Kontentə keç

Mündəricatı göstər

Səbir. Məqsədyönlü dözüm

Səbir. Məqsədyönlü dözüm

YAŞADIĞIMIZ axırzamanda vəziyyət getdikcə gərginləşdiyi üçün Yehovanın xalqı bu gün daha çox səbirli olmalıdır (2 Tim. 3:1—5). Ətrafımız xudbin, barışmaz, özünə hakim olmayan insanlarla doludur. Bu cür insanlarda səbir yox dərəcəsindədir. Buna görə də hər bir məsihi özündən soruşmalıdır: «Dünyada hökm sürən səbirsizlik ruhu mənə də sirayət etməyib ki? Səbr etmək əslində nə deməkdir? Nə edə bilərəm ki, bu gözəl məsihi fəziləti mənim şəxsiyyətimin ayrılmaz bir hissəsinə çevrilsin?»

SƏBİR NƏDİR?

Müqəddəs Kitabda səbir sözü çətinliklərə sadəcə tab gətirməkdən daha böyük məna kəsb edir. İlahi səbirə sahib olan insan çətin vəziyyətə məqsədyönlü şəkildə dözür, yəni bu vəziyyətdə özünün yox, bu vəziyyətə səbəb olan insanın rifahını düşünür. Ona görə də səbirli insan pis rəftara məruz qalanda, kimsə onu qıcıqlandıranda qarşı tərəflə münasibətlərinin yaxşılaşacağına ümidini itirmir. Təəccüblü deyil ki, Allahın Kəlamında məhəbbətdən * qaynaqlanan xüsusiyyətlərin sırasında səbirin adı birinci çəkilir (1 Kor. 13:4). Səbir həmçinin müqəddəs ruhun bəhrəsinə daxildir (Qal. 5:22, 23). Bu ilahi fəzilətə necə yiyələnə bilərik?

SƏBİRƏ NECƏ YİYƏLƏNMƏLİ?

Səbirli olmaq üçün Yehovadan müqəddəs ruh diləməliyik. Allahımız Yehova Ona bel bağlayanlardan ruhunu əsirgəmir (Luka 11:13). Allahın müqəddəs ruhu olduqca qüdrətlidir, amma biz də öz növbəmizdə duamıza uyğun davranmalıyıq (Zəb. 86:10, 11). Yəni səbir göstərmək üçün hər gün əlimizdən gələni etməliyik ki, bu xüsusiyyət ürəyimizin dərinliyinə kök salsın. Amma səbir xüsusiyyətinin xasiyyətimizə hopması üçün daha çox şey etməliyik. Gəlin görək bizə nə kömək edə bilər.

İsa Məsihin kamil nümunəsi barədə araşdırmaq və ona bənzəməyə çalışmaq bizə səbirli olmağa kömək edə bilər. Həvari Bulus «səbir» xüsusiyyətinin də daxil olduğu «yeni şəxsiyyəti» təsvir edərkən demişdi: «Qoy Məsihin sülhü ürəyinizdə hökm sürsün» (Kol. 3:10, 12, 15). Bu sülhün ürəyimizdə «hökm» sürməsi üçün İsa Məsih kimi əmin olmalıyıq ki, Yehova bizi narahat edən problemləri məsləhət bildiyi vaxt yoluna qoyacaq. O zaman istənilən vəziyyətdə səbirli qala biləcəyik (Yəh. 14:27; 16:33).

Hər birimiz Yehovanın vəd etdiyi yeni dünyanı həsrətlə gözləyirik. Bununla belə, Allahımızın bizə göstərdiyi səbir haqda düşünəndə daha səbirli olmağı öyrənirik. Onun Kəlamı bizə əminlik verir: «Yehova bəzilərinin düşündüyü kimi, Öz vədini yerinə yetirməyə gecikmir. Xeyr! O, sizə səbir edir, çünki heç kəsin məhv olmasını istəmir, əksinə, istəyir ki, hamı tövbəyə gəlsin» (2 But. 3:9). Məgər Yehovanın bizə qarşı səbiri haqda düşünmək, bizi də başqalarına qarşı bu cür davranmağa təşviq etməli deyil? (Rom. 2:4). Bəs hansı vəziyyətlərdə bizdən səbirli olmaq gözlənilir?

SƏBİR TƏLƏB EDƏN VƏZİYYƏTLƏR

Gün ərzində səbrimizi sınayan bir çox vəziyyətlərlə üzləşirik. Misal üçün, deyəcəyimiz sözün önəmli olduğunu düşünüb kiminsə sözünü kəsməmək üçün səbirli olmalıyıq (Yaq. 1:19). Həmçinin bizi qıcıqlandıran vərdişlərə sahib dindaşlarımıza qarşı səbirlə davranmalıyıq. Özümüzdən çıxmaq əvəzinə, yaxşı olar, Yehova və İsa Məsihin bizim zəifliklərimizə qarşı münasibəti barədə düşünək. Onlar diqqətlərini bizdə çatışmayan xırda qüsurlara cəmləmir. Əksinə, yaxşı xüsusiyyətlərimizə fikir verir və dəyişməyimiz üçün səbirlə gözləyirlər (1 Tim. 1:16; 1 But. 3:12).

Kimsə bizim sözdə və ya əməldə səhv etdiyimizi deyəndə də səbirli olmaq gərəkdir. Belə hallarda adətən tez inciyir və özümüzü müdafiə etməyə başlayırıq. Lakin Allahın Kəlamı bizi başqa cür davranmağa səsləyir. Orada yazılıb: «Səbirli olmaq təkəbbürlü olmaqdan yaxşıdır. Küsəyən olma, inciklik axmaqların köksündə yuva salır» (Vaiz 7:8, 9). Odur ki, bizə tutulan irad əsassız olsa da, səbirli olub verəcəyimiz cavabı yaxşıca ölçüb-biçməliyik. Başqaları İsanı əsassız olaraq ittiham edəndə o, məhz bu cür davranırdı (Mət. 11:19).

