Kontentə keç

Mündəricatı göstər

Nuh, Dənyal və Əyyub kimi Yehovanı yaxşı tanıyırıq?

Nuh, Dənyal və Əyyub kimi Yehovanı yaxşı tanıyırıq?

«Şər adamlar ədalət nədir bilməz, amma Yehovanı axtaran kəslər hər şeyi dərk edər» (MƏS. 28:5).

NƏĞMƏ: 126, 150

1—3. a) Yaşadığımız zəmanədə Yehovaya sadiq qalmağa bizə nə kömək edə bilər? b) Bu məqalədə nə barədə danışılacaq?

YAŞADIĞIMIZ zəmanə sonuna doğru irəlilədikcə şər insanlar «alaq otu kimi» çoxalır (Zəb. 92:7). Buna görə də insanların Allahın əxlaq qanunlarına məhəl qoymadığını görəndə biz təəccüblənmirik. Müqəddəs Kitab bizi «əqlən... yetkin», «pisliyə qarşı isə körpə» olmağa səsləyir. Bəs bu cür pozulmuş cəmiyyətdə yaşaya-yaşaya biz buna necə nail ola bilərik? (1 Kor. 14:20).

2 Cavabı məqalənin əsas ayəsindən tapmaq olar. Ayənin ikinci hissəsində deyilir: «Yehovanı axtaran kəslər hər şeyi dərk edər» (Məs. 28:5). Burada «hər şey» deyəndə Allahı razı salmaq üçün lazım olan biliklər nəzərdə tutulur. Oxşar fikrə Məsəllər 2:7, 9 ayələrində də rast gəlinir. 7-ci ayədə deyilir ki, «Allah hikməti dürüst adamlar üçün qoruyur». 9-cu ayə fikri belə davam etdirir: «Beləcə, sən doğruluğu, haqq-ədaləti, xeyrin bütün yollarını dərk edərsən».

3 Allah Öz hikmətindən Nuh, Dənyal və Əyyub peyğəmbərə də pay vermişdi (Hizq. 14:14). Yehovanın bugünkü xidmətçilərinin də bu hikmətə sahib olmaq imkanı var. Bəs şəxsən biz Allahı razı salmaq üçün lazım olan «hər şeyi» dərk edirikmi? Bunun üçün ilk növbədə Yehova barədə dəqiq bilik almaq lazımdır. Gəlin bu fikri nəzərimizdə saxlayaraq növbəti sualları araşdıraq: 1) Nuh, Dənyal və Əyyub Yehova haqqında haradan bilik almışdı? 2) Bu bilik onlara necə kömək etmişdi? 3) Onlar kimi iman sahibi olmaq üçün nə etməliyik?

ALLAHSIZ DÜNYADA ALLAHIN YOLU İLƏ GEDƏN NUH

4. Nuh Yehova haqqında haradan bilik almışdı və bu bilik ona necə kömək etmişdi?

4 Nuh Yehova haqda haradan bilik almışdı? Bəşəriyyətin təməli qoyulandan bu yana mömin insanlar Yaradan haqqında elm almağa can atıblar. Onlar xilqəti müşahidə edərək, mömin insanlarla ünsiyyətdə olaraq, həmçinin ilahi qanunlara uyğun yaşayıb bunun faydasını görərək Xaliqi tanımışlar (Əşy. 48:18). Nuh peyğəmbər də yaradılışı seyr edərək nəinki Allahın varlığına əmin olmuş, həmçinin Onun gözəgörünməz xüsusiyyətləri, məsələn, «əbədi qüdrəti və ilahiliyi» barədə şəhadət almışdı (Rom. 1:20). Beləcə, onun qəlbində Allaha güclü iman yetişmişdi.

5. Nuh peyğəmbər Allahın bəşəriyyətlə bağlı niyyətini haradan bilirdi?

5 Müqəddəs Kitabda deyilir ki, «iman insanda sözü eşidəndən sonra yaranır» (Rom. 10:17). Bəs Nuh peyğəmbər Yehova haqqında haradan eşitmişdi? Yəqin ki, qohum-əqrəbasından, məsələn, mömin insan olan atası Ləmekdən. (Məqalənin əvvəlindəki şəklə baxın.) Yeri gəlmişkən, Ləmekin həyatı Adəmin həyatı ilə kəsişmişdi. Sözsüz, Nuhun babası Mətuşələh və Nuh doğulandan 366 il sonra ölən ulu babası Yarəd də ona Allah barədə danışmışdılar * (Luka 3:36, 37). Ehtimal ki, bu insanlar və onların həyat yoldaşları Nuha insanın yaranması, Allahın yer üzü ilə bağlı niyyəti və Ədəndə baş verən üsyan barədə nəql etmişdilər. Bu üsyanın acı nəticələrini Nuh da öz gözləri ilə görürdü (Yar. 1:28; 3:16—19, 24). Öyrəndikləri Nuhun ürəyini riqqətə gətirib onu Allaha ibadətə təşviq etmişdi (Yar. 6:9).

6, 7. Ümid Nuhun imanını necə möhkəmləndirmişdi?

6 İmanı möhkəmləndirən amillərdən biri də ümiddir. Yəqin ki, Nuh öz adının ümid hasil etdiyini biləndə imanı möhkəmlənmişdi. Onun adının təxmini mənası «rahatlıq, təsəlli» deməkdir (Yar. 5:29, haş.). Atası Ləmek Nuha ad verəndə Allahın ilhamı ilə belə demişdi: «Bu uşaq Yehovanın lənətlədiyi torpağa görə çəkdiyimiz əziyyəti və əlimizin zəhmətini yüngülləşdirəcək». Nuhun ümid yeri Allah idi. Ondan əvvəl yaşamış Habil və Hənuq kimi, o da ilanın başını əzəcək «övladın» peyda olacağına iman edirdi (Yar. 3:15).

7 Nuh Yaradılış 3:15 ayəsində yazılmış peyğəmbərlik barədə təfərrüatları bilməsə də, bu sözlərdəki qurtuluş xəbərinə ümid bəsləyirdi. Hənuq da bu peyğəmbərlikdəki sözlərə oxşar xəbər çatdırmışdı. O, xəbər vermişdi ki, Allah günah sahibləri üzərində hökmünü icra edəcək (Yhd. 14, 15). Hənuqun bu sözləri, Armageddonda tam şəkildə yerinə yetəcək bu peyğəmbərlik şəkk-şübhəsiz Nuhun imanını və ümidini möhkəmləndirmişdi.

8. Yehova haqda dəqiq bilik Nuha necə kömək etmişdi?

8 Yehova barədə aldığı bilik Nuha necə kömək eləmişdi? Bu bilik ona iman və ilahi hikmət bəxş etmiş, bu da öz növbəsində onu bir çox bəladan, xüsusən də, ruhani zərərdən qorumuşdu. Məsələn, Nuh peyğəmbər Allahın yolu ilə getdiyi üçün allahsız insanlara qoşulmur, onlara qaynayıb-qarışmırdı. Allaha imanı onu insan cildinə girmiş cinlərin təsirindən qorumuşdu. Bu cinlər fövqəlbəşər gücləri ilə imansız, sadəlövh insanları valeh qoymuş, hətta insanların sitayiş obyektinə çevrilmişdilər, amma peyğəmbəri haqq yoldan döndərə bilməmişdilər (Yar. 6:1—4, 9). Nuh həmçinin törəyib çoxalaraq yer üzünü doldurmaq tapşırığının insanlara verildiyini bilirdi (Yar. 1:27, 28). Buna görə də, o, ruhani varlıqla qadın arasındakı yaxınlığın qeyri-təbii və günah olduğunu dərk edirdi. Bu yaxınlığın nəticəsində anormal uşaqlar dünyaya gələndə bu münasibətin düzgün olmadığı açıq-aydın əyan oldu. Bir müddət sonra Yehova Allah Nuha yer üzünü suya qərq edəcəyini xəbər verəndə o, bu sözlərə iman gətirib ailəsinin xilası üçün gəmi tikdi (İbr. 11:7).

9, 10. Nuh peyğəmbərin imanını necə örnək götürə bilərik?

