Kontentə keç

Mündəricatı göstər

«Allahın hər bir ağıldan üstün olan sülhü»

«Allahın hər bir ağıldan üstün olan sülhü»

«Allahın hər bir ağıldan üstün olan sülhü ürəyinizi... qoruyacaq» (FİLİP. 4:7).

NƏĞMƏ: 112, 58

1, 2. Filippidə baş verən hansı hadisələr həvari Bulusun və Silanın həbsinə səbəb oldu? (Məqalənin əvvəlindəki şəklə baxın.)

GECƏYARISIDIR. Həvari Bulus və Sila Filippi şəhərindəki dustaqxananın daxili bölməsində həbsdədir. Ayaqlarına kündə vurulub. O qədər döyülüblər ki, bədənləri hələ də göynəyir (Həv. 16:23, 24). Hər şey bir anın içində baş vermişdi. Onları heç bir xəbərdarlıq etmədən tutub sürüyə-sürüyə bazar meydanına aparmış, tez-tələsik məhkəmə çağırıb hakimlərin önünə çıxarmışdılar. Əyinlərindəki paltarı dartıb cırıb, özlərini də dəyənəklə o ki var döymüşdülər (Həv. 16:16—22). Bu cür haqsızlıq olar?! Bulus bu cür məhkəməyə layiq deyil, axı o, Roma vətəndaşıdır! *

2 Bulus qaranlıq bir hücrədə oturub olub bitənləri götür-qoy edir. O, Filippi sakinlərinin hərəkəti barədə düşünür. Həvari Bulusun səyahət etdiyi digər şəhərlərdən fərqli olaraq, burada bir dənə də olsun yəhudi sinaqoqu yoxdur. Yəhudilər ibadət üçün şəhər qapısından çıxıb çayın qırağına getməli olurlar (Həv. 16:13, 14). Görəsən niyə? Şəhərdə sinaqoqun olması üçün ən azı on yəhudi kişisi olmalıdır. Bəlkə, heç o da yoxdur? Filippidə yaşayan camaat Roma vətəndaşı olmağı ilə öyünürdü. Onlar üçün hətta bu ölkənin ikinci dərəcəli vətəndaşı olmaq belə fəxr idi (Həv. 16:21). Bəlkə də, Bulus və Sila yəhudi olduğu üçün onların Roma vətəndaşı olduğu heç kimin ağlına gəlmir. Hər necə olsa da, onlar haqsız yerə həbs olunublar.

3. Nəyə görə həbsə düşməsi Bulusu çaşbaş qoymuşdu? Buna baxmayaraq, o, hansı əhval-ruhiyyədə idi?

3 Çox güman ki, həvari Bulus son bir neçə ayda baş verənlər haqda da düşünür. Kiçik Asiyada, Egey dənizinin o biri tayında olanda müqəddəs ruh ona bəzi ərazilərdə təbliğ etməyə izin verməmişdi. Sanki, onu başqa əraziyə yönləndirməyə çalışırdı (Həv. 16:6, 7). Maraqlıdır, hara? Troasda olanda o, röya görür. Röyada bir nəfər: «Makedoniyaya gəl», — deyə ondan xahiş edir. Yehovadan bu cür aydın göstəriş alan kimi Bulus yola düzəlir. (Həvarilərin işləri 16:8—10 ayələrini oxuyun.) Bəs sonra nə baş verir? Makedoniyaya çatar-çatmaz onu həbsə atırlar! Yehova Bulusun başına belə bir şeyin gəlməyinə nə üçün izin verib? Nə vaxta qədər o, həbsdə qalacaq? Bu suallar Bulusu narahat edirsə də, o, imanının zəifləməsinə, sevincinin itməsinə yol vermir. Bulusla Sila dua edib mahnı oxumağa, Allahı tərənnüm etməyə başlayırlar (Həv. 16:25). Allahın verdiyi sülh hissi onların ürəklərini və düşüncələrini sakitləşdirir.

