Kontentə keç

Mündəricatı göstər

BİOQRAFİYA

Kasıbçılıqdan zənginliyə

Kasıbçılıqdan zənginliyə

Mən ABŞ-ın İndiana ştatında, Liberti adlı balaca bir şəhərdə doğulmuşam. Biz birotaqlı taxta daxmada yaşayırdıq. Mən dünyaya gələndə bir qardaşım və iki bacım var idi. Sonradan iki qardaşım və bir bacım da doğuldu.

Samuel Herdin dünyaya göz açdığı taxta daxma

MƏKTƏB illərimdə yaşadığım şəhərdə xüsusi bir şey olmayıb. Məktəbi hansı uşaqlarla başlamışdımsa, elə onlarla da bitirdim. Yaşadığım şəhərdə demək olar ki, hamı bir-birini tanıyırdı.

Yeddi uşaqdan biri idim, gəncliyimdə ferma işi ilə bağlı çox şey öyrənmişəm

Liberti şəhərinin ətrafı kiçik fermalar və qarğıdalı tarlaları idi. Atam yerli fermerlərdən birinin işçisi olub. Yeniyetmə yaşlarımda traktor sürməyi öyrənmişdim və ferma işlərinin çoxundan başım çıxırdı.

Cavan ata necə olur bilmirəm, çünki mən doğulanda atamın artıq 56 yaşı var idi. Anam isə 35 yaşında idi. Yaşının çox olmasına baxmayaraq, atam sağlam, möhkəm kişi idi. O, çox zəhmətkeş idi və bizə də əməyi sevdirmişdi. Heç vaxt çox pul qazanmayıb, amma başımızın üstündə damımız, geyinməyə paltarımız və bir qarın yeməyimiz həmişə olub. Atam bizə hər zaman vaxt ayırıb. O, 93 yaşında, anam isə 86 yaşında vəfat edib. Nə atam, nə də anam Yehovaya ibadət etməyib. Bacı-qardaşlarımın arasında yalnız bir qardaşım Yehovaya sədaqətlə xidmət edir. O, 1972-ci ildən bəri ağsaqqal kimi xidmət edir.

UŞAQLIQ İLLƏRİM

Anam dindar qadın idi. O, hər bazar günü bizi Baptist kilsəsinə aparırdı. 12 yaşımda ilk dəfə üç üqnum təlimi barədə eşidəndə anamdan soruşmuşdum: «İsa eyni vaxta necə həm Oğul, həm də Ata ola bilər?» Cavabında anam: «Oğlum, bu, böyük bir müəmmadır, biz bunu dərk edə bilmərik», — demişdi. Bu, mənim üçün doğrudan da müəmma idi. Buna rəğmən, 14 yaşımda ərazimizdəki çayda Üç üqnum naminə 3 dəfə suya batırılaraq vəftiz olundum.

17 yaşımda, hərbi xidmətə çağrılmazdan öncə (1952-ci il)

Yuxarı sinifdə oxuyanda boksçu bir dostum var idi. O, məni də bu idmana başlamağa təşviq edirdi. Nəticədə məşqlərə başladım və «Qızıl əlcək» adlı boks klubuna qoşuldum. Kifayət qədər güclü olmadığım üçün bir neçə döyüşdən sonra boksun daşını atdım. Daha sonra ABŞ ordusuna hərbi xidmətə çağırıldım və Almaniyaya göndərildim. Hərbi xidmətdə olduğum müddətdə rəhbərlərim yaxşı lider olacağımı düşünərək məni hərbi akademiyaya göndərdilər. Onlar istəyirdilər ki, hərbi karyera qurum. Mənim isə belə bir fikrim olmadığından ikiillik hərbi xidmətimi başa vuraraq 1956-cı ildə ordunu tərk etdim. Lakin üstündən çox keçməmiş başqa bir orduya qoşuldum.

