Kontentə keç

Mündəricatı göstər

Ruhani düşüncəli insan kimə deyilir?

Ruhani düşüncəli insan kimə deyilir?

«Qoy... Allah sizə Məsih İsanın düşüncə tərzini bəxş etsin» (ROM. 15:5).

NƏĞMƏ: 17, 13

1, 2. a) Bir çoxları ruhani düşüncəli insan olmaq barədə nə deyir? b) Bu məqalədə ruhani düşüncə ilə bağlı hansı sualları araşdıracağıq?

«RUHANİ düşüncə insana həyatdan sevinc duymağa kömək edir. Bu xüsusiyyətin sayəsində gündəlik problemlərin öhdəsindən müvəffəqiyyətlə gələ bilirəm». Bu sözləri Kanadadan olan bir bacımız deyir. Braziliyadan olan bir qardaş isə qeyd edir: «Arvadımla mən həmişə ruhani düşüncəli insan olmağa çalışdığımız üçün, 23 ildir qurduğumuz ailə həyatı çox xoşbəxt keçir». Filippindən olan başqa bir qardaş isə belə deyir: «Ruhani düşüncə mənə qəlb rahatlığı bəxş edib. Bu, mənə həmçinin bir-birindən fərqli bacı-qardaşlarla yaxşı münasibət saxlamağa kömək edir».

2 Bu sözlərdən göründüyü kimi ruhani düşüncəli insan olmağın faydaları çoxdur. Bəs ruhani düşüncəli insan olmaq və bunun xeyrini görmək üçün nə etmək lazımdır? Əvvəla Müqəddəs Kitabın ruhani düşüncəli insanı necə təsvir etdiyinə diqqət yetirməliyik. Buna görə də gəlin növbəti üç suala cavab tapaq: 1) Ruhani düşüncəli insan kimə deyilir? 2) Kimlərin nümunəsi bizə ruhani cəhətdən böyüməyə kömək edə bilər? 3) «Məsihin düşüncəsinə sahib» olmaq bizə ruhani düşüncəli insan olmağa necə kömək edə bilər?

RUHANİ DÜŞÜNCƏLİ İNSAN

3. Müqəddəs Kitab cismani düşüncəli insanla ruhani düşüncəli insan arasındakı fərqi necə təsvir edir?

3 Həvari Bulus məktublarından birində ruhani və cismani düşüncəli insanlar arasındakı fərqi təsvir etmişdi. (1 Korinflilərə 2:14—16 ayələrini oxuyun.) Onun təsvirinə əsasən, «cismani düşüncəli insan Allahın ruhuna aid şeyləri qəbul etmir, çünki onun üçün bunlar ağılsızlıqdır». «Ruhani düşüncəli insan» isə «hər şeyi tədqiq edir» və «Məsihin düşüncəsinə sahib»dir. Həvari oxucularını ruhani düşüncəli insan olmağa səsləyir. Belə isə, gəlin görək ruhani və cismani düşüncəli insan arasında daha hansı fərq var.

4, 5. Cismani düşüncəli insana hansı xüsusiyyətlər xasdır?

4 Əvvəlcə gəlin cismani düşüncəli insanı səciyyələndirən xüsusiyyətləri nəzərdən keçirək. Cismani düşüncəli insan cismin istəklərini hər şeydən üstün tutan dünyanın düşüncə tərzini mənimsəyən insandır. Bu düşüncə tərzini həvari Bulus «itaətsiz adamlarda fəaliyyət göstərən... ruh» adlandırmışdı (Efes. 2:2). Bu ruh əksər insanları hamı kimi olmağa, necə deyərlər, palaza bürünüb el ilə sürünməyə sövq edir. «Elin» isə fikri-zikri ancaq cismani şeylərdədir. Buna görə də əksəriyyət öz gözündə doğru bildiyi işləri görür, Allahın qoyduğu qayda-qanunlara uyğun yaşamaq üçün heç barmağını da tərpətmir. Həmçinin cismani düşüncəli insanın fikri-zikri vəzifədə, var-dövlətdə olur, onun üçün öz hüquqları hər şeydən üstündür.

