Kontentə keç

Mündəricatı göstər

«Ümid edirəm»

«Ümid edirəm»

«Sonuncu Adəm isə həyat verən ruhani varlıq oldu» (1 KOR. 15:45).

NƏĞMƏ: 151, 147

1—3. a) Hansı təlim dinimizin təməl təlimlərindəndir? b) Nəyə görə dirilmə təlimi dinimizdə önəmli yer tutur? (Məqalənin əvvəlindəki şəklə baxın.)

SİZDƏN soruşsaydılar ki, dininizin əsas təlimləri hansılardır, nə cavab verərdiniz? Yəqin Yaradanın adının Yehova olduğunu, İsa Məsihə və onun fidyəsinə iman etməyin vacibliyini, yer üzünün Cənnət olacağını, Allaha xidmət edənlərin orada əbədi yaşayacağını sadalayardınız. Bəs bu siyahıya dirilmə təlimini də daxil edərdiniz?

2 Dirilmə hər bir məsihi üçün təməl təlimlərdəndir. Hətta böyük müsibətdən sağ keçib Cənnətdə yaşayacağına ümid edən məsihilər üçün də. Həvari Bulus dirilmənin məsihi etiqadında nəyə görə bu dərəcədə önəmli yer tutduğunu belə vurğulamışdı: «Dirilmə yoxdursa, belə çıxır ki, Məsih də dirilməyib». Doğrudan da, əgər Məsih dirilməyibsə, o, necə bizim Padşahımız ola bilər? Onda Məsihin Padşahlığına imanımız da puç olardı. (1 Korinflilərə 15:12—19 ayələrini oxuyun.) Biz dəqiq bilirik ki, İsa Məsih dirilib. Bu inanc bizi ölülərin dirilməsini qəti şəkildə inkar edən saddukilərdən fərqləndirir. Biz dirilmə təliminə möhkəm bağlıyıq. Nə istehzalar, nə başqa bir şey bizim bu inancımızı sarsıda bilməz (Mark 12:18; Həv. 4:2, 3; 17:32; 23:6—8).

3 Həvari Bulus «Məsih haqqındakı ibtidai təlimlər»in sırasında «ölülərin dirilməsi» təliminin də adını çəkmişdi (İbr. 6:1, 2). Bulus özünün də dirilməyə inandığını vurğulamışdı (Həv. 24:10, 15, 24, 25). Bulusun dirilməni «Allahın müqəddəs sözləri ilə bağlı ibtidai təlimləri»n sırasına daxil etməsi bu təlimin bəsit olduğunu göstərmir (İbr. 5:12).

4. Dirilmə təlimi ilə bağlı hansı suallar yarana bilər?

4 Kimsə Müqəddəs Kitab dərsinə başlayanda, adətən, keçmişdə baş vermiş dirilmə hadisələri, məsələn, İlazərin dirilməsi barədə öyrənir. O, həmçinin öyrənir ki, İbrahim, Əyyub və Dənyal peyğəmbər gələcəkdə ölülərin həyata qayıdacağına inanırdı. Bəs ortaya belə sual qoyulsaydı, necə cavab verərdiniz: «Uzun illər, hətta əsrlər əvvəl verilmiş dirilmə vədlərinin hələ də qüvvədə olduğuna sübut varmı? Müqəddəs Kitabda dirilmənin vaxtı ilə bağlı nəsə yazılıbmı?» Bunlar imanımıza təsir edən suallardır. Odur ki, gəlin bu suallara Müqəddəs Kitabdan cavab tapmağa çalışaq.

ƏSRLƏR SONRA YERİNƏ YETƏN DİRİLMƏ VƏDİ

5. Dirilmə ilə bağlı ilk növbədə hansı sualları araşdıracağıq?

5 Biri var təzəcə ölmüş, bədəni hələ çürüməmiş insanın dirildiyini təsəvvür edəsən, biri də var insanın öləndən illər, əsrlər sonra diriləcəyi ilə bağlı vədə inanasan (Yəh. 11:11; Həv. 20:9, 10). Belə «uzunmüddətli» vəd istər yenicə, istərsə də uzun illər əvvəl ölmüş insana aid olsun, onun gerçəkliyinə inanmaq nə dərəcədə ağlabatandır? Əslində, haqqında əsrlər öncə xəbər verilmiş bir dirilmə hadisəsi artıq baş verib və biz hamımız bu hadisəyə iman gətirmiş insanlarıq. Söhbət hansı dirilmədən gedir və onun gələcəkdə baş verəcək dirilmə ümidimizlə hansı əlaqəsi var?

