Kontentə keç

Mündəricatı göstər

Gözlərimizin gördüyü ilə mühakimə etməyək

Gözlərimizin gördüyü ilə mühakimə etməyək

«Bəsdirin səthi mühakimə etdiniz, ədalətlə mühakimə edin» (YƏH. 7:24).

NƏĞMƏ: 142, 123

1. Əşiya peyğəmbər İsa Məsihlə bağlı hansı peyğəmbərliyi söyləmişdi və nə üçün bu, bizi ruhlandırır?

ƏŞİYA peyğəmbərin İsa Məsihlə bağlı dediyi peyğəmbərlik bizə arxayınlıq və əminlik bəxş edir. O demişdi ki, Məsih «gözlərinin gördüyü ilə hökm etməyəcək, qulağı ilə eşitdiyinə görə tənbeh etməyəcək», əksinə, «fağır-füqəra üçün insafla hökm çıxaracaq» (Əşy. 11:3, 4). Biz ayrı-seçkilik, qərəzlə dolu bir dünyada yaşadığımız üçün bu sözlər bizi çox ruhlandırır. Hər birimiz gözlərinin gördüyü ilə hökm etməyən bu kamil Hakimi həsrətlə gözləyirik!

2. İsa Məsih bizi nəyə səsləyir və bu məqalədə söhbət nədən gedəcək?

2 Bizdə hər gün insanlar barədə müəyyən fikir formalaşır. Lakin İsa Məsihdən fərqli olaraq kamil olmadığımıza görə, təbii ki, fikirlərimizdə yanılmaq ehtimalımız böyükdür. Bizim düşüncəmizə adətən gördüklərimiz təsir edir. Lakin İsa Məsih «bəsdirin səthi mühakimə etdiniz» deyərək bizi ədalətlə mühakimə etməyə səsləmişdi (Yəh. 7:24). Bəli, o istəyir ki, biz bu sahədə ondan örnək alaraq insanları səthi, xarici faktorlar əsasında mühakimə etməyək. Bu məqalədə buna üç fərqli sahədə necə əməl edə biləcəyimizi araşdıracağıq. Gəlin insanların irqi və ya milliyyətinin, maddi vəziyyətinin və yaşının onlar haqda fikrimizin formalaşmasına necə təsir etdiyini nəzərdən keçirək. Hər sahəni araşdırarkən Məsihin göstərişinə uyğun davranmağın praktiki üsullarını müzakirə edəcəyik.

İRQƏ VƏ YA MİLLİYYƏTƏ GÖRƏ MÜHAKİMƏ

3, 4. a) Həvari Butrusun başqa millətdən olanlara qarşı düşüncəsinin dəyişməsinə nələr təsir etmişdi? (Məqalənin əvvəlindəki şəklə baxın.) b) Yehova Butrusa hansı yeni həqiqəti əyan etdi?

3 Həvari Butrusa Qeysəriyyəyə, başqa millətdən olan Kornilinin evinə getmək buyrulanda onun ağlından keçən fikirləri bir təsəvvür edin (Həv. 10:17—29). Digər yəhudilər kimi, Butrusa da uşaqlıqdan aşılanmışdı ki, qeyri-yəhudilər napakdırlar. Lakin baş verən hadisələr onun düşüncəsini dəyişdirir. Misal üçün, Yehovadan ona vəhy nazil olur (Həv. 10:9—16). O görür ki, üzərində murdar heyvanlar olan böyük bir süfrə yerə endirilir və göydən bir səs ona deyir: «Butrus, dur kəs və ye!» Butrus düz üç dəfə israrla imtina edir və hər dəfəsində səs ona deyir: «Bir də Allahın pak etdiyi şeylərə murdar demə». Çaşbaş qalan Butrus eşitdiyi səsin ona nə demək istədiyi üzərində düşünən vaxt Kornilinin göndərdiyi adamlar gəlir. Müqəddəs ruh Butrusa Kornilinin evinə getməyi buyurur, o da durub elçilərlə birgə yola düşür.

