Kontentə keç

Mündəricatı göstər

Müqəddəs Kitab və gələcəyiniz

Müqəddəs Kitab və gələcəyiniz

TƏSƏVVÜR EDİN Kİ, gecənin qaranlığında yolla gedirsiniz. Lakin itəcəyinizə görə narahat deyilsiniz, çünki əlinizdə fənər var. Fənərin işığını aşağı salanda önünüzdəkiləri, uzağa salanda isə uzaq məsafəni aydınlada bilirsiniz.

Müqəddəs Kitabı müəyyən mənada bu fənərə bənzətmək olar. Ötən məqalələrdə qeyd etdiyimiz kimi, Allahın Kəlamı bizə bu qeyri-stabil dünyada önümüzdə duran, yəni hər gün üzləşdiyimiz problemlərlə mübarizə aparmağa kömək edir. Müqəddəs Kitab həmçinin gələcəyə aparan yola işıq salır ki, əbədi xoşbəxtlik və məmnunluq gətirən yolu görüb bu yolda addımlayaq (Zəbur 119:105).

Gəlin Müqəddəs Kitabın gələcəyimizə ümid verdiyi iki sahəni nəzərdən keçirək: 1 həyatın mənasını tapmağa kömək edir; 2 Yaradanımıza yaxınlaşmağın yollarını öyrədir.

1 HƏYATIN MƏNASI

Müqəddəs Kitabda problemlərin öhdəsindən gəlməyə kömək edən etibarlı məsləhətlər var. Amma o, sadəcə özünə kömək kitabı, yaxud məsləhətlər toplusu deyil. Müqəddəs Kitab böyük bir rəsm əsərində diqqəti sırf özümüzə — öz problemlərimizə cəmləməyə yox, bütün şəklə baxmağa təşviq edir. İnsan yalnız bu yolla həyatına məna qata bilər.

Misal üçün, İncildə belə bir ayə var: «Vermək almaqdan daha çox xoşbəxtlik gətirir» (Həvarilərin işləri 20:35). Maddi yardıma ehtiyacı olan birinə kömək əli uzatdığınız, yaxud sizinlə dərdini bölüşən dostunuzu diqqətlə dinlədiyiniz gün yadınızdadır? Yəqin kiminsə gününü az da olsa, aydınlatdığınız üçün özünüzü xoşbəxt hiss etmisiniz!

Qarşılığında bir şey gözləmədən vermək insana xoşbəxtlik gətirir. Bir yazıçı deyir: «İnsan kiməsə təmənnasız yaxşılıq edəndə bunun əvəzini min qat alır. Başqa cür ola da bilməz!» Doğrudan da, etdiyimiz yaxşılıqlar, üstəlik, əvəzini qaytarmağa imkanı olmayan birinə kömək əli uzatmağımız mükafatsız qalmır. Bu zaman biz böyük rəsm əsərinin bir parçasına çevrilirik. Yaradanımız bizim bu xeyirxahlığımızı, sanki Ona borc vermişik kimi dəyərləndirir və beləcə, biz Onunla əməkdaşlıq etmiş oluruq (Məsəllər 19:17). Allah-Taala fağır-füqəraya etdiyimiz yaxşılığı çox qiymətləndirir və vəd edir ki, bunun əvəzində bizə yerüzü Cənnətdə əbədi yaşamaq imkanı verəcək. Gələcəyə dair belə bir ümidimizin olması möhtəşəmdir! (Zəbur 37:29; Luka 14:12—14) *.

Bundan əlavə, Müqəddəs Kitabda qeyd olunur ki, həyatımızın əsl mənasını Allaha ibadət edəndə tapırıq. Doğrudan da, Yehova tərifə, şərəfə və itaət edilməyə layiq Allahdır (Vaiz 12:13; Vəhy 4:11). Biz Yehovaya həmd edib əmrlərinə əməl edəndə Onun rəğbətini qazanırıq. O, Öz Kəlamında deyir: «Hikmətli ol, qəlbim sevinsin» (Məsəllər 27:11). Bəli, biz hikmətli olub qərarları Müqəddəs Kitaba əsasən verəndə Yaradanımızın qəlbini sevindiririk, çünki O, bizim qayğımıza qalır və istəyir ki, buyruqlarına əməl edərək xoşbəxt olaq (Əşiya 48:17, 18). Həqiqətən də, Kainatın Külli–İxtiyar Sahibinə ibadət edib, Onun ürəyini şad edən həyat tərzi sürmək insanın həyatına əsl məna qatır!

2 YARADANA YAXINLAŞMAQ

Müqəddəs Kitab bizi Allah-Taalaya yaxın olmağa səsləyir. Orada yazılıb: «Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq» (Yaqub 4:8). Bəs Külli-İxtiyar Allaha yaxınlaşmaq mümkündür? İncildə yazılıb ki, Allahı axtarsaq, tapa biləcəyik, çünki «O, heç birimizdən uzaq deyil» (Həvarilərin işləri 17:27). Müqəddəs Kitabın Allaha yaxınlaşmaqla bağlı məsləhətinə əməl etmək gələcəyiniz üçün zəmin yaradır. Hansı mənada?

Misal üçün, insan nə qədər çalışsa da, ən böyük düşmən olan ölümdən canını qurtara bilməz (1 Korinflilərə 15:26). Lakin Allah əbədiyyən Var Olandır! Onun mövcudluğu sonsuzdur və O, bəndələrinin də əbədiyyən var olmasını istəyir. Zəbur kitabında Yehovanın Onu axtaranlarla bağlı diləyi çox sadə və gözəl sözlərlə ifadə olunur: «Qoy onların ürəyi əbədi döyünsün» (Zəbur 22:26).

Allahla yaxın münasibətlərimizi qorumaq üçün nə edə bilərik? Allahın Kəlamından Onun haqda daha çox öyrənməyə davam edin (Yəhya 17:3; 2 Timutiyə 3:16). Oxuduqlarınızı anlamaq üçün Ondan kömək istəyin. Müqəddəs Kitab əmin edir ki, Allah sidqi-ürəkdən hikmət diləyənlərin duasını cavabsız qoymur (Yaqub 1:5) *. Həmçinin oradan öyrəndiklərinizi həyatınızda tədbiq etməyə çalışsanız, sözü addımlarınıza çıraq, yollarınıza işıq olacaq (Zəbur 119:105).

^ abz. 8 Allahın yer kürəsini Cənnətə çevirməklə bağlı vədi haqda ətraflı məlumat almaq üçün Yehovanın Şahidləri tərəfindən nəşr olunan «Müqəddəs Kitab təlimləri» kitabının 3-cü fəslinə baxın.

^ abz. 13 Yehovanın Şahidləri sizə Müqəddəs Kitabı başa düşməyinizə kömək edən pulsuz Müqəddəs Kitab dərsləri təklif edir. Dərslər barədə ətraflı məlumat almaq üçün jw.org saytından «Müqəddəs Kitab dərsi necə keçirilir?» adlı videonu izləyə bilərsiniz.

Allah əbədiyyən Var Olandır və O, bəndələrinin də əbədiyyən var olmasını istəyir