Kontentə keç

Mündəricatı göstər

Səxavətlə verənlər xoşbəxtdirlər

Səxavətlə verənlər xoşbəxtdirlər

«Vermək... xoşbəxtlik gətirir» (HƏV. 20:35).

NƏĞMƏ: 76, 110

1. Xilqət Yehovanın səxavətindən necə xəbər verir?

XİLQƏTİ yaratmağa başlamazdan öncə Yehova tamamilə tək idi. Sonra O, göydəki və yerdəki bütün şüurlu varlıqları yaradaraq həyatı paylaşmaq qərarına gəldi. Xoşbəxt Allahımız Yehovanın gözəl bəxşişlər verməkdən xoşu gəlir (1 Tim. 1:11; Yaq. 1:17). O istəyir ki, biz də xoşbəxt olaq, buna görə də bizə səxavətli olmağı öyrədir (Rom. 1:20).

2, 3. a) Nə üçün səxavət göstərmək xoşbəxtlik bəxş edir? b) Bu məqalədə nəyi müzakirə edəcəyik?

2 Allah insanı Öz bənzərində yaradıb (Yar. 1:27). Bu o deməkdir ki, Yehovada olan xüsusiyyətlər bizdə də var. Odur ki, xoşbəxt olmaq üçün, biz Yehovadan örnək alaraq başqalarını düşünməli və səxavətli olmalıyıq (Filip. 2:3, 4; Yaq. 1:5). Nə üçün? Cavab sadədir, Allah bizi bu cür yaradıb. Günahlı bəndələr olsaq da, bu sahədə Ona bənzəyə bilərik.

3 Müqəddəs Kitab bizə səxavətli olmağın yolunu öyrədir. Gəlin bizə bu sahədə kömək edəcək bəzi fikirləri nəzərdən keçirək. Görəcəyik ki, səxavətli olmaqla Yehovanın razılığını necə qazanırıq və bu xüsusiyyəti yetişdirmək Yehovanın bizə tapşırdığı işi görməyə necə kömək edir. Həmçinin səxavət göstərməyin xoşbəxtliklə necə bağlı olduğunu və nə üçün bu xüsusiyyəti yetişdirməyə davam etməli olduğumuzu araşdıracağıq.

ALLAHIN RAZILIĞINI QAZANMAĞIN YOLU

4, 5. Yehova Allah və İsa Məsih səxavətli olmaqla bağlı bizə hansı nümunəni qoyub?

4 Yehova yaratdığı insanların Ona bənzəməsini istəyir, odur ki, Onun kimi səxavətli olanda Allahımız şad olur (Efes. 5:1). Bizim necə yaranmağımız, bizi əhatə edən təbiətin gözəlliyi və zənginliyi göstərir ki, Allah bizim xoşbəxt olmağımızı istəyir (Zəb. 104:24; 139:13—16). Buna görə də biz başqalarının könlünü şad etməyə çalışanda Yehovanı şərəfləndiririk.

5 Əsl məsihilər Məsihdən örnək alır. O, bəni insanın necə səxavətli olması ilə bağlı kamil nümunə qoyub. Məsih özü haqda demişdi: «İnsan Oğlu... ona görə gəlməyib ki, ona qulluq etsinlər, əksinə, o, xidmət etmək və bir çoxları uğrunda həyatını fidyə kimi vermək üçün gəlib» (Mət. 20:28). Buna görə də həvari Bulus məsihiləri təşviq etmişdi: «Məsih İsa kimi düşünün... O özünü hər şeydən məhrum etdi və qul surətini qəbul edib insan oldu» (Filip. 2:5, 7). Yaxşı olardı ki, hər birimiz özümüzə növbəti sualı verək: «İsa Məsihin qoyduğu nümunəni daha da dəqiqliklə izləyə bilərəm?» (1 Butrus 2:21 ayəsini oxuyun.)

6. İsa Məsih səməriyyəli haqda məsəl vasitəsilə bizə nə öyrədir? (Məqalənin əvvəlindəki şəklə baxın.)