4 Əgər Butrus məsələyə səthi, yəni xarici faktorlar əsasında baxsaydı, o, heç vaxt Kornilinin evinə getməzdi. Çünki yəhudilərin başqa millətdən olanların evinə ayaq basması ağlasığmaz idi. Bəs necə oldu ki, Butrus qeyri-yəhudilərə qarşı qərəzli münasibətə baxmayaraq, Kornilinin evinə getdi? Ona gördüyü vəhy və müqəddəs ruhun verdiyi göstəriş güclü təsir etdi. Kornilinin danışdıqlarından sonra Butrus Allahdan ilham alaraq dedi: «Doğrudan da, görürəm ki, Allah ayrı-seçkilik etməyən Allahdır, hər xalqın içində Ondan qorxan və düzgün iş görən adamdan razıdır» (Həv. 10:34, 35). Sözsüz ki, bu yeni anlayış Butrusu heyran qoymuşdu. Üstəlik, bu, bütün məsihilərə aid olacaq bir yenilik idi. Hansı mənada?

5. a) Yehova bütün məsihilərin nəyi dərk etməsini istəyir? b) Həqiqəti dərk etməyimizə baxmayaraq, hansı hisslər ürəyimizdə hələ də qala bilər?

5 Yehova Butrus vasitəsilə bütün məsihilərə bildirmək istəyirdi ki, O, ayrı-seçkilik etməyən Allahdır. O, insanların dili, irqi, milliyyəti və qəbiləsi arasında fərq qoymur. Allah Ondan qorxan və düzgün iş görən hər kəsdən razıdır (Qal. 3:26—28; Vəhy 7:9, 10). Sözsüz ki, siz bütün bunları bilirsiniz. Bəs əgər siz qərəz hissi ilə dolu insanlar arasında doğulub boya-başa çatmısınızsa, onda necə? Bəlkə də, siz özünüzü qərəzsiz biri kimi görürsünüz, bununla belə, daxilinizdə hələ də qərəz hissinin qalma ehtimalı var. Hətta həvari Butrus başqalarına Yehovanın ayrı-seçkilik etməyən Allah olduğunu əyan etsə də, sonradan özü qərəzli münasibət göstərmişdi (Qal. 2:11—14). Bəs biz İsa Məsihin göstərişinə əməl edərək insanları xarici faktorlar əsasında mühakimə etməməyi necə öyrənə bilərik?

6. a) Ürəyimizdəki qərəzli hissləri kökündən qoparmağa bizə nə kömək edə bilər? b) Bir qardaşın göndərdiyi rəy nəyi üzə çıxartdı?

6 Bizdə cüzi də olsa qərəz hissinin olub-olmadığını müəyyən etmək üçün özümüzü Allahın Kəlamının işığında yoxlamalıyıq (Zəb. 119:105). Qərəzsiz insan olduğumuzu düşünsək də, bu barədə başqalarının fikrini soruşa bilərik (Qal. 2:11, 14). Çünki bu hisslər daxilimizdə elə dərin kök sala bilər ki, qərəzli olduğumuz heç ağlımıza da gəlməz. Misal üçün, bir ağsaqqalla belə bir şey baş vermişdi. O, tamvaxtlı xidmətdə olan nümunəvi bir ər-arvad haqda rəy göndərir. Ər insanların xor gördüyü bir etnik qrupa mənsub idi. Görünür, ağsaqqal özü də bilmirdi ki, o da həmin etnik qrupa qərəzlə yanaşır. Rəyində qardaşımızın gözəl cəhətlərini tərifləyib sonda belə sözlər yazmışdı: «Baxmayaraq ki, o, [filan milliyyətdəndir] çoxları onun davranışından, həyat tərzindən görür ki, [filan milliyyətdən] olmaq onların çoxuna xas olduğu kimi, pinti, geridə qalmış olmaq demək deyil». Bu hadisədən nə öyrənirik? Yehovanın təşkilatında məsuliyyətlərimizin nə qədər çox olmasından asılı olmayaraq, özümüzü yoxlamalı və ürəyimizdə az da olsa qərəzin qalıb-qalmadığını müəyyən etmək üçün kömək almağa hazır olmalıyıq. Bəs daha nə etmək olar?

