Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 9

Qədim İsraildə məhəbbət və ədalət

Qədim İsraildə məhəbbət və ədalət

«Yehova salehliyi, ədaləti sevir. Məhəbbəti yer üzünü bürüyüb» (ZƏB. 33:5).

NƏĞMƏ 3 Yehova gücümüz, ümidimiz, güvənc yerimiz

İCMAL *

1, 2. a) Hər birimiz nə istəyirik? b) Nəyə əmin ola bilərik?

HAMI sevilmək istəyir. Həmçinin hər kəs özünə qarşı ədalətli münasibət gözləyir. İnsanın bu arzusu dəfələrlə daşa dəyəndə o özünü dəyərsiz hiss edə və ümidsizliyə qapıla bilər.

2 Yehova bilir ki, insanın sevgiyə və ədalətə ehtiyacı var (Zəb. 33:5). Onun bizi sevdiyinə və ədalətsizliklə üzləşməyimizi istəmədiyinə əmin ola bilərik. Bunu Musa peyğəmbər vasitəsilə İsrail xalqına verdiyi Qanundan aydın görmək olar. Əgər məhəbbət və ədalət sarıdan məyusluğa qərq olmusunuzsa, Musanın qanununa * nəzər salın. Görün bu Qanun Yehovanın sizin qayğınıza qaldığını necə göstərir.

3. a) Romalılara 13:8—10 ayələrində izah olunduğu kimi, Musanın qanununu araşdıranda nəyin şahidi oluruq? b) Bu məqalədə hansı sualları araşdıracağıq?

3 Musanın qanununu araşdıranda Yehova Allahın nə qədər məhəbbətli olduğuna şahid oluruq. (Romalılara 13:8—10 ayələrini oxuyun.) Bu məqalədə İsrail xalqına verilən qanunların yalnız bir neçəsinə nəzər salacaq və növbəti suallara cavab tapacağıq: «Nəyin əsasında deyə bilərik ki, Qanun məhəbbət üzərində qurulub? Qanunun ədalətə səslədiyini nə göstərir? Səlahiyyət sahiblərindən Qanuna necə riayət etmək tələb olunurdu? Qanun xüsusilə kimləri müdafiə edirdi?» Bu sualların cavabı bizə təsəlli, ümid bəxş edəcək və məhəbbətli Yaradanımıza yaxınlaşdıracaq (Həv. 17:27; Rom. 15:4).

MƏHƏBBƏT ÜZƏRİNDƏ QURULAN QANUN

4. a) Nə üçün demək olar ki, Musanın qanunu məhəbbət üzərində qurulub? b) Mətta 22:36—40 ayələrinə əsasən, İsa Məsih hansı əmrləri vurğulamışdı?

4 Yehovanın etdiyi hər bir şeyin məhəbbətdən qaynaqlandığını nəzərə alsaq, əminliklə deyə bilərik ki, Musanın qanunu da məhəbbət üzərində qurulub (1 Yəh. 4:8). Yehova Qanun toplusunu iki qanun əsasında tərtib edib — Allaha məhəbbət və insanlara məhəbbət (Lav. 19:18; Qan. 6:5; Mətta 22:36—40 ayələrini oxuyun). Buna görə də Musanın qanunundakı 600-dən çox əmrin hər biri Yehovanın məhəbbətinin müəyyən yönünü aşkara çıxarır. Gəlin onlardan bəzilərinə nəzər salaq.

5, 6. Yehova ər-arvadlardan nə gözləyir və nələr Onun gözündən yayınmır? Nümunə çəkin.

5 Həyat yoldaşına sadiq olmaq və uşaqların qeydinə qalmaq. Yehova istəyir ki, ər-arvad bir-birini o dərəcədə güclü sevsin ki, bu məhəbbət ömür boyu davam eləsin (Yar. 2:24; Mət. 19:3—6). Zina ən amansız cinayətlərdən biridir. Məhz buna görə On əmrin yeddincisi zinanı qadağan edirdi (Qan. 5:18). Zina «Allaha qarşı» günah, həyat yoldaşına qarşı qəddarlıqdır (Yar. 39:7—9). Xəyanət acısı illər uzunu günahsız tərəfin qəlbini göynədə bilər.

