Kontentə keç

Mündəricatı göstər

Allah sevdiyi bəndəsini tərbiyə edir

Allah sevdiyi bəndəsini tərbiyə edir

«Yehova kimi sevirsə, onu tərbiyə edir» (İBR. 12:6).

NƏĞMƏ: 123, 86

1. Müqəddəs Kitabda tərbiyə anlayışı necə təsvir olunur?

TƏRBİYƏ sözünü eşidəndə ilk olaraq ağıla «cəza» və ya «dəyənək» gəlir. Amma tərbiyə anlayışı özünə daha çox şeyi daxil edir. Müqəddəs Kitabda tərbiyə, adətən, müsbət tərəfdən işıqlandırılır, elm, hikmət, məhəbbət və həyat kimi məfhumlarla qoşa tutulur (Məs. 1:2—7; 4:11—13). Deməli, Yehovanın bizi tərbiyə etməsi Onun məhəbbətinin və bizim əbədi yaşamağımızı istədiyinin sübutudur (İbr. 12:6). Düzdür, Yehova hərdən bizi cəzalandırır, amma heç vaxt bunu alçaldıcı şəkildə və amansızcasına etmir. Əslində, «tərbiyə» sözü, əsasən, təlim və təhsil verərək yetişdirmək mənasını daşıyır, necə ki, övladını sevən valideyn onu təlim verərək tərbiyə edir.

2, 3. Hansı hallarda tərbiyəyə həm təlim, həm də cəza vermək daxil ola bilər? (Məqalənin əvvəlindəki şəklə baxın.)

2 Gəlin belə bir səhnəni təsəvvür edək: balaca oğlan evdə top oynayır. Anası onu səsləyib deyir: «Oğlum, sənə deməmişəm, evdə top oynama! Bu dəqiqə nəyi isə sındıracaqsan». Uşaq anasının sözünə baxmayıb top oynamağa davam edir və stolun üstündəki güldanı salıb sındırır. Görəsən, ana indi nə edəcək? Yəqin ki, bu vəziyyətdə ona uşağı həm başa salmaq, həm də cəzalandırmaq lazım gələcək. Ola bilsin, oğluna bu hərəkətin nəyə görə pis olduğunu başa salacaq. Ana həmçinin uşağa valideynə itaət etməyin vacibliyini, qoyduqları qayda-qanunların əhəmiyyətini və səbəbini izah edə, eləcə də hərəkətindən dərs götürsün deyə, ona düzgün şəkildə cəza verə bilər. Məsələn, ola bilsin, o, oğlunu müəyyən müddət top oynamaqdan məhrum edəcək. Bunun sayəsində uşaq başa düşəcək ki, sözə baxmamağın nəticəsi pis olur.

3 Məsihi yığıncağının üzvü olan bizlər də Allahın ailəsinin bir hissəsiyik (1 Tim. 3:15). Buna görə də səmavi Atamızın bizə qayda-qanun qoymağa və itaətsizlik edəndə bizi məhəbbətlə cəzalandırmağa haqqı çatır. Və biz Onun bu hüququna hörmətlə yanaşmalıyıq. Acı nəticələr gətirən hərəkətə yol verəndə Yehovanın tərbiyə məqsədilə verdiyi cəza bizə Ona itaət etməyin nə qədər vacib olduğunu başa sala bilər (Qal. 6:7). Unutmayaq ki, Yehova bizi çox sevir və əzab çəkməyimizi istəmir (1 But. 5:6, 7).

4. a) Yehova hansı təlim üsuluna xeyir-dua verir? b) Bu məqalədə hansı suallara cavab tapacağıq?

4 Övladımıza və ya Müqəddəs Kitab dərsi keçdiyimiz digər insanlara Müqəddəs Kitab əsasında təlim-tərbiyə verəndə onlara Məsihin davamçısı olmaq məqsədinə çatmağa kömək edirik. Əsas təlim vəsaitimiz olan Allahın Kəlamı sayəsində biz «salehliyə uyğun tərbiyə» verə bilirik. Bu, onlara Məsihin buyurduğu «hər şeyi» qavramağa və onlara riayət etməyə kömək edir (2 Tim. 3:16; Mət. 28:19, 20). Yehova bu təlim üsuluna xeyir-dua verir, çünki bu yolla yeni şagirdlər daha çox şagird hazırlamağa qabil olur. (Titusa 2:11—14 ayələrini oxuyun.) Belə isə gəlin növbəti üç suala cavab tapmağa çalışaq: 1) Yehova Allahın bizə verdiyi tərbiyədən Onun bizi sevdiyi necə görünür? 2) Keçmişdə Yehovanın tərbiyə etdiyi insanların həyatından nə öyrənə bilərik? 3) Kiməsə təlim-tərbiyə və nəsihət verəndə Yehova Allahdan və İsa Məsihdən necə nümunə götürə bilərik?

