Kontentə keç

Mündəricatı göstər

Dəqiq peyğəmbərliyin səssiz şahidi

Dəqiq peyğəmbərliyin səssiz şahidi

MƏRKƏZİ ROMADA (İTALİYA) OLAN ZƏFƏR TAĞI DÜNYANIN DÖRD BİR TƏRƏFİNDƏN GƏLƏN ZİYARƏTÇİLƏRİ HEYRAN QOYUR. BU TAĞ ROMALILARIN SEVİMLİ İMPERATORLARINDAN BİRİNİN, TİTİN ŞƏRƏFİNƏ UCALDILIB.

«Tit Zəfər Tağı»nın içəri hissəsində məşhur bir tarixi hadisənin təsvir olunduğu iki böyük relyef var. Bu tağın çoxlarının bilmədiyi ən səciyyəvi cəhəti isə onun Müqəddəs Kitabla əlaqəsinin olmasıdır. «Tit Zəfər Tağı» Müqəddəs Kitab peyğəmbərliyinin möhtəşəm dəqiqliklə yerinə yetməsinin səssiz şahididir.

ŞƏHƏRƏ ÇIXARILMIŞ HÖKM

Eramızın birinci əsrinin əvvəllərində Roma imperiyasının ərazisi Britaniya və Qalliyadan (indiki Fransa) Misirə qədər uzanırdı. Həmin dövrdə bu ərazidə görünməmiş sabitlik və firavanlıq hökm sürürdü. Lakin bir ucqar ərazi — Yəhudiyyə əyaləti Romanın dincliyini pozurdu.

«Qədim Roma Ensiklopediyası»nda deyilir: «Roma imperiyasının tabeçiliyində olan əyalətlərin arasında Yəhudiyyə qədər romalılara qarşı nifrətlə alışıb-yanan çox az ərazi tapılardı. Elə romalılar da onlara nifrət edirdi. Yəhudilərin onların adət-ənənələrinə hörmət qoymayan yadelli rəhbərlərini görməyə gözü yox idi. Romalılar isə inadkar, tərs yəhudilərin əlindən cana gəlmişdi» («Encyclopedia of Ancient Rome»). Yəhudilərin çoxu ümid edirdi ki, bir rəhbər gəlib onları Roma imperiyasının əsarətindən qurtaracaq və İsrail üçün qızıl eranı bərpa edəcək. Lakin eramızın 33-cü ilində İsa Məsih Yerusəlimin başını qara buludların alacağını bəyan etdi.

O demişdi: «Vaxt gələcək, düşmənlərin sənin ətrafında ucu şiş payalarla istehkam quracaq, səni mühasirəyə alıb hər tərəfdən sıxışdıracaq. Onlar səni, uşaqlarını yerə çırpacaq, səndə daşı daş üstə qoymayacaq» (Luka 19:43, 44).

Ola bilsin, İsa Məsihin sözləri davamçılarını çaş-baş qoymuşdu. Bu söhbətdən iki gün sonra Yerusəlim məbədinə heyranlıqla tamaşa edən şagirdlərdən biri demişdi: «Ustad, bir bu möhtəşəm daşlara, bu binalara bax!» Deyilənə görə, məbədin bəzi daşlarının uzunluğu 11 metr, eni 5 metr, hündürlüyü isə 3 metr idi! Məsih şagirdlərinə belə demişdi: «Elə vaxt gələcək ki, burada gördüklərinizdən daş daş üstə qalmayacaq, hamısı dağılacaq» (Mark 13:1; Luka 21:6).

İsa Məsih sonra növbəti sözləri demişdi: «Qoşunların Yerusəlimi mühasirəyə aldığını görəndə bilin ki, o, tezliklə viran olacaq. Onda qoy Yəhudiyyədə olanlar dağlara qaçsın, şəhərdəkilər oradan çıxsın, ətraf kəndlərdə olanlar şəhərə girməsin» (Luka 21:20, 21). Bəs Məsihin sözləri doğruldu?

