Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 8

Minnətdarlığımızı bildirək

Minnətdarlığımızı bildirək

«Şükür edənlərdən olun» (KOL. 3:15).

NƏĞMƏ 46 Yehova, Sənə şükr olsun

İCMAL *

1. İsa Məsihin sağaltdığı səməriyyəli minnətdarlığını necə göstərdi?

CÜZAMA tutulmuş on kişi çox pərişan halda idi. Sağalmağa ümidləri qalmamışdı. Amma bir gün uzaqdan Böyük Müəllimin gəldiyini görürlər. İsanın hər cür xəstəliyi sağaltdığını eşitmişdilər və onları da sağalda biləcəyinə inanırdılar. Buna görə də ucadan qışqırırlar: «İsa, Müəllim, bizə rəhm et!» Cüzamlılar o andaca tamamilə sağalır. Şübhəsiz, bu kişilərin hər biri etdiyi yaxşılığa görə İsa Məsihə minnətdarlıq duyurlar. Bununla belə, onlardan biri minnətdarlığını həm də dilə gətirir *. Minnətdarlıq hissi Səməriyyədən olan bu kişini Allahı «ucadan» mədh etməyə təşviq edir (Luka 17:12—19).

2, 3. a) Minnətdarlıq bildirməməyimizə nə səbəb ola bilər? b) Bu məqalədə nəyi araşdıracağıq?

2 Biz də həmin səməriyyəli kimi edilən yaxşılığa görə minnətdarlığımızı bildirmək istəyirik. Amma hərdən minnətdar olduğumuzu sözdə və ya əməldə göstərməyi unuda bilərik.

3 Bu məqalədə minnətdarlığımızı sözdə və əməldə göstərməyin vacibliyini araşdıracağıq. Müqəddəs Kitabdan minnətdarlığını bildirən və bildirməyən bəzi insanların nümunəsinə nəzər salacağıq. Həmçinin minnətdarlığımızı ifadə etməyin bəzi yolları haqda söz açacağıq.

NƏYƏ GÖRƏ MİNNƏTDARLIĞIMIZI İFADƏ ETMƏLİYİK?

4, 5. Nəyə görə minnətdarlığımızı bildirməliyik?

4 Yehova Allah minnətdarlıq bildirməyə dair mükəmməl örnəkdir. Məsələn, Onu razı salan şəxslərə mükafat verməklə onlara minnətdarlığını bildirir (2 İşm. 22:21; Zəb. 13:6; Mət. 10:40, 41). Müqəddəs Kitab bizi «Allahın sevimli övladları kimi Ona bənzəməyə» çağırır (Efes. 5:1). Deməli, biz ilk növbədə Allaha bənzəmək istədiyimizə görə minnətdarlıq bildirməyi öyrənməliyik.

5 Gəlin görək daha hansı səbəbə görə minnətdarlığımızı bildirmək istəyirik. Minnətdarlığı dadlı yeməyə bənzətmək olar, başqaları ilə paylaşanda adam daha çox sevinc duyur. Kimsə minnətdarlıq bildirəndə bizə xoş təsir etdiyi kimi, biz də minnətdarlığımızı bildirəndə başqalarına xoş təsir bağışlayır. Təşəkkür etdiyimiz şəxs görür ki, bizə kömək etməyə, yaxud ehtiyacımız olan bir şeyi verməyə dəyərdi. Nəticədə, aramızdakı dostluq münasibətləri daha da möhkəmlənir.

6. Qızıldan düzəldilmiş almalarla minnətdarlıq sözlərimiz arasında hansı bənzərlik var?

6 Minnətdarlıq sözlərimiz çox dəyərlidir. Müqəddəs Kitabda deyilir: «Məqamında deyilən söz gümüş qabda qızıl almalara bənzər» (Məs. 25:11). Qızıldan düzəldilmiş almaların gümüş qabda necə gözəl göründüyünü bir təsəvvür edin. Hələ necə qiymətli olduğunu düşünün. Sizə belə bir hədiyyə versələr, hansı hissləri keçirərdiniz? Eynilə, sizin də minnətdarlıq sözləriniz bu qədər dəyərlidir. Bir şeyi də nəzərə alın ki, qızıldan düzəlmiş almalar ömürlük qalır. Sizin də minnətdarlıq sözləriniz kimin üçünsə çox dəyərli olar və ömür boyu yadında qala bilər.