6 Ər-arvadın bir-biri ilə necə rəftar etməsi Yehovanın diqqətindən yayınmır. O, israilli kişilərin arvadları ilə yaxşı davranmasını istəyirdi. Qanuna hörmətlə yanaşan ər arvadını sevir, üzürsüz səbəbə görə onu boşamırdı (Qan. 24:1—4; Mət. 19:3, 8). Lakin ciddi səbəb olardısa və ər arvadını boşayardısa, ona talaq kağızı verməli idi. Talaq kağızı qadının zina etmədiyinə şəhadət idi və onu yalan ittihamlardan qoruyurdu. Üstəlik, ər arvadına talaq kağızı verməzdən öncə çox ehtimal ki, şəhər ağsaqqalları ilə məsləhətləşməli idi. Bu zaman ağsaqqalların ərlə arvada ailəni qorumaları üçün kömək etmək imkanı olurdu. Düzdür, bəzən israillilər xudbin məqsədlərə görə arvadlarını boşayanda Yehova ağsaqqallar və peyğəmbərlər vasitəsilə məsələyə müdaxilə etməsə də, qadınları çəkdiyi əzablar və tökdüyü göz yaşları Onun gözündən yayınmırdı (Məl. 2:13—16).

Yehova istəyirdi ki, uşaqlar valideynlərinin məhəbbətlə verdiyi təlim-tərbiyə sayəsində özlərini arxayın və müdafiə olunmuş hiss etsinlər (7 və 8-ci abzaslarına baxın) *

7, 8. a) Yehova valideynlərdən nə tələb edirdi? (Üz qabığındakı şəklə baxın.) b) Özümüzə hansı dərsi götürürük?

7 Qanun həmçinin Yehovanın uşaqların rifahı ilə yaxından maraqlandığını göstərir. Yehova valideynlərdən övladlarının yalnız fiziki yox, həm də ruhani ehtiyaclarını təmin etməyi tələb edirdi. Övladlarına Yehovaya məhəbbət və Onun qanunlarına hörmət hissi aşılamaq üçün valideynlər hər imkandan istifadə etməli idilər (Qan. 6:6—9; 7:13). Yehovanın israilliləri cəzalandırmasının səbəblərindən biri onların öz uşaqları ilə amansızcasına rəftar etməsi idi (Ərm. 7:31, 33). Valideynlər övladlarına dəyərsiz bir şey kimi yanaşmamalı, onları Yehovanın mirası, hədiyyəsi kimi əziz tutmalı idilər (Zəb. 127:3).

8 Dərs. Yehova ər-arvadın bir-biri ilə necə rəftar etməsinə xüsusi diqqət yetirir. Həmçinin O, valideynlərin övladlarını sevməsini istəyir. Uşaqları ilə pis rəftar edən valideynlər Yehovaya hesabat verəcəklər.

9—11. Yehova tamahkarlıqla bağlı qanunu nə üçün vermişdi?

9 Tamah salma. On əmrin axırıncısı tamahkarlığı, başqa sözlə, özgəsinə məxsus olan şeyə nəfs salmağı qadağan edirdi (Qan. 5:21; Rom. 7:7). Yehova bu qanun vasitəsilə vacib bir şeyi öyrətmək istəyirdi — Onun xalqı ürəyini, yəni düşüncə və hisslərini qorumalı idi. Yehova bilir ki, günahlı əməllər günahlı düşüncələrdən və hisslərdən başlayır (Məs. 4:23). İsraillinin ürəyində yanlış arzuların boy atmasına yol verməsi onun başqaları ilə rəhmsiz davranmasına gətirib çıxara bilərdi. Məsələn, Davud padşah bu cür tələyə düşmüşdü. Əslində, o, yaxşı insan idi. Lakin bir dəfə başqasının arvadına tamah salır. Tamah onu günaha sürükləyir (Yaq. 1:14, 15). Davud zina edir, qadının ərini aldatmağa cəhd göstərir və sonda onu öldürtdürür (2 İşm. 11:2—4; 12:7—11).

10 İsraillilər tamahla bağlı qanunu pozanda Yehova bilirdi, çünki O, ürəkdən keçənləri görür (1 Saln. 28:9). Tamahkarlıqla bağlı qanun pis davranışa aparan düşüncədən uzaq durmağın vacibliyini xatırladırdı. Həqiqətən, Allahımız necə də hikmətli və məhəbbətlidir!

