Kontentə keç

Mündəricatı göstər

Siz yer üzündə əbədi yaşaya bilərsiniz

Siz yer üzündə əbədi yaşaya bilərsiniz

NECƏ DƏ MÖHTƏŞƏM ÜMİDDİR! Yaradanımız bizə əbədi həyat vəd edib, elə burada, yer üzündə. Bu, çoxlarına inandırıcı gəlmir. Onlar deyir ki, «bir gün yaranan bir gün ölməlidir, bu, həyatın qanunudur». Başqaları isə düşünür ki, əbədi yaşamaq mümkündür, amma bu dünyada yox, öləndən sonra göyə gedəndə. Bəs siz bu haqda nə düşünürsünüz?

Bu suala cavab verməzdən öncə, gəlin Müqəddəs Kitabın növbəti üç suala verdiyi cavabı araşdıraq: İnsanın necə yaradılması onun nə qədər ömür sürməli olduğu barədə nə deyir? Allahın Yer kürəsi və bəşəriyyətlə bağlı əzəli niyyəti nə idi? Necə oldu ki, insanlar ölməyə başladı?

İNSAN MÜKƏMMƏL YARADILIB

Allahın yer üzündə yaratdığı bütün varlıqların ən alisi insandır. Hansı cəhətdən? Müqəddəs Kitabda deyilir ki, yalnız insan Allahın «bənzərində» yaradılıb (Yaradılış 1:26, 27). Bu o deməkdir ki, insan Allahın məhəbbət və ədalət kimi sifətlərini əks etdirən xüsusiyyətlərə sahibdir.

Bundan əlavə, insan düşünə və mülahizə yürüdə bilir, onun pisi yaxşıdan ayırmaq qabiliyyəti, Allaha yaxın olmaq istəyi var. Elə bu səbəbdən biz Kainatın möhtəşəmliyini, təbiət möcüzələrini, həmçinin incəsənətin, musiqinin, poeziyanın gözəlliyini duya bilirik. Hər şeydən ziyadə, insanlar Yaradana ibadət etmək kimi nadir qabiliyyətə malikdir. Bütün bunlar insanla yer üzündə yaradılmış digər varlıqlar arasında ölçüyəgəlməz bir fərqin olduğunu göstərir.

Odur ki, düşünün: Əgər Allah bizi qısa ömür sürmək üçün yaratsa idi, bizə belə gözəl xüsusiyyətlər və onları məhdudiyyətsiz dərəcədə inkişaf etdirmək qabiliyyəti verərdi? Həqiqət odur ki, Allah insana bu mükəmməl bacarıqları yer üzündə əbədiyyət boyu həyatdan zövq ala bilməsi üçün verib.

ALLAHIN ƏZƏLİ NİYYƏTİ

Bəzi insanlar hesab edir ki, Allah insanı yer üzündə əbədi yaşamaq üçün yaratmayıb. Onlar iddia edirlər ki, yaşadığımız bu dünyaya müvəqqəti sınaq üçün gəlirik və sınaqdan yaxşı çıxan insanlar göydə, Allahın dərgahında əbədi həyat qazanır. Əgər bütün bunları həqiqət adlandırsaq, onda belə çıxır ki, bu dünyada baş alıb gedən pisliklərin və bəlaların səbəbkarı Allahdır? Lakin bu, Allahın fitrətinə tamamilə zidd olardı. Müqəddəs Kitabda yazılıb: «Bütün yolları haqq, nahaq iş görməyən etibarlı Allah. Adildir, haqdır O» (Qanunun təkrarı 32:4).

Müqəddəs Kitabda Allahın yer üzü ilə bağlı əzəli niyyəti haqda açıq-aydın yazılıb: «Göylər Yehovanındır, yeri isə bəşər oğullarına verib» (Zəbur 115:16). Bu ayədən də gördüyümüz kimi, Allah Yer kürəsini insanların gözəl, daimi evi olması üçün yaradıb. Onları hər şeylə təmin edib ki, mənalı və əbədi ömür sürsünlər (Yaradılış 2:8, 9).

«Göylər Yehovanındır, Yeri isə bəşər oğullarına verib» (Zəbur 115:16).