Xüsusilə də valideynlər uşaqlarının düşüncə, meyil və arzularının yanlış olduğunu görən zaman onlara kömək etmək üçün səbirli olmalıdır. Skandinaviya Beytelində xidmət edən Matias adlı bir qardaşın hadisəsinə nəzər salaq. Yeniyetmə vaxtı sinif yoldaşları həmişə onu etiqadına görə ələ salırdı. Əvvəlcə valideynlərinin bundan xəbəri yox idi. Lakin sonra onlar övladlarında həqiqətə qarşı şübhələrin yarandığını görürlər. Atası Yilis deyir: «Bu vəziyyətdə əsl səbir tələb olunurdu». Matias bu kimi suallar verirdi: «Allah kimdir? Bəlkə, Müqəddəs Kitab Allahın Kəlamı deyil? Allahın həqiqətən bizdən bunları tələb etdiyini haradan bilirik?» Matias atasından həmçinin soruşarmış: «Nəyə görə sizin inandıqlarınıza inanmıram deyə qınanmalıyam?»

Yilis deyir: «Oğlumuz bəzən qəzəblə suallar verirdi. Amma onun qəzəbi nə mənə, nə də anasına idi. O, həqiqətə qarşı qəzəbli idi və düşünürdü ki, həqiqət onun həyatını ağırlaşdırıb». Bəs Yilis bu vəziyyətin öhdəsindən necə gəldi? O deyir: «Bəzən oğlumla oturub saatlarla söhbət edirdim. Çox vaxt onu dinləyirdim, arabir isə suallar verib düşüncəsini və hisslərini tam anlamağa çalışırdım. Hərdən ona nəyisə izah edir və bu barədə düşünməsi üçün bir neçə gün vaxt verirdim. Hərdən isə oğlumun söylədiyi hansısa fikrin üzərində düşünmək üçün mənə bir neçə gün vaxt lazım olduğunu deyirdim. Bu cür mütəmadi söhbətlərin sayəsində Matias tədricən fidyə, Allahın ali hakimiyyəti, Onun məhəbbəti kimi təlimləri anlayıb qəbul etməyə başladı. Bu, xeyli vaxt aldı və heç də asan olmadı. Amma yavaş-yavaş onun ürəyində Yehovaya məhəbbət boy atmağa başladı. Çox şadıq ki, oğlumuza yeniyetməlik yaşlarında kömək etmək cəhdlərimiz özünü doğrultdu və onun ürəyinə yol tapdı».

Yilis və yoldaşı səbirlə övladlarına kömək etməklə yanaşı Yehovaya güvənirdilər. Yilis keçmişi xatırlayaraq deyir: «Matiasa tez-tez deyirdim ki, ona olan sevgimizdən irəli gələrək gecə-gündüz dua edir və Yehovanın ona hər şeyi başa düşməyə kömək etməsini diləyirik». Təslim olmayıb, səbir göstərdiklərinə görə bu valideynlər çox xoşbəxtdirlər!

Xroniki xəstəlikdən əziyyət çəkən ailə üzvünə və ya yaxınına qulluq edən kəslərə də səbirli olmaq gərəkdir. Skandinaviyada yaşayan Elenin * nümunəsinə baxaq.

Təxminən səkkiz il bundan öncə iki dəfə keçirdiyi insult nəticəsində Elenin həyat yoldaşının beyin funksiyası zədələnir. Beləcə, o, şəfqət, xoşbəxtlik və kədər kimi duyğu hisslərini itirir. Bu vəziyyət Elen üçün çox ağır idi. O deyir: «Böyük səbir göstərməli və çoxlu dualar etməli oldum. Mənə ən çox təsəlli verən ayə Filippililərə 4:13 ayəsidir. Orada yazılıb: “Çünki mənə qüvvət verənin sayəsində hər şeyə gücüm çatır”». Yehovanın dəstəyi və verdiyi güc sayəsində Elen səbirlə dözə bilir (Zəb. 62:5, 6).

YEHOVANIN SƏBRİNİ TƏCƏSSÜM ETDİRƏK

Sözsüz ki, səbirli olmağı öyrənmək üçün ən gözəl örnək Allahımız Yehovadır (2 But. 3:15). Müqəddəs Kitabda Yehovanın hədsiz səbrinin təcəssüm olunduğu çoxlu hadisələr qələmə alınıb (Nəh. 9:30; Əşy. 30:18). Misal üçün, Yehova Səduma çıxardığı hökmlə bağlı İbrahim peyğəmbərin Ona təkrar-təkrar suallar verməsinə necə münasibət göstərdi? İlk növbədə, Yehova peyğəmbərin sözünü kəsmədi, səbirlə onun verdiyi sualları və keçirdiyi narahatlığı dinlədi. Sonra İbrahim peyğəmbəri narahat edən məqamları vurğulayaraq onu dinlədiyini göstərdi və əmin etdi ki, Sədumda cəmi on nəfər saleh insan olsa, şəhəri məhv etməyəcək (Yar. 18:22—33). Yehova sərt cavab verməyib, səbirlə dinləməli olduğumuza dair ən gözəl örnəkdir!

İlahi səbir yeni şəxsiyyətin ayrılmaz hissəsidir və hər bir məsihi bu xüsusiyyətə bürünməlidir. Bu dəyərli xüsusiyyətə yiyələnmək üçün əlimizdən gələni etsək, qayğıkeş və səbirli Atamızı şərəfləndirəcək, eləcə də «vədləri iman və səbirlə miras alanlar»ın sırasında olacağıq (İbr. 6:10—12).