4, 5. a) Hansı sahədə vəziyyətimiz Bulusun vəziyyəti ilə oxşardır? b) Bulusun vəziyyəti qəfildən necə dəyişdi?

4 Həvari Bulus kimi, ola bilsin, sizin də həyatınızda elə anlar olub ki, qərar vermək üçün Allaha dua etmisiniz və müqəddəs ruhunun göstərdiyi yolla getməyə çalışmısınız. Amma sonra başınıza hansısa problemlər gəlib, ya da həyatınızda köklü dəyişikliklər etmək məcburiyyətində qalmısınız (Vaiz 9:11). Geriyə baxanda isə, ola bilsin, hələ də bu sualın cavabını axtarırsınız: «Axı nə üçün Yehova bu şeylərin baş verməsinə izin verdi?» Əgər belədirsə, Yehovaya etibarınızı itirmədən çətinliyə dözməyə sizə nə kömək edə bilər? Bu suala cavab tapmaq üçün gəlin Bulusla Silanın hadisəsinə qayıdaq.

5 Bulus və Sila mahnı oxuyub Allahı tərənnüm edərkən ard-arda gözlənilməz hadisələr baş verir: güclü zəlzələ olur, dustaqxananın qapıları taybatay açılır, bütün dustaqların qandalları açılıb yerə düşür. Sonra Bulus intihar etmək istəyən gözətçiyə mane olur. Bir müddət sonra həmin gözətçi və bütün ev əhli vəftiz olunur. Səhərisi gün mülki məmurlar keşikçiləri göndərirlər ki, Bulusla Silanı buraxsınlar. Keşikçilər Bulusgildən səssiz-səmirsiz şəhəri tərk etmələrini istəyirlər. Məmurlar biləndə ki, onlar Roma vətəndaşıdır, böyük səhvə yol verdiklərini anlayırlar. Odur ki, Bulusla Silanı şəhərdən çıxana qədər müşayiət etmək üçün şəxsən özləri gəlməli olur. Amma Bulusla Sila şəhərdən getməzdən əvvəl yenicə vəftiz olunmuş Lidiya bacı ilə sağollaşmağa gedir və fürsətdən istifadə edib bacı-qardaşları da ruhlandırırlar (Həv. 16:26—40). Vəziyyətin birdən-birə belə dəyişəcəyi kimin ağlına gələrdi?!

ALLAHIN SÜLHÜ HƏR BİR AĞILDAN ÜSTÜNDÜR

6. Məqalədə söhbət nədən gedəcək?

6 Baş verən bu hadisələrdən nə öyrənirik? Yehova ağlasığmaz tərzdə vəziyyəti dəyişə bilər. Buna görə də sınaqlarla üzləşəndə narahat olmamalıyıq. Şübhəsiz, bu hadisə həvari Bulusa dərin təsir bağışlamışdı. Bunu Filippidəki bacı-qardaşlara yazdığı məktubdan görmək olar. Məktubda onlara narahat olmamağı məsləhət görmüş və Allahın onlara sülh verəcəyi barədə yazmışdı. Gəlin əvvəlcə Bulusun Filippililərə 4:6, 7 ayələrində yazdığı sözlərə diqqət yetirək. (Ayələri oxuyun.) Sonra Müqəddəs Kitabdan Yehovanın gözlənilmədən vəziyyəti dəyişməyə qadir olduğunu göstərən digər hadisələri nəzərdən keçirəcəyik. Sonda isə Allahın sülhünün bizə sınaqlara tab gətirməyə və Yehovaya etibarımızı itirməməyə necə kömək etdiyi haqda danışacağıq.

7. Həvari Bulus Filippidəki bacı-qardaşlara yazdığı məktubda hansı məsləhəti vermişdi? Biz onun məsləhətindən nə öyrənirik?