7. Ürəyimizi geniş açdığımızı necə göstərə bilərik?

7 «Ürəyinizi geniş açın» məsləhətinə əməl edərək əhatə dairəmizi genişləndirsək, daxilimizdəki qərəz hissinin yerini məhəbbət tutacaq (2 Kor. 6:11—13). Siz yalnız öz irqinizdən, milliyyətinizdən, qəbilənizdən və dilinizdən olan insanlarla oturub-durmağı xoşlayırsınız? Onda əhatə dairənizi genişləndirin. Niyə də başqa millətdən olan dindaşınızı təbliğ xidmətinə və ya evinizə qonaq dəvət etməyəsiniz? (Həv. 16:14, 15). Bu zaman ürəyiniz o qədər məhəbbətlə dolacaq ki, orada qərəzə, ayrı-seçkiliyə yer qalmayacaq. İndi isə gəlin insanları səthi mühakimə etdiyimiz başqa bir sahəni araşdıraq.

MADDİ VƏZİYYƏTƏ GÖRƏ MÜHAKİMƏ

8. Lavililər 19:15 ayəsinə əsasən, insanın varlı və ya kasıb olması onun haqda yürütdüyümüz mühakiməyə necə təsir edə bilər?

8 Başqalarına olan münasibətimizə təsir edən növbəti amil insanın varlı və ya kasıb olmasıdır. Lavililər 19:15 ayəsində yazılıb: «Nə kasıbın tərəfini saxlayın, nə də varlıya üstünlük verin. Hər kəsi ədalətlə mühakimə edin». Bəs necə ola bilər ki, insana olan münasibətimizə onun maddi vəziyyəti təsir etsin?

9. Süleyman peyğəmbər hansı acı həqiqəti demişdi və biz bundan nə öyrənirik?

9 Süleyman peyğəmbər Allahdan ilham alaraq qeyri-kamil insanlar haqqında acı bir həqiqəti yazmışdı. Bu həqiqət Məsəllər 14:20 ayəsində qələmə alınıb: «Kasıbdan qonşularının da zəhləsi gedər, amma varlı adamın dostu çox olar». Bu məsəldən nə öyrənirik? Əgər ehtiyatlı olmasaq, biz kasıb bacı-qardaşlardan gen gəzərək imkanlı bacı-qardaşlarla oturub-durmağa can ata bilərik. Bəs nəyə görə insanlara onların maddi vəziyyətinə görə qiymət vermək təhlükəlidir?

10. Həvari Yaqub hansı problemdən danışmışdı?

10 Əgər biz insanlara maddi vəziyyətlərinə görə qiymət versək, yığıncaqda təbəqələrin yaranmasına səbəb olacağıq. Həvari Yaqub birinci əsrdə bəzi yığıncaqlarda yaranmış belə bir vəziyyətlə bağlı məsihiləri xəbərdar etmişdi. (Yaqub 2:1—4 ayələrini oxuyun.) Biz yığıncaqda bu cür düşüncənin hökm sürməsinə yol verməməliyik. İnsanları maddi vəziyyətinə görə mühakimə etməməyə bizə nə kömək edə bilər?

11. İnsanın maddi vəziyyəti Yehova ilə münasibətində hansı rolu oynayır? İzah edin.

11 Biz dindaşlarımıza Yehovanın gözü ilə baxmalıyıq. İnsanın varlı və ya kasıb olması onu Allahın gözündə dəyərli etmir. Ümumiyyətlə, maddi vəziyyətimiz Allahla münasibətlərimizdə heç bir rol oynamır. İsa Məsih varlı adam üçün səmavi Padşahlığa girməyin çox müşkül olacağını desə də, bunun mümkünsüz olacağını deməmişdi (Mət. 19:23). O eyni zamanda demişdi: «Ey yoxsullar, siz xoşbəxtsiniz, çünki Allahın Padşahlığı sizindir» (Luka 6:20). Lakin bu da o demək deyil ki, bütün kasıblar İsanın təlimlərinə qulaq asacaq və onlara xüsusi mükafat veriləcək. Onun ardınca getməyən kasıbların sayı az deyildi. Gördüyümüz kimi, insanın Yehova ilə münasibətini onun maddi imkanı ilə ölçməməliyik.

