq üçün o, bütün var-dövlətini satmağa hazır idi. Görün bu mirvari onun üçün nə dərəcədə dəyərli idi!

4. Allahın Padşahlığını qiymətləndiririksə, nə etməyə hazır olacağıq?

4 İsanın bu məsəlindən nə öyrənə bilərik? Allahın Padşahlığı barədə müjdə bu şahanə mirvariyə bənzəyir. Əgər biz müjdəni tacir mirvarini dəyərləndirdiyi kimi dəyərləndirsək, Allahın Padşahlığının təbəəsi olmaq və bu mövqeyi itirməmək üçün hər şeydən keçməyə hazır olacağıq. (Mark 10:28—30 ayələrini oxuyun.) Gəlin iki nəfərin nümunəsinə baxaq və görək onlar Padşahlıq uğrunda nələrdən keçiblər.

5. Zəkkay Allahın Padşahlığının təbəəsi olmaq istədiyini necə göstərdi?

5 Əvvəlcə gəlin İsanın dövründə yaşamış Zəkkay adlı bir kişi barədə danışaq. Vergiyığanların rəisi olan bu insan haram qazancla özünə var-dövlət toplamışdı (Luka 19:1—9). Ancaq o, Padşahlıq barədə müjdəni eşidəndə onun nə qədər dəyərli olduğunu başa düşür və həyatında dəyişiklik etmək qərarına gəlir. O, İsaya deyir: «Ağa, malımın yarısını yoxsullara verəcəyəm, kimin əlindən nəyini almışamsa, ona dördqat qaytaracağam». Zəkkay haram yolla topladığı var-dövlətdən keçməyə və vara, pula tamahından əl çəkməyə hazır idi.

6. Allahın Padşahlığının təbəəsi olmaq üçün Rous hansı dəyişikliyi etdi və onu buna nə təşviq etdi?

6 İndi isə gəlin Rous adlı bir qadının nümunəsinə baxaq. O, homoseksualların hüquqlarını müdafiə edən bir təşkilatın prezidenti idi. Rous həmçinin lesbian idi. O, Müqəddəs Kitabı öyrənəndən sonra Allahın Padşahlığı haqqındakı müjdənin nə qədər dəyərli olduğunu gördü. Amma o, eyni zamanda başa düşürdü ki, həyatında köklü dəyişiklik etməlidir (1 Kor. 6:9, 10). Yehovaya məhəbbəti onu vəzifəsindən istefa etməyə və əvvəlki həyat tərzini dəyişməyə təşviq etdi. Rous 2009-cu ildə vəftiz oldu, növbəti il isə öncül xidmətinə başladı. Göründüyü kimi, Rousun Yehovaya və Onun Padşahlığına məhəbbəti günahlı arzularından güclü idi (Mark 12:29, 30).

7. Padşahlığa məhəbbətimizin soyumaması üçün nə edə bilərik?

7 Çoxumuz Allahın Padşahlığının təbəəsi olmaq üçün həyatımızda əsaslı dəyişiklik etmişik (Rom. 12:2). Amma bununla iş bitmir. Biz hər zaman ehtiyatlı olmalıyıq, yol verməməliyik ki, nə isə, istər maddi şeylər, istər günahlı cismin arzuları Allahın Padşahlığına məhəbbətimizi soyutsun (Məs. 4:23; Mət. 5:27—29). Yehova Allah Padşahlığa səmimi məhəbbətimizi qoruyub saxlamağa kömək etmək üçün bizə Öz xəzinəsindən daha bir inci bəxş edib.

İNSANLARA XİLAS GƏTİRƏN TƏBLİĞ İŞİ

8. a) Nəyə görə həvari Bulus təbliğ işini saxsı qablarda saxlanılan xəzinəyə bənzətmişdi? b) Bulusun təbliğ işini sevdiyi nədən görünür?

8 İsa Məsih bizə Allahın Padşahlığı haqqındakı müjdəni təbliğ etməyi və şagird hazırlamağı tapşırıb (Mət. 28:19, 20). Həvari Bulus bu xidmətin dəyərini başa düşürdü. O, yeni əhdin xidmətçisi kimi ona həvalə olunan işi saxsı qablarda saxlanılan xəzinəyə bənzətmişdi (2 Kor. 4:7; 1 Tim. 1:12). Biz, sadəcə, saxsı qab, yəni günahlı insan olsaq da, təbliğ etdiyimiz xəbər həm bizi, həm də bizə qulaq asan insanları xilas edə bilər. Buna görə də Bulus demişdi: «Hər şeyi müjdə naminə edirəm ki, onu başqalarına çatdıra bilim» (1 Kor. 9:23). Təbliği sevdiyi üçün Bulus şagird hazırlamaq işində fəal iştirak edirdi. (Romalılara 1:14, 15; 2 Timutiyə 4:2 ayələrini oxuyun.) Bu, ona amansız təqiblərə sinə gərməyə kömək etmişdi (1 Salon. 2:2). Bəs biz təbliğ işini sevdiyimizi necə sübut edə bilərik?