ABŞ ordusunda iki il qulluq etdim (1954—1956-cı illər)

YENİ HƏYAT BAŞLAYIR

O vaxtlar düşünürdüm ki, əsl kişi sərt olmalıdır. Bu cür düşünməyimdə filmlərin və cəmiyyətin təsiri olub. Hesab edirdim ki, təbliğ etmək kişiyə yaraşmaz. Amma yeni öyrəndiyim bir şey bütün həyatımı dəyişdi. Bir gün şəhərdə üstüaçıq qırmızı maşınımla gəzərkən iki gənc xanım mənə əl elədi. Onları tanıyırdım, böyük bacımın baldızları idi. Yehovanın Şahidləri olan bu xanımlar bir müddət əvvəl mənə «Gözətçi qülləsi» və «Oyanın!» jurnalları vermişdilər. Amma bu jurnallar mənə qəliz gəlmişdi. Bu dəfə isə məni yığıncağın kitaböyrənmə görüşünə dəvət etdilər. Onların evində keçirilən bu kiçik görüşdə Müqəddəs Kitabın araşdırılması və müzakirəsi aparılırdı. Onlara dedim ki, ora gəlmək barədə fikirləşərəm. Xanımlar gülümsəyərək soruşdular: «Söz verirsən?» Mən: «Söz verirəm», — dedim.

Söz verdiyimə görə peşman olsam da, geriyə yol yox idi. Həmin axşam onlara getdim. Oradakı uşaqlara heyran qaldım. Onlar Müqəddəs Kitab haqda o qədər çox şey bilirdilər ki! Bazar günləri anamla kilsəyə getsəm də, Müqəddəs Kitabdan biliyim çox az idi. Daha çox öyrənmək qərarına gəldim. Müqəddəs Kitabı araşdırmaq təklifini qəbul etdim. İlk öyrəndiyim şey Küllü-İxtiyar Allahın adının Yehova olması idi. İllər öncə Yehovanın Şahidlərinin kim olduğunu soruşanda anam demişdi ki, «onlar Yehova adlı yaşlı bir kişiyə ibadət edirlər». İndi isə elə bil gözlərim açılmışdı!

Həqiqəti tapdığıma əmin idim, ona görə də ruhani cəhətdən tez inkişaf etdim. Həmin görüşdən doqquz ay sonra, 1957-ci ilin martında vəftiz olundum. Həyata baxışım dəyişdi. Əvvəlki sərt kişi obrazım haqda düşünəndə Allaha şükr edirəm ki, Müqəddəs Kitab vasitəsilə mənə əsl kişi obrazının nə demək olduğunu öyrətdi. İsa Məsih kamil idi və onun kifayət qədər gücü var idi. Heç bir kişi ona çatmazdı. Bununla belə, Məsih davakar deyildi, əksinə, peyğəmbərlikdə deyildiyi kimi, ona zülm verəndə də, «əzab çəkməyə razı» idi (Əşy. 53:2, 7). Həmçinin onu da öyrəndim ki, İsa Məsihin davamçısı «hamıyla mülayim» davranmalıdır (2 Tim. 2:24).

Növbəti il, 1958-ci ildə öncüllüyə başladım. Çox keçmədi ki, qısa müddətlik öncüllüyü dayandırmalı oldum. Bilirsiniz niyə? Evlənmək qərarına gəldim, özü də Qloriya ilə, məni kitaböyrənməyə dəvət edən həmin gənc xanımlardan biri ilə! Heç vaxt bu qərarıma görə peşman olmamışam. Qloriya mənim üçün dünyada tayı-bərabəri olmayan əsl cəvahirdir! Biz evləndik. İstəyirəm həyatı barədə Qloriya özü danışsın:

«Ailədə 17 uşaqdan biri idim. Anam Yehovanın Şahidi idi. 14 yaşım olanda o vəfat etdi. Atam elə həmin vaxtlar Müqəddəs Kitabı öyrənməyə başladı. Anamın ölümündən sonra atam böyük bacımla mənim məktəbə növbə ilə getməyimiz üçün məktəb müdiriyyəti ilə danışdı. Balaca bacı-qardaşlarımıza baxmaq və atam işdən qayıdana qədər yemək bişirmək üçün növbə ilə evdə qalmalı idik. Məktəb müdiriyyəti razılıq verdi və bu vəziyyət düz bir il, bacım məktəbi bitirənə qədər davam etdi. Yehovanın Şahidi olan iki ailə mənə və bacı-qardaşlarıma Müqəddəs Kitab dərsi keçirdi. On birimiz Yehovanın Şahidi olduq. Təbliğ etməkdən xoşum gəlsə də, çox utancaq idim. Sam uzun illər mənə bu sahədə kömək edib».

Biz 1959-cu ilin fevralında ailə qurmuşuq. Birlikdə öncül kimi xidmət edirdik. Həmin ilin iyul ayında Beyteldə xidmət etmək üçün ərizə doldurduq. Baş idarədə xidmət etməyi çox istəyirdik. Həmin vaxt Beyteldə xidmət edən Saymon Kreker adlı bir qardaş ərizəmizi qəbul etdikdən sonra bizdən müsahibə götürdü. O, bizə dedi ki, Beytel hələ evli insanları dəvət etmir. Amma orada xidmət etmək arzumuz heç vaxt sönmədi.

Baş idarəyə məktub yazıb bizi tələbat olan əraziyə göndərmələrini xahiş etdik. Bizə cəmi bir seçim verdilər, o da Arkanzas ştatının Payn Blaf şəhəri idi. Həmin vaxt orada iki yığıncaq var idi, biri ağdərililər, o biri də qaradərililər üçün. Biz cəmi 14 təbliğçisi olan qaradərililərdən ibarət yığıncağa təyin olunduq.

SEQREQASİYA VƏ İRQÇİLİK

Yehovanın Şahidlərinin yığıncaqlarının insanların dəri rənginə görə bölünməsi (seqreqasiya) sizə təəccüblü gələ bilər. Amma o vaxtlar vəziyyət başqa idi. Fərqli irqlərdən olan insanların bir yerdə yığışması qanun pozuntusu hesab edilirdi, üstəlik, bu, çox təhlükəli idi. Bir çox ərazilərdə bacı-qardaşlar qorxurdular ki, müxtəlif irqlərdən olan bacı-qardaşlar bir yerdə ibadət etsələr, camaat onların ibadət evini dağıda bilər. Hətta belə hallar olmuşdu. Qaradərili Yehovanın Şahidləri ağdərili insanlar yaşayan məhəllələrdə ev-ev təbliğ edəndə həbs olunur, hətta döyülürdülər. Odur ki, təbliğ işinin getməsi naminə biz qanunlara tabe olur və vəziyyətin yaxşılığa doğru dəyişəcəyinə ümidimizi itirmirdik.

Buradakı xidmətimizin öz çətinlikləri var idi. Qaradərililərin məhəlləsində təbliğ edən vaxt bəzən səhvən ağdərililərin qapısını döyürdük. Bu zaman ya qısa təqdimat etməli idik, ya da üzrxahlıq edib çıxıb getməli. Bax, o vaxtlar bəzi ərazilərdə vəziyyət belə idi.

Əlbəttə ki, öncül kimi xidmət edə bilmək üçün işləməli idik. İşlədiyimiz yerlərin çoxunda günə üçcə dollar alırdıq. Qloriya bir neçə yerdə ev işləri görürdü. Evlərin birində işini tez bitirməsi üçün ona kömək etməyimə icazə vermişdilər. Onlar nahar yeməyimizi də verirdilər. Qloriya həmçinin həftədə bir dəfə bir ailənin paltarlarını ütüləyirdi, mən isə həmin evdə bağban işləri görür, pəncərələri yuyur və nə iş tapşırsalar edirdim. Bir ağdərili ailənin evində isə pəncərələri yuyurduq. Qloriya içəri tərəfdən, mən isə çöl tərəfdən. Bütün günü orada işləməli olduğumuz üçün yeməyimizi də verirdilər. Mən bayırda, qarajda oturub yeyirdim, Qloriya isə evdə, lakin ev sakinlərindən ayrıca yeyirdi. Bu, mənim üçün problem deyildi, çünki yeməklər dadlı idi. Ailə də yaxşı ailə idi, sadəcə ətrafdakıların fikri onlara da sirayət etmişdi. Yadımdadır, bir dəfə qaz doldurma məntəqəsində dayanmışdım. Maşının çənini doldurandan sonra ağdərili işçidən Qloriyanın ayaqyoluna getməsi üçün icazə istədim. O, sərt baxışlarla mənə «bağlıdır» deyə cavab verdi.