6. 118-ci məzmurdakı sözlər İsa Məsihlə bağlı necə yerinə yetdi?

6 Vədi uzun illər əvvəl verilmiş bu dirilmə haqqında 118-ci məzmurda yazılıb. Müəllifliyi Davud peyğəmbərə aid edilən bu məzmurda belə sözlər yer alır: «Aman, Yehova, bizi xilas et!.. Yehovanın adı ilə gələnə eşq olsun!» Yəqin bu sözlər sizə tanış gəlir. İsa Məsih nisan ayının 9-u Yerusəlimə təntənəli şəkildə daxil olanda xalq bu sözlərlə onu qarşılamışdı (Zəb. 118:25, 26; Mət. 21:7—9). Bəs bu məzmurdakı hansı ayə uzaq gələcəkdə baş verəcək dirilməyə aiddir? Bu 22-ci ayədir. Orada deyilir: «Bənnaların rədd etdiyi daş küncün əsas daşı oldu» (Zəb. 118:22).

«Bənnalar» Məsihi rədd etdi (7-ci abzasa baxın)

7. Yəhudilər hansı mənada İsa Məsihi rədd etdilər?

7 «Bənnalar», yəni yəhudi din rəhbərləri Məsihi rədd etdilər. Onlar İsaya arxa çevirdilər, onun Məsih olduğunu dandılar. Hətta yəhudilərin çoxu onun edamını tələb etdi (Luka 23:18—23). Beləcə, İsa Məsihin qətlində yəhudilərin də əli oldu.

Allah Məsihi dirildib «küncün əsas daşı» etdi (8 və 9-cu abzaslara baxın)

8. İsa Məsih yalnız hansı halda «küncün əsas daşı» ola bilərdi?

8 Bir halda ki, İsa Məsihi rədd edib öldürdülər, o, necə «küncün əsas daşı» * ola bilərdi? Bu peyğəmbərliyin yerinə yetməsi üçün o, dirilməli idi. İsanın öz sözləri də bunu göstərir. Bir dəfə o, növbəti misalı çəkmişdi: Bir nəfər üzüm bağı salıb onu bağbanlara icarəyə verir. Bağın sahibi öz nökərlərini bağbanların yanına göndərir, lakin bağbanlar onlarla pis rəftar edirlər. Sonda sahib öz oğlunu göndərmək qərarına gəlir. Bağbanlar bu dəfə hədlərini aşaraq bağ sahibinin oğlunu öldürürlər. Bu məsəlin ardınca İsa Zəbur 118:22 ayəsində yazılan peyğəmbərliyi sitat gətirmişdi (Luka 20:9—17). Eynilə, həvari Butrus da Yerusəlimdə yığışan «yəhudilərin rəhbərləri, ağsaqqalları və mirzələri» ilə danışan zaman Məsihin dirilməsinin onun «küncün əsas daşı» olması ilə əlaqəli olduğunu göstərmişdi. O demişdi: «Dirəkdə edam etdiyiniz, lakin Allahın diriltdiyi nəsrani İsa Məsih... siz bənnaların heç saydığı daşdır. Ancaq bu daş küncün əsas daşı oldu» (Həv. 3:15; 4:5—11; 1 But. 2:5—7).

9. Zəbur 118:22 ayəsi hansı əlamətdar hadisədən xəbər verirdi?

9 Xülasə, Zəbur 118:22 ayəsindəki peyğəmbərlik yüz illər sonra baş verəcək dirilmə hadisəsinə işarə edirdi. Peyğəmbərliyə əsasən, İsa Məsih rədd edilib öldürüləcək, sonra isə dirildilərək küncün əsas daşı, hamı üçün xilasa vəsilə olacaqdı (Həv. 4:12; Efes. 1:20).

