Kontentə keç

Mündəricatı göstər

ARXİVİMİZDƏN

Məruzələr vasitəsilə müjdə İrlandiyaya yayılır

Məruzələr vasitəsilə müjdə İrlandiyaya yayılır

1910-cu ilin may ayıdır. Gəmi Belfast körfəzinə yaxınlaşır. Sərnişinlər göyərtədə durub səhər günəşinin şəfəqinə qərq olmuş yamyaşıl təpələri seyr edir. Onların arasında artıq beşinci dəfədir İrlandiyaya səyahət edən Çarlz Teyz Rassel də var. Onun nəzəri inşası gedən iki nəhəng okean laynerinə, axırı faciə ilə bitən «Titanik» və əkiz qardaşı «Olimpik»ə dikilib *. Limanda haradasa 10—15 nəfər Müqəddəs Kitab tədqiqatçısı dayanıb Çarlz qardaşın gəlişini gözləyir.

Bu səyahətdən təxminən 20 il əvvəl Çarlz Rassel qardaş müjdəni daha effektiv şəkildə yaymağın yollarını düşünərək qərara gəlir ki, Amerikanın sərhədlərini aşıb təbliğ səyahətlərinə çıxsın. Onun ilk səyahəti İrlandiyaya olur. Bu səyahət 1891-ci ilin iyul ayına təsadüf edir. Çarlz qardaş «Siti of Çikaqo» gəmisinin göyərtəsində dayanıb. Onun qarşısında valideynlərinin doğma yurdu Kvinstoun şəhərinə (indiki Kov) mənzərə açılır. O, bu mənzərəyə baxaraq bir zamanlar valideynlərinin bu şəhər barədə danışdığı xatirələri yadına salır. Çarlz Rassel qardaş və onun səyahət yoldaşları təmiz küçələrlə gedərkən, gözoxşayan şəhərkənarı əraziləri gəzərkən bu yerlərin «biçinə hazır» olduğu qənaətinə gəlirlər.

Ümumilikdə Çarlz qardaş İrlandiyaya yeddi dəfə səyahət etmişdi. İlk səfərində onu dinləyən yüzlərlə, hətta minlərlə insan növbəti səfərlərində onu yenə dinləməyə gəlirdi. Onun ikinci səfəri 1903-cü ilin may ayına təsadüf edir. Bu dəfə Belfast və Dublində təşkil etdiyi görüşlər barədə yerli qəzetlərdə elan dərc olunmuşdu. Çarlz qardaşın bu görüşlər barədə dediklərinə əsasən, auditoriya «Andla möhürlənmiş vəd» adlı mövzuya çox böyük maraqla qulaq asmışdı. Mövzu İbrahim peyğəmbərin imanı və Allahın bəşəriyyətə bəxş edəcəyi nemətlər haqda idi.

İrlandiya camaatının Müqəddəs Kitaba bu böyük marağı Çarlz qardaşı Avropaya etdiyi üçüncü səfərində buraya yenə baş çəkməyə təşviq etmişdi. 1908-ci ilin aprel ayı, səhər tezdən beş nəfər qardaş Belfast limanında Çarlz qardaşı qarşıladı. Həmin günün axşamı əvvəlcədən elan olunmuş «Şeytan hakimiyyətinin süqutu» adlı məruzəni dinləməyə təxminən 300 nəfər gəlmişdi. Onların arasında bir əleyhdar da var idi. O, Müqəddəs Kitabdan ayələrin yerini çox cəld tapırdı. Dublində isə Müqəddəs Kitab tədqiqatçıları daha qatı əleyhdarla, Gənc Kişilər Xristian Birliyinin (YMCA) katibi O’Konorla qarşı-qarşıya durmalı oldular. O, 1000-dən artıq adamın toplaşdığı auditoriyanı qardaşlara qarşı qaldırmağa çalışdı, amma cəhdləri boşa çıxdı.

Gəlin həmin dövrə qayıdıb bu hadisəni və bunun nəticəsində yarana biləcək vəziyyəti xəyalımızda canlandıraq. Təsəvvür edək ki, Müqəddəs Kitabdakı həqiqəti axtaran bir nəfər «Ayriş Tayms» qəzetində məruzə barədə elan görür və məruzəyə qulaq asmağa gəlir. O, insanla dolu zalda birtəhər özünə yer tapır və əyləşib uzun qara pencək geymiş, ağsaçlı və saqqallı natiqə diqqətlə qulaq asır. Natiq jestlər edir, səhnədə o baş bu başa gedir, ayələri çox məharətlə bir-biri ilə uzlaşdırır və dinləyicilərinə Müqəddəs Kitabdakı həqiqətləri anlamağa kömək edir. Səsgücləndirici avadanlıq olmasa da, natiqin gur səsi bütün zala yayılaraq haradasa saat yarım ərzində dinləyicilərin diqqətini ona cəmləyir. Görüşün növbəti sual-cavab hissəsində O’Konor və onun tərəfdaşları natiqi səhv çıxarmağa çalışır, amma natiq Müqəddəs Kitabdan istifadə edərək bu sınaqdan alnıaçıq çıxır. Auditoriya natiqi gurultulu alqışlarla dəstəkləyir. Ara sakitləşəndə elanı oxuyaraq məruzəyə gələn həmin adam ətraflı məlumat üçün qardaşlara yaxınlaşır. Bu kimi hadisələrin şahidi olan insanların dediklərinə əsasən, çoxları həqiqəti məhz bu yolla öyrənmişdi.

Çarlz Rassel qardaş 1909-cu ildə «Mavritaniya» adlı gəmi ilə Nyu-Yorkdan öz dördüncü səyahətinə yola düşəndə stenoqrafçı (şifahi nitqi ixtisar etməklə cəld yazıya köçürən adam) Hüntsinger qardaşı da özü ilə aparır ki, yol boyu «Gözətçi Qülləsi» jurnalının məqalələrini diktə etsin. Onun Belfastda söylədiyi məruzəni dinləməyə 450 nəfər gəlmişdi, onlardan 100-ü yer olmadığından nitqi ayaq üstə dinləyirdi.

Çarlz Rassel qardaş «Lusitaniya» gəmisinin göyərtəsində

Çarlz qardaşın məqalənin əvvəlində sözü gedən beşinci səfəri vaxtı Dublində söylədiyi məruzədən sonra da O’Konor və onunla birgə gələn məşhur ilahiyyatçı qardaşa suallar yağdırmış və suallarına Müqəddəs Yazılara əsaslanan cavablar almışdılar. Bu isə auditoriyanın əksəriyyətinin rəğbətinə səbəb olmuşdu. Növbəti gün qardaşlar sürətli poçt gəmisi ilə Liverpula gəlmiş, oradan da «Lusitaniya» gəmisi ilə Nyu-Yorka yola düşmüşdülər *.

«Ayriş Tayms» qəzetində məruzənin elanı (20 may, 1910-cu il)

Çarlz qardaş 1911-ci ildə etdiyi altıncı və yeddinci səyahətində də məruzələr söyləmiş və bu məruzələr barədə də əvvəlcədən elan olunmuşdu. Həmin ilin yazında Belfastdakı 20 nəfər qardaş görüş təşkil etmişdi. Bu görüşdə «Axirət dünyası» adlı məruzəni dinləməyə 2000 nəfər gəlmişdi. Bu dəfə O’Konor bir keşişlə birgə peyda olub suallar yağdırmağa başlayır və yenə də Müqəddəs Kitabdan verilən cavablarla susdurulur. Bu diskussiya da auditoriya tərəfindən alqışlanır. Payızda başqa şəhərlərdə də görüşlər təşkil olunur və çox sayda insan bu görüşlərə qatılır. O’Konor və özü ilə birgə gətirdiyi 100 nəfərdən ibarət dəstə Dublində keçirilən görüşə mane olmaq istəyir, amma auditoriya natiqin tərəfini saxlayır.

Məruzələri əsas etibarilə Çarlz qardaş təqdim etsə də, o, başa düşürdü ki, o, olmasa da, bu iş irəli gedəcək, çünki bu işi görən insan deyil, Allahdır. Görüşlərin əvvəlində söylənilən məruzələr Müqəddəs Kitab həqiqətlərini yaymaq üçün çox gözəl vasitə idi. Bu məruzələrin sayəsində müjdə bütün İrlandiyaya yayıldı və bir çox şəhərdə məsihi yığıncaqları yarandı. (Britaniyadakı arxivimizdən.)

^ abz. 3 İki il keçmədi ki, Titanik qəzaya uğrayıb batdı.

^ abz. 9 «Lusitaniya» gəmisi 1915-ci ilin may ayında İrlandiyanın cənub sahilində sualtı qayıq tərəfindən batırılmışdır.