UNUDULMAZ XEYİRXAHLIQLAR

Bacı-qardaşlarla gözəl anlarımız çox olub. Payn Blafdakı xidmətimizi çox sevirdik. Bura təzə gələndə bir qardaşın evində qalırdıq. O, ağsaqqallar şurasının koordinatoru idi, yoldaşı isə Yehovanın Şahidi deyildi. Qloriya onunla Müqəddəs Kitab dərsi keçməyə başladı. Mən də onların qızı və kürəkəni ilə dərs keçirdim. Ana və qız Yehovaya xidmət etməyə qərar verib vəftiz olundular.

Ağdərili bacı-qardaşların olduğu yığıncaqdan çoxlu dostlarımız var idi. Onlar tez-tez bizi qonaq çağırırdılar. Lakin heç kəs görməsin deyə, yalnız hava qaralandan sonra onlara gedə bilirdik. Həmin dövrdə irqçilik və zorakılıq yayan Ku-Kluks-Klan təşkilatı çox aktiv idi. Yadımdadır, Hellouin axşamında evin kandarında bir nəfər görmüşdüm. Bu təşkilatın üzvləri kimi ağ cübbə və iti ucluqlu ağ papaq geyinmiş bu adam onlara bənzəməklə fəxr edirdi. Bu kimi şeylər bacı-qardaşları xeyirxahlıq etməkdən saxlamırdı. Bir dəfə yayda toplantıya getmək üçün bizə pul lazım idi. Bir qardaş bizim 1950-ci il istehsalı olan «Ford» markalı maşınımızı almağa razılaşdı. Üstündən bir ay keçmişdi. İsti bir yay günündə ev-ev təbliğ edib, Müqəddəs Kitab dərsləri keçib yorğun-arğın evə gəlirdik. Evə çatanda bir sürprizlə qarşılaşdıq. Qapının ağzında əvvəlki maşınımızın dayandığını gördük. Ön şüşəsində balaca bir vərəq var idi. Orada yazılmışdı: «Maşınınızı sizə hədiyyə olaraq geri qaytarıram. Qardaşınız».

Daha bir xeyirxahlıq nümunəsi isə mənə lap təsir etmişdi. 1962-ci ildə Cənubi Lansinqdə (Nyu-York) keçiriləcək Məsul Qardaşlar üçün Məktəbə dəvət aldım. Orada yığıncaq, rayon və vilayət nəzarətçiləri bir aylıq təlim keçəcəkdi. Həmin vaxt əlimiz aşağı idi, üstəlik işsiz idim. Bir gün məni Payn Blafda yerləşən bir telefon şirkətində müsahibəyə çağırdılar. Əgər işə qəbul olunsaydım, orada işləyən ilk qaradərili işçi olacaqdım. Şirkət məni işə götürmək qərarına gəldi. Nə edə bilərdim ki?! Onsuz da Nyu-Yorka getməyə pulum yox idi. Ona görə də bu işə girib, dəvətdən imtina etmək qərarını vermişdim. Bu barədə qardaşlara məktub yazmağa hazırlaşırdım. Amma həyatım boyu unutmayacağım bir şey baş verdi.