10. a) Zəbur 16:10 ayəsi nə haqda peyğəmbərlik edir? b) Nəyə görə əminliklə deyə bilərik ki, Zəbur 16:10 ayəsindəki peyğəmbərlik Davuda aid ola bilməz?

10 İndi isə gəlin başqa ayəni araşdıraq. Bu ayədə də dirilmə ilə bağlı peyğəmbərlik yazılıb. Həmin peyğəmbərlik dirilmə hadisəsindən təxminən min il əvvəl verilmişdi. Bu, bir daha göstərir ki, dirilmə vəd verildiyi vaxtdan uzun illər sonra həyata keçə bilər. Söhbət Zəbur 16:10 ayəsindən gedir. Davud peyğəmbərin yazdığı hesab olunan bu ayədə deyilir: «Məni Məzarda qoymazsan, qoymazsan vəfalı bəndən qəbir görsün» (Zəb. 16:10). Bununla Davud özünün heç vaxt ölməyəcəyini, Məzarı görməyəcəyini demirdi. Allahın Kəlamında konkret deyilir ki, Davud qocalıb öldü. «Onu Davud şəhərində dəfn etdilər» (1 Pad. 2:1, 10). Bəs onda Zəbur 16:10 ayəsində yazılan sözlər kimə aid idi?

11. Həvari Butrus Zəbur 16:10 ayəsini nə vaxt açıqlamışdı?

11 Zəbur 16:10 ayəsi yazılandan təxminən min il sonra Həvari Butrus məbəddə toplaşmış yəhudi və prozelitlərdən ibarət kütləyə xitab edərkən bu ayəni İsa Məsihə aid etmişdi. Həmin vaxt İsa Məsih bir neçə həftə idi ki, dirilmişdi. Həvari Zəbur 16:10 ayəsinə toxunub Davud peyğəmbərin ölüb dəfn edildiyini qeyd etmiş, Davudun həmin ayədə Məsihin diriləcəyi barədə xəbər verdiyini demişdi. (Həvarilərin işləri 2:29—32 ayələrini oxuyun.) Müqəddəs Kitabda deyilmir ki, Butrusu dinləyənlərdən kimsə onun sözlərinə şəkk gətirdi.

12. Zəbur 16:10 ayəsi necə yerinə yetdi və bu, bizi nəyə əmin edir?

12 Həvari Butrus söhbətinə əlavə dəlil kimi Zəbur 110:1 ayəsindən Davudun sözlərini sitat gətirmişdi. (Həvarilərin işləri 2:33—36 ayələrini oxuyun.) Beləcə, Butrusu dinləyən böyük kütlə onun Müqəddəs Yazılardan gətirdiyi məntiqli dəlillər sayəsində İsanın «həm Ağa, həm də Məsih» olduğuna iman gətirmişdi. Bu isə o deməkdir ki, onlar Zəbur 16:10 ayəsinin İsa Məsihin dirilməsi ilə yerinə yetdiyini qəbul etmişdilər. Həvari Bulus Pisidiya bölgəsindəki Antakyada yaşayan yəhudilərlə İsanın dirilməsi haqqında söhbət edəndə mülahizəsini eyni dəlillərə əsaslandırmışdı. Həvarinin gətirdiyi arqumentlər onlara elə güclü təsir etmişdi ki, onu yenə dinləmək istəmişdilər. (Həvarilərin işləri 13:32—37, 42 ayələrini oxuyun.) Yuxarıda gətirilən məlumatı əsas tutaraq əminliklə deyə bilərik ki, dirilmə vədi hətta əsrlər keçsə də, etibarlı qalır.

DİRİLMƏ NƏ VAXT OLACAQ?

13. Dirilmə ilə bağlı hansı suallar meydana çıxır?

13 Gördüyümüz kimi, dirilmə vədi veriləndən əsrlər sonra da yerinə yetə bilər. Bu fikir bizə böyük təsəlli verir. Lakin eyni zamanda kimdəsə sual da yarada bilər: «Bu o deməkdirmi ki, əzizlərimin dirilməsinə hələ çox var? Bəs ölülərin dirilməsi nə vaxt olacaq?» İsa Məsih həvarilərinə «dövrlər» və «tarixlər»lə bağlı müəyyən təfsilatların insana əyan olmadığını qeyd edib bunları təyin etməyin «yalnız Atanın ixtiyarında» olduğunu demişdi (Həv. 1:6, 7; Yəh. 16:12). Lakin bu o demək deyil ki, dirilmənin vaxtı ilə bağlı bizim ümumiyyətlə heç bir məlumatımız yoxdur.