ONLAR MİNNƏTDARLIQ BİLDİRDİLƏR

7. Zəbur 69:30 ayəsinə əsasən Davud peyğəmbər və digər məzmurçular minnətdarlıqlarını necə ifadə etmişdilər?

7 Allahın qədimdə yaşamış bir çox bəndələri öz minnətdarlıqlarını bildirirdilər. Onlardan biri Davud peyğəmbər idi. (Zəbur 69:30 ayəsini oxuyun.) O, pak ibadəti çox qiymətləndirirdi və bu, aydın görünürdü. Davud peyğəmbər məbədin inşası üçün külli-miqdarda ianə etmişdi. Asəfin nəsildən olanlar da məzmurlar və nəğmələr yazmaqla minnətdarlıqlarını ifadə edirdi. Bir nəğmədə onlar Allaha şükür edib, Onun «xariqüladə işləri»nə heyranlıqlarını bəyan etmişdilər (Zəb. 75:1). Aydındır ki, Davud peyğəmbər və Asəfin nəslindən olanlar verdiyi nemətlərə görə Yehovaya nə qədər minnətdar olduqlarını bildirmək istəyirdilər. Onlardan örnək alıb minnətdarlığınızı hansı yollarla bildirə bilərsiniz?

Həvari Bulusun romalılara yazdığı məktubdan minnətdarlıq bildirməklə bağlı nə öyrənirik? (8 və 9-cu abzaslara baxın) *

8, 9. Həvari Bulus bacı-qardaşlara minnətdarlığını necə bildirirdi və çox ehtimal ki, bu nə ilə nəticələnmişdi?

8 Həvari Bulus bacı-qardaşları çox qiymətləndirirdi, bunu onlar haqda necə danışdığından görmək olar. O, həmişə şəxsi dualarında bacı-qardaşlarına görə Allaha şükür edirdi. Bundan əlavə, dindaşlarına yazdığı məktublarda da onlara minnətdarlığını bildirirdi. Romalılara məktubun 16-cı fəslinin ilk 15 ayəsində Bulus 27 bacı-qardaşın adını çəkir. O, Priska və Akvilas barədə «onlar məndən ötrü canlarını təhlükə altına» atıblar deyir. Fibi adlı dindaşının isə həm ona, həm də «bir çoxlarına» arxa olduğunu qeyd edir. Bulus məktubunda bu əziz, çalışqan dindaşlarını gördükləri işlərə görə tərifləyir (Rom. 16:1—15).

9 Bulus bacı-qardaşlarının qeyri-kamil olduqlarının fərqində idi, bununla belə, o, Romalılara yazdığı məktubun sonunda diqqətini onların yaxşı xüsusiyyətlərinə cəmləməyi üstün tutur. Onun sözləri yığıncaqda ucadan oxunan zaman bu bacı-qardaşların necə ruhlandığını bir təsəvvür edin! Çox yəqin ki, bunun nəticəsində Bulusla onların arasındakı dostluq telləri möhkəmlənmişdi. Bəs siz yığıncağınızdakı bacı-qardaşları söylədikləri və etdikləri yaxşı şeylərə görə müntəzəm olaraq tərifləyirsiniz?

10. İsa Məsihin davamçılarına minnətdarlıq bildirməsindən nə öyrənə bilərik?