ŞƏHƏRİN SÜQUTU

Məsihin sözlərindən 33 il keçmişdi. Yəhudilər hələ də romalıların əsarətindən inildəyirdilər. Eramızın 66-cı ilində Yəhudiyyənin romalı valisi Qessiy Floris məbədin xəzinəsini talan edəndə nifrətlə alışıb yanan yəhudilərin səbri tarıma çəkilir. Çox keçmir ki, yəhudi döyüşçüləri Yerusəlimdə toplaşır və yerli Roma qarnizonuna hücum çəkib öz müstəqilliyini elan edir.

Təxminən 3 aydan sonra Sestiy Qallın başçılığı altında 30 000-dən çox Roma qoşunu qiyamı yatırmaq üçün Yerusəlimə hücum edir. Romalılar qısa müddət ərzində şəhərə daxil olub məbədin bayır divarının altını qazmağa başlayır. Lakin sonra onlar naməlum səbəbdən geri çəkilir. Buna sevinən yəhudi qiyamçıları dərhal onları təqib etməyə başlayır. Məsihin davamçıları romalıların və yəhudi qiyamçıların şəhərdən çıxdığını görüb, onun dediyi kimi davranırlar: Yerusəlimdən çıxıb İordan çayının o tayında yerləşən dağlara qaçırlar (Mətta 24:15, 16).

Növbəti il romalılar Yəhudiyyəyə yenidən yürüş edirlər. Bu dəfə sərkərdə Vespasianla oğlu Titin başçılığı altında. Lakin eramızın 68-ci ilində imperator Neronun ölüm xəbərindən sonra Vespasian imperator taxtına çıxmaq üçün Romaya qayıdır və oğlu Titə təxminən 60 000-lik ordu ilə Yəhudiyyəyə yürüşü başa çatdırmağı tapşırır.

Eramızın 70-ci ilinin iyun ayında Titin əmri ilə əsgərlər Yəhudiyyə ərazisindəki ağacları kəsib Yerusəlim ətrafında 7 kilometr uzunluğunda ucu şiş payalardan divar çəkirlər. Üç aydan sonra romalılar şəhəri və məbədi talan edib yandırırlar və beləcə, Məsihin dediyi kimi, daş daş üstə qalmır (Luka 19:43, 44). Ən aşağı statistik göstəriciyə görə, həmin vaxt «Yerusəlimdə və ölkənin qalan hissəsində yarım milyona yaxın insan həlak olub».

İMPERATOR TRİUMFU

Eramızın 71-ci ilində Tit İtaliyaya qayıdanda romalılar onu böyük təntənə ilə qarşılayırlar. Həmin gün Roma əhalisi paytaxtda indiyənə qədər keçirilmiş ən böyük triumf mərasimlərindən birini seyr edirdi.

Roma küçələri boyu nümayiş olunan saysız-hesabsız qənimətlər camaatı heyran qoymuşdu. Əhali gəmilərə, müharibənin səhnələrinin təsvir olunduğu təkərli nəhəng platformalara və Yerusəlimin məbədindən qarət olunmuş əşyalara şadyanalıqla tamaşa edirdi.

Eramızın 79-cu ilində Vespasian öldükdən sonra Tit imperator olur. Lakin üstündən iki il keçməmiş qəflətən ölür. Onun yerinə qardaşı Domisian taxta çıxır və dərhal Titin şərəfinə zəfər tağı ucaldır.

ZƏFƏR TAĞI BU GÜN

Romada olan «Tit Zəfər Tağı» bu gün

Bu gün «Tit Zəfər Tağı» hər il Romaya ziyarətə gələn yüz minlərlə insanı heyran edir. Bəziləri bu tağa möhtəşəm incəsənət nümunəsi kimi baxır, digərləri onu Roma imperiyasının əzəmətinin təcəssümü kimi görür. Bir başqalarına görə, o, Yerusəlimin və məbədin süqutuna ucaldılmış baş daşıdır.

Allahın Kəlamını diqqətlə oxuyan kəslər üçün isə «Tit Zəfər Tağı» daha böyük məna daşıyır. O, Müqəddəs Kitab peyğəmbərliklərinin dəqiq və etibarlı olduğunu sübut edən və bununla, onların Allahdan ilham aldığını təsdiq edən səssiz şahiddir (2 Butrus 1:19—21).