9. Təbliğ işini sevdiyimizi necə sübut edə bilərik?

9 Bulusun təbliğ işini sevdiyinə daha bir sübut odur ki, o, yaranan hər fürsətdən istifadə edərək insanlara müjdəni çatdırırdı. Həvarilər və birinci əsrdəki digər məsihilər kimi, biz də qeyri-rəsmi şəkildə, ictimai yerlərdə və ev-ev təbliğ edirik (Həv. 5:42; 20:20). Şəraitimiz yol verdiyi qədər xidmətdə fəal olmağa çalışır, kimimiz köməkçi öncül, kimimiz öncül xidmətinə başlayırıq. Kimimiz isə xarici dil öyrənir, öz ölkəmiz daxilində başqa əraziyə, hətta başqa ölkəyə köçürük (Həv. 16:9, 10).

10. Ayrinin təbliğ işində fəal olması hansı faydanı gətirdi?

10 Gəlin görək Birləşmiş Ştatlardan olan Ayrin adlı subay bir bacı xidməti sevdiyini necə göstərmişdi. O çox istəyirdi ki, rusdilli mühacirlərə xoş xəbəri çatdırsın. 1993-cü ildə Ayrin bu insanlara təbliğ etməyə başlayanda Nyu-York şəhərindəki rusdilli qrupda təxminən 20 təbliğçi var idi. Bacı haradasa 20 ildir rusdilli insanlara təbliğ edir. O deyir: «Deməzdim, bu gün rus dilində mükəmməl danışıram». Buna baxmayaraq, Yehova onun və onun kimi bu işə can qoyan digər bacı-qardaşların əməyinə mükafat verib. Hazırda Nyu-York şəhərində altı rusdilli yığıncaq var. Ayrin bacının dərs keçdiyi insanlardan on beşi vəftiz olub. Onlardan bəziləri beytelli, öncül və ağsaqqal kimi xidmət edir. Ayrin deyir: «Düşünürəm, başqa heç bir iş mənə bu qədər sevinc gətirməzdi». Göründüyü kimi, bu bacı xidmətini çox sevir!

Təbliğ işinə xəzinə kimi yanaşırsınız və hər həftə bu işə vaxt ayırırsınız? (11 və 12-ci abzasa baxın)

11. Təqiblərə baxmayaraq, təbliğ işində fəal olmaq hansı gözəl nəticələr gətirib?

11 Təbliğ işinin dəyərini anlamaq bizə həvari Bulus kimi təqiblərə baxmayaraq, bu işi davam etməyə güc verəcək (Həv. 14:19—22). 1930—1944-cü illər arası Birləşmiş Ştatlardakı bacı-qardaşlar güclü təqiblərə məruz qalırdılar. Amma onlar da Bulus kimi mətin idilər və təbliğ işindən qalmırdılar. Təbliğ etmək hüququmuzu müdafiə etmək üçün qardaşlar məhkəmələrə müraciət edir və çoxlu qələbələr qazanırdı. 1943-cü ildə Neytan Norr qardaş Birləşmiş Ştatların Ali Məhkəməsində çalınan bir qələbə barədə yazılarında növbəti sözləri işlətmişdi: «Qazanılan qələbələr, əslində, sizin mübarizənizin sayəsindədir. Çünki təbliğçi təbliğ işində fəal olmasaydı, ərizələr Ali Məhkəməyə kimi gedib çıxmazdı. Amma məhz siz təbliğçilərin, bütün dünyada yaşayan bacı-qardaşların qətiyyət və dönməzliyi sayəsindədir ki, təqiblərin qarşısı kəsilir. Bu məhkəmə qərarı Allahın xalqının mətin qalmaqla çaldığı qələbənin nəticəsidir». Başqa ölkələrdəki bacı-qardaşların da qətiyyəti bu cür qələbələrə səbəb olmuşdu. Bəli, təbliğ işinə sevgimiz təqiblərə qalib gəlir.