Müqəddəs Kitabda Allahın insanlarla bağlı niyyəti də aydın göstərilir. Allah Adəmlə Həvvaya belə bir tapşırıq vermişdi: «Bütün yer üzünü doldurun və ona sahib olun... Yerdəki digər canlıların üzərində hökmranlıq edin» (Yaradılış 1:28). Adəmlə Həvvaya yaşadıqları yerə qulluq edib bütün yer üzünü cənnətə çevirmək şərəfi nəsib olmuşdu. Bəli, onların gələcək övladları ilə birgə göydə yox, yer üzündə əbədi yaşamaq imkanı var idi.

İNSAN NƏ ÜÇÜN ÖLÜR?

Bəs onda insanlar nə üçün ölür? Müqəddəs Kitabda deyilir ki, Allahın yaratdığı ruhani varlıqlardan biri, sonradan Şeytan İblis adlandırılan üsyankar mələk Allahın niyyətini pozmağa cəhd göstərir. Necə?

Şeytan Adəmlə Həvvanı ona qoşulub Allaha üsyan etməyə sövq etdi. O iddia etdi ki, Allah onlardan yaxşı bir şeyi gizlədir, əslində onlar özləri də nəyin yaxşı nəyin pis olduğuna qərar verə bilər. Adəmlə Həvva Şeytanın tərəfinə keçib Allaha üz çevirdilər. Bəs bu, nə ilə nəticələndi? Allahın xəbərdar etdiyi kimi, onlar öldülər. Adəmlə Həvva yer üzü cənnətdə əbədi yaşamaq imkanından məhrum oldular (Yaradılış 2:17; 3:1—6; 5:5).

Adəmlə Həvvanın üsyanının bədəlini onlardan törəyən bütün insanlar ödəyir. Bu barədə Allahın Kəlamında yazılıb: «Günah bir adam [Adəm] vasitəsilə, ölüm də günah vasitəsilə dünyaya girdi. Beləcə, ölüm bütün adamlara keçdi» (Romalılara 5:12). Gördüyümüz kimi, ölüm Allahın dərgahında öncədən planlaşdırılmış yazı deyil. İnsanlar Adəmlə Həvvanın ötürdüyü günah və ölüm ucbatından ölür.

SİZ YER ÜZÜNDƏ ƏBƏDİ YAŞAYA BİLƏRSİNİZ

Ədən bağında baş verən üsyan Allahın insanlarla və bəşəriyyətlə bağlı əzəli niyyətini dəyişmədi. Allah pak məhəbbətindən və ədalətdən irəli gələrək bizləri ölüm və günahın əsarətindən azad etmək üçün bir tədbir gördü. Müqəddəs Kitabda yazılıb: «Günahın ödədiyi haqq ölümdür, Allahın verdiyi ənam isə Ağamız Məsih İsa sayəsində əbədi həyatdır» (Romalılara 6:23). Məhəbbətli Allahımız «[İsa Məsihi]... fəda etdi. Bunu ona görə etdi ki, ona iman edənlər məhv olmasın, onların əbədi həyatı olsun» (Yəhya 3:16). İsa Məsih özünü könüllü olaraq fidyə verərək Adəmə görə itirilən hər şeyi geri qaytardı a.

Allahın yer üzünü Cənnətə çevirməklə bağlı niyyəti tezliklə gerçəkləşəcək. Siz də Cənnətdə əbədi yaşaya bilərsiniz. Bunun üçün İsa peyğəmbərin məsləhətinə əməl etmək lazımdır: «Dar qapıdan girin, çünki məhvə aparan qapı enli, yol isə genişdir və çox adam bu yolla gedir. Amma həyata aparan qapı dar, yol isə ensizdir və bu yolu az adam tapır» (Mətta 7:13, 14). Bəli, gələcəyiniz öz əlinizdədir. Bəs siz nə edəcəksiniz?

a Fidyənin sizə hansı nemətlər bəxş etdiyi barədə ətraflı məlumat əldə etmək üçün Yehovanın Şahidləri tərəfindən dərc olunan «Əbədi xoşbəxt həyat!» kitabının 27-ci dərsinə nəzər sala bilərsiniz. Kitabı həmçinin www.pr418.com saytından onlayn oxumaq və pulsuz yükləmək mümkündür.