7 Şübhəsiz, Filippidəki bacı-qardaşlar Bulusun məktubunu oxuyanda onun başına gələn hadisələri xatırladılar. Yehovanın vəziyyəti bu cür dəyişəcəyi onların heç ağlına da gəlməzdi. Bulus bu məktubla onlara nəyi başa salmaq istəyirdi? Demək istəyirdi ki, narahat olmasınlar. Dua etsinlər, onda Allahın sülhünü alacaqlar. Həvari Bulus həmçinin qeyd edir ki, Allahın sülhü hər bir ağıldan üstündür. Bəs bu, nə deməkdir? Bəzi tərcüməçilər bu ifadəni «bütün xəyallardan üstün», «bütün insan fikirlərindən uca» kimi tərcümə ediblər. Yəni Bulus demək istəyirdi ki, Allahın sülhü təsəvvür edə bilməyəcəyimiz dərəcədə heyrətamizdir. Bəzən problemdən çıxış yolunun olmadığını düşünə bilərik. Ancaq unutmayaq ki, Yehova üçün bu belə deyil. O, vəziyyəti ağlasığmaz tərzdə dəyişməyə qadirdir. (2 Butrus 2:9 ayəsini oxuyun.)

8, 9. a) Həvari Bulusun Filippidə haqsızlıqla üzləşməsi hansı nemətlərə yol açdı? b) Nəyə görə Filippidəki bacı-qardaşlar Bulusun məsləhətinə ciddi yanaşdılar?

8 Bulusun başına gələn hadisədən sonrakı on il ərzində baş verənlərin üzərində düşündükcə Filippidəki bacı-qardaşların imanı möhkəmlənirdi. Onun yazdıqları həqiqət idi. Yehova xidmətçilərinin haqsızlıqla üzləşməsinə yol versə də, bu, «müjdənin müdafiəsində və qanuni tanınmasında» vacib rol oynadı (Filip. 1:7). Bu hadisə mülki məmurlara dərs olmuşdu. Bundan sonra onlar həmin şəhərdə təzə yaranmış məsihi yığıncağına qarşı çıxmazdan öncə yüz ölçüb bir biçəcəkdilər. Bəlkə də, elə Bulusun Roma vətəndaşı olduğunu deməsi sayəsində Luka bu ərazidə qala bilmişdi. Beləcə, Bulusla Sila Filippi şəhərindən gedəndən sonra Luka buradakı yeni məsihilərə dayaq olmuşdu.

9 Filippidəki məsihilər Bulusun məktubunu hansısa filosofun sözü kimi qəbul etmədilər. Onlar bilirdilər ki, Bulus şəxsən özü güclü sınaqlarla üzləşib. Hətta o, bu məktubu yazanda Romada ev dustağı idi. Bununla belə, açıq-aydın görünürdü ki, Bulusda Allahın bəxş etdiyi sülh var (Filip. 1:12—14; 4:7, 11, 22).

«HEÇ NƏYƏ GÖRƏ NARAHAT OLMAYIN»

10, 11. Əgər hansısa problem ürəyimizi üzürsə, nə etməliyik və nəyi gözləməliyik?

10 Heç nəyə görə narahat olmamaq və Allahın sülhünü almaq üçün nə edə bilərik? Həvari Bulusun filippililərə yazdığı məktubdan görmək olar ki, narahatçılığın dərmanı duadır. Buna görə də narahatçılığınız olanda duada Allaha üz tutun. (1 Butrus 5:6, 7 ayələrini oxuyun.) Yehovaya dua edəndə əmin olun ki, O, sizin qayğınızı çəkir. Aldığınız nemətləri xatırlayaraq Allaha şükür edə-edə dua edin. Yehovanın «düşündüyümüz hər bir şeydən qat-qat artığını etməyə qadir» olduğunu yadınızda saxlasanız, Ona olan etibarınız artdıqca artacaq (Efes. 3:20).