12. Təbliğ işi ilə bağlı nəyə qətiyyətlisiniz?

12 Xidmətimizə Allahın bəxş etdiyi xəzinə kimi yanaşsaq, təbliğə saat yığmaq xatirinə çıxmayacağıq. Əksinə, əlimizdən gələni edəcəyik ki, müjdə haqqında ətraflı şəhadət verək (Həv. 20:24; 2 Tim. 4:5). İndi isə gəlin Yehovanın bəxş etdiyi başqa bir xəzinə barədə danışaq, görək biz insanlara nə barədə bilik verməliyik.

HƏQİQƏT ADLI XƏZİNƏMİZ

13, 14. Mətta 13:52 ayəsində hansı xəzinədən söz açılır və biz bu xəzinəni necə doldura bilərik?

13 Yehova Allah həqiqətin mənbəyidir (Yəh. 17:17). O, bu həqiqət xəzinəsindən Öz Kəlamı vasitəsilə bizə pay verir. Beləcə, gəldik çıxdıq Yehovadan aldığımız üçüncü xəzinəyə. Yehova səxavətli Ata olduğu üçün bu xəzinəni Ona dərin ehtiram bəsləyən insanlarla paylaşır. Həqiqəti eşitdiyimiz ilk gündən bəri Müqəddəs Kitab, nəşrlərimiz, toplantılar və yığıncaq görüşləri vasitəsilə həqiqət xəzinəmizi doldururuq. Bu minvalla illər keçdikcə İsanın haqqında söz açdığı «təzə və köhnə şeylər» saxlanılan xəzinəyə sahib olacağıq. (Mətta 13:52 ayəsini oxuyun.) Bu həqiqətləri dəfinə kimi axtarsaq, Yehova xəzinəmizi təzə həqiqətlərlə zənginləşdirməyə kömək edəcək. (Məsəllər 2:4—7 ayələrini oxuyun.) Bəs bunu necə edə bilərik?

14 Biz müntəzəm fərdi mütaliə etməli, Müqəddəs Kitabı və nəşrlərimizi diqqətlə araşdırmalıyıq. Bu, bizə yeni həqiqətləri, yəni əvvəllər bilmədiyimiz fikirləri tapmağa kömək edəcək (Yuş. 1:8, 9; Zəb. 1:2, 3). 1879-cu ilin iyul ayından başlayaraq dərc olunan bu jurnalın ilk sayında yazılmışdı: «Həqiqət “həyat” adlı biyabanda ot-ələfə bənzər yalanlar arasında az qala boğulan balaca bir çiçəyə bənzəyir. Bu çiçəyi tapmaq istəyirsinizsə, yaxşı-yaxşı axtarmalısınız... Onu dərmək üçün aşağı əyilməlisiniz. Amma bir gül dərib getməyin... Yenə axtarın, dayanmadan arayın». Bəli, biz ilahi həqiqət xəzinəmizi doldurmağı can-dildən arzulamalıyıq.

15. Nəyə görə müəyyən həqiqətləri xəzinədəki «köhnə şeylər»ə aid etmək olar və bu həqiqətlərdən hansı sizin üçün daha çox əzizdir?

15 Biz bu misilsiz həqiqətlərdən bəzilərini Yehovanın Şahidləri ilə təzə-təzə tanış olanda aşkar etmişdik. Bu həqiqətləri «köhnə» şeylər adlandırmaq olar, çünki bunları biz məsihi yoluna qədəm qoyanda öyrənmişik və o gündən bu yana onlar bizim üçün çox dəyərlidirlər. Məsələn, biz öyrənmişdik ki, Yaradanımızın adı Yehovadır, O, insanları əbədi yaşamaq üçün yaradıb, bizi günahın və ölümün caynağından xilas etmək üçün Oğlunu qurban verib. Sonra öyrəndik ki, bir gün Allahın Padşahlığı bütün əzab-əziyyətə son qoyacaq, insanlara əmin-aman, xoşbəxt və əbədi həyat bəxş edəcək (Yəh. 3:16; Vəhy 4:11; 21:3, 4).

