Kontentə keç

Mündəricatı göstər

Bilirsiniz?

Bilirsiniz?

Birinci əsrdəki sinaqoq: Bu maket Cəlilə dənizindən təxminən 10 kilometr şimal-şərqdə yerləşən Qamlada tapılmış birinci əsrə aid sinaqoqun qalıqları əsasında tərtib olunub. Maket qədimdə sinaqoqların necə göründüyünə dair təsəvvür yaradır

Sinaqoqların mənşəyi haqda nələri bilirik?

«SİNAQOQ» sözü «toplaşma», «məclis» mənasını verən yunan sözündən əmələ gəlib. Qədim dövrlərdən bəri sinaqoqlar yəhudi icmalarının təlim almaq və ibadət etmək üçün toplaşdıqları yer idi. Tövratda sinaqoq haqda açıq şəkildə heç nə deyilməsə də, İncildən aydın görünür ki, bu kimi yerlər eramızın birinci əsrində artıq mövcud idi.

Əksər alimlərin fikrincə, ilk sinaqoqlar yəhudilərin Babil əsarətində olduğu vaxt yaranmağa başlayıb. Bununla bağlı «Yəhudi ensiklopediyası»nda belə bir məlumat var: «Məbəddən uzaq düşən əsirlər yad diyarda idilər, təsəlliyə ehtiyac duyurdular. Buna görə də onlar vaxtaşırı, ehtimal ki, şənbə günləri birgə toplaşıb Müqəddəs Yazıları oxuyurdular» («Encyclopaedia Judaica»). Görünür, yəhudilər əsarətdən qurtulandan sonra da dua etmək və Müqəddəs Yazıları oxumaq üçün birgə toplaşmağa davam edