Kontentə keç

Mündəricatı göstər

Zəkəriyyəyə nazil olan vəhylər və biz

Zəkəriyyəyə nazil olan vəhylər və biz

«Mənə tərəf dönün... Mən də sizə tərəf dönərəm» (ZƏK. 1:3).

NƏĞMƏ: 89, 86

1—3. a) Zəkəriyyə peyğəmbərlik etməyə başlayanda Yehovanın xalqı hansı vəziyyətdə idi? b) Nə üçün Yehova xalqını Ona tərəf dönməyə səslədi?

UÇAN tumar, ölçü qabının içərisində bir qadın, leylək qanadına bənzər qanadları olan iki qadının küləyin axını ilə süzməsi. Bütün bunlar Zəkəriyyə kitabında yer alan bədii rəmzlərdir (Zək. 5:1, 7—9). Yehova peyğəmbərinə bu qeyri-adi vəhyləri hansı məqsədlə vermişdi? Həmin dövrdə İsrail xalqı hansı vəziyyətdə idi? Zəkəriyyəyə nazil olan bu vəhylərin bizə aidiyyəti varmı?

2 B. e. ə. 537-ci il Yehovanın məxsusi xalqı üçün tarixi bir il idi. İsraillilər 70 illik Babil əsarətindən qurtulmuşdular. Onlar böyük canfəşanlıqla Yerusəlimdə həqiqi ibadətin bərpası üçün işə qoyuldular. B. e. ə. 536-cı ildə məbədin təməli atıldı. Həmin vaxt «camaat elə hayqırırdı ki, səsləri çox-çox uzaqlarda eşidilirdi» (Üzr. 3:10—13). Amma çox keçmir ki, bu layihəyə qarşı çıxanlar peyda olur. Maneələrlə üzləşən xalq ruhdan düşüb məbədin tikintisini yarımçıq qoyur. Hərə öz evinə qayıdıb əkin-biçin işi ilə məşğul olmağa başlayır. Məbədin inşası 16 il yarımçıq qalır. Allahın xalqına Yehovaya dönüb, öz maraqlarını ikinci plana qoymalı olduqlarını xatırlatmaq lazım idi. Yehova istəyirdi ki, xalqı Ona sarı dönsün, Ona yenidən cəsarətlə və sidqi-ürəklə ibadət etsin.

3 B. e. ə. 520-ci ildə Allah Zəkəriyyə peyğəmbəri göndərərək xalqını Babil əsarətindən nəyə görə azad etdiyini xatırladır. Maraqlı məqam odur ki, Zəkəriyyənin adı «Yehova xatırladı» mənasını verir. Bu, israillilərin yadına sala bilərdi ki, xalq Yehovanın onları necə xilas etdiyini unutsa da, Yehova onları unutmayıb, onları xatırlayır. (Zəkəriyyə 1:3, 4 ayələrini oxuyun.) Allah peyğəmbəri vasitəsilə xalqını əmin etdi ki, pak ibadəti bərpa etməyə onlara kömək edəcək. Bununla yanaşı, Yehova bildirdi ki, onların naqis ibadətinə göz yummayacaq. Gəlin görək Yehova Zəkəriyyəyə nazil etdiyi altıncı və yeddinci vəhy vasitəsilə xalqını hərəkətə necə təşviq etdi və biz bu vəhylərdən nə öyrənə bilərik.

OĞURLUĞUN CƏZASI

4. Zəkəriyyəyə nazil olan altıncı vəhy nə idi və tumarın hər iki tərəfinin yazılı olması hansı mənanı verir? (Məqalənin əvvəlindəki 1-ci şəklə baxın.)

4 Zəkəriyyə kitabının 5-ci fəsli qeyri-adi bir vəhylə başlayır. (Zəkəriyyə 5:1, 2 ayələrini oxuyun.) Peyğəmbərə bu vəhydə 9 metr uzunluğunda, 4,5 metr enində olan bir tumarın uçduğu əyan olur. Tumar bükülməmiş, oxunmağa hazır vəziyyətdə idi. Onun hər iki tərəfinə hökm xəbəri yazılmışdı (Zək. 5:3). Adətən, tumarın yalnız bir üzünə yazı yazılırdı, bu tumarın hər iki tərəfinin yazılı olması isə onun daşıdığı xəbərin vacib və ciddi olduğunu göstərir.