5 Cismani düşüncəli insanı xarakterizə edən başqa bir cəhət «günahlı bədənin əməlləri»dir (Qal. 5:19—21). Həvari Bulus Korinf yığıncağına ünvanladığı məktubda cismani düşüncəyə xas bəzi cəhətləri sadalamışdı. Məsələn, o, insanlar arasında parçalanma yaratmaq, tərəfkeşlik etmək, ixtilaf salmaq, bir-birini məhkəməyə vermək, başçılığa hörmətsizlik etmək, yemək və içki məsələsində həddi aşmaq kimi hərəkətlərin adını çəkmişdi. Adətən, bu cür düşüncəli insan yanlış arzuların sınağına düşəndə mübarizə apara bilməyib təslim olur (Məs. 7:21, 22). Yəhuda öz məktubunda bu insanları «ruhanilikdən məhrum», yəni Yehovanın ruhundan məhrum adamlar adlandırmışdı (Yhd. 18, 19).

6. Ruhani düşüncəli insana hansı xüsusiyyətlər xasdır?

6 Bəs «ruhani düşüncəli insan»ı səciyyələndirən xüsusiyyətlər hansılardır? Cismani düşüncəli insandan fərqli olaraq, ruhani düşüncəli insan hər addımında Allahı düşünür. O, bir övlad kimi Yaradanına bənzəməyə can atır (Efes. 5:1). Yəni Yehovanın əqlini dərk etməyə, hər bir şeyə Onun gözü ilə baxmağa çalışır. Bu insan üçün Allah realdır. Buna görə də o, hər zaman İlahinin qayda-qanunları ilə yaşamağa can atır (Zəb. 119:33; 143:10). O, cismani əməlləri rədd edir, özündə «ruhun bəhrəsi»ni yetişdirmək üçün səy göstərir (Qal. 5:22, 23). Ruhani düşüncəli insan olmağın nə demək olduğunu daha aydın başa düşmək üçün belə bir misal çəkmək olar. Məsələn, həmişə müsbət düşünən insana pozitiv düşüncəli insan deyilir. Eləcə də, ibadəti və ibadətlə bağlı işləri hər şeydən üstün tutan insan ruhani düşüncəli insan adlanır.

7. Müqəddəs Kitabda ruhani düşüncəli insan barədə nə yazılıb?

7 Müqəddəs Kitabda ruhani düşüncəli insandan ağızdolusu danışılır. Məsələn, Mətta 5:3 ayəsində yazılıb: «Ruhani nemətlərə susayanlar nə xoşbəxtdirlər, çünki səmavi padşahlıq onlarındır» (İncil, 2010). Romalılara 8:6 ayəsi bu düşüncənin faydasını vurğulayaraq deyir: «Daima cismani istəklər haqqında düşünmək ölüm, ruhani şeylər barəsində düşünmək isə həyat və sülh gətirir». Beləliklə, biz bütün diqqətimizi ruhani şeylərə cəmləsək, həm Yaradanımızla münasibətimiz yaxşı olar, həm daxili rahatlıq taparıq, həm də gələcəkdə əbədi cənnət həyatına qovuşarıq.

8. Nəyə görə ruhani düşüncəli insan olmaq və bu düşüncəni qoruyub saxlamaq asan deyil?

8 Bizi əhatə edən cəmiyyət cismani düşüncəli olduğu üçün ruhani düşüncəli insan olmaq elə də asan deyil. Buna görə də ruhani düşüncəyə sahib olmaq və onu qoruyub saxlamaq üçün dişimizlə, dırnağımızla mübarizə aparmalıyıq. Ehtiyatlı olmalıyıq ki, ruhani düşüncəni itirməyək, yoxsa yaranan boşluğu bu dünyanın cismani düşüncəsi dolduracaq. Bəs nə edək ki, bu hal bizim başımıza gəlməsin? Ruhani cəhətdən daim irəli getmək üçün nə etməliyik?

BİZƏ NÜMUNƏ OLAN RUHANİ DÜŞÜNCƏLİ İNSANLAR

9. a) Bizə ruhani cəhətdən daim irəli getməyə nə kömək edə bilər? b) Növbəti abzaslarda kimlərin nümunəsini nəzərdən keçirəcəyik?