11 Dərs. Yehova insana xarici faktorlar əsasında dəyər vermir. O, daxilən necə insan olduğumuzu, ürəyimizdən keçənləri görür (1 İşm. 16:7). Düşüncələrimizi, hisslərimizi və hərəkətlərimizi Ondan gizlədə bilmərik. Yehova ürəyimizdə yaxşı şeylər axtarır və istəyir ki, bu yaxşı şeylər artdıqca-artsın. Eyni zamanda, O istəyir ki, yanlış fikirlər bizi yanlış hərəkətlərə sürükləməzdən öncə onları müəyyən edib qarşısını alaq (2 Saln. 16:9; Mət. 5:27—30).

ƏDALƏT ÜZƏRİNDƏ QURULAN QANUN

12. Musanın qanunu nəyi vurğulayır?

12 Musanın qanunu həmçinin Yehovanın ədaləti sevdiyini göstərir (Zəb. 37:28; Əşy. 61:8). Yehova başqaları ilə ədalətlə davranmaqda bizə möhtəşəm örnəkdir. İsraillilər Qanuna itaət edəndə Yehova onlara xeyir-bərəkət verirdi. Onun ədalət normalarına tabe olmayanda isə əziyyət çəkirdilər. Gəlin On əmrdən daha ikisinə nəzər salaq.

13, 14. On əmrin ilk ikisi hansı idi və onlara itaət etmək israillilərə necə fayda gətirirdi?

13 Yalnız Yehovaya ibadət edin. On əmrdən ilk ikisi Yehovaya tam sədaqət göstərməyi və bütlərə sitayiş etməməyi tələb edirdi (Çıx. 20:3—6). Bu əmrlər Yehovanın yox, xalqın rifahı üçün idi. Xalq Yehovaya sadiq qalanda çiçəklənir, başqa xalqların allahlarına ibadət edəndə isə, əziyyət çəkirdi.

14 Kənaniləri yadımıza salaq. Onlar var olan Allaha yox, cansız bütlərə sitayiş edirdilər və nəticədə özlərini alçaldırdılar (Zəb. 115:4—8). İyrənc cinsi münasibətlər və övladlarını qurban gətirmək onların ibadətinin bir hissəsi idi. Eynilə israillilər də Yehovadan üz döndərib bütlərə sitayiş etməyə başlayanda alçaldıcı işlər görür və ailələrini bədbəxt edirdilər (2 Saln. 28:1—4). Səlahiyyət sahibləri Yehovanın ədalət normalarını heçə sayırdı. Onlar öz vəzifələrindən sui-istifadə edərək zəiflərə, gücsüzlərə zülm edirdi (Hizq. 34:1—4). Yehova israilliləri xəbərdar etmişdi ki, müdafiəsiz qadın və uşaqlarla pis rəftar edənləri mühakimə edəcək (Qan. 10:17, 18; 27:19). Amma xalq Yehovaya sadiq qalanda, bir-biri ilə ədalətlə rəftar edəndə Yehova onların işlərini avand edirdi (1 Pad. 10:4—9).

Yehova Allah bizi sevir və haqsızlığa məruz qalmağımız Onun nəzərindən yayınmır (15-ci abzasa baxın)

15. Yehova haqda nəyi öyrənirik?

15 Dərs. Kimsə Yehovaya ibadət etdiyini iddia edib, Onun qanun-qaydalarına əməl etmirsə, Onun xidmətçilərinə zərər vurursa, bunda Yehovanın günahı yoxdur. Lakin Yehova bizi çox sevir və bizə qarşı edilən haqsızlıqları görür. O bizim çəkdiyimiz əzabları körpəsinin ağrı-acısını duyan anadan daha çox duyur (Əşy. 49:15). Yehova vəziyyətə dərhal müdaxilə etməsə belə, əmin ola bilərik ki, vaxtı gələndə tövbə etməyən günahkar başqası ilə rəftarına görə mütləq Onun qarşısında cavab verəcək.

QANUN NECƏ TƏTBİQ OLUNURDU?

16—18. Musanın qanunu həyatın hansı sahələrinə aid idi və biz bundan nə öyrənirik?

16 Musanın qanunu israillilərin həyatının bir çox sahəsinə aid idi, buna görə də təyin olunmuş ağsaqqalların Yehovanın xalqını ədalətlə mühakimə etməsi çox vacib idi. Ağsaqqallar təkcə ruhani məsələlərə yox, həmçinin vətəndaş haqları və cinayət məsələlərinin həllinə baxırdılar. Növbəti nümunələrə nəzər salaq.