Məsihilər arasında oğurluğa yer yoxdur (5—7 abzaslara baxın)

5, 6. Yehova oğurluğa necə yanaşır?

5 Zəkəriyyə 5:3, 4 ayələrini oxuyun. Bütün bəşəriyyət Yehovanın qarşısında əməllərinə görə məsuliyyət daşıyır, qaldı ki, Onun xalqı... Allahı sevən kəs dərk edir ki, oğurluq Yehovanın adına ləkə gətirir (Məs. 30:8, 9). Əməlinin səbəbi nə qədər üzürlü görünsə də, oğurluq edən şəxs tamahını Allahdan üstün tutduğunu, maddiyyatın onun üçün daha vacib olduğunu göstərmiş olur. Bununla o, Allahın qanunlarını heçə sayır, Allaha və Onun adına hörmətsizlik edir.

6 Diqqət yetirdinizsə, Zəkəriyyə 5:3, 4 ayələrində deyilir ki, Yehovanın göndərdiyi lənət «oğrunun... evinə girəcək və orada qalacaq. Həmin evi... dağıdacaq». Bu sözlər göstərir ki, Yehova xalqı arasında olub, pis işlərlə məşğul olan insanların əməllərinin üstünü açmağa qadirdir. Onun hökmünün qarşısını heç nə əngəlləyə bilməz. Hətta insan hökumətdən, müdirdən, ağsaqqallardan, valideynlərindən nəsə gizlədə bilər, amma Yehovadan nəsə gizlətmək mümkün deyil, çünki Yehova hər cür oğurluğun üstünü açacağına söz verir (İbr. 4:13). Həqiqətən, «hər sahədə» dürüst davranan insanların əhatəsində olmaq böyük xoşbəxtlikdir! (İbr. 13:18).

7. Tumarda yazılan lənətə tuş gəlməmək üçün nə edə bilərik?

7 Gördüyümüz kimi, oğurluq etmək Yehovaya ağır gedir. Biz Yehovanın yüksək əxlaq normalarına uyğun yaşamağı özümüzə şərəf bilib, Onun adına ləkə gətirən əməllərdən uzaq durmalıyıq. Beləcə, biz tumarda Allahın qanunlarını bilə-bilə pozan insanlar barədə yazılmış lənətdən qaça bilərik.

ƏHDİMİZƏ SADİQ QALAQ

8—10. a) And nədir? b) Padşah Sidqiyyə hansı anda xilaf çıxdı?

8 Uçan tumarda yazılmış növbəti xəbərdarlıq Allahın adına yalandan and içən insanlara ünvanlanır (Zək. 5:4). And bir şeyin həqiqət olduğunu təsdiqləmək üçün deyilən söz, nəyinsə edilib-edilməyəcəyinə dair verilən təntənəli vəddir.

9 Yehovanın adına and içmək çox ciddi məsələdir. Yerusəlimdə əhudanın sonuncu padşahı Sidqiyyənin əhvalatı buna əyani misaldır. Sidqiyyə Yehovaya and içmişdi ki, Babil padşahının tabeçiliyində qalacaq. Amma o, andına xilaf çıxdı. Nəticədə Yehova bu sözlərlə Sidqiyyəyə hökm kəsdi: «Varlığıma and olsun,.. anda xor baxan, əhdi pozan [Sidqiyyə] Babildə, onu taxta çıxaran hökmdarın yaşadığı yerdə öləcək» (Hizq. 17:16).

10 Padşah Sidqiyyə Yehovanın adına verdiyi anda uyğun yaşamağa borclu idi (2 Saln. 36:13). Amma O, Babil əsarətindən azad olmaq üçün Misirdən kömək istədi. Halbuki, Misir ona kömək edəcək gücdə deyildi (Hizq. 17:11—15, 17, 18).

11, 12. a) Verə biləcəyimiz ən önəmli əhd hansıdır? b) Həsr əhdimiz gündəlik həyatımıza necə təsir etməlidir?