ALLAH SEVƏRƏK TƏRBİYƏ EDİR

5. Yehova Allahın bizə sevərək tərbiyə verdiyi nədən görünür?

5 Yehova Allah böyük məhəbbətindən irəli gələrək bizə öyüd-nəsihət, elm, təlim verir ki, biz daim Onun məhəbbətində qalaq və əbədi həyat yolundan sapmayaq (1 Yəh. 4:16). O, heç vaxt bizimlə alçaldıcı şəkildə rəftar etmir, özümüzü dəyərsiz hiss etməyimizə səbəb olmur (Məs. 12:18). Əksinə, diqqətini bizdəki gözəl xüsusiyyətlərə cəmləməklə və iradə azadlığımıza hörmət etməklə bizə böyük dəyər verdiyini göstərir. Siz Yehovanın Müqəddəs Kitab, nəşrlərimiz, məsihi valideynlər və yığıncaq ağsaqqalları vasitəsilə verdiyi tərbiyədə bunu duyursunuzmu? Qeyd edək ki, «bilmədən səhv bir iş gör»düyümüzə görə ağsaqqalların bizi mülayim və mehriban şəkildə düzəltməyə çalışması Yehovanın məhəbbətinin sübutudur (Qal. 6:1).

6. Nəyə əsasən demək olar ki, tərbiyə məqsədilə insanı nədənsə məhrum etmək Yehovanın məhəbbətinin təzahürüdür?

6 Hərdən tərbiyə etmək üçün məsləhət verməkdən və irad tutmaqdan daha çox şey lazım gəlir. Məsələn, kimsə ağır günah işlədəndə yığıncaqda aldığı təyinatlardan məhrum edilə bilər. Hətta bu vəziyyətə də Yehovanın sevərək verdiyi tərbiyə kimi baxmalıyıq. Təyinatlarından məhrum olmaqla insan Müqəddəs Kitabı fərdi mütaliə etməyin, oxuduqlarının üzərində düşünməyin və dua etməyin nə dərəcədə vacib olduğunu başa düşə bilər. Bu şeylərə diqqət yetirmək insana ruhani cəhətdən möhkəmlənməyə kömək edər (Zəb. 19:7). Ola bilsin, bir müddət sonra ona həmin təyinatlar yenidən həvalə olunsun. Yığıncaqdan kənarolunma da Yehovanın sevgidən doğan tərbiyəsidir. Çünki bu, yığıncağı pis təsirdən qoruyur (1 Kor. 5:6, 7, 11). Yehova həmişə ədalətlə tərbiyə etdiyi üçün yığıncaqdan kənarolunma günahkarı günahının ağırlığını dərk etməyə və tövbəyə təşviq edə bilər (Həv. 3:19).

YEHOVANIN VERDİYİ TƏRBİYƏ ONLARA FAYDA GƏTİRDİ

7. Səbna kim olub və onda hansı mənfi xüsusiyyət yaranmışdı?

7 Tərbiyənin nə qədər vacib olduğunu başa düşmək üçün gəlin Yehovanın tərbiyə etdiyi iki insanın hadisəsini nəzərdən keçirək. Onlardan biri Hizqiyyə padşahın dövründə yaşamış Səbna, digəri isə bizim dövrdə yaşayan Qraham adlı bir qardaşdır. Səbna eşikağası kimi yüksək bir mövqeyə sahib idi. Çox ehtimal ki, o, Hizqiyyə padşahın sarayında xidmət edirdi (Əşy. 22:15). Təəssüf ki, bu vəzifə Səbnada qürur yaratmış, onu özünə şan-şöhrət axtarmağa sövq etmişdi. Bu insan o dərəcədə qürurlu olmuşdu ki, dəbdəbəli arabalarda gəzir, özünə təmtəraqlı sərdabə düzəltdirmişdi (Əşy. 22:16—18).