6 Yehovanın və İsa Məsihin kamil nümunəsini izləyəndə, başqalarının rifahını düşünəndə və onlara qayğı göstərməyə fürsət axtaranda Yehovanın razılığını qazanırıq. İsa Məsih səməriyyəli haqda çəkdiyi məsəldə bunun nə qədər vacib olduğunu vurğuladı. O, davamçılarına kimliyindən asılı olmayaraq hər kəsə kömək etməli olduqlarını öyrətdi. (Luka 10:29—37 ayələrini oxuyun.) İsanın bu məsəli nə üçün çəkdiyini xatırlayırsınız? Bir yəhudi ondan soruşmuşdu: «Mən kimi sevməliyəm?» İsanın cavabından öyrənirik ki, Yehovanın lütfünü qazanmaq istəyiriksə, səməriyyəli kimi biz də həmişə səxavət göstərməyə hazır olmalıyıq.

7. Xudbin və ya səxavətli olmağımızın mübahisəli məsələ ilə hansı əlaqəsi var?

7 Məsihilərin səxavət göstərməyə çoxlu səbəbləri var. Misal üçün, bu xüsusiyyət Şeytanın Ədən bağında qaldırdığı məsələ ilə bağlıdır. Necə? Şeytan iddia etdi ki, Adəm və Həvva, eləcə də onların simasında bütün bəşəriyyət öz maraqlarını Allahın niyyətindən üstün tutsa və diqqətlərini özlərinə cəmləsə, daha xoşbəxt olar. Həvva xudbin arzuya qapılaraq Allah kimi olmaq istədi. Adəm isə Həvvanı razı salmağı daha üstün tutmaqla xudbin davrandı (Yar. 3:4—6). Onların verdiyi qərarın acı nəticəsi göz qabağındadır. Öz mənfəətini düşünmək xoşbəxtlik yox, bədbəxtlik gətirir. Səxavətli olmaqla isə göstəririk ki, Yehovanın hər şeyi daha yaxşı bildiyinə inanırıq.

YEHOVANIN TAPŞIRDIĞI İŞİ İCRA EDƏK

8. Nə üçün Adəmlə Həvva başqalarını düşünməli idi?

8 Ədən bağında Adəmlə Həvvadan başqa heç kəs olmasa da, Yehovanın verdiyi göstəriş onları başqalarını düşünməyə təşviq etməli idi. Yehova Allah Adəmlə Həvvaya xeyir-dua verərək, törəyib çoxalmağı, bütün yer üzünü doldurmağı və ona sahib olmağı buyurmuşdu (Yar. 1:28). Necə ki Allah hər bir kəsin xoşbəxt olmasını istəyirdi, eləcə də Adəmlə Həvva hələ dünyaya gəlməmiş övladlarının rifahını düşünməli idi. Bütün yer üzünü cənnətə çevirmək üçün Adəmin get-gedə böyüyəcək ailəsi bir-biri ilə əməkdaşlıq etməli olacaqdı. Bu, çox böyük layihə idi!

9. Yer kürəsini cənnətə çevirmək insanları necə xoşbəxt edə bilərdi?

9 Yer üzünü cənnətə çevirmək üçün kamil insanlar Yehova ilə sıx əməkdaşlıq etməli olacaqdı. Onlar bu yolla Allahın niyyətini həyata keçirəcək və beləcə, Onun «istirahət»inə qovuşacaqdılar (İbr. 4:11). Bir təsəvvür edin bu layihəni həyata keçirmək onlara nə qədər böyük məmnunluq gətirəcəkdi! Başqalarının rifahı uğrunda çalışmaqla onlar Allahdan nemətlər alacaq və sözlə ifadə olunmayan xoşbəxtlik duyacaqdılar.

10, 11. Təbliğ etmək və şagird hazırlamaq tapşırığını necə yerinə yetirə bilərik?

10 Yehova Allah xalqına təbliğ etmək və şagird hazırlamaq işini həvalə edib. Bu tapşırığı yerinə yetirmək üçün bizə səmimi qəlbdən başqalarının rifahını düşünmək gərəkdir. Həqiqətən də, yalnız Allaha və insanlara məhəbbət sayəsində təbliğ işini davam etdirə bilərik.

11 Eramızın birinci əsrində yaşayan həvari Bulus Padşahlıq müjdəsini təbliğ etdiklərinə görə özünü və digər məsihiləri «Allahın əməkdaşları» adlandırmışdı (1 Kor. 3:6, 9). Bu gün biz də vaxtımızı, vəsaitimizi və gücümüzü Allahın həvalə etdiyi təbliğ işinə sərf etməklə Onun əməkdaşları ola bilərik. Bundan böyük şərəf ola bilər?!

