Kontentə keç

Mündəricatı göstər

İnsan əzabının sonu yaxındır

İnsan əzabının sonu yaxındır

«Ey Yehova, nə vaxtadək imdad diləyəcəyəm, Sənsə eşitməyəcəksən? Nə vaxtadək zülm əlindən dad edəcəyəm, Sənsə qurtarmayacaqsan?» (Həbquq 1:2, 3). Bu sözləri Allahın lütfünü qazanmış Həbquq peyğəmbər demişdi. Onun bu yalvarışı imanının az olduğunu göstərirdi? Xeyr! Allah Həbquq peyğəmbəri bir daha arxayın etdi ki, əzab-əziyyətə son qoyacağı vaxtı artıq təyin edib (Həbquq 2:2, 3).

Özünüz, ya da əziz adamınız əzab çəkəndə düşünə bilərsiniz ki, Allah nəyə görə hələ də bu məsələyə bir əncam çəkməyib. Amma görün Müqəddəs Kitabda nə deyilir: «Yehova bəzilərinin düşündüyü kimi, Öz vədini yerinə yetirməyə gecikmir. Xeyr! O, sizə səbir edir, çünki heç kəsin məhv olmasını istəmir, əksinə, istəyir ki, hamı tövbəyə gəlsin» (2 Butrus 3:9).

ALLAH İNSAN ƏZABINA NƏ VAXT SON QOYACAQ?

Çox tezliklə! İsa peyğəmbər bir nəsildən söz açmışdı. O demişdi ki, bu nəsil axırzamanı səciyyələndirən və müxtəlif hadisələri özündə birləşdirən əlamətin şahidi olacaq (Mətta 24:3—42). Peyğəmbərin söz açdığı axırzaman * əlamətinin bizim günlərimizdə qabarıq şəkildə görünməsi onu göstərir ki, Allah mütləq yer üzündəki hadisələrə müdaxilə edəcək.

Bəs Allah bunu necə edəcək? İsa peyğəmbər yer üzündə olanda göstərdi ki, Allah bəşəriyyətin əzablarını aradan qaldırmağa qadirdir. Gəlin onun göstərdiyi bəzi möcüzələrə baxaq.

Təbii fəlakət. İsa peyğəmbər şagirdləri ilə birgə Cəlilə dənizində qayıqla üzərkən güclü fırtına qopdu, qayıq az qaldı batsın. İsa peyğəmbər fırtınanı ram edərək göstərdi ki, həm o, həm də Allah təbii qüvvələr üzərində ixtiyar sahibidir (Koloslulara 1:15, 16). Peyğəmbərin «Dayan! Sakit ol!» kəlməsi ilə «külək yatdı, ətrafa dərin sükut çökdü» (Mark 4:35—39).

Xəstəlik. İsa peyğəmbəri kor və topal insanları, epileptikləri, cüzamlıları və hər cür xəstəni sağaldan insan kimi tanıyırdılar. Allahın Kəlamında deyilir: «İsa... bütün xəstələri sağaltdı» (Mətta 4:23, 24; 8:16; 11:2—5).

Qıtlıq. İsa peyğəmbər Allahın ona verdiyi qüdrətlə az miqdarda qidanı çoxaltmışdı. Müqəddəs Kitabda deyilir ki, o, iki dəfə minlərlə insanı doyurmuşdu (Mətta 14:14—21; 15:32—38).

Ölüm. Müqəddəs Kitabda İsa peyğəmbərin Allahdan aldığı qüdrətlə üç nəfəri diriltdiyindən danışılır. Bu, açıq-aşkar göstərir ki, Yehova Allah ölümü yox etmək qüdrətindədir. İsa peyğəmbər hətta dörd günün ölüsünü həyata qaytarmışdı (Mark 5:35—42; Luka 7:11—16; Yəhya 11:3—44).

^ abz. 5 Axırzamanla bağlı ətraflı məlumat almaq üçün «Əbədi xoşbəxt həyat!» kitabının 32-ci dərsinə baxın. Yehovanın Şahidləri tərəfindən nəşr olunan bu kitabı www.pr418.com saytından yükləyə bilərsiniz.