12. Müqəddəs Kitabda həm varlılara, həm də kasıblara hansı nəsihət verilir?

12 Nə xoşbəxtik ki, varlı və ya kasıb olmasından asılı olmayaraq, Yehovanı bütün qəlbi ilə sevən və Ona ürəkdən xidmət edən çoxlu bacı-qardaşa sahibik. Müqəddəs Kitabda varlılara nəsihət olunur ki, «ümidlərini gəldi-gedər var-dövlətə yox,.. Allaha bağlasınlar». (1 Timutiyə 6:17—19 ayələrini oxuyun.) Eyni zamanda, orada yazılıb ki, varlı da, kasıb da daxil, Allahın bütün xidmətçiləri özlərini pulpərəstlikdən gözləməlidir (1 Tim. 6:9, 10). Bacı-qardaşlarımıza Yehovanın gözü ilə baxsaq, maddi vəziyyətləri onlara qarşı münasibətimizə təsir etməyəcək. Bəs yaş faktoru haqda nə demək olar? Kiminsə yaşı onun haqda fikir yürütmək üçün yetərlidir?

YAŞA GÖRƏ MÜHAKİMƏ

13. Müqəddəs Kitabda yaşlılara hörmət göstərməklə bağlı nə yazılıb?

13 Müqəddəs Kitabda yaşlılara hörmət göstərməyin vacibliyi ilə bağlı ayələrə tez-tez rast gəlirik. Lavililər 19:32 ayəsində yazılıb: «Ağsaçlının qarşısında ayağa qalxın, qocalara hörmət edin. Allahınızdan qorxun». Məsəllər 16:31 ayəsində də buna bənzər sözlər yazılıb: «Salehlik yolunda ağaran saçlar gözəllik tacıdır». Həvari Bulus Timutiyə buyurmuşdu ki, yaşlı kişiləri sərtliklə məzəmmət etməsin, onlara atası kimi yanaşsın (1 Tim. 5:1, 2). Timutinin bu yaşlı kişilərə göstəriş verməyə müəyyən səlahiyyəti çatsa da, onlarla hörmət və anlayışla davranmalı idi.

14. Hansı vəziyyətdə özümüzdən yaşca böyük birinin səhvini göstərmək və ya intizam tədbiri görmək lazım gələ bilər?

14 Bəs əgər hansısa yaşlı dindaşımız bilərəkdən günah işləyib və ya Yehovaya məqbul olmayan iş tutubsa, yaşını, ona hörmət etməli olduğumuzu düşünüb bu məsələyə göz yummalıyıq? Yehova bilərəkdən günah edən kəsə yaşlı və hörmət sahibi olduğuna görə güzəştə getməyəcək. Əşiya 65:20 ayəsində yazılmış prinsipə diqqət yetirək: «Günahkar isə yüzyaşlı olsa da, lənətlənəcək». Buna bənzər prinsipə Hizqiyalın aldığı vəhydə də rast gəlirik (Hizq. 9:5—7). Odur ki, biz ilk növbədə Əzəldən Var Olana, Yehova Allaha ehtiram bəsləməliyik (Dən. 7:9, 10, 13, 14). Onda hansı yaşda olmasına baxmayaraq, lazım gələn zaman insanın səhvini göstərməyə çəkinməyəcəyik (Qal. 6:1).

Siz gənc qardaşlara hörmətlə yanaşırsınız? (15-ci abzasa baxın)

15. Gənc qardaşlara hörmət göstərməklə bağlı həvari Bulusdan nə öyrənirik?

15 Yığıncağımızdakı gənc qardaşlar barədə nə demək olar? Onlara necə yanaşmalıyıq? Həvari Bulus Timutiyə yazmışdı: «Qoy gənc olduğuna görə heç kəs sənə saymazyana yanaşmasın. Danışıqda, rəftarda, məhəbbətdə, imanda və paklıqda sadiqlərə nümunə ol» (1 Tim. 4:12). Həmin vaxt Timuti 30 yaşlarında olsa da, Bulus ona ciddi məsuliyyətlər həvalə etmişdi. Bundan nə öyrənirik? Biz yol verməməliyik ki, yaşlarının az olması gənc qardaşlara münasibətimizə təsir etsin. Unutmayaq ki, İsa Məsih yer üzündə ona həvalə olunan xidmətini başa çatdıranda cəmi 33 yaşında idi.