9 Adətən, uşaq valideynlərini müşahidə edərək və onların yaxşı nümunəsini izləyərək yetkin insan olur. Biz də ruhani cəhətdən yetkin olmaq üçün Yehova ilə yaxın dost olan insanları bir növ müşahidə etməli və onlardan nümunə götürməliyik. Cismani düşüncəli insanlar isə bizim üçün ibrət olmalıdır (1 Kor. 3:1—4). Müqəddəs Kitabda bizə həm nümunə, həm də ibrət olan insanların hadisəsi qələmə alınıb. Məqsədimiz ruhani cəhətdən yetkinləşmək olduğu üçün gəlin bizə nümunə qoyan insanlar barədə, məsələn, Yaqub peyğəmbər, Məryəm və İsa Məsih barədə danışaq.

Yaqub peyğəmbərdən hansı nümunəni götürürük? (10-cu abzasa baxın)

10. Yaqub peyğəmbərin ruhani cəhətdən yetkin insan olduğu nədən görünür?

10 Gəlin əvvəlcə Yaqub peyğəmbərin nümunəsini nəzərdən keçirək. Bizim kimi, o da həyatda çox çətinliklərlə rastlaşmışdı. O, cismani düşüncəli insan olan və onu öldürməyi qəsd edən qardaşı Eysin əlindən çox çəkmişdi. Üstəlik, fitnəkar qayınatası ona dönə-dönə kələk gəlir, onu qul əvəzinə işlətməyə çalışırdı. Ətrafında bu cür cismani düşüncəli insanlar olsa da, Yaqub ruhani cəhətdən yetkin insan idi. O, Yehovanın İbrahim peyğəmbərə verdiyi vədə inanırdı. Buna görə də bu vədin gerçəkləşməsində əsas yeri tutan ailəsinin qayğısına qalmaq üçün can qoyurdu (Yar. 28:10—15). Onun sözlərindən və davranışından görmək olar ki, Allahın qayda-qanunları və iradəsi onun zehninə həkk olmuşdu. Misal üçün, qardaşı Eys tərəfindən təhlükə görəndə o, Allaha üz tutub demişdi: «Yalvarıram, Sən Özün məni qardaşım Eysdən qoru... Axı Sən Özün demişdin ki, mənə lütf göstərəcəksən, övladlarım sahildəki qum dənələritək saysız-hesabsız olacaq» (Yar. 32:6—12). Yaqub peyğəmbər Yehovanın ona və ata-babalarına verdiyi vədə şəksiz inanır, hər məsələdə Onun iradəsinə və vədinə uyğun davranmağa çalışırdı.

Məryəmdən hansı nümunəni götürürük? (11-ci abzasa baxın)

11. Məryəmin ruhani cəhətdən yetkin insan olduğu nədən görünür?

11 İndi isə Məryəmin nümunəsinə baxaq. Sizcə, nəyə görə məhz Məryəm Məsihi dünyaya gətirmək şərəfinə layiq görülmüşdü? Sözsüz ki, ruhani düşüncəli insan olduğu üçün. Zəkəriyyə ilə İlsəbagildə olanda Məryəmin Allaha söylədiyi həmd sözlərinə diqqət yetirsək, bunu aydın görərik. (Luka 1:46—55 ayələrini oxuyun.) Bu sözlər Məryəmin Müqəddəs Yazılara dərin məhəbbətindən, Tövratı gözəl bilməsindən xəbər verir (Yar. 30:13; 1 İşm. 2:1—10; Məl. 3:12). İndi gəlin başqa bir vəziyyəti nəzərdən keçirək. Məryəm və Yusif təzəcə ailə qursalar da, İsa dünyaya gələnə qədər yaxınlıq etməmişdilər. Bu göstərir ki, onlar üçün Allahın iradəsi və qayda-qanunları cismin istəklərindən üstün idi (Mət. 1:25). Həmçinin Məryəm İsanın həyatında baş verən hadisələri diqqətlə müşahidə edirdi. O, İsanın hikmətli sözlərinə diqqətlə qulaq asır, hətta «bütün bu sözləri ürəyində qoruyub saxlayırdı» (Luka 2:51). Göründüyü kimi Allahın Məsihlə bağlı verdiyi vəd Məryəm üçün böyük əhəmiyyət daşıyırdı. Gəlin biz də Məryəmdən nümunə götürüb Allahın iradəsini həyatda hər şeydən üstün tutaq.

