Kontentə keç

Mündəricatı göstər

Yehovaya etibar et və yaşa!

Yehovaya etibar et və yaşa!

«Bütün qəlbinlə Yehovaya etibar et, öz ağlına güvənmə» (MƏS. 3:5).

NƏĞMƏ: 3, 8

1. Nə üçün hər birimizin təsəlliyə ehtiyacı var?

HƏR birimiz təsəlliyə ehtiyac duyuruq. Ola bilsin, narahatlıq, məyusluq, dərd-qəm həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bəlkə də, qocalıq, xəstəlik, əziz insanın ölümü ürəyimizi didib-parçalayır. Bəzilərimiz pis rəftara məruz qalırıq. Zorakılıq hər yanı bürüyüb. Zəmanəmizin «son dərəcə çətin» olması axırzamanda yaşadığımızı və hər ötən gün yeni dünyaya bir addım da yaxınlaşdığımızı göstərir (2 Tim. 3:1). Bununla belə, ola bilsin, uzun müddətdir Yehovanın vədlərinin yerinə yetməsini gözləyirik və üzləşdiyimiz çətinliklər günü-gündən artır. Bəs təsəllini haradan tapa bilərik?

2, 3. a) Həbquq peyğəmbər haqda nə bilirik? b) Həbquq kitabına nəzər salmaq bizə hansı sahədə kömək edəcək?

2 Bu sualın cavabını tapmaq üçün gəlin Həbquq kitabına nəzər salaq. Müqəddəs Kitabda peyğəmbərin həyatı və gördüyü işlər barədə ətraflı məlumat olmasa da, onun adını daşıyan kitab bizi çox ruhlandırır. Həbquq peyğəmbərin adının təxmini mənası «hərarətlə qucaqlamaq» deməkdir. Ola bilsin, bu ad Yehovanın bəndələrinə necə təsəlli verdiyini, onları, sanki bağrına basıb qucaqladığını göstərir. Həmçinin bu ad Yehovanın bəndələrinin Ondan necə bərk-bərk yapışdığı mənasını da verə bilər. Həbquq Yehova ilə danışarkən Ona bəzi suallar vermişdi. Yehova peyğəmbərlə söhbətinin bizə də fayda gətirəcəyini bildiyi üçün onu qələmə almağı tapşırmışdı (Həb. 2:2).

3 Pərişan halda olan peyğəmbərin Allahla etdiyi səmimi söhbət Müqəddəs Kitabdan onun barəsində öyrəndiyimiz yeganə məlumat olsa da, əvvəlcədən yazılan digər kitablar kimi, Həbquq kitabı da «dözüm sayəsində və Müqəddəs Yazılardan aldığımız təsəlli sayəsində ümidimiz»in olması üçün qələmə alınıb (Rom. 15:4). Bəs bu kitabın şəxsən sizə hansı faydası var? Oradan Yehovaya etibar etməyin nə demək olduğunu görmək olar. Həbququn söylədiyi peyğəmbərlik əminlik verir ki, çətinliklərə baxmayaraq qəlb rahatlığını qorumaq mümkündür. Odur ki, gəlin indi Həbquq kitabını daha dərindən araşdıraq.

YEHOVANI ÇAĞIRIN

4. Həbquq peyğəmbəri pərişan edən nə idi?

4 Həbquq 1:2, 3 ayələrini oxuyun. Həbquq peyğəmbər çox çətin bir dövrdə yaşayırdı. Ətrafındakı insanların pis işlər görməsi, zorakılıq etməsi onu bərk kədərləndirirdi. Görəsən bu pisliklərə nə vaxt son qoyulacaq? Nəyə görə Yehova bu qədər vaxtdır heç bir tədbir görmür? Həbquq həmyerlilərinin bir-birinə zülm verdiyinə, haqsızlıq etdiyinə şahid olurdu. Bütün bunların qarşısında özünü çarəsiz hiss edən peyğəmbər vəziyyətə müdaxilə etməsi üçün Yehovanı çağırmışdı. Bəlkə də, o baş verənlərin Yehovanı narahat etmədiyini, yaxud Onun hərəkətə keçməsinə hələ çox olduğunu düşünməyə başlamışdı. Bəs onun keçirdiyi hisslər sizə tanışdır?

5. Həbquq kitabından hansı vacib dərsi öyrənirik? (Məqalənin əvvəlindəki şəklə baxın.)

5 Bəs Həbquq peyğəmbər Yehovaya və Onun vədlərinə etibarını itirmişdi? Qətiyyən! Dərdini, narahatçılıqlarını hansısa bir insana yox, Allaha danışması göstərir ki, Həbquq Allahdan ümidini üzməmişdi. Görünür onun narahatçılığına səbəb Yehovanın nəyə görə gözlədiyini, nə üçün onun bu qədər əzab çəkməsinə izin verdiyini anlamaması idi. Həbquqa narahatlıqlarını qələmə almağı tapşırmaqla Yehova bizə vacib dərs verir: ürəyimizdəki fikirləri və şübhələri Yehova ilə bölüşməkdən çəkinməməliyik (Zəb. 50:15; 62:8). Məsəllər 3:5 ayəsi də bizi bütün qəlbimizlə Yehovaya etibar etməyə, öz ağlımıza güvənməməyə səsləyir. Şübhəsiz, Həbquq bu sözləri bilir və onlara uyğun davranırdı.

6. Dua etmək nə üçün vacibdir?

6 Həbquq Dostu və Atası Yehovaya güvənirdi, Ona yaxınlaşmaq üçün təşəbbüs göstərirdi. Onu narahat edən problemləri özü həll etməyə çalışmırdı, bütün kədərini, qüssəsini Yehovaya danışırdı. Peyğəmbər bununla bizə gözəl nümunə qoyub. Üstəlik, duaları eşidən Allahımız Yehova da dərdlərimizi bölüşərək Ona güvəndiyimizi göstərməyə səsləyir (Zəb. 65:2). Bunun sayəsində Onun dualarımıza necə cavab verdiyini görəcəyik, verdiyi təsəlli və rəhbərlik sayəsində, sanki bizi qucaqladığını hiss edəcəyik (Zəb. 73:23, 24). Üzləşdiyimiz istənilən sınaqda Yehova vəziyyətə Onun gözü ilə baxmağımıza kömək edəcək. Səmimi dualarımız Yehovaya etibarımızın ən böyük göstəricisidir!

YEHOVANI DİNLƏYİN

7. Yehova Həbququn hisslərinə necə yanaşdı?

7 Həbquq 1:5—7 ayələrini oxuyun. Bəlkə də, peyğəmbər bütün dərdini və əzablarını Allahın üzərinə qoyandan sonra Onun necə cavab verəcəyi barədə düşünürdü. Yehova Həbququ giley-güzarına görə danlamadı, mərhəmətli Ata kimi ona anlayış göstərdi. Yehova bilirdi ki, bu fəryadın arxasında böyük bir kədər, əzab var. O, Həbquqa yəhudilərin başına gələcək hadisələrlə bağlı xəbər verdi. Çox güman ki, Həbquq Yehovanın tezliklə bu zorakı insanları məhv edəcəyinə dair məlumat verdiyi ilk insan idi.

8. Yehovanın cavabı nəyə görə Həbququ çaşqınlığa saldı?

8 Yehova Həbquqa tədbir görməyə hazır olduğunu, zorakı və pis nəslin cəzasının qaçılmaz olduğunu göstərdi. Yehova «sizin zəmanədə» deməklə vurğulayırdı ki, bu hökm peyğəmbərin, yaxud onun müasirlərinin yaşadığı dövrdə yerinə yetəcək. Yəqin Həbquq Yehovadan bu cavabı gözləmirdi. Yehovanın sözləri göstərirdi ki, Yəhudanın bəlaları getdikcə artacaq. Yəhuda xalqı, heç olmasa, Yehovanın qanunlarını bilirdi. Kəldanilər (babillilər) isə bütpərəst millət idi və onlar israillilərdən qat-qat zalım və qəddar idilər. Bəs nəyə görə Yehova Öz xalqını cəzalandırmaq üçün bu amansız millətdən istifadə edəcəkdi? Bu hökm xəbərini eşidən siz olsaydınız, hansı hissləri keçirərdiniz?

9. Həbquq peyğəmbərdə hansı suallar yarana bilərdi?

9 Həbquq 1:12—14, 17 ayələrini oxuyun. Həbquq peyğəmbər Yehovanın Yəhuda xalqını babillilər vasitəsilə cəzalandıracağını başa düşsə də, çaşqınlıq içində idi. Bununla belə, o, təvazökarcasına Yehovaya «Qayam» deyərək hələ də Ona bel bağladığını göstərmişdi (Qan. 32:4; Əşy. 26:4). Həbquq Allahın məhəbbətinə və kəramətinə güvəndiyinə görə yenə də çəkinmədən narahatlığını Yehovaya bildirmişdi. O düşünürdü: «Axı Yehova Müqəddəs Allahdır, gözləri o qədər safdır ki, pisliyə baxmaz. Bəs nə üçün Yəhudada vəziyyətin daha betər olmasına yol verəcək? Nəyə görə dərhal hərəkətə keçmir? Külli-İxtiyar Allah nəyə görə bu qədər pisliyə səbir etmək niyyətindədir? Niyə baş alıb gedən pisliklərin qarşısında susur?»