11 Ola bilsin, Bulusla Sila kimi, Yehova sizin də problemlərinizi qeyri-adi şəkildə həll edəcək. Bu, möcüzəvi şəkildə baş verməsə də, ən yaxşı həll yolu olacaq (1 Kor. 10:13). Əlbəttə, bu o demək deyil ki, biz heç nə etmədən kənarda durub Yehovanın problemimizi necə həll edəcəyinə, vəziyyəti necə yoluna qoyacağına baxmalıyıq. Həmin vaxt dualarımıza uyğun davranmaq lazımdır (Rom. 12:11). Duaya uyğun davranmaqla Yehovaya səmimiyyətimizi göstərəcəyik və bizə kömək etməsi üçün Ona əsas verəcəyik. Amma eyni zamanda, biz bir şeyin fərqinə varmalıyıq ki, Yehova təkcə bizim xahişimiz, istəyimiz çərçivəsində hərəkət etməyəcək. Yeri gələndə, O, bizi ağlımıza gəlməyən tərzdə heyrətləndirəcək. Bəli, Yehova istənilən vəziyyəti bizim xeyrimizə dəyişməyə qadirdir. Buna əminliyimizi artırmaq üçün gəlin Müqəddəs Kitabdan bəzi hadisələrə nəzər salaq.

YEHOVANIN HEYRƏTAMİZ İŞLƏRİ

12. a) Aşşur padşahı Sinaxeribin hədələri qarşısında Hizqiyyə nə etdi? b) Yehova məsələni necə yoluna qoydu və biz bundan nə öyrənirik?

12 Hər dəfə Müqəddəs Kitabı oxuyanda Yehovanın elədiyi heyrətamiz işlərə dair çoxlu nümunələrə rast gəlirik. Hizqiyyənin hakimiyyəti dövründə Aşşur padşahı Sinaxerib Yerusəlimdən savayı Yəhudanın bütün qala şəhərlərini istila etmişdi (2 Pad. 18:1—3, 13). İndi onun hədəfi Yerusəlim idi. Şəhəri belə bir təhlükənin gözlədiyini görən Hizqiyyə padşah nə etdi? O, Yehovaya üz tutub dua elədi və məsləhət üçün Yehovanın peyğəmbəri Əşiyaya müraciət etdi (2 Pad. 19:5, 15—20). Hizqiyyə həmçinin Sinaxerib padşahın tələb etdiyi xəracı verməklə də ağıllı davrandı (2 Pad. 18:14, 15). Sonra o, şəhərin mühasirəyə uzun müddət davam gətirməsi üçün hazırlıq gördü (2 Saln. 32:2—4). Bəs vəziyyət necə həll olundu? Yehova Allah mələyini göndərib bir gecənin içində Sinaxeribin 185 000 əsgərini qırdı. Vəziyyətin bu cür həll olunacağını heç Hizqiyyə özü də gözləmirdi! (2 Pad. 19:35).

Həzrəti Yusifin başına gələnlərdən nə öyrənirik? (Yar. 41:42) (13-cü abzasa baxın)

13. a) Həzrəti Yusifin başına gələnlərdən nə öyrənirik? b) İbrahim peyğəmbərin xanımı Sara hansı qeyri-adi hadisə ilə üzləşmişdi?

13 Gəlin Yaqubun oğlu Yusifin başına gələnlərə diqqət yetirək. Misirdə həbsdə olarkən onun heç ağlına da gəlməzdi ki, nə vaxtsa bu ölkədə firondan sonra ikinci adam olacaq və ailəsini aclıqdan qurtaracaq (Yar. 40:15; 41:39—43; 50:20). Həqiqətən də, Yehova Yusifin gözlədiyindən qat-qat artığını elədi. İndi isə Yusifin ulu nənəsi Saranın hadisəsinə baxaq. Heç ahıl yaşda olan Saranın ağlına gələrdimi ki, bir gün o, qucağında kənizinin uşağını yox, öz doğma övladını tutacaq? Yəqin ki, bu, Saranın yatsa, yuxusuna da girməzdi (Yar. 21:1—3, 6, 7).