14. İsanın dirilməsi ona qədər olan dirilmə hadisələrindən nə ilə fərqlənir?

14 İlk növbədə gəlin Müqəddəs Kitabda vəd olunan dirilmələri yadımıza salaq. Sözsüz ki, onların ən önəmlisi, İsa Məsihin dirilməsidir. Çünki o dirilməsəydi, doğmalarımızın da dirilməsinə ümid olmazdı. Məsihdən əvvəl dirilənlər, məsələn, İlyas və Əlyəsə peyğəmbərin diriltdiyi insanlar əbədi yaşamadılar, onlar yenə də öldülər, çürüyüb torpağa qarışdılar. Məsih barədə isə Müqəddəs Kitabda yazılıb ki, o «dirilmişdir və bir daha ölməyəcək, ölüm artıq onun üzərində ağalıq etmir». Bəli, o, göydə, ölməz varlıq kimi əbədi yaşayır (Rom. 6:9; Vəhy 1:5, 18; Kol. 1:18; 1 But. 3:18).

15. İsa Məsih hansı mənada «ilk nübar»dır?

15 İsa Məsih ruhani varlıq kimi dirilən ilk şəxsdir və bu dirilmə ən böyük əhəmiyyət daşıyır (Həv. 26:23). Lakin, göylər həyatına dirilmə vədi alan digər insanlar da var. Məsələn, İsa həvarilərinə söz vermişdi ki, onlar göydə onunla birlikdə hakimiyyət sürəcəklər (Luka 22:28—30). Amma bu mükafatı almaq üçün onlar ölməli və Məsih kimi, ruhani varlıq olaraq dirilməlidirlər. Həvari Bulus bunu belə izah etmişdi: «Məsih dirilib, o, ölüm yuxusundan qalxan ilk nübardır... Hər kəs öz növbəsində diriləcək: ilk nübar Məsih, sonra Məsihin hüzuru zamanı ona məxsus olanlar» (1 Kor. 15:20, 23).

16. Göylər həyatına dirilmənin vaxtı ilə bağlı hansı məlumatımız var?

16 Həvari Bulusun sözləri göylər həyatına dirilmənin hansı dövrdə baş verəcəyini göstərir. Bu, «Məsihin hüzuru zamanı» baş verməlidir. Müqəddəs Kitabdakı məlumatlara əsasən, belə nəticəyə gəlirik ki, «Məsihin hüzuru» 1914-cü ildə başlayıb və Şeytan dünyasının sonuna az qalıb. Hal-hazırda biz Məsihin hüzuru dövründə yaşayırıq.

17, 18. Məsihin hüzuru zamanı məsh olunmuş məsihilərin bəziləri ilə nə baş verəcək?

17 Müqəddəs Kitabda göylər həyatına dirilmə ilə bağlı əlavə məlumatlar da yer alır. Orada deyilir: «Ölüm yuxusuna gedənlər barədə sizi bixəbər qoymaq istəmirik. Əgər biz İsanın öldüyünə və sonra dirildiyinə inanırıqsa, onda buna da inanırıq ki,.. ölüm yuxusuna gedənləri Allah dirildib ona qovuşduracaq... Ağanın hüzuru zamanı bizlərdən sağ olanlar ölüm yuxusuna gedənləri heç bir vəchlə qabaqlamayacaq. Çünki Ağa amiranə bir çağırışla... göydən enəcək və ilk növbədə Məsihlə vəhdətdə olaraq ölənlər diriləcəklər. Sonra sağ qalıb yaşayan bizlər onlarla birlikdə olmaq və havada Ağa ilə görüşmək üçün buludda aparılacağıq və həmişə Ağa ilə birlikdə olacağıq» (1 Salon. 4:13—17).