Maraq göstərən insanlara həqiqəti öyrənməyə kömək etmək bizə xoşbəxtlik bəxş edir (12-ci abzasa baxın)

12, 13. Şagird hazırlamağın mükafatı barədə nə deyərdiniz?

12 Təbliğ və şagird hazırlamaq işində vaxtımızı və gücümüzü əsirgəməmək bol sevinc bəxş edir. Müqəddəs Kitab dərsi keçən bacı-qardaşlar sizi buna əmin edə bilər. Dərs keçdiyimiz şəxslərin Müqəddəs Kitab həqiqətini dərk edəndə, imanları artanda, həyatlarında dəyişikliklər edəndə və öyrəndiklərini başqaları ilə bölüşəndə necə fərəhləndiyini görmək bizə xoşbəxtlik bəxş edir. İsa Məsih də 70 şagirdinin təbliğdən «sevinc içində» qayıdıb necə ağızdolusu danışdığını görəndə sevincdən cuşa gəlmişdi (Luka 10:17—21).

13 Bütün dünyadakı bacı-qardaşlarımız xoş xəbərin insanların həyatına necə gözəl təsir etdiyini görəndə çox sevinir. Məsələn, Şərqi Avropanın təbliğçilərə tələbat olan bir ərazisinə köçmüş Anna * adlı subay bacımız deyir: «Burada Müqəddəs Kitab dərsinə başlamaq fürsəti tez-tez yaranır, bu, mənim xoşuma gəlir. Xidmətimdən böyük sevinc duyuram. Evə gələndə dərs keçdiyim insanların üzləşdiyi çətinliklər haqda düşünməkdən öz problemlərim yadıma da düşmür. Onları ruhlandırmaq, kömək etmək üçün yollar axtarıram. Mən əminliklə deyə bilərəm ki, “vermək almaqdan daha çox xoşbəxtlik gətirir”» (Həv. 20:35).

Sahəmizdəki bütün qapıları döyməklə insanlara Padşahlıq müjdəsinin eşitməyə imkan veririk (14-cü abzasa baxın)

14. Xoş xəbərə az insanın hay verməsinə baxmayaraq təbliğdən necə sevinc duya bilərsiniz?

14 Ola bilsin, insanlar bizi dinləmək istəməyəcək, amma yenə də onlara xoş xəbəri eşitmək şansı verməklə xoşbəxtlik duya bilərik. Yehova bizə Hizqiyal peyğəmbərə tapşırdığı işə bənzər iş həvalə edib. O, peyğəmbərə demişdi: «Qulaq assalar da, asmasalar da, sözümü onlara söyləməlisən» (Hizq. 2:7; Əşy. 43:10). Bəziləri xoş xəbərə məhəl qoymasa da, Yehova bizim zəhmətimizi qiymətləndirir. (İbranilərə 6:10 ayəsini oxuyun.) Bu sahədə gözəl əhval-ruhiyyədə olan bir təbliğçi yazır: «Biz əkirik, suvarırıq və Yehovanın bu marağı böyüdəcəyi ümidi ilə dua edirik» (1 Kor. 3:6).

XOŞBƏXT OLMAĞIN YOLU

15. İnsanlar göstərdiyimiz səxavətə necə yanaşır və bizim səxavət göstərib-göstərməməyimiz onların münasibətindən asılı olmalıdır?

15 İsa Məsih bizim səxavət göstərərək xoşbəxtlik duymağımızı istəyir. Göstərdiyimiz səxavəti dəyərləndirən insanlar az deyil. Məsih demişdi: «Həmişə verin, onda sizə də verəcəklər. Ətəyinizə silkələnib-basılmış, ağzınacan doldurulmuş, dopdolu bir ölçü ilə tökəcəklər. Çünki hansı ölçü ilə ölçürsünüzsə, həmin ölçü ilə də sizə ölçəcəklər» (Luka 6:38). Düzdür, səxavətimizi hamı qiymətləndirmir, bununla belə, minnətdar olanlar da az deyil və göstərdiyimiz səxavət onları da səxavətli olmağa təşviq edə bilər. Odur ki, insanların münasibətindən asılı olmayaraq səxavət göstərməyə davam etməliyik. Hətta bircə səxavətli əməlimiz belə, ağlımıza gətirmədiyimiz bəhrələr verə bilər.