12. a) İsa Məsih səmavi Atasının gözəl xüsusiyyətlərini necə əks etdirirdi? b) İsa Məsihin nümunəsini izlədiyimizi necə göstərə bilərik? (Məqalənin əvvəlindəki şəklə baxın.)

12 Sizcə, ruhani düşüncəli insanların arasında ən mükəmməl nümunə kimdir? Sözsüz ki, İsa Məsih. Onun həyatını və xidmətini müşahidə etsək, görərik ki, o, həmişə Atası Yehova Allahın nümunəsini izləyirdi. Məsih Atası kimi düşünür, Onun keçirdiyi hissləri keçirir, Onun kimi davranırdı. O, Allahın iradəsinə və qayda-qanunlarına uyğun həyat sürürdü (Yəh. 8:29; 14:9; 15:10). Misal olaraq, gəlin Əşiya peyğəmbərin Yehova Allahın şəfqəti barədə yazdıqlarını Markın İsa barədə yazdıqları ilə tutuşduraq. (Əşiya 63:9; Mark 6:34 ayələrini oxuyun.) Göründüyü kimi, Məsih də şəfqət sahibi idi. Bəs biz köməyə ehtiyacı olan insanlara Məsih kimi şəfqət göstəririk? Onun kimi təbliğ etmək və şagird hazırlamaq işinə həyatımızda vacib yer ayırırıq? (Luka 4:43) Bunlar ruhani düşüncəli insana xas xüsusiyyətlərdir.

13, 14. a) Bizim dövrümüzdə yaşayan ruhani düşüncəli insanların nümunəsindən nə öyrənə bilərik? b) Həmin insanlardan bir neçəsini misal çəkin.

13 Bizim dövrdə də Məsihdən nümunə götürən ruhani düşüncəli insanlar az deyil. Onlar təbliğ işinə can yandırır, qonaqpərvərlik göstərir, şəfqət və sair xüsusiyyətlər əks etdirirlər. Hamımız kimi, onlar da zəif cəhətləri və qeyri-kamilliklə mübarizə apararaq özlərində ilahi xüsusiyyətlər yetişdirməyə çalışırlar. Gəlin görək Braziliyadan olan Reyçel bacı nə deyir: «Mən dəblə geyinməyi çox sevirdim. Buna görə də geyimimi heç də ədəbli adlandırmaq olmazdı. Amma Müqəddəs Kitabı öyrənmək məni həyatımda dəyişiklik edib ruhani düşüncəli insan olmağa təşviq etdi. Bunu etmək heç də asan deyildi, amma bu dəyişiklik mənim həyatıma xoşbəxtlik və məna qatdı».

14 Filippindən olan Reylen bacı isə başqa bir çətinlik yaşamışdı. Həyatda uğur qazanmağın yeganə yolunu ali təhsildə və yaxşı işə düzəlməkdə gördüyü üçün bacı bu məqsədlərə doğru irəliləməyi qarşısına məqsəd qoyur. O deyir: «Ruhani məqsədlərim mənim üçün əhəmiyyətini itirmişdi. Amma həyatımda nəyin isə çatışmadığını və bu şeyin işimdən qat-qat əhəmiyyətli olduğunu hiss edirdim». Reylen düşüncə tərzini dəyişdi və Yehovaya xidməti həyatında hər şeydən üstün tutmağa başladı. İndi o, Yehovanın Mətta 6:33, 34 ayələrində verdiyi vədə sidqi-ürəkdən inanır. Bacı deyir: «Əminəm ki, Yehova hər zaman mənim qeydimə qalacaq!» Yəqin, sizin yığıncaqda da həyatında bu cür dəyişikliklər etmiş bacı-qardaşlar var. Sözsüz ki, Məsihə bənzəməyə çalışan bu insanları görəndə biz də onların nümunəsini izləmək istəyirik (1 Kor. 11:1; 2 Salon. 3:7).

