Kontentə keç

Mündəricatı göstər

İndi bir-birimizi ruhlandırmağın əsl vaxtıdır

İndi bir-birimizi ruhlandırmağın əsl vaxtıdır

«Gəlin bir-birimizə qarşı diqqətli olub... bir-birimizi ruhlandıraq və o günün yaxınlaşdığını gördükcə bunları daha çox edək» (İBR. 10:24, 25).

NƏĞMƏ: 90, 87

1. Həvari Bulus nə üçün ibrani məsihiləri bir-birini daha çox ruhlandırmağa təşviq etmişdi?

İNDİ bir-birimizi ruhlandırmaq vaxtıdır. İbranilərə yazdığı məktubunda həvari Bulus bunun səbəbini izah edir: «Gəlin bir-birimizə qarşı diqqətli olub bir-birimizi məhəbbətə və yaxşı işlərə təşviq edək, bəzilərinin vərdiş etdiyi kimi, yığıncaqlarımızdan qalmayaq, bir-birimizi ruhlandıraq və o günün yaxınlaşdığını gördükcə bunları daha çox edək» (İbr. 10:24, 25). Bulusun sözlərindən cəmi beş il sonra birinci əsrdə yaşayan məsihilər Yehovanın Yerusəlimlə bağlı hökmünün yaxınlaşdığını və İsa Məsihin şəhərdən qaçmaq üçün verdiyi əlaməti gördülər (Həv. 2:19, 20; Luka 21:20—22). Eramızın 70-ci ilində romalılar Yehovanın Yerusəlimə qarşı hökmünü icra edəndə həmin gün yetişdi.

2. Nə üçün indi bir-birimizi ruhlandırmaq haqda daha çox düşünməliyik?

2 Bu gün də Yehovanın «möhtəşəm və müdhiş» gününün yaxın olduğu aydın görünür (Yuil 2:11). Səfənya peyğəmbərin «Yehovanın möhtəşəm günü yaxındır. O gün yaxındır və böyük sürətlə gəlir» sözləri bizim dövrümüzə də aiddir (Səf. 1:14). Həvari Bulus Yehovanın gününün yaxın olduğunu nəzərə alaraq bizləri «bir-birimizə qarşı diqqətli olub bir-birimizi məhəbbətə və yaxşı işlərə təşviq» etməyə səsləmişdi (İbr. 10:24). Bacı-qardaşlarımıza ürək-dirək verə bilmək üçün, gərək onlarla yaxından maraqlanaq.

RUHLANMAĞA KİMLƏR EHTİYAC DUYUR?

3. Həvari Bulus ruhlandırmaqla bağlı nə söyləmişdi? (Məqalənin əvvəlindəki şəklə baxın.)

3 «Nigarançılıq ürəyi sıxar, xoş söz könlü şad edər» (Məs. 12:25). Yəqin ki, hər birimiz bunun doğru olduğunu təsdiqləyərik. Hər kəsin həyatında ruhlanmağa ehtiyac duyduğu anlar olur. Bulus qeyd etmişdi ki, hətta başqalarını ruhlandırmaq məsuliyyəti daşıyan insanların da ruhlanmağa ehtiyacı var. O, Romada yaşayan məsihilərə yazmışdı: «Sizinlə görüşməyi ürəkdən arzulayıram və mətin olmağınız üçün sizə ruhani ənam bəxş etmək istəyirəm. Daha doğrusu, istəyirəm ki, hamımız: mən də, siz də bir-birimizin imanı vasitəsilə bir-birimizi ruhlandıraq» (Rom. 1:11, 12). Bəli, Bulus başqalarını ruhlandırmaqda nümunə olsa da, hərdən özünün də ruhlanmağa ehtiyacı olurdu. (Romalılara 15:30—32 ayələrini oxuyun.)

4, 5. Kimləri və hansı səbəblərə görə ruhlandırmalıyıq?