14. Yehovaya etibar etmək üçün hansı əsasımız var?

14 Düzdür, biz yeni dünya gəlməzdən öncə Yehovanın bütün problemlərimizi möcüzəvi şəkildə aradan qaldıracağını gözləmirik. Nə də ki, Yehovadan həyatımızda qeyri-adi şeylər etməsini ummuruq. Amma bir şeyi bilirik ki, keçmişdə öz xidmətçilərinə heyrətamiz şəkildə kömək edən Allah elə həmin Allahdır. (Əşiya 43:10—13 ayələrini oxuyun.) Bunu bilmək Ona etibarımızı möhkəmləndirir. Əmin oluruq ki, Onun iradəsini tam şəkildə icra edə bilməyimiz üçün Allah bizə lazım olan gücü verəcək (2 Kor. 4:7—9). Bu hadisələrdən nə öyrənirik? Hizqiyyənin, Yusifin, Saranın nümunələri göstərir ki, Yehovaya sadiq qalsaq, O, bizim üçün də mümkünsüzü mümkün edəcək!

Yehovaya sadiq qalsaq, O, bizim üçün mümkünsüzü mümkün edəcək!

15. Allahın sülhünü itirməmək üçün nə edə bilərik və bu, nəyin sayəsində mümkündür?

15 Necə edə bilərik ki, problemlərimiz başımızdan aşsa da, Allahın sülhünü itirməyək? Bunun üçün Yehova ilə sıx münasibətimizi qorumalıyıq. Allahla dostluğumuz Məsihin öz canını uğrumuzda qurban verməsi sayəsində mümkün olub. Fidyə Yehovanın möhtəşəm işlərindən biridir. Məhz fidyə vasitəsilə Yehova bizim günahlarımızı bağışlayır. Bu, bizə təmiz vicdan bəxş edir və Ona yaxınlaşmağımıza yol açır (Yəh. 14:6; Yaq. 4:8; 1 But. 3:21).

ALLAHIN SÜLHÜ ÜRƏYİNİZİ VƏ FİKİRLƏRİNİZİ QORUYACAQ

16. Allahın sülhünün bizə hansı faydası var? Nümunə əsasında izah edin.

16 «Allahın hər bir ağıldan üstün olan sülhü»nün bizə böyük faydası var. Müqəddəs Kitabda yazılıb ki, Allahın sülhü «ürəyinizi və fikirlərinizi Məsih İsa vasitəsilə qoruyacaq» (Filip. 4:7). Orijinal mətndə istifadə olunan «qorumaq» sözü hərbi termindir və qədimdə şəhəri düşmən hücumundan qoruyan hərbi qarnizona aid edilirdi. Filippi şəhərinin əhalisini də belə bir qarnizon mühafizə edirdi. Buna görə onlar gecələr rahat yatırdılar. Eynilə, Allahın sülhü də bizim ürəyimizi və fikirlərimizi hər cür narahatçılıqlardan mühafizə edir. Biz bilirik ki, Yehova bizim qayğımızı çəkir və rifahımızı istəyir (1 But. 5:10). Bunu bilmək istənilən narahatçılığın və ruh düşkünlüyünün öhdəsindən gəlməyə bizə kömək edir.

17. Gələcəyə görə narahat olmamağa bizə nə kömək edə bilər?

17 Tezliklə bəşəriyyət böyük müsibətlə üzləşəcək (Mət. 24:21, 22). Biz bilmirik, hər birimizlə fərdi olaraq nə baş verəcək. Amma həmin günə görə narahat olmağa heç bir əsas yoxdur. Yehovanın edəcəyi hər şeyi xırdalığına kimi bilməsək də, Onun necə Allah olduğunu yaxşı bilirik. Müqəddəs Kitabdakı əhvalatlardan gördük ki, vəziyyət necə olursa olsun, Yehova Öz istəyini həmişə həyata keçirib, hətta bəzən bunu ağlasığmaz tərzdə edib. Biz də həyatımızda bu cür şeylər yaşadıqca Allahın hər bir ağıldan üstün olan sülhünün başqa tərəfdən şahidi olacağıq.

^ abz. 1 Ehtimal ki, Sila da Roma vətəndaşı idi (Həv. 16:37).