Bir səhər əri Yehovanın Şahidi olmayan bir bacı qapımızı döydü və mənə bir zərf verdi. Zərfin içərisində çoxlu pul var idi. O, Nyu-Yorka gedə bilməyim üçün uşaqları ilə hər səhər tezdən durub pambıq tarlasında alaq otlarını təmizləyirmiş. Bacı dedi: «Məktəbə get və bacardığın qədər bilik al. Geri qayıdıb bizi də öyrət». Bu hadisədən sonra telefon şirkətindən beş aydan sonra işə başlamaq üçün icazə istədim. Onlar bir mənalı şəkildə «yox» cavabını verdilər. Amma mənim üçün fərqi yox idi, onsuz da qərarımı vermişdim. Sevinirəm ki, o işə getmədim.

Payn Blafdakı xidmətimiz barədə bir az da Qloriya danışsın: «Oralardan ötəri ürəyim gedirdi. 15—20 nəfərə Müqəddəs Kitab dərsi keçirdim. Səhərlər ev-ev təbliğ edir, günün qalan hissəsini isə Müqəddəs Kitab dərsləri keçirdik. Bəzən xidmətimiz axşam saat 11-ə kimi çəkirdi. Xidmətimiz çox maraqlı keçirdi. Elə istəyərdim ki, həmişə orada qalım. Düzünü desəm, heç istəməzdim ki, bu xidməti dəyişib rayon xidmətinə başlayaq. Amma Yehovanın bizimlə bağlı niyyəti başqa idi». Və elə də oldu.

SƏYYAR XİDMƏT SƏRGÜZƏŞTLƏRİMİZ

Payn Blafda öncüllük edən vaxt xüsusi öncül olmaq üçün ərizə doldurduq. Müsbət cavab alacağımıza ümidimiz böyük idi. Çünki vilayət nəzarətçimiz xüsusi öncül kimi Texasa təyin olunub oradakı yığıncağa kömək etməyimizi istəyirdi. Bu təklif bizim də ürəyimizcə idi. İntizarda qalmışdıq, poçt qutumuza məktub gəlmirdi ki, gəlmirdi. Nəhayət, bir gün məktub aldıq: bizi səyyar xidmətə təyin etmişdilər! Həmin vaxt 1965-ci ilin yanvar ayı idi. Hal-hazırda Birləşmiş Ştatlarda filial komitəsinin koordinatoru olan Leon Viver qardaş da həmin vaxt rayon nəzarətçisi təyin olunmuşdu.

Yeni təyinatıma görə çox həyəcanlı idim. Təxminən bir il əvvəl vilayət nəzarətçisi olan Ceyms Tompson qardaş mənim rayon nəzarətçisinin tələblərinə uyğun gəlib-gəlmədiyimi yoxlamışdı. O, mənə yaxşı rayon nəzarətçisi olmaq üçün təkmilləşməli olduğum sahələri göstərmişdi. Rayon xidmətinə başlamağımdan çox keçməmişdi ki, onun verdiyi məsləhətlərin nə qədər yerində olduğunu anladım. Ceyms Tompson qardaş təyinatımdan sonra birgə xidmət etdiyim ilk vilayət nəzarətçisi olub.

Ruhən yetkin qardaşlardan aldığım köməyi çox dəyərləndirirəm

O vaxtlar rayon nəzarətçilərinə az təlim keçirilirdi. Mən bir həftə yığıncağı ziyarət edən bir rayon nəzarətçisini müşahidə etdim. Növbəti həftə isə mən bir yığıncağı ziyarət etdim, qardaş isə məni kənardan izlədi. Sonra o, mənə məsləhətlər və göstərişlər verdi. Bundan sonra yığıncaqları onsuz ziyarət etməli idik. Yadıma gəlir, onda Qloriyaya demişdim: «Elə bu qədər? Nə tez getdi...» Tədricən mən mühüm bir şeyi başa düşdüm. Kömək etməyə hazır qardaşlar həmişə olacaq, yetər ki, onların sənə kömək etməsinə mane olmayasan. Həmin vaxt səyyar nəzarətçi olan Ceyms Braun və Beytel ailəsinin üzvü olan Fred Rask kimi təcrübəli qardaşların köməyini çox qiymətləndirirəm.