4 Yehovaya tamvaxtlı xidmət edən məsihilər həqiqətən də tərifə layiqdir. Məsələn, öncüllər xidmətə daha çox vaxt ayırmaq üçün çoxlu qurbanlar verir. Eləcə də xüsusi təyinatlı müjdəçilər, rayon nəzarətçiləri və onların həyat yoldaşları, filiallarda və tərcümə ofislərində xidmət edən bacı-qardaşlar. Onların hamısı vaxtlarının çoxunu müqəddəs xidmətə həsr etmək üçün böyük fədakarlıq göstəriblər. Məgər bütün bunlara görə onlar ruhlandırıcı sözlərə layiq deyillər?! Eynilə, müxtəlif səbəblər ucbatından əvvəlki kimi xidmət edə bilməyən, lakin ürəyi hələ də tamvaxtlı xidmətlə alovlanan bacı-qardaşlar da tərif sözlərimizdən çox ruhlanır.

5 Daha kimlərin ruhlanmağa ehtiyacı var? Yehovaya sadiq qalmaq üçün «Ağanın yolunda» olmayan insanla ailə qurmayıb subay qalan bacı-qardaşlarımızın (1 Kor. 7:39). Çəkdiyi zəhmətə görə həyat yoldaşı tərəfindən tərif sözləri eşidən qadınlar da çox ruhlanır (Məs. 31:28, 31). Həmçinin təqiblərlə üzləşən, yaxud xəstəliklə mübarizə aparan dindaşlarımızın da ürək-dirəyə ehtiyacı var (2 Salon. 1:3—5). Yehova və Məsih bütün bu sadiq bəndələrə dayaqdır. (2 Salonikililərə 2:16, 17 ayələrini oxuyun.)

AĞSAQQALLARIN MƏSULİYYƏTİ

6. Əşiya 32:1, 2 ayələrinə əsasən, ağsaqqallar hansı məsuliyyəti daşıyır?

6 Əşiya 32:1, 2 ayələrini oxuyun. İsa Məsih məsh olunmuş qardaşlardan, eləcə də başqa qoyunlardan olan «rəhbərlər», yəni ağsaqqallar vasitəsilə ruhdan düşənlərə, qəmginlərə təsəlli və rəhbərlik verir. Ağsaqqallar dindaşlarının imanı üzərində «ağalıq» etmir, əksinə birgə əməkdaşlıq edərək onların sevinci üçün çalışırlar (2 Kor. 1:24).

7, 8. Ağsaqqallar sözləri və əməlləri ilə başqalarını necə ruhlandıra bilər?

7 Həvari Bulus ağsaqqallara gözəl nümunədir. O, Salonikidə təqiblərlə üzləşən məsihilərə yazmışdı: «Sizi sevdiyimiz üçün sizə nəinki Allahın müjdəsini çatdırmağa, hətta öz canımızı da verməyə hazır olmuşuq, axı siz bizə çox əziz idiniz» (1 Salon. 2:8).

8 Ürək-dirək verərkən bəzən təkcə sözlərə kifayətlənməməliyik. Bu barədə Bulus Efesdəki ağsaqqallara demişdi: «Zəiflərə kömək etməlisiniz və Ağamız İsanın dediyi sözləri, “vermək almaqdan daha çox xoşbəxtlik gətirir” sözlərini unutmamalısınız» (Həv. 20:35). Bulus qardaşlarını ruhlandırmaqla yanaşı, onlardan ötrü hər şeyini, hətta öz canını belə, fəda etməyə hazır idi (2 Kor. 12:15). Eləcə də ağsaqqallar təkcə sözləri ilə yox, həm də səmimi qəlbdən qayğı göstərərək başqalarına təsəlli və ürək-dirək verməlidir (1 Kor. 14:3).

9. Ağsaqqallar ruhlandırıcı tərzdə məsləhət verməyi necə öyrənə bilər?

9 Bir-birimizi möhkəmləndirmək üçün bəzən məsləhət vermək lazım gəlir. Ağsaqqallar məsləhəti ruhlandırıcı tərzdə verməyi öyrənmək üçün Müqəddəs Kitabdakı nümunələri izləməlidirlər. Bu sahədə ən gözəl nümunəni İsa Məsih qoyub. Diriləndən sonra o, Kiçik Asiyadakı bəzi yığıncaqlara ciddi məsləhətlər vermişdi. Amma onun bu məsləhətləri hansı tərzdə verməsi diqqətəlayiqdir. Efes, Perqam və Tiatira şəhərlərindəki yığıncaqlara məsləhət verməzdən öncə onları səmimi qəlbdən tərifləmişdi (Vəhy 2:1—5, 12, 13, 18, 19). Laodikiyadakı yığıncağa isə növbəti sözləri söyləmişdi: «Mənə əziz olan adamları mən məzəmmət və tərbiyə edirəm. Ona görə də qeyrətli ol və tövbə et» (Vəhy 3:19). Ağsaqqallar da məsləhət verən zaman Məsihdən örnək almalıdır.