Təvazökarlıq göstərib düşüncəmizi dəyişsək, Allahdan nemətlər alarıq (8—10 abzaslara baxın)

8. Yehova Səbnanı necə tərbiyə etdi və ehtimal ki, Səbna buna necə yanaşdı?

8 Səbna özünü ucaltdığı üçün Yehova onu mövqeyindən salıb vəzifəsini Əlyakimə verdi (Əşy. 22:19—21). Bu hadisə Aşşur padşahı Sinaxerib Yerusəlimə hücum etmək üzrə olanda baş vermişdi. Bir gün Sinaxerib yəhudilərin cəsarətini sındırmaq və Hizqiyyə padşahın gözünü qorxutmaq üçün böyük bir ordunun müşayiəti ilə əyanlarını Yerusəlimə göndərdi (2 Pad. 18:17—25). Aşşur əyanları ilə söhbət aparmağa Əlyakim göndərilmişdi. Amma o, tək gəlməmişdi, onu iki nəfər müşayiət edirdi. Onlardan biri Səbna idi. İndi o, sarayda mirzə kimi xidmət edirdi. Görünür, yüksək vəzifədən salındığı üçün Səbna qəzəblənməmiş, içində üsyan etməmişdi. O, təvazökarcasına aşağı vəzifəni qəbul etmişdi. Bu hadisədən özümüzə ən azı üç dərs götürə bilərik.

9—11. a) Səbnanın hadisəsindən hansı dərsləri götürürük? b) Yehovanın Səbna ilə rəftarında sizə xoş təsir bağışlayan nə oldu?

9 Səbnanın hadisəsindən götürdüyümüz ilk dərs onun vəzifədən salınmasıdır. Doğrudan da, Müqəddəs Kitabda deyildiyi kimi, «əcəldən qabaq qürur, süqutdan öncə təkəbbür gələr» (Məs. 16:18). Əgər yığıncaqda sizə müəyyən işlər həvalə olunubsa, yaxud hansısa təyinatınız varsa və bu, müəyyən mənada xüsusi bir təyinatdırsa, özünüz haqda yüksək fikirdə olmamağa çalışırsınızmı? Sizdə olan istedad və bacarıqlara görə və ya hansısa işi müvəffəqiyyətlə yerinə yetirəndə Yehovanı ucaldırsınızmı? (1 Kor. 4:7). Bu məqamda həvari Bulusun məsləhəti yada düşür: «Hər birinizə deyirəm: özünüz barədə lüzumundan artıq fikirləşməyin. Hər kəs... sağlam düşüncəni qoruyub saxlasın» (Rom. 12:3).

10 İkinci dərs odur ki, ola bilsin, Yehova Səbnanı ciddi şəkildə tənbeh etməklə ondan əlini üzmədiyini, onun dəyişəcəyinə ümid etdiyini göstərirdi (Məs. 3:11, 12). Yığıncaqda daşıdığı vəzifədən kənarlaşdırılan məsihilər buradan özlərinə dərs götürə bilərlər. İnciməyin və qəzəblənməyin yeri yoxdur, yaxşı olardı, onlar Yehovanın verdiyi bu tərbiyəyə Onun məhəbbətinin göstəricisi kimi baxsınlar, mövcud vəziyyətdə bacarıq və qabiliyyətlərindən Yehovanın yolunda tam şəkildə istifadə etsinlər. Unutmayın, səmavi Atamız özünü Onun qarşısında aşağı tutan insandan əlini üzmür. (1 Butrus 5:6, 7 ayələrini oxuyun.) Yehovanın sevərək verdiyi tərbiyə bizi formalaşdırmaq üçündür. Odur ki, gəlin Onun əlinin altında yumşaq gil olaq.

11 Yehovanın Səbna ilə rəftarından götürdüyümüz üçüncü dərs, xüsusilə tərbiyəçi rolunu daşıyan insanlar, məsələn, valideynlər və yığıncaq ağsaqqalları üçün faydalıdır. Yehovanın verdiyi tərbiyədə Onun günaha nifrəti ilə yanaşı, günahkara qayğısı da əks olunur. Valideyn övladına, ağsaqqal dindaşına təlim-tərbiyə verərkən Yehovadan örnək götürməlidir. Onun yanlış hərəkətinə nifrət etməklə yanaşı, ondakı gözəl xüsusiyyətləri də görməyə çalışmalıdır (Yhd. 22, 23).