9 Nuh kimi iman sahibi olmaq üçün nə etməliyik? Ən başlıcası biz Allahın Kəlamını dərindən araşdırmalı, öyrəndiyimiz bilikləri ürəyimizin süzgəcindən keçirməli, bu biliyin bizi formalaşdırmasına və bələdçilik etməsinə izin verməliyik (1 But. 1:13—15). Nəticədə bizdə yaranan iman və ilahi hikmət bizi Şeytanın hiyləli fəndlərindən, eləcə də bu şər dünyanın təsirindən qoruyacaq (2 Kor. 2:11). Bu dünya insanlara zorakılığı və əxlaqsızlığı sevdirir, onları ancaq cismin istəyi ilə oturub-durmağa sövq edir (1 Yəh. 2:15, 16). Onun təsiri altında olan insanlar Allahın gününün yaxın olduğuna şəhadət edən sübutları danırlar. İmanımız zəif olarsa, bu düşüncə bizə də sirayət edə bilər. Diqqət yetirin ki, İsa Məsih Nuhun dövrünü bizim zəmanəyə misal gətirəndə əlamət kimi zorakılıq və əxlaqsızlıqdan yox, məhz ruhani soyuqluqdan danışmışdı. (Mətta 24:36—39 ayələrini oxuyun.)

10 Odur ki, gəlin özümüzdən soruşaq: həyat tərzimdən demək olarmı ki, mən Yehovanı yaxından tanıyıram? Özüm Allahın saleh normalarına uyğun yaşadığım kimi, başqalarını da buna səsləyirəm? Bu suallara verdiyimiz cavablardan Allahın yolu ilə gedib-getmədiyimiz aydın olacaq.

BÜTPƏRƏTLƏR ARASINDA İLAHİ HİKMƏT SAHİBİ OLAN DƏNYAL

11. a) Dənyalın gənc yaşlarından Allahı sevməsi onun valideynləri barədə nə deyir? b) Dənyaldakı hansı xüsusiyyətləri özünüzdə görmək istəyərdiniz?

11 Dənyal Yehova haqda haradan bilik almışdı? Görünür, Dənyala Yehova Allahı və Onun Kəlamını sevdirən valideynləri olmuşdu. Dənyal bütün ömrü boyu bu sevgini qəlbində yaşatmışdı. O, hətta ahıl yaşlarında belə, Müqəddəs Yazıları dərindən araşdırırdı (Dən. 9:1, 2). Peyğəmbərin Dənyal 9:3—19 ayələrində yazılmış hərarətli və səmimi duasından görmək olar ki, o, Yehovanı yaxından tanıyırdı və onun Allahın israillilərlə münasibəti barədə ətraflı biliyi var idi. Məsləhət görərdik, bu parçanı oxuyub təhlil edəsiniz və növbəti sualın üzərində düşünəsiniz: «Buradan Dənyal barədə nə öyrənirəm?»

12—14. a) Dənyalın ilahi hikmətə sahib olduğu nədən görünür? b) Allaha sadiq qaldığı üçün Dənyal peyğəmbər hansı köməyi aldı?

12 Yehova barədə aldığı bilik Dənyala necə kömək eləmişdi? Təsəvvür edin, mömin yəhudi üçün bütpərəst ölkə olan Babildə yaşamaq necə böyük sınaq idi. Çünki Yehova Allah yəhudilərə belə buyruq vermişdi: «Sizi sürgün etdiyim şəhərin əmin-amanlığı üçün çalışın» (Ərm. 29:7). Digər tərəfdən isə Qanun yəhudilərdən Allaha tam sədaqət göstərməyi tələb edirdi (Çıx. 34:14). Bəs Dənyala bu iki tələb arasında qızıl ortanı tapmağa nə kömək etmişdi? İlahi hikmət sayəsində o başa düşürdü ki, ilk növbədə Yehovaya tabe olmalıdır, sonra hökmdara. İsa Məsih də davamçılarına eyni prinsipə əməl etməyi öyrətmişdi (Luka 20:25).

13 Gəlin Dənyalın imanını sınağa çəkən vəziyyətlərdən birini araşdıraq. Bir gün şah fərman verdi ki, otuz gün ərzində, şahdan başqa kimsəyə, ya allaha, ya insana üz tutub yalvaran adam ölümlə cəzalanacaq. (Dənyal 6:7—10 ayələrini oxuyun.) Dənyal vəziyyətdən çıxmaq üçün düşünə bilərdi: «Fərman həmişəlik verilməyib ki, otuz gün birtəhər dözmək olar». Amma o, ibadəti şahın fərmanından uca tutdu. Təbii, o elə dua edə bilərdi ki, heç kəs onu görməsin. Lakin peyğəmbər bilirdi ki, yan-yörəsindəki insanlar onun gündə üç dəfə dua etdiyindən xəbərdardır. Buna görə də, həyatı təhlükədə olsa da, o, həmişəki kimi Allaha dua etdi. O, guya şahın fərmanına əməl edirmiş kimi təəssürat belə yaratmağa çalışmadı.