RUHLANDIRMAQ TƏKCƏ AĞSAQQALLARIN MƏSULİYYƏTİ DEYİL

Əziz valideynlər, övladlarınıza başqalarını ruhlandırmağın vacibliyini başa salırsınız? (10-cu abzasa baxın)

10. Biz bir-birimizə necə dayaq ola bilərik?

10 Ruhlandırmaq təkcə ağsaqqalların məsuliyyəti deyil. Bulus bütün məsihiləri dindaşlarını ruhlandırmağa təşviq edərək demişdi: «Zərurətə görə imanı möhkəmləndirmək üçün yaxşı söz söyləyin ki, sizi dinləyənlərə fayda gətirsin» (Efes. 4:29). Hər birimiz dindaşlarımızın nəyə ehtiyac duyduğuna diqqət yetirməliyik. Bulus ibrani məsihilərə məsləhət görmüşdü: «Yana düşmüş qolları və zəif dizləri gücləndirin, düz yoldan ayrılmayın ki, axsaq ayaq yerindən çıxmasın, əksinə, sağalsın» (İbr. 12:12, 13). Hər kəs, o cümlədən, uşaqlar da xoş sözlərlə başqalarını ruhlandıra bilər.

11. Marta bacı çətin anlarında hansı köməyi aldı?

11 Depressiya keçirmiş Marta * adlı bir bacı yazır: «Bir gün Yehovaya dua edib ruhlanmağa ehtiyac duyduğumu bildirdim. Elə həmin gün yaşlı bir bacıyla rastlaşdım. O, mənə məhəbbət və anlayış göstərdi. Həmin vaxt ən çox ehtiyac duyduğum şey elə bu idi. Bacı ilə söhbət edəndə başa düşdüm ki, bu hissləri keçirən tək mən deyiləm, o da bir zamanlar belə hisslər keçirib». Bəlkə də, həmin yaşlı bacı sözlərinin Martaya bu cür təsir edəcəyini ağlına da gətirmirdi.

12, 13. Filippililərə 2:1—4 ayələrindəki məsləhətə necə əməl edə bilərik?

12 Həvari Bulus Filippi yığıncağına növbəti məsləhəti vermişdi: «İndi ki Məsihlə vəhdətdə bir-birinizi ruhlandırır, bir-birinizə məhəbbətlə təsəlli verir, aranızda dostluq, mehribançılıq, şəfqət var, sevincim bütöv olsun deyə, həmfikir olun, aranızda qarşılıqlı məhəbbət olsun, can bir qəlbdə, yekdil olun. Hikkə ilə, təkəbbürlə heç nə etməyin. Əksinə, təvazökar olub başqalarını özünüzdən üstün sayın. Təkcə özünüzü fikirləşməyin, başqalarını da fikirləşin» (Filip. 2:1—4).

13 Bəli, biz dindaşlarımıza kömək etmək üçün fürsətlər axtarmalıyıq. Bacı-qardaşlarımızı ruhlandırmaq üçün «məhəbbətlə təsəlli» verməli, «dostluq, mehribançılıq, şəfqət» kimi xüsusiyyətlər təzahür etdirməliyik.

RUHLANDIRMAĞIN YOLLARI

14. İnsanı nə ruhlandıra bilər?

14 Dəstək olduğunuz birinin Yehovaya sadiq qaldığı haqda eşidəndə adamın qəlbi fərəhlə dolur. Həvari Yəhya öz hissləri barədə yazmışdı: «Mənim üçün uşaqlarımın həqiqət yolunda yeridiklərini bilməkdən böyük xoşbəxtlik ola bilməz» (3 Yəh. 4). Bir çox öncül təsdiq edə bilər ki, illər əvvəl həqiqət yolunda addımlamağa kömək etdiyi kəslərin Yehovaya sədaqətlə xidmət etdiyini, bəlkə də öncül olduğunu bilmək necə gözəl hissdir. Həqiqətən də ruhdan düşmüş öncülü ruhlandırmağın ən gözəl üsulu onun başqalarına necə dayaq olduğunu xatırlatmaqdır.