18 Beləcə, ilk dirilmə «Məsihin hüzuru» başlayandan sonra baş verməlidir; böyük müsibət zamanı «sağ qalıb yaşayan» məsh olunmuş məsihilər «buludda aparılacaq» (Mət. 24:31). «Buludda aparılacaq» kəslər «ölüm yuxusuna» getməyəcək, yəni ölüm yuxusunda uzun müddət qalmayacaqlar. Onlar «bir an içində, bir göz qırpımında, axırıncı kərənay çalınanda» dəyişəcək (1 Kor. 15:51, 52).

19. «Daha yaxşı dirilmə» deyəndə nə nəzərdə tutulur?

19 Bu gün yaşayan məsihilərin əksəriyyəti məsh olunmayıb, Məsihlə birgə göydə hakimiyyət sürmək dəvəti almayıblar. Əksinə, onlar «Yehovanın günü»ndə Şeytan dünyasının məhv olacağına, yer üzündə qurulacaq cənnətdə yaşayacaqlarına ümid bəsləyirlər. Yehovanın gününün tarixini heç kəs bilmir, amma əlamətlərdən onun yaxın olduğu görünür (1 Salon. 5:1—3). Yeni dünyada fərqli bir dirilmə — ölülərin yer üzündə dirilməsi olacaq. Allah dirilənlərə kamilliyə yetişib əbədi həyata qovuşmaq imkanı verəcək. Bu, «daha yaxşı dirilmə» adlanır, çünki, qədimdə dirilib yenə də ölən insanlardan fərqli olaraq, Cənnətdə dirilənlərin ölümü bir də dadmamaq imkanı olacaq (İbr. 11:35).

20. Dirilmənin nizamlı şəkildə baş verəcəyi nəyə görə məntiqəuyğundur?

20 Göylər həyatına dirilmə ilə bağlı Müqəddəs Kitabda deyilir ki, «hər kəs öz növbəsində diriləcək» (1 Kor. 15:23). Bu, bizə düşünməyə əsas verir ki, yer üzündə də dirilmə nizamlı şəkildə baş verəcək. Bu fikir kimdəsə maraq doğura bilər, görəsən, birinci kimlər diriləcək? Bəlkə, Armageddona yaxın ölənlər birinci diriləcək ki, onları tanıyan qohumları onları qarşılaya bilsin? Bəlkə, qədimdə Allahın xalqına başçılıq etmiş adamlar da ilk dirilənlərin sırasında olacaq ki, yeni dünyada təşkilatçılıq işinə baxsınlar? Bəs Yehovanı tanımayan insanlar? Onlar nə vaxt diriləcək, harada diriləcək? Bu mövzuda çox suallar vermək olar. Amma əslinə qalsa, indi bu sualların üzərində baş sındırmağa ehtiyac yoxdur. Ən yaxşısı, gəlin səbir edib gözləyək və onda hər şeyi olduğu kimi görəcəyik. Əmin ola bilərik ki, Yehova Allah hər şeyi ən mükəmməl şəkildə edəcək.

21. Sizi ölülərin diriləcəyinə əmin edən nədir?

21 Hal-hazırda isə hamımızın üzərinə düşən vəzifə Yehovaya imanımızı gücləndirməkdir. Allah Özü vəd verib ki, Onun yaddaşında olanların hamısı diriləcək (Yəh. 5:28, 29; 11:23). İsa Məsih Yehovanın ölüləri diriltməyə qadir olduğunu göstərmək üçün İbrahim, İshaq və Yaqub peyğəmbərin adını çəkib demişdi ki, «Onun üçün onların hamısı sağdır» (Luka 20:37, 38). Nəticədə, biz də həvari Bulus kimi əminliklə deyə bilərik ki, «Allahın həm salehləri, həm də qeyri-salehləri dirildəcəyinə ümid edirəm» (Həv. 24:15).

^ abz. 8 «Küncün əsas daşı», yəni əsas guşə daşı binanın bünövrəsinə, iki divarın birləşdiyi yerə qoyulan daş idi. O, divarları birləşdirib möhkəm saxlayırdı. İsa Məsih diriləndə məsh olunmuş məsihilərdən ibarət yığıncağın, ruhani məbədin əsas guşə daşı oldu.