16. Hansısa peyğəmbərliyin və ya ayənin izahatına düzəliş ediləndə biz öz tərəfimizdən nə etməliyik?

16 Hərdən Müqəddəs Kitabdakı peyğəmbərliklərin və ya ayələrin izahatına düzəliş olunur. Bu cür düzəlişlər ediləndə məlumatı diqqətlə araşdırmalı və dərinliyinə varmalıyıq (Həv. 17:11; 1 Tim. 4:15). Biz köhnə və yeni izahat arasındakı əsas fərqi başa düşməklə kifayətlənməməliyik, bu fərqlər arasındakı xırda məqamları da görməyə çalışmalıyıq. Onda deyə bilərik ki, biz həqiqət xəzinəmizə «yeni» cəvahir qoymuşuq. Gəlin görək nə üçün bu zəhməti çəkməyə dəyər.

17, 18. Müqəddəs ruh bizə necə kömək edir?

17 İsa Məsih demişdi ki, müqəddəs ruh öyrəndiyimiz şeyləri yadımıza salacaq (Yəh. 14:25, 26). Biz bu köməyi təbliğ zamanı necə alırıq? Bu sualın cavabını Piter qardaşın başına gələn əhvalatdan öyrənə bilərik. 1970-ci il idi. Piter qardaşın 19 yaşı var idi və o, təzəlikcə Britaniyadakı Beyteldə xidmət etməyə başlamışdı. Bir gün o, ev-ev təbliğ edəndə qapını ortayaşlı bir kişi açır. Piter kişidən Müqəddəs Kitabı öyrənmək istəyib-istəmədiyini soruşur. Kişi təəccüblənir ki, cavan bir oğlan ona Müqəddəs Kitabı öyrənməyi təklif edir. Sən demə bu kişi ravvin imiş. O, qardaşı yoxlamaq üçün soruşur: «Hə, cavan oğlan, de görüm “Dənyal” kitabı hansı dildə yazılıb?» Piter belə cavab verir: «Bu kitabın müəyyən hissələri Arami dilində yazılıb». Piter deyir: «Sualın cavabını bilməyim ravvini məəttəl qoymuşdu. Amma ən çox özüm məəttəl qalmışdım. Öz-özümə düşünürdüm, mən bu sualın cavabını haradan bilirəm? Evə gələndən sonra “Gözətçi qülləsi” və “Oyanın!” jurnallarının ötən saylarını gözdən keçirdim və gördüm ki, məqalələrin birində “Dənyal” kitabının arami dilində yazıldığı izah olunub» (Dən. 2:4, haş.). Bu hadisədən görürük ki, müqəddəs ruh əvvəllər oxuduğumuz və xəzinəmizə qoyduğumuz fikirləri lazım olan anda yadımıza salır (Luka 12:11, 12; 21:13—15).

18 Yehova Allahın bizə açdığı həqiqətləri sevir və qiymətləndiririksə, həqiqət xəzinəmizi daim «köhnə və yeni» cəvahirlərlə dolduracağıq. Yehovanın öyrətdiyi həqiqətlərə məhəbbətimiz və minnətdarlığımız artdıqca təbliğ işində daha məharətli olacağıq.

XƏZİNƏNİZİ QORUYUN

19. Nəyə görə Yehovanın bəxş etdiyi xəzinəni qorumaq lazımdır?

19 Şeytan və onun dünyası yuxarıda adı çəkilən xəzinələrə məhəbbətimizi və minnətdarlığımızı zəiflətməyə və ya tamamilə öldürməyə çalışır. Buna görə də ehtiyatlı olmalıyıq ki, parlaq karyera vədləri, cah-calallı həyat yaşamaq və var-dövlətimizi nümayişə qoymaq arzusu bizi yoldan çıxarmasın. Həvari Yəhya demişdi: «Dünya öz istəkləri ilə bərabər keçib gedir» (1 Yəh. 2:15—17). Bu səbəbdən biz var gücümüzlə çalışmalıyıq ki, Allahdan aldığımız sərvətə məhəbbətimizi və minnətdarlığımızı qoruyaq.

20. Yehovanın verdiyi xəzinələri qorumaq üçün nə etməliyik?

20 Biz yol verməməliyik ki, Allahın Padşahlığına bəslədiyimiz məhəbbətin yerini başqa bir şey tutsun. Odur ki, gəlin təbliğ işində fəal olaq, insanların həyatını xilas edən bu işi günü-gündən daha çox qiymətləndirək və həqiqət xəzinəmizi yeni cəvahirlərlə dolduraq. Onda göydə xəzinə yığmış olacağıq. Orada xəzinəmizə oğrunun əli çatmaz və onu güvə yeməz. Xəzinəmiz haradadırsa, ürəyimiz də orada olacaq (Luka 12:33, 34).