11 Yehova bizim də etdiyimiz əhdləri dinləyir. Onu razı salmaq üçün biz əhdlərimizi, yəni nəzirlərimizi yerinə yetirməliyik. Çünki bu, Allah üçün ciddi məsələdir (Zəb. 76:11). Həyatımızda verdiyimiz əhdlərin ən önəmlisi özümüzü Yehovaya həsr edərkən verdiyimiz əhddir. Bu əhd Ona qeyd-şərtsiz xidmət edəcəyimizə dair içdiyimiz təntənəli anddır.

12 Həsr əhdimizə uyğun yaşadığımız nədən görünməlidir? Biz hər gün böyük və ya kiçik sınaqlarla qarşılaşırıq. Bu sınaqlar zamanı tutduğumuz mövqe Yehova ilə münasibətlərimizin nə qədər güclü olduğunu göstərəcək (Zəb. 61:8). Məsələn, məktəbdə, iş yerində flirt cəhdlərini rədd etməklə Yehovanın yollarından həzz aldığımızı göstəririk (Məs. 23:26). Bundan əlavə, özümüzə növbəti sualları verməyə dəyər: Ailədə Yehovaya ibadət edən təkcə mənəmsə, məsihi kimi davranmaq üçün Yehovadan kömək diləyirəm? Məni himayəsinə, məhəbbət qanadı altına aldığı üçün Yehovaya minnətdarlıq edirəm? Müqəddəs Kitabı hər gün oxumağa vaxt ayırıram? Həsr əhdi verərkən, əslində, bütün bunları edəcəyimizə boyun olmuşuq. İndi bizdən itaət etmək tələb olunur. İbadətimizi tam şəkildə yerinə yetirməyimiz Yehovanı sevdiyimizi, Onun üçün yaşadığımızı göstərir. İbadət bizim üçün rəsmiyyətçilik deyil, həyat tərzidir. Bunu da demək lazımdır ki, əhdimizə sadiq qalmaq bizim öz xeyrimizədir; sədaqətimiz gələcək əmin-amanlığımızı təmin edir (Qan. 10:12, 13).

13. Zəkəriyyəyə nazil olan altıncı vəhydən nə öyrənirik?

13 Zəkəriyyənin altıncı vəhyindən öyrənirik ki, Yehovanı sevən kəs oğurluq etməməli və verdiyi əhdi pozmamalıdır. Həmçinin onu da gördük ki, israillilərin günahlarına baxmayaraq, Yehova onlardan ümidini üzmədi. O başa düşürdü ki, xalqı ətrafdakı düşmənlərin təzyiqinə məruz qalıb. Yehova vədlərinə sadiq qalmaqda bizə nümunə qoyur. Əmin ola bilərik ki, O bizə də vədlərimizə uyğun yaşamağa kömək edəcək. Elə tezliklə pisliyə son qoyacağına dair bəxş etdiyi ümidin özü bizim üçün böyük köməkdir. Yehova Zəkəriyyəyə yeddinci vəhyi nazil etməklə bu gözəl ümidin gerçəkləşəcəyinə zəmanət verir.

ŞƏR ARADAN GÖTÜRÜLÜR

14, 15. a) Zəkəriyyəyə yeddinci vəhydə hansı görüntülər nazil olur? (Məqalənin əvvəlindəki 2-ci şəklə baxın.) b) Ölçü qabının içindəki qadın nəyin rəmzidir və onun qaba salınması hansı mənanı daşıyır?

14 Zəkəriyyə yeddinci vəhydə hansı görüntüləri görür? Uçan tumarı gördükdən sonra mələk Zəkəriyyəyə «başını qaldırıb bax» deyir. Zəkəriyyə ölçü qabını görür. (Zəkəriyyə 5:5—8 ayələrini oxuyun.) Orta ölçülü bu qabın «dəyirmi qurğuşun qapağı» var. Qabın qapağı qaldırılanda Zəkəriyyə görür ki, «onun içində bir qadın oturub». Mələk deyir: «Bu Şərdir». Qadın qabdan çıxmağa çalışır. Yəqin, bu zaman peyğəmbəri qorxu bürüyür. Amma həmin an mələk cəld tərpənib qadını qabın içinə itələyir və ağır qapağı qabın ağzına qoyur. Bəs bütün bunların mənası nədir?