10 İsa Məsih Kiçik Asiyadakı bəzi yığıncaqlara ünvanladığı sözlərində davamçılarını yaxşı işlərinə görə tərifləyir. Misal üçün, Tiatiradakı yığıncağa ünvanladığı sözlərinə belə başlayır: «Mən sənin işlərindən, məhəbbətindən, imanından, xidmətindən və dözümündən xəbərdaram. Bilirəm ki, sənin axırıncı işlərin əvvəlkilərdən daha çoxdur» (Vəhy 2:19). İsa nəinki onları əvvəlkindən daha fəal olduqlarına görə, həmçinin yaxşı işlər görməyə təşviq edən gözəl xüsusiyyətlərinə görə də tərifləyir. Tiatiradakı bəzi bacı-qardaşlara iradını bildirsə də, sözünü təriflə başlayıb təriflə bitirir (Vəhy 2:25—28). Gəlin İsa Məsihin yığıncaqların Başı kimi sahib olduğu səlahiyyət barədə düşünək. Məsih onun üçün gördüyümüz işlərə görə bizə minnətdarlıq bildirməyə borclu deyil. Bununla belə, o, minnətdarlığını ifadə etməyi lazım bilir. Məsih ağsaqqallar üçün necə də gözəl nümunə qoyub!

ONLAR NAŞÜKÜRLÜK ETDİLƏR

11. İbranilərə 12:16 ayəsinə əsasən, Eys müqəddəs şeylərə necə yanaşırdı?

11 Təəssüf ki, Müqəddəs Kitabda adı çəkilən bəzi şəxslərdə minnətdarlıq xüsusiyyəti çatışmırdı. Misal üçün, Yehovanı sevən və Ona hörmət edən ailədə böyüməsinə baxmayaraq, Eys müqəddəs şeyləri dəyərləndirməmişdi. (İbranilərə 12:16 ayəsini oxuyun.) Onun naşükürlüyü nədən görünürdü? O, bir qab şorbadan ötrü düşünmədən ilk oğulluq haqqını kiçik qardaşı Yaquba satdı (Yar. 25:30—34). Sonradan verdiyi qərarın peşmançılığını çəksə də, artıq şikayətlənməyə haqqı yox idi, çünki sahib olduğu şeylərin qədrini bilməmişdi.

12, 13. İsraillilərin naşükür olduqları necə üzə çıxdı və bu nə ilə nəticələndi?

12 İsraillilərin minnətdarlıq bildirmək üçün o qədər səbəbləri var idi ki... Yehova misirlilərin üzərinə On bəla göndərib onları köləlikdən azad etmişdi. Bütün Misir ordusunu Qırmızı dənizdə batırmaqla onları xilas etmişdi. İsraillilər o qədər minnətdar idilər ki, Yehovaya zəfər nəğməsi oxumuşdular. Bəs onlar minnətdarlıq hissini qoruyub saxladılar?

13 Yeni çətinliklərlə üzləşən zaman israillilər Yehovanın etdiyi yaxşılıqları tez unutdular. Daha sonra onlar naşükürlük etdilər (Zəb. 106:7). Necə? «Bütün İsrail icması Musa ilə Harundan gileylənməyə başladı». Əslində, onlar Yehovaya qarşı deyinirdilər (Çıx. 16:2, 8). Xalqın naşükürlüyü Yehovanı məyus etmişdi. Daha sonra Yehova bildirdi ki, Yuşə və Kalibdən başqa israillilərin bütün nəsli səhrada öləcək (Say. 14:22—24; 26:65). Gəlin görək pislərin ardınca getməmək və yaxşılardan örnək almaq üçün nə edə bilərik.

MİNNƏTDARLIĞIMIZI BİLDİRƏK

14, 15. a) Ər-arvadlar bir-birini qiymətləndirdiyini necə göstərə bilər? b) Valideynlər övladlarına minnətdarlıq bildirməyi necə öyrədə bilər?

14 Ailə üzvlərimizə. Ailə üzvləri bir-birinə minnətdarlıq bildirəndə bu, bütün ailənin xeyrinə olur. Ər-arvadlar bir-birinə nə qədər çox minnətdarlıq bildirirsə, münasibətləri bir o qədər sıx olur. Bu zaman bir-birinin səhvini bağışlamaq da onlara daha asan olur. Arvadına dəyər verən ər onun dediyi və etdiyi yaxşı şeyləri görməklə kifayətlənmir, həmçinin onu tərifləyir (Məs. 31:10, 28). Ağıllı arvad isə ərinə xüsusilə nələrə görə minnətdar olduğunu bildirir.

15 Bəs valideynlər övladlarına minnətdarlıq bildirməyi necə öyrədə bilər? Nəzərə alın ki, onlar sizin dediyiniz və etdiyiniz şeylərdən örnək götürürlər. Odur ki, uşaqlarınız sizin üçün nə isə edəndə onlara təşəkkürünüzü bildirməklə yaxşı nümunə qoyun. Bundan əlavə, uşaqlarınıza öyrədin ki, kimsə onlar üçün nə isə edəndə «çox sağ ol» desinlər. Övladlarınıza minnətdarlığı səmimi-qəlbdən etməyin vacibliyini və onların sözlərinin böyük məna kəsb etdiyini izah edin. Misal üçün, Klari adlı bir gənc xanım deyir: «Anam 32 yaşı olanda gözlənilmədən üç uşağı tək böyütmək məcburiyyətində qalmışdı. 32 yaşıma çatanda bunun anam üçün nə qədər çətin olduğu barədə düşündüm. Ona qardaşlarımla məni böyütmək üçün çəkdiyi əziyyətə görə nə qədər minnətdar olduğumu söylədim. Bu yaxınlarda anam sözlərimin onun üçün nə qədər dəyərli olduğunu, onları tez-tez xatırladığını və hər zaman ürəyinə sevinc bəxş etdiyini söylədi».

Övladlarınıza minnətdarlıq bildirməyi öyrədin (15-ci abzasa baxın) *

16. Minnətdarlıq sözlərimizin başqalarını ruhlandırdığına dair nümunə çəkin.

16 Yığıncaq üzvlərinə. Bacı-qardaşlarımıza təşəkkür edəndə onları ruhlandırmış oluruq. Misal üçün, 28 yaşlı Corc adlı bir ağsaqqal ciddi xəstəliyə tutulmuşdu. O, bir ay yığıncaqlara gələ bilmədi. Hətta yığıncağa gələndən sonra da görüşün bəndlərini apara bilmirdi. Corc deyir: «Fiziki məhdudiyyətlərimə və yığıncaqdakı məsuliyyətlərimi icra edə bilmədiyimə görə özümü dəyərsiz hiss edirdim. Lakin bir dəfə görüşdən sonra bir qardaş mənə dedi: “Sən mənim ailəm üçün çox gözəl nümunəsən, bunun üçün sənə təşəkkür etmək istəyirəm. Ötən illər ərzində etdiyin məruzələrin bizə nə qədər xoş təsir bağışladığını təsəvvür edə bilməzsən. Məruzələrin imanımızı möhkəmləndirib”. Gözlərim doldu, qəhərdən danışa bilmədim. Bu sözlərə çox ehtiyacım var idi».

17. Koloslulara 3:15 ayəsinə əsasən, səxavətinə görə Yehovaya necə minnətdarlıq bildirə bilərik?

17 Səxavətli Allahımıza. Yehova Allah bizə bol ruhani qida bəxş edib. Misal üçün, ibadət görüşləri, nəşrlər və veb-saytlarımız vasitəsilə faydalı təlim alırıq. Nə vaxtsa hansısa məruzəni eşidəndə, məqaləni oxuyanda və yaxud videoya baxanda «bu, lap mənim üçündür» deyə düşünmüsünüz? Bəs bizim üçün etdiklərinə görə Yehova Allaha minnətdarlığımızı necə bildirə bilərik? (Koloslulara 3:15 ayəsini oxuyun.) Bunun bir üsulu verdiyi bu kimi yaxşı hədiyyələrə görə dualarımızda müntəzəm təşəkkür bildirməkdir (Yaq. 1:17).

İbadət evinin təmizliyində iştirakımız minnətdarlıq bildirməyin ən gözəl yollarından biridir (18-ci abzasa baxın)

18. İbadət evlərimizə görə minnətdarlığımızı necə göstərə bilərik?