10. Nə üçün hərdən biz də Həbquq peyğəmbərin hisslərini keçirə bilərik?

10 Hərdən biz də Həbquq peyğəmbərin hisslərini keçirə bilərik. Yehovanı dinləyirik, Ona tam etibar edərək Kəlamını mütaliə edirik və beləcə, ümidimiz möhkəmlənir. Həmçinin təşkilatı vasitəsilə verdiyi təlimlərdən Onun vədlərini eşidirik. Amma yenə də bizdə sual yarana bilər: «Allah əzablarımıza nə vaxt son qoyacaq?» Gəlin görək Həbquq bundan sonra nə etmişdi və ondan nə öyrənə bilərik.

YEHOVANI GÖZLƏYİN

11. Həbquq Yehovanı dinlədikdən sonra hansı qərara gəldi?

11 Həbquq 2:1 ayəsini oxuyun. Yehova ilə söhbətdən sonra Həbququn ürəyi sakitləşdi. O, qərara gəldi ki, səbirlə Yehovanın hərəkətə keçəcəyi vaxtı gözləsin. Bu, ani hisslərlə verilmiş qərar deyildi. Sonralar o, «müsibət gününü sakitcə gözləyəcəyəm» sözləri ilə qərarının qəti olduğunu vurğulamışdı (Həb. 3:16). Yehovanın digər sadiq xidmətçiləri də Həbquq kimi səbir göstəriblər. Onların nümunəsi bizi ruhdan düşməyib Yehovanın hərəkətə keçəcəyi günü gözləməyə təşviq edir (Mik. 7:7; Yaq. 5:7, 8).

12. Həbquq peyğəmbərdən nələr öyrənirik?

12 Həbquq peyğəmbərin qətiyyətindən nə öyrənirik? Əvvəla, öyrənirik ki, başımıza nə gəlirsə gəlsin, Yehovaya dua etməyi dayandırmamalıyıq. İkincisi, Yehovanın Kəlamı və təşkilatı vasitəsilə dediklərini dinləməliyik. Üçüncüsü, səbirlə Yehovanı gözləməli və Onun əzab-əziyyətlərimizə ən doğru vaxtda son qoyacağına inanmalıyıq. Həbquq peyğəmbər kimi, biz də həmişə ürəyimizi Yehovaya boşaltsaq və Onu dinləyərək səbirlə gözləsək, dözə bilməyimiz üçün qəlb rahatlığı tapacağıq. Ümidimiz səbirli olmağa kömək edəcək və nəticədə, hansı problemlərlə üzləşməyimizdən asılı olmayaraq sevincimizi itirməyəcəyik. Ümid sayəsində səmavi Atamız Yehovanın hərəkətə keçəcəyinə əmin olacağıq (Rom. 12:12).

13. Həbquq 2:3 ayəsi bizi nəyə əmin edir?

13 Həbquq 2:3 ayəsini oxuyun. Həbquq peyğəmbərin səbirlə gözləmək qərarı sözsüz ki, Yehovanı sevindirmişdi. Külli-İxtiyar Yehova onun çəkdiyi acılardan agah idi. Buna görə də ona təsəlli verdi, onu məhəbbətlə və mülayimliklə əmin etdi ki, suallarına cavab tapacaq, tezliklə bütün dərdlərindən azad olacaq. Yehova sanki Həbquqa deyirdi: «Səbirli ol, Mənə güvən. Dualarının cavabı gecikmiş kimi görünsə də, gözlə!» Yehova peyğəmbərinə xatırlatdı ki, vədlərini həyata keçirəcəyi vaxtı artıq təyin edib. Ona səbirlə gözləməyi məsləhət gördü. Nəhayətdə, Həbquq peşman olmayacaqdı.

Nə üçün Yehovaya bacardığımız qədər çox xidmət etməyə qətiyyətliyik? (14-cü abzasa baxın)

14. Çətinliklərlə üzləşəndə nəyə qərarlı olmalıyıq?

14 Yehovanı səbirlə gözləmək və Onun dediklərinə diqqət yetirmək çətinliklər zamanı qəlb rahatlığımızı qorumağa və Ona güvənməyə kömək edəcək. İsa Məsih də vurğulamışdı ki, Yehova bizi dövrlər və tarixlərdən agah etmədiyindən diqqətimizi bunlara cəmləməməliyik. Zamanın Sahibi olan Yehovaya güvənməliyik (Həv. 1:7). Odur ki, gəlin təslim olmayaq, təvazökarlıqla, imanla və səbirlə Yehovanı gözləyək. Vaxtımızın qədrini bilib Yehovaya bacardığımız qədər çox xidmət edək (Mark 13:35—37; Qal. 6:9).