14 Yehova Allah möcüzə göstərib sədaqətinə və cəsarətinə görə Dənyalı işgəncəli ölümdən qurtardı. Və bu xəbər Mada-Fars imperiyasının dörd bir yanına yayılaraq Yehovanın adına şərəf gətirdi (Dən. 6:25—27).

15. Dənyal peyğəmbər kimi güclü imana sahib olmaq üçün nə edə bilərik?

15 Dənyal kimi iman sahibi olmaq üçün nə etməliyik? Bunun üçün, sadəcə, Allahın Kəlamını oxumaq kifayət deyil, vacibdir ki, oxuduqlarımızın «mənasını dərk» edək (Mət. 13:23). Sözsüz ki, hər birimiz Yehovanın əqlini dərk etmək, Müqəddəs Kitab prinsiplərinin ruhunu duymaq istəyirik. Bunun üçün isə oxuduqlarımızı təhlil edib nəticə çıxarmaq mütləqdir. Daim dua etmək də olduqca vacibdir, xüsusi ilə də, çətinə düşəndə və sınaqlarla üzləşəndə. İmanla dua edib Yehovadan hikmət və güc istəsək, əmin ola bilərik ki, O, səxavətli əlini açıb hikmət və gücündən bizə bolluca pay verəcək (Yaq. 1:5).

HƏM YAXŞI, HƏM PİS GÜNDƏ ALLAHIN QANUNLARI İLƏ YAŞAYAN ƏYYUB

16, 17. Əyyub Yehova barədə haradan bilik almışdı?

16 Əyyub Yehova haqda haradan bilik almışdı? Bildiyimiz kimi, Əyyub israilli deyildi, amma Yehovanı tanıyan və Onun bəşəriyyətlə bağlı niyyətindən agah olan İbrahim, İshaq və Yaqub peyğəmbərin uzaq qohumu idi. Görünür, Əyyub onların bildiyi bu məlumatın çoxunu necəsə eşitmişdi (Əyy. 23:12). Əyyubun Allaha «qulağım Sənin sorağını almışdı» deməsi buna sübutdur (Əyy. 42:5). Yehovanın Əyyubu tərifləyərək Onun haqqında həqiqəti danışdığını deməsi də bunu təsdiq edir (Əyy. 42:7, 8).

Xilqəti seyr edib gözəgörünməz Xaliqi görməyə çalışsaq, güclü iman sahibi olarıq (17-ci abzasa baxın)

17 Allahı Əyyuba tanıtdıran daha bir vasitə gözəgörünməz Xaliqin varlığını əks etdirən xilqət idi (Əyy. 12:7—9, 13). Əyyubla söhbətində həm Yehova, həm də dostu Əlihu Uca Yaradanın yanında insanın nə qədər kiçik olduğunu göstərmək üçün məhz xilqəti misal gətirmişdilər (Əyy. 37:14; 38:1—4). Yehovanın sözləri Əyyubun ürəyinin dərinliyinə işləmiş, onu bu sözləri deməyə sövq etmişdi: «İndi bildim ki, Sən hər şeyə qadirsən, qət etdiyin elə bir şey yoxdur ki, gerçəkləşdirə bilməyəsən... Torpaq içində, kül içində tövbə edirəm» (Əyy. 42:2, 6).

18, 19. Əyyub peyğəmbərin Yehovanı yaxından tanıdığını nə təsdiq edir?

18 Yehova barədə aldığı bilik Əyyuba necə kömək eləmişdi? Əyyub peyğəmbər ilahi prinsipləri dərindən başa düşürdü. O, Yehovanı yaxından tanıyır və bu biliyə müvafiq davranırdı. Misal üçün, o başa düşürdü ki, başqaları ilə pis rəftar edən insan Allahı sevdiyini iddia edə bilməz (Əyy. 6:14). Əyyub özünü başqalarından üstün tutmurdu, varlıya da, kasıba da eyni gözlə baxırdı. O deyirdi: «Məgər ana bətnində məni yaradan onları da yaratmayıb?» (Əyy. 31:13—22). Göründüyü kimi, var-dövləti, cəmiyyətdəki mövqeyi onun nə özünə, nə də insanlara münasibətinə təsir etmişdi. Bu gün varlı-hallı adamların arasında Əyyub kimisini çıraqla axtarmaq lazımdır!