18 İbadət evlərimizi təmiz və səliqəli saxlamaqla da Yehovaya minnətdar olduğumuzu göstərmiş oluruq. İbadət evlərimizin təmizliyi və təmiri ilə bağlı işlərdə müntəzəm iştirak edirik. Eləcə də yığıncaqlarda istifadə olunan avadanlıqlara nəzarət edən xidmətçilər onlardan ehtiyatla istifadə etməyə çalışır. İbadət evlərimizi lazımi şəkildə saxlasaq, onlar uzun müddət istifadəyə yararlı olacaq və təmir-bərpa işlərinə az ehtiyac qalacaq. Beləcə, bütün dünyada ibadət evlərinin təmir-bərpasında və yeni ibadət evlərinin tikintisinə daha çox pul ayıra biləcəyik.

19. Bir rayon nəzarətçisi ilə həyat yoldaşının hadisəsindən nə öyrənirik?

19 Bizdən ötrü zəhmət çəkənlərə. Bizim təşəkkür sözlərimiz insanın üzləşdiyi problemlərə münasibətini dəyişə bilər. Misal üçün, bir rayon nəzarətçisi və yoldaşının nümunəsinə nəzər salaq. Xidmətdə keçirdikləri uzun qış günlərinin birində yorğun-arğın halda evə qayıdırlar. Hava o qədər soyuq idi ki, bacı əynindəki palto ilə yatır. Səhər açılanda o, ərinə səyyar xidməti davam etdirə bilməyəcəyini söyləyir. Elə həmin səhər filialdan ona ünvanlanmış bir məktub gəlir. Məktubda bacının etdiyi xidmət və göstərdiyi dözümə görə səmimi tərif sözləri yazılmışdı. Hər həftə bir evdən başqa evə köçməyin nə qədər çətin olduğu qeyd olunmuşdu. Bacının əri deyir: «Bu tərif sözləri yoldaşımı elə ruhlandırmışdı ki, səyyar xidməti dayandırmağı bir də dilinə gətirmədi. Hətta mən bir neçə dəfə xidməti dayandırmaq istəyəndə o məni davam etməyə təşviq edib». Bu ər-arvad təxminən 40 il səyyar xidmətdə olub.

20. Hər gün nəyə can atmalıyıq və nə üçün?

20 Bu dünyada minnətdarlıq bildirən insanların sayı günün gündən azalır. Gəlin hər gün sözümüz və əməlimizlə minnətdarlıq ifadə edək. Bəlkə də, bizim sözlərimiz kiməsə həyatın çətinliklərinə dözməyə güc verəcək. Həmçinin təşəkkür bildirməyin sayəsində əbədi dostluq bağları qura bilərik. Ən önəmlisi isə, bu yolla biz səxavətli, minnətdar Allahımız Yehovanı təqlid etmiş olacağıq.

NƏĞMƏ 20 Əziz Oğlunu qurban verdin

^ abz. 5 Yehovadan, İsa Məsihdən və Səməriyyədən olan cüzamlı kişidən minnətdarlıq bildirməklə bağlı nə öyrənə bilərik? Məqalədə həm onların, həm də digərlərinin nümunəsinə nəzər salacağıq. Həmçinin minnətdarlıq bildirməyin vacibliyini və bunu etməyin bəzi yollarını araşdıracağıq.

^ abz. 1 BƏZİ İFADƏLƏRİN İZAHI. Bir kəsə və ya bir şeyə görə minnətdar olmaq həmin kəsin və ya həmin şeyin dəyərli olduğunu anlamaq deməkdir. Bu söz həmçinin ürəkdə duyduğumuz şükran dolu hisslərə aid də işlənilir.

^ abz. 55 ŞƏKLİN İZAHI: Roma yığıncağında Bulusun məktubu oxunur; adlarının çəkilməsi Akvilas, Priskilla, Fibi və digərlərinə xoş təsir bağışlayır.

^ abz. 57 ŞƏKLİN İZAHI: Ana qızına gözəl örnək olan yaşlı bacıya minnətdarlıq bildirməyi öyrədir.