15 Vəhyin bu hissəsi göstərir ki, Yehova xalqı arasında heç bir şər əmələ dözməyəcək. O, şər əməlin yayılmasına, yəni bir növ «qabdan çıxmasına» yol verməyəcək, onun aradan qaldırılması üçün dərhal tədbir görəcək (1 Kor. 5:13). Mələyin qabın qapağını bağlaması elə bunu simvolizə edir.

Yehova Öz dininin paklığını qoruyur (16—18 abzaslara baxın)

16. a) Ölçü qabı ilə nə baş verir? (Məqalənin əvvəlindəki 3-cü şəklə baxın.) b) Qanadlı qadınlar ölçü qabını hara aparır?

16 Sonra Zəkəriyyə leylək kimi güclü qanadları olan iki qadının peyda olduğunu görür. (Zəkəriyyə 5:9—11 ayələrini oxuyun.) Bu qadınlar ölçü qabındakı qadından necə də fərqlidir! Onlar öz güclü qanadları ilə «Şərin» olduğu ölçü qabını göyə qaldırırlar. Onu hara aparırlar? Şinar diyarına, yəni Babilistana. Bəs niyə onlar ölçü qabını məhz Babilistana aparırlar?

17, 18. a) Nəyə görə demək olar ki, Şinar diyarı «Şərin» layiq olduğu yerdir? b) Şərlə bağlı hansı mövqeni tutmalıyıq?

17 Zəkəriyyənin dövründə yaşayan yəhudilər üçün bunu başa düşmək çətin deyildi. Çünki həm Zəkəriyyə, həm də digər yəhudilər Babilin hər cür pisliyin məskəni olduğunu bilirdilər. Orada yaşadıqları müddətdə onlar bütpərəstliyin, haram əməllərin təsirinə məruz qalmamaq üçün hər gün mübarizə aparmalı olurdular. Peyğəmbərin aldığı yeddinci vəhy Allahın Öz dinini pak saxlayacağına zəmanət olduğundan, gərək ki, onlara böyük təskinlik vermişdi.

18 Bu vəhy həmçinin yəhudilərə xatırladırdı ki, onlar ibadətlərinin təmiz qalmasına görə məsuliyyət daşıyırlar. Yehova xalqı arasına şərin daxil olub məskunlaşmasına heç vaxt izin verməyib, verməyəcək də! Bu gün biz Yehovanın pak təşkilatında qayğı və müdafiə ilə əhatə olunmuşuq. Hər birimizin üzərinə təşkilatın paklığını qorumaq məsuliyyəti düşür. Yehovanın xalqı arasında şərə yer yoxdur. Gəlin biz də «evimizin» qeyrətini çəkib onu pak saxlayaq.

PAK XALQ YEHOVANIN ADINI UCALDIR

19. Zəkəriyyənin vəhyləri bizim üçün hansı mənanı daşıyır?

19 Zəkəriyyəyə nazil olan altıncı və yeddinci vəhydə nadürüst əməllərindən əl çəkməyənlərə ciddi xəbərdarlıq var: Yehova pisliyə göz yummayacaq! Onun xidmətçiləri də pisliyə nifrət etməlidirlər. Bundan əlavə, bu vəhy vasitəsilə səmavi Atamız bizi əmin edir ki, Allahın layiqli bəndəsi olsaq, ölüm «lənətinə» mübtəla olmayacağıq. Əksinə, Yehovanın razılığını qazanacağıq. Pisliklə dolu dünyada təmiz qalmaq üçün apardığımız mübarizə əbəs olmayacaq. Əmin ola bilərik ki, bu mübarizədə Yehovanın köməyilə qalib gələcəyik! Növbəti məqalədə aşağıdakı suallar cavablandırılır: Pisliklə dolu bu dünyada haqq dinin zəfər çalacağına necə əmin ola bilərik? Böyük müsibətin yaxınlaşdığı bu dövrdə Yehovanın Öz təşkilatını qoruyacağına hansı zəmanət var?