12—14. a) Bəziləri Yehovanın verdiyi tərbiyəyə necə yanaşır? b) Müqəddəs Kitab bir qardaşa düşüncə tərzini dəyişməyə necə kömək etdi və nəticəsi nə oldu?

12 Çox təəssüf ki, bəziləri tənbeh olunanda bunu yara kimi qəbul edir və o dərəcədə inciyirlər ki, hətta Allahdan və yığıncaqdan üz döndərirlər (İbr. 3:12, 13). Bəs bu o deməkdirmi ki, bu insanlardan əlimizi üzməliyik? Gəlin Qraham qardaşın hadisəsini nəzərdən keçirək. O, yığıncaqdan kənar edilmiş, bir müddət sonra bərpa olunmuş, amma sonralar ibadətdə qeyri-fəal olmuşdu. Bir neçə il sonra Qraham onunla dostlaşmağa çalışan bir ağsaqqaldan xahiş etmişdi ki, ona Müqəddəs Kitab dərsi keçsin.

13 Həmin ağsaqqal o günləri xatırlayaraq deyir: «Qrahama mane olan qürur idi. O, onun yığıncaqdan kənar olunmasına qərar verən ağsaqqallar barədə tənqidi danışırdı. Buna görə də bir neçə dərs biz qürur və onun təsiri ilə bağlı ayələri müzakirə etdik. Qraham Müqəddəs Kitab güzgüsündə özünü aydın gördü və bu güzgüdəki əksini bəyənmədi. Bu, çox gözəl nəticələr gətirdi. Qraham başa düşəndə ki, qürur onun gözünü kor edib və onda tənqidi münasibət kimi bir problem var özünü düzəltmək üçün dərhal tədbir gördü. O, ibadət görüşlərinə müntəzəm gəlməyə, Allahın Kəlamını dərindən öyrənməyə və hər gün dua etməyə başladı. Qraham həmçinin ibadət məsələsində bir ailə başçısı kimi öhdəsinə düşən məsuliyyəti yerinə yetirdi, bu da onun həyat yoldaşının və övladlarının sevincinə səbəb oldu» (Luka 6:41, 42; Yaq. 1:23—25).

14 Ağsaqqal sözünə belə davam edir: «Bir gün Qraham məni çox təsirləndirən bir söz dedi: “Mən həqiqəti uzun illərdir bilirəm, hətta öncül kimi xidmət etmişəm. Amma yalnız indi ürəkdən deyə bilərəm ki, Yehovanı sevirəm”. Bu söhbətdən qısa müddət sonra ona yığıncaqda mikrofonla xidmət etmək tapşırıldı. O, bu tapşırığa görə çox minnətdar idi. Qrahamın hadisəsindən başa düşdüm ki, Yehovanın verdiyi tərbiyəni qəbul edib özünü Onun qarşısında aşağı tutan insanın başından bol nemətlər tökülür».

TƏRBİYƏ VERƏNDƏ YEHOVANI VƏ MƏSİHİ ÖRNƏK GÖTÜRƏK

15. Əgər verdiyimiz təlim-tərbiyənin təsirli olmasını istəyiriksə, nə etməliyik?

15 Yaxşı müəllim olmaq istəyən adam əvvəlcə yaxşı şagird olmalıdır (1 Tim. 4:15, 16). Eynilə, Yehovadan təlim-tərbiyə vermək səlahiyyəti alan insanlar özləri də Yehovanın göstərişlərinə daim tabe olmalıdırlar. Bu itaətkarlıq onlara həm başqalarının hörmətini qazandıracaq, həm də kiməsə təlim verəndə və düzəliş edəndə alnıaçıq danışmağa əsas verəcək. Gəlin görək İsa Məsih bu sahədə necə nümunə qoyub.

16. Təlim və tərbiyə vermək məsələsində İsa Məsihdən nə öyrənirik?

16 İsa həmişə səmavi Atasına itaətkar olub, hətta bunu etmək çətin olanda belə (Mət. 26:39). O, həmişə verdiyi təlimlərin və sahib olduğu hikmətin Allahın ənamı olduğunu vurğulayaraq Ona şərəf gətirirdi (Yəh. 5:19, 30). İsanın təvazökar və itaətkar olması təmiz qəlbli insanları ona cəlb edirdi. Bu xüsusiyyətlərin sayəsində o, şəfqətli və mərhəmətli müəllim olmuşdu. (Luka 4:22 ayəsini oxuyun.) Onun məlhəmli sözləri «sınmış qamışa», «közərən piltəyə» bənzər insanlara yeni nəfəs verirdi (Mət. 12:20). İsa hətta səbri sınağa çəkilən məqamlarda da mehriban və məhəbbətli insan kimi davranırdı. Həvarilər özlərini xudbin və şan-şöhrət axtaran insanlar kimi aparanda Məsih onlarla məhz bu cür davranmışdı (Mark 9:33—37; Luka 22:24—27).