15. Sədaqətlə xidmət edən dindaşlarımızı necə ruhlandıra bilərik?

15 Bir çox rayon nəzarətçiləri və həyat yoldaşları ziyarətlərindən sonra aldıqları qısa minnətdarlıq məktubunun belə, onları necə ruhlandırdığını deyirlər. Eləcə də Yehovaya sədaqətlə xidmət edən ağsaqqallar, xüsusi təyinatlı müjdəçilər, öncüllər və Beytel ailəsinin üzvləri tərif sözləri eşidəndə qol-qanad açır.

RUHLANDIRMAQ HAMININ BORCUDUR

16. Ruhlandırmaq üçün nə lazımdır?

16 Əgər ünsiyyətcil deyiliksə, düşünməməliyik ki, başqalarını ruhlandıra bilmərik. Əslində, kimisə ruhlandırmaq üçün elə də çox şey lazım deyil. Bəzən salamlaşan zaman xoş təbəssümümüz belə kifayət edir. Qarşı tərəf bizə təbəssümlə cavab vermirsə, bu onun hansısa problemi olduğuna işarə edə bilər. Bu halda sadəcə dinləmək də onun narahatlığını azalda bilər (Yaq. 1:19).

17. Bir gənc qardaş hansı köməyi almışdı?

17 Henri adlı bir gənc qardaşın ağsaqqal kimi xidmət edən atası və digər yaxın qohumları həqiqət yolundan dönəndə o, yaman pis olmuşdu. Vəziyyətdən hali olan rayon nəzarətçisi onu kafeyə dəvət edir. Qardaşın onunla maraqlanması, onu dinləməsi Henriyə müsbət təsir bağışlayır. Bu söhbətindən sonra Henri başa düşür ki, ailəsinin həqiqətə qayıtmasının yeganə yolu özünün həqiqətdə möhkəm qalmasıdır. Henriyə həmçinin Zəbur 46-cı məzmur, Səfənya 3:17, Mark 10:29, 30 ayələri də dözməyə güc vermişdi.

Hər kəs bir-birini ruhlandıra və möhkəmləndirə bilər (18-ci abzasa baxın)

18. a) Süleyman padşah ruhlandırmaqla bağlı nə yazmışdı? b) Həvari Bulus hansı məsləhəti vermişdi?

18 Martanın və Henrinin nümunəsindən gördük ki, təsəlliyə ehtiyac duyan bacı-qardaşlarımızı hər birimiz ruhlandıra bilərik. Süleyman padşah yazmışdı: «Yerində deyilən söz nə gözəldir!.. Nurlu gözlər [və ya “gülən gözlər”] ürəyi şad edər, şad xəbər cana can verər» (Məs. 15:23, 30). Saytımızdakı və «Gözətçi qülləsi» jurnalındakı məqalələr pərişan qəlblərin dərmanı ola bilər. Bulus həmd nəğmələri oxumağın da insanı ruhlandırdığını söyləmişdi: «Bir-birinizə məzmurlar, mədhlər və minnətdarlıqla oxunan ruhani mahnılarla öyüd-nəsihət verin, Yehovanı ürəyinizdə tərənnüm edin» (Kol. 3:16; Həv. 16:25).

19. Nəyə görə bir-birimizi ruhlandırmağa daha çox ehtiyac duyacağıq və bizdən nə tələb olunur?

19 Yehovanın günü yaxınlaşdıqca bir-birimizi ruhlandırmağa daha çox ehtiyac duyacağıq (İbr. 10:25). Odur ki, indi həvari Bulusun məsləhətinə əməl etməyin əsl vaxtıdır: «İndi olduğu kimi, bundan sonra da bir-birinizə təsəlli verin və bir-birinizi möhkəmləndirin» (1 Salon. 5:11).

^ abz. 11 Adlar şərtidir.