O vaxtlar irqçilik hər yeri bürümüşdü. Bir dəfə biz Tennessi şəhərində olanda Ku-Kluks-Klan təşkilatı parad keçirirdi. Bir dəfə də təbliğ xidməti qrupu ilə restorana girib yüngülvari yemək yemək istədik. Mən ayaqyoluna gedəndə bədənində irqçiliyə aid döymələr olan kobud görünüşlü bir kişi arxamca gəldi. Lakin həm ondan, həm məndən daha cüssəli ağdərili bir qardaş ardımca gəlib soruşdu: «Herd qardaş, hər şey qaydasındadır?» Həmin kişi o andaca dönüb getdi. O illər ərzində anladım ki, irqçiliyin olmasına səbəb insanların dərisinin rəngi deyil, Adəmin bizə ötürdüyü günahın təsiridir. Həm də öyrəndim ki, dərisinin rəngindən asılı olmayaraq, qardaş elə qardaşdır və lazım gələrsə, səndən ötrü canını da fəda edər.

ZƏNGİN SONLUQ

Səyyar xidmətdə keçirdiyimiz 33 ilin 21 ilini vilayət nəzarətçisi olmuşam. İllərimiz çox dolğun keçib və ruhlandırıcı hadisələrlə yadda qalıb. Amma qarşıda bizi başqa bir mükafat gözləyirdi. 1997-ci ildə, ilk ərizəni doldurduğumuz vaxtdan təxminən 38 il sonra çoxdandır həsrətində olduğumuz arzumuz çin oldu. Biz Birləşmiş Ştatlardakı Beytelə dəvət aldıq. Elə növbəti ay xidmətə başladıq. Elə bilirdim ki, qardaşlar bizi müvəqqəti dəvət ediblər, amma vəziyyət mənim düşündüyümdən çox fərqli oldu.

Qloriya mənim üçün dünyada tayı-bərabəri olmayan əsl cəvahirdir!

İlk olaraq xidmət şöbəsində işləməyə təyin olundum. Burada nə qədər şey öyrəndim! Xidmət şöbəsində işləyən qardaşlar bütün ölkədəki ağsaqqallar şurasından və rayon nəzarətçilərindən gələn ən həssas və ən mürəkkəb məsələləri həll etməli olur. Onların mənə səbirlə təlim verməsini və göstərdikləri köməyi çox qiymətləndirirəm. Bununla belə, əminəm ki, yenidən bu şöbəyə təyinat alsaydım, yenə də nə qədər şey öyrənməli olardım.

Qloriya da, mən də Beytel xidmətini çox sevirik. Tez oyanmaq vərdişimiz Beyteldə karımıza çatdı. Təxminən bir ildən sonra mən Rəhbərlik Şurasının xidmət komitəsinin köməkçisi təyin olundum. 1999-cu ildə isə Rəhbərlik Şurasına üzv seçildim. Bu təyinat mənə çox şey öyrətdi. Amma ən əsası onu dərk etdim ki, yığıncağın başı hər hansı insan yox, İsa Məsihdir.

1999-cu ildən Rəhbərlik Şurasının üzvüyəm

Bəzən dönüb həyat yoluma baxanda Amus peyğəmbərin keçirdiyi hissləri keçirirəm. Yehova adi bir çobana, kasıb qidası sayılan əncir çərtməklə məşğul olan Amusa nəzər saldı. Allah ona yüksək təyinat verdi, onu Öz peyğəmbəri seçdi (Ams. 7:14, 15). Eynilə, Yehova mənə də nəzər saldı, Libertidə yaşayan kasıb fermer oğluna. Başımdan saymaqla bitməyəcək bol-bol bərəkət yağdırdı! (Məs. 10:22). Kasıblıq içində başlayan həyatımın sonluğu ruhani zənginlik oldu. Özü də elə bir zənginlik ki, heç xəyalıma da gətirə bilməzdim!