17. Allahın xalqına rəhbərlik edən ağsaqqallara məsuliyyətlərini faydalı şəkildə icra etməyə hansı xüsusiyyətlər kömək edə bilər?

17 Müqəddəs Kitab prinsipləri əsasında təlim-tərbiyə verəndə Məsihdən nümunə götürən ağsaqqallar çox hikmətlə davranırlar. Bununla onlar Yehovanın və İsa Məsihin rəhbərliyinə tabe olmaq istədiklərini göstərirlər. Həvari Butrus yazmışdı: «Allahın sizə əmanət etdiyi sürünü otarıb ona nəzarət edin. Bunu zorla yox, Allah qarşısında könül xoşluğu ilə, haqsız qazanc hərisliyindən yox, canla-başla edin. Allahın əmanəti üzərində ağalıq etməyin, əksinə, sürüyə nümunə olun» (1 But. 5:2—4). Yehovaya və Məsihə sevə-sevə tabe olmaqla ağsaqqallar həm özlərinə, həm də yığıncaq üzvlərinə fayda gətirirlər (Əşy. 32:1, 2, 17, 18).

18. a) Yehova Allah valideynlərin üzərinə hansı məsuliyyəti qoyub? b) Məsuliyyətlərini icra etmək üçün Yehova valideynlərə necə kömək edir?

18 Bəs ailədəki təlim-tərbiyə barədə nə demək olar? Müqəddəs Kitabda ailə başçılarına buyrulur: «Uşaqlarınızı qəzəbləndirməyin, onları Yehovanın tərbiyəsi və öyüd-nəsihətilə böyüdün» (Efes. 6:4). Bu əmri yerinə yetirmək olduqca vacibdir. Çünki Məsəllər 19:18 ayəsində deyilir: «Hələ ümid var ikən oğlunu tərbiyə et, onun ölümünə bais olma». Övladının tərbiyəsi ilə ciddi məşğul olmayan məsihi Yehovanın qarşısında məsuliyyət daşıyır (1 İşm. 3:12—14). Yehova isə öz növbəsində valideynləri köməksiz qoymur. Onlar duada Ondan kömək diləyəndə, məsləhət üçün Müqəddəs Kitaba müraciət edəndə və müqəddəs ruh istəyəndə Yehova onlara hikmət və güc verir. (Yaqub 1:5 ayəsini oxuyun.)

ƏBƏDİYYƏN SÜLH İÇİNDƏ YAŞAMAĞA HAZIRLAŞAQ

19, 20. a) Allahın verdiyi tərbiyəni qəbul etmək hansı faydaları gətirir? b) Növbəti məqalədə nə barədə danışılacaq?

19 Yehovanın verdiyi tərbiyəni qəbul etmək, başqalarına təlim-tərbiyə verəndə Yehovanı və İsanı örnək götürmək saysız nemətlərə yol açır. Məsələn, ailədə və yığıncaqda sülhə səbəb olur; hər kəs özünün sevildiyini, dəyərli olduğunu hiss edir, insanlar arasında etibar olur. Bu şeylər gələcək Cənnətdəki nemətlərin kölgəsidir (Zəb. 72:7). Yehovanın bu gün verdiyi təlim-tərbiyə bizi cənnət həyatına, bir ailə kimi səmavi Atamızın qayğısı altında sülh və birlik içində yaşamağa hazırlayır. (Əşiya 11:9 ayəsini oxuyun.) Əgər biz Allahın verdiyi tərbiyəyə bu tərəfdən yanaşsaq, ona Yehovanın sonsuz məhəbbətinin sübutu kimi baxacağıq.

20 Növbəti məqalədə ailə və yığıncaqdakı təlim-tərbiyə barədə daha geniş danışılacaq. Bundan başqa məqalədə özünütərbiyədən, eləcə də insana cəzadan da böyük acı yaşadan bir haldan söhbət açılacaq.