«MƏSİHİN DÜŞÜNCƏSİNƏ SAHİB» OLUN

15, 16. a) Məsihə bənzəmək üçün nə etməliyik? b) Məsihin düşüncəsinə bələd olmaq üçün nə edə bilərik?

15 Bəs biz Məsihə bənzəmək üçün nə etməliyik? 1 Korinflilərə 2:16 ayəsində deyilir ki, biz «Məsihin düşüncəsinə sahib» olmalıyıq. Romalılara 15:5 ayəsi bizi «Məsih İsanın düşüncə tərzi»nə yiyələnməyə səsləyir. Deməli, Məsihə bənzəmək üçün onun düşüncə tərzini öyrənməli, şəxsiyyəti ilə yaxından tanış olmalıyıq. Bundan sonra isə onun izləri ilə getməliyik. Məsihin fikri, amalı Yehova Allahla münasibətlərinə cəmlənmişdi. Odur ki, nə qədər çox Məsihə bənzəməyə çalışsaq, bir o qədər Allaha yaxın olarıq. Bu səbəbdən, Məsih kimi düşünməyi öyrənmək olduqca vacibdir.

16 Bəs bunu necə edə bilərik? Məsihin birinci əsrdəki şagirdləri onun möcüzələrini öz gözləri ilə görmüş, fərqli-fərqli insanlarla necə rəftar etdiyini müşahidə etmiş, onun ilahi prinsiplərə necə əməl etdiyinin şahidi olmuşdular. Buna görə də onlar deyirdilər: «Biz onun... gördüyü işlərin şahidiyik» (Həv. 10:39). Bizim isə bu gün belə bir imkanımız yoxdur. Amma Yehovanın Müjdələrdə yazdırdığı hadisələr sayəsində biz Məsihin şəxsiyyətini xəyalımızda canlandıra bilərik. Mətta, Mark, LukaYəhyanın yazdığı Müjdələri diqqətlə, düşünərək oxusaq, Məsihin düşüncəsinə bələd ola bilərik. Beləcə, biz onun izləri ilə gedə və ondakı «düşüncə ilə silahlan»arıq (1 But. 2:21; 4:1).

17. Məsih kimi düşünməyin bizə hansı faydası var?

17 Bəs Məsih kimi düşünməyi öyrənməyin bizə hansı faydası var? Necə ki, sağlam qida bizi fiziki cəhətdən güclü edir, əqlimizi Məsihin düşüncəsi ilə «qidalandırmaq» da bizi ruhani cəhətdən möhkəmləndirir. Bu minvalla biz yavaş-yavaş Məsihi yaxşı tanıyacaq, «Məsih bu vəziyyətdə necə davranardı?» sualına dəqiq cavab tapa biləcəyik. Bu da bizə düzgün qərarlar verərək vicdanımızı təmiz saxlamağa və Allahın rizasını qazanmağa kömək edəcək. Məgər bu şeylər bizi «Ağamız İsa Məsihdən örnək» almağa təşviq etmir?! (Rom. 13:14).

18. Bu məqalədən ruhani düşüncəli insan olmaqla bağlı nə öyrəndik?

18 Bu məqalədə ruhani düşüncəli insana xas xüsusiyyətləri araşdırdıq. Həmçinin ruhani düşüncəli insanlar və onlardan aldığımız nümunə barədə danışdıq. Sonda isə öyrəndik ki, «Məsihin düşüncəsinə sahib» olmaq bizə ruhani cəhətdən yetkinləşməyə kömək edəcək. Amma bu mövzumuz burada bitmir. Ruhani düşüncə ilə bağlı növbəti məqamları da nəzərdən keçirmək lazımdır. Misal üçün: ruhani cəhətdən möhkəm insan olub-olmadığımızı necə müəyyən edə bilərik? Bu sahədə yetkinləşmək üçün daha nələr etməliyik? Ruhani düşüncəli olduğumuz gündəlik həyatımızdan necə görünəcək? Bu suallara növbəti məqalədə cavab veriləcək.