16. Bizi səxavətli olmağa nə təşviq etməlidir?

16 Həqiqətən səxavətli olan insanlar verdiklərinin əvəzində heç nə gözləmir. İsa Məsih növbəti öyüdü verərkən elə bunu nəzərdə tuturdu: «Qonaqlıq verəndə evinə kasıbları, şikəstləri, çolaqları, korları çağır. Bax, onda xoşbəxt olacaqsan, çünki bu adamların sənə verməyə heç nələri yoxdur» (Luka 14:13, 14). Müqəddəs Kitabın bir ayəsində deyilir: «Əliaçıq adamın ruzisi bol olar». Digər bir ayədə isə yazılıb: «Fağıra nəzər salan bəxtiyardır» (Məs. 22:9; Zəb. 41:1). Əslində biz kömək etməkdən sevinc duyduğumuz üçün insanlara səxavət göstərməliyik

17. Hansı sahələrdə səxavət göstərib xoşbəxt ola bilərik?

17 Həvari Bulus İsa Məsihin «vermək almaqdan daha çox xoşbəxtlik gətirir» sözlərini sitat gətirərkən yalnız maddi şeyləri nəzərdə tutmur. Bura lazım gələndə, kiməsə ürək-dirək vermək, yol göstərmək, kömək əlimizi uzatmaq da daxildir (Həv. 20:31—35). Həvari Bulus həm sözü, həm də əməli ilə vaxtımızı, gücümüzü, diqqətimizi və məhəbbətimizi səxavətlə bölüşməyin vacibliyini öyrədib.

18. Sosioloqlar səxavətlə bağlı hansı qənaətə gəliblər?

18 Sosioloqlar da səxavətli olmağın xoşbəxtlik gətirdiyini təsdiqləyir. Bir məqalədə insanların «başqalarına xeyirxahlıq göstərəndən sonra özlərini daha xoşbəxt hiss etdiklərini» söylədikləri qeyd olunur. Sosioloqların sözünə görə, başqalarına kömək etmək insanın fundamental tələbatlarını ödədiyi üçün onun həyatının mənalı və məqsədyönlü olmasında mühüm rol oynayır. Buna görə də mütəxəssislər çox vaxt daha sağlam və xoşbəxt olmaq üçün cəmiyyəti ictimai işlərdə könüllü olaraq iştirak etməyə təşviq edir. Əlbəttə, bu, məhəbbətli Yaradanımızın Kəlamını oxuyanlar üçün yenilik deyil (2 Tim. 3:16, 17).

SƏXAVƏT GÖSTƏRMƏYƏ DAVAM EDƏK

19, 20. Sizi səxavət göstərməyə nə təşviq edir?

19 Ətrafımızdakı insanlar yalnız özlərini düşünür. Odur ki, səxavətlilik ruhunu qorumaq çətin ola bilər. Lakin İsa Məsih demişdi ki, iki ən böyük əmrdən biri Allahımız Yehovanı bütün qəlbimizlə, bütün varlığımızla, bütün ağlımızla və var gücümüzlə sevmək, digəri isə başqasını özümüzü sevdiyimiz kimi sevməkdir (Mark 12:28—31). Məqalədə araşdırdıq ki, Yehovanı sevənlər Ona bənzəməyə çalışır. Həm Yehova, həm də İsa Məsih insanlara səxavət göstərir. Onlar bizi də buna səsləyir, çünki səxavətlilik əsl xoşbəxtlik gətirir. Biz həm Yehovanın tapşırdığı işlərdə, həm də başqalarına qarşı münasibətdə səxavət göstərməyə davam etməklə Onun adını ucaldırıq. Üstəlik, bu, özümüzə və başqalarına fayda gətirir.

20 Əminik ki, siz başqalarına, ələlxüsus, dindaşlarınıza qarşı əliaçıq olmağa çalışırsınız (Qal. 6:10). Bundan sonra da səxavətli olsanız, insanların məhəbbətini qazanacaqsınız və əlbəttə ki, bu, sizi xoşbəxt edəcək. Məsəllər 11:25 ayəsində yazılıb: «Səxavətli bolluğa yetişər, su verənə su verilər». Sözsüz ki, bir məsihi kimi həyatımızın və xidmətimizin bir çox sahələrində qarşılıq güdmədən səxavət və xeyirxahlıq göstərə bilərik. Növbəti məqalədə bu sahələrdən bəzilərinə nəzər salacağıq.

^ abz. 13 Ad şərtidir.