YEHOVAYA GÜVƏNMƏK HƏYAT BƏXŞ EDİR

15, 16. a) Həbquq kitabında hansı möhtəşəm vədlər qələmə alınıb? b) Bu vədlərdən nə öyrənirik?

15 Yehova ona güvənən saleh bəndələrinə vəd edir: «Saleh isə sədaqəti sayəsində yaşayacaq... Dünya başdan-başa Yehovanın əzəməti barədə biliklə dolacaq» (Həb. 2:4, 14). Bəli, Yehova səbir edib Ona güvənənlərə həyat bəxş edəcək.

16 Həbquq 2:4 ayəsində yazılan vəd ilk baxışdan bizə ümumi fikir kimi gələ bilər. Lakin həvari Bulusun bu sözlərə düz üç dəfə istinad etməsindən vədin nə qədər ciddi olduğu görünür (Rom. 1:17; Qal. 3:11; İbr. 10:38). Salehlər nə qədər çətinliklərlə üzləşsə də, iman və sədaqət sayəsində Yehovanın vədlərinin gerçəkləşməsini görəcəklər. Yehova diqqətimizi gələcək nemətlərə cəmləməyi buyurur.

17. Həbquq kitabı bizi nəyə əmin edir?

17 Axırzamanda yaşayan bizlər Həbquq kitabından vacib bir şey öyrənirik. Yehova əbədi həyat vədini Ona iman edən, Ona güvənən hər bir saleh bəndəsinə verir. Gəlin üzləşdiyimiz sınaqlara və çətinliklərə baxmayaraq, Yehovaya imanımızı və etibarımızı möhkəmləndirməyə davam edək. Yehovanın Həbquq peyğəmbərə dediyi sözlərdən əmin oluruq ki, O bizə dayaq olacaq və qurtuluş verəcək. Yehova bizi Ona etibar etməyə və təyin etdiyi vaxtı — Padşahlığının yer üzünü idarə edəcəyi vaxtı səbirlə gözləməyə səsləyir. Onda bütün dünya xoşbəxt və həlim insanlarla dolacaq (Mət. 5:5; İbr. 10:36—39).

YEHOVAYA ETİBAR SEVİNC BƏXŞ EDİR

18. Yehovanın sözləri Həbquqa necə təsir etmişdi?

18 Həbquq 3:16—19 ayələrini oxuyun. Yehovanın sözləri Həbquqa dərin təsir bağışlamışdı. Peyğəmbər Yehovanın xalqı üçün keçmişdə gördüyü müdhiş işlər barədə düşünürdü. Beləcə, onun Yehovaya etibarı daha da artmışdı. Həbquq əmin idi ki, Yehova tezliklə hərəkətə keçəcək! Peyğəmbər çəkdiyi əzabların hələ bir müddət də davam edəcəyini bilsə də, Yehovanın sözlərindən təsəlli tapmışdı. Həbquq artıq şübhə etmirdi, əksinə, Yehovanın onu xilas edəcəyindən tam əmin idi. Onun 18-ci ayədə dediyi sözlər Müqəddəs Kitabda əminlik ifadə etmək üçün söylənilən ən güclü sözlərdən biridir. Alimlərin fikrincə, bu ayə hərfən «Allahın bəxş etdiyi sevincdən atılıb-düşəcəyəm, fərəhimdən dövrə vuracağam» mənasını verir. Bizim üçün necə də gözəl dərsdir. Yehova bizə gələcəyə dair gözəl vədlər verməklə yanaşı, bizi əmin edir ki, hal-hazırda niyyətini həyata keçirmək üçün tədbirlər görür.

19. Həbquq peyğəmbər kimi təsəlli tapmaq üçün nə edə bilərik?

19 Həbquq kitabı bizdə Yehovaya etibar hasil edir (Həb. 2:4). Bu etibarı itirməmək üçün Onunla münasibətlərimizi möhkəmləndirməliyik. Bunun üçün 1) daima dua etməli və bütün dərdimizi Yehova ilə bölüşməliyik; 2) Yehovanın Kəlamına və təşkilatı vasitəsilə verdiyi göstərişlərə ciddi yanaşmalıyıq; 3) sədaqətlə və səbirlə Yehovanın hərəkətə keçəcəyi vaxtı gözləməliyik. Həbquq məhz bu cür davranmışdı. Yazdığı kitabı kədərli notlarla başlayan Həbquq, onu sevinc və əminlik tərənnümü ilə başa vurub. Gəlin biz də onun nümunəsini izləyək, onda Atamız Yehovanın bizi necə bağrına basdığını duyacağıq. Bu qaranlıq dünyada bundan gözəl təsəlli nə ola bilər?!