16, 17. a) Ağsaqqallar qardaşın yığıncaq xidmətçiləri və ya ağsaqqallar üçün tələblərə uyğun gəldiyinə necə qərar verirlər? b) Necə ola bilər ki, yerli mədəniyyət və ya şəxsi fikrimiz Müqəddəs Kitabda deyilənlərə zidd getsin?

16 Ola bilsin, yerli mədəniyyətdə yaşca kiçiklərə elə də hörmət göstərilmir. Bu zaman yığıncağın ağsaqqalları yığıncaq xidmətçiləri və ya ağsaqqallar üçün tələblərə uyğun gələn gənc qardaşa təyinat verməyə tərəddüd edə bilər. Lakin ağsaqqallar yadda saxlamalıdır ki, Müqəddəs Kitabda bu təyinatların verilməsi üçün minimum yaş həddi qeyd olunmayıb (1 Tim. 3:1—10, 12, 13; Tit. 1:5—9). Əgər ağsaqqal yaşadığı ərazinin mədəniyyətinə əsasən qayda qoyursa, o, Müqəddəs Kitaba zidd davranmış olur. Ağsaqqallar gənc qardaşlar haqda mühakimə yürüdərkən yerli mədəniyyəti və ya şəxsi fikirlərini yox, Müqəddəs Kitabdakı tələbləri rəhbər tutmalıdırlar (2 Tim. 3:16, 17).

17 Görün yerli mədəniyyət Müqəddəs Kitab tələblərinə uyğun gələn qardaşlara təyinatın verilməsinə necə mane ola bilər. Bir ölkədə yığıncaq xidmətçisi olan nümunəvi qardaşa ciddi məsuliyyətlər həvalə olunmuşdu. Həmin yığıncağın ağsaqqalları bu gənc qardaşın ağsaqqallar üçün Müqəddəs Kitab tələblərinə uyğun gəldiyi ilə razılaşsalar da, onu bu təyinat üçün tövsiyə etmirlər. Bir neçə yaşlı ağsaqqal onun çox gənc göründüyünü əsas gətirir. Əfsuslar olsun ki, bu qardaş sadəcə görünüşünə görə ağsaqqal təyinatı ala bilməmişdi. Bu, yalnız bir nümunə olsa da, görünür, bu cür düşüncə tərzi dünyanın bir çox yerində var. Odur ki, yerli mədəniyyəti və ya şəxsi fikirlərimizi yox, Müqəddəs Kitabı əldə rəhbər tutmağımız olduqca vacibdir! Biz yalnız bu yolla İsa Məsihə itaət edib səthi mühakimə etməyə son qoya bilərik.

ƏDALƏTLƏ MÜHAKİMƏ EDƏK

18, 19. Bacı-qardaşlarımıza Yehovanın gözü ilə baxmağı necə öyrənə bilərik?

18 Qeyri-kamil olsaq da, Yehovadan örnək alaraq insanlara qərəzsiz yanaşmağı öyrənə bilərik (Həv. 10:34, 35). Bunun üçün daima üzərimizdə işləməli və Allahın Kəlamındakı öyüdlərə qulaq verməliyik. Oradakı öyüdlərə əməl etsək, İsa Məsihin başqalarını səthi mühakimə etməməklə bağlı göstərişinə əməl etmək bizim üçün getdikcə daha asan olacaq (Yəh. 7:24).

19 Çox tezliklə Padşahımız İsa Məsih bütün bəşəriyyət üzərində hökm çıxaracaq. Lakin o, qulağının eşitdiyi, gözünün gördüyü ilə yox, ədalətlə mühakimə edəcək (Əşy. 11:3, 4). Biz o günün gəlişini həsrətlə gözləyirik!