19 Əyyub, yalnız Allaha səcdə qılar, qəlbində belə, Yaradanından başqa bir şeyə pərəstiş etməzdi. O bilirdi ki, maddiyyata vurğunluq da daxil olmaqla, bütpərəstliyin istənilən forması «göydəki Allahı» danmağa bərabərdir. (Əyyub 31:24—28 ayələrini oxuyun.) Əyyub ailəyə müqəddəs bir ittifaq kimi yanaşırdı. O hətta gözləri ilə «əhd bağlamışdı» ki, heç bir qıza pis gözlə baxmayacaq (Əyy. 31:1). Maraqlı məqamdır ki, Əyyubun yaşadığı dövrdə Yehova kişinin bir neçə arvad almasına izin verirdi. Yəni Əyyub istəsəydi, arvadının üstünə başqa arvad ala bilərdi *. Amma görünür, o, Yehovanın Ədəndə təsis etdiyi ailə quruluşunu nümunə götürmüş, bunu özü üçün qanun etmişdi (Yar. 2:18, 24). Əyyubdan təxminən 1600 il sonra İsa Məsih xalqı eyni nikah və əxlaq prinsiplərinə müvafiq yaşamağa çağırırdı (Mət. 5:28; 19:4, 5).

20. Yehovanı yaxından tanıyıb Onun normalarını yaxşı dərk etmək bizə dost və istirahət seçimində düzgün qərar verməyə necə kömək edə bilər?

20 Əyyub kimi iman sahibi olmaq üçün nə etməliyik? Yenə də əsas amil Yehova barədə dəqiq biliyə yiyələnib həyatın istənilən sahəsində bu biliyə uyğun addım atmaqdır. Məsələn, götürək Davud peyğəmbərin «Yehova... zorakılığı sevənlərə nifrət edir» və «yalançılarla oturub-durmuram» deyə yazdığı sözləri. (Zəbur 11:5; 26:4 ayələrini oxuyun.) Bu sözlər bizə Allahın baxışı haqda nə açıqlayır? Bu suala aldığımız cavabın işığında dəyərlərimizi, İnternetdən necə istifadə etdiyimizi, dost və istirahət seçimimizi təhlil etməliyik. Çıxardığımız nəticə Yehovanı nə dərəcə yaxşı tanıdığımızın göstəricisi olacaq. Fitnə-fellə dolu bu murdar zəmanədə eyibsiz qalmaq üçün biz ayırdetmə qabiliyyətini məşq etdirməliyik. Bu, bizə nəinki yaxşını pisdən ayırmağa, həmçinin düşüncəsizlər kimi yox, müdriklər kimi hərəkət etməyə kömək edəcək (İbr. 5:14; Efes. 5:15).

21. Səmavi Atamız Yehovanı razı salmaq üçün lazım olan bilikləri dərk etməyə bizə nə kömək edə bilər?

21 Nuh, Dənyal və Əyyub peyğəmbər Allahı sidqi-ürəkdən axtardıqları üçün O, Özünü onlara aşkar etmişdi. Yehova onlara «hər şeyi» dərk etməyə, yəni Onu razı salmaq üçün lazım olan bilikləri qavramağa kömək etmişdi. Məhz buna görədir ki, onlar salehlik nümunəsi olmuş və həyatda uğur qazanaraq mənalı həyat sürmüşdülər (Zəb. 1:1—3). Bəli, tam əminliklə deyə bilərik ki, Nuh, Dənyal və Əyyub Yehovanı yaxından tanıyırdı. Bəs bizim haqqımızda nə demək olar? Bu gün get-gedə artan ruhani işığın sayəsində Yaradanımızı daha da yaxından tanımaq imkanımız var (Məs. 4:18). Odur ki, gəlin Onun Kəlamını dərindən araşdıraq, oxuduqlarımızı təhlil edib nəticə çıxaraq və duada müqəddəs ruh diləyək. Bu yolla biz səmavi Atamıza daha yaxın olacaq və bu allahsız dünyada hikmətlə yaşayacağıq (Məs. 2:4—7).

^ abz. 5 Nuhun ulu babası Hənuq da «Allahın yolu ilə gedirdi». Amma Nuh doğulandan təxminən 69 il əvvəl «Allah onu apardı» (Yar. 5:23, 24).

^ abz. 19 Eyni şeyi Nuh peyğəmbər barədə də demək olar. Onun bir arvadı var idi, baxmayaraq ki, Ədən üsyanından çox keçməmiş çoxarvadlılıq yayılmağa başlamışdı (Yar. 4:19).