17 Bir israilli kimisə öldürərdisə, onu dərhal edam etmirdilər. Şəhər ağsaqqalları onu ölüm cəzasına layiq bilməzdən öncə vəziyyəti hərtərəfli araşdırırdılar (Qan. 19:2—7, 11—13). Ağsaqqallar həmçinin gündəlik həyatın bir çox sahələrinə aid məsələləri də həll edirdilər. Bura əhali arasında yaranan məişət münaqişələrindən tutmuş, ər-arvad arasındakı mübahisələrə kimi bir çox sahələr daxil idi (Çıx. 21:35; Qan. 22:13—19). Ağsaqqalların haqq-ədalətlə davranması və xalqın qanuna əməl etməsi hamıya fayda gətirirdi və xalq Yehovanı şərəfləndirirdi (Lav. 20:7, 8; Əşy. 48:17, 18).

18 Dərs. Yehova üçün həyatımızın hər sahəsi önəmlidir. O istəyir ki, biz başqaları ilə ədalət və məhəbbətlə davranaq. Yehova bizim nə dediyimizə və nə etdiyimizə fikir verir, hətta təklikdə olanda belə etdiklərimiz Onun nəzərindən yayınmır (İbr. 4:13).

19—21. a) Ağsaqqallar və hakimlər Allahın xalqı ilə necə davranmalı idilər? b) Yehova xalqını qorumaq üçün hansı qanunları təsis etmişdi və biz bundan nə öyrənirik?

19 Yehova xidmətçilərini qonşu xalqların pis təsirindən qorumaq istəyirdi. Bunun üçün ağsaqqallardan və hakimlərdən tərəf tutmadan Qanuna əməl etməyi tələb edirdi. Eyni zamanda, hökm çıxarmaq ixtiyarına sahib olanlar xalqla sərt, kobud rəftar etməməli idilər. Əksinə, onlar ədaləti sevməli idilər (Qan. 1:13—17; 16:18—20).

20 Yehova xidmətçilərinə mərhəmətlə yanaşır. Buna görə də onları haqsız rəftardan qorumaq üçün qanunlar vermişdi. Misal üçün, Qanun insanın haqsız yerə cinayətdə ittiham olunmaq ehtimalını azaldırdı. Təqsirləndirilən şəxsin kim tərəfindən ittiham olunduğunu bilməyə haqqı çatırdı (Qan. 19:16—19; 25:1). Üstəlik, o, təqsirli sayılmazdan öncə iki nəfər şahidlik etməli idi (Qan. 17:6; 19:15). Bəs əgər israilli cinayət törədər və bunun yalnız bir şahidi olardısa, onda necə? Cinayət törədən şəxs əməlinə görə cəzasız qalacağını düşünməməli idi. Yehova onun etdiklərini görürdü. Ailə məsələlərində Yehova səlahiyyəti ataya vermişdi, lakin bu səlahiyyət məhdud idi. Bəzi ailə münaqişələri zamanı şəhər ağsaqqalları məsələyə müdaxilə edib son qərarı çıxarmaq məsuliyyəti daşıyırdılar (Qan. 21:18—21).

21 Dərs. Yehova mükəmməl nümunədir, O, heç vaxt ədalətsiz davranmır (Zəb. 9:7). Yehova Onun qanunlarına boyun əyən insanlara mükafat verir, səlahiyyətlərindən sui-istifadə edənləri isə cəzalandırır (2 İşm. 22:21—23; Hizq. 9:9, 10). Bəzən bizə elə gələ bilər ki, kimsə etdiyi pis əmələ görə cəza almır, lakin Yehova Özü lazım bildiyi vaxt ədaləti bərqərar edəcək (Məs. 28:13). Əgər həmin şəxs tövbə etməzsə, tezliklə var olan Allahın əlinə düşməyin dəhşətli olduğuna özü şahid olacaq (İbr. 10:30, 31).

QANUN XÜSUSİLƏ KİMLƏRİ MÜDAFİƏ EDİRDİ?

Ağsaqqallar münaqişələri həll edəndə Yehovanın xalqına göstərdiyi məhəbbət və ədaləti əks etdirməli idilər (22-ci abzasa baxın) *

22—24. a) Qanun xüsusilə kimləri müdafiə edirdi və biz bundan Yehova haqda nə öyrənirik? b) Çıxış 22:22—24 ayələrində hansı xəbərdarlıq yazılıb?

22 Qanun xüsusilə də özünü müdafiə edə bilməyənləri, məsələn, yetimləri, dulları və yadelliləri qoruyurdu. Yehova hakimlərə buyurmuşdu: «Yadellinin, yaxud yetimin işinə baxanda haqqı, ədaləti pozmayın. Dul qadından verdiyiniz borcun əvəzinə girov kimi paltarını almayın» (Qan. 24:17). Yehova cəmiyyət arasında ən zəif bilinən insanlara şəxsən qayğı göstərirdi. Onlarla pis rəftar edənləri cəzalandırırdı. (Çıxış 22:22—24 ayələrini oxuyun.)

23 Qanun həmçinin yaxın qohumlar arasında cinsi əlaqəni (insest) qadağan etməklə ailə üzvlərini cinsi cinayətdən müdafiə edirdi (Lav. 18:6—30). Ətraf xalqlar yaxın qohumlar arasında cinsi əlaqəyə göz yumduğu, hətta pis yanaşmadığı halda, Yehovanın xalqı bu cür cinayətə Onun kimi yanaşmalı, yəni iyrənc bir şey kimi qəbul etməli idi.

24 Dərs. Yehova səlahiyyət verdiyi şəxslərə buyurur ki, onlar tabeliyində olanların qayğısına qalsınlar. O, cinsi cinayətlərə nifrət edir və hər bir kəslə, xüsusilə də, ən zəiflərlə ədalətlə rəftar edilməsinə, onların müdafiə olunmasına xüsusilə fikir verir.

GƏLƏCƏK NEMƏTLƏRİN KÖLGƏSİ

25, 26. a) Hansı mənada məhəbbət və ədalət nəfəslə həyat kimidir? b) Bu silsilənin növbəti məqaləsində söhbət nədən gedəcək?

25 Məhəbbət və ədalət nəfəslə həyat kimidir — biri olmadan digəri mövcud ola bilməz. Yehovanın bizimlə ədalətlə rəftar etdiyinə əmin olanda Ona məhəbbətimiz artır. Onu sevib adil qanunlarına əməl edəndə isə başqalarına da sevgi və ədalət göstərməyə təşviq olunuruq.

26 Musanın qanun əhdi Yehova ilə israillilər arasındakı münasibətə yeni nəfəs verdi. Lakin İsa Məsih Qanunu icra edəndən sonra Allahın xalqının artıq Qanuna əməl etməsinə ehtiyac qalmadı, çünki Qanun daha üstün bir şeylə əvəz olundu (Rom. 10:4). Həvari Bulus Qanunu «gələcək nemətlərin... kölgəsi» adlandırmışdı (İbr. 10:1). Bu silsilənin növbəti məqaləsində həmin nemətlərin bəziləri haqda söz açılacaq və məhəbbətlə ədalətin yığıncaqda hansı rol oynadığı müzakirə olunacaq.

NƏĞMƏ 109 «Bir-birinizi səmimi qəlbdən, hərarətlə sevin»

^ abz. 5 Bu məqalə Yehova Allahın bizim qeydimizə qaldığına əminlik verən dörd hissəli silsilənin birinci məqaləsidir. Növbəti üç məqalə «Gözətçi qülləsi» jurnalının 2019-cu il may sayında dərc olunacaq. Məqalələr belə adlanır: «Məsihi yığıncağında məhəbbət və ədalət», «Məhəbbət və ədalət pis əməlləri dəf edir»«Təcavüz qurbanlarına dayaq olun».

^ abz. 2 BƏZİ İFADƏLƏRİN İZAHI. Yehova Allahın Musa peyğəmbər vasitəsilə israillilərə verdiyi 600-dən çox qanun toplusu «Qanun», «Musanın qanunu», «Tövrat» və «əmrlər» kimi tanınır. Bundan əlavə, çox vaxt Müqəddəs Kitabın ilk beş bölməsi (Yaradılışdan Qanunun təkrarına qədər) «Tövrat» adlandırılır. Bəzən isə «Tövrat» deyiləndə bütövlükdə «İbranicə Müqəddəs Yazılar» nəzərdə tutulur.

^ abz. 60 ŞƏKİLİN İZAHI: İsrailli ana yemək hazırlayarkən qızları ilə şirin-şirin söhbət edir. Arxa fonda ata oğluna qoyunları bəsləməyi öyrədir.

^ abz. 64 ŞƏKİLİN İZAHI: Şəhər darvazasındakı ağsaqqallar tacirin fırıldağına tuş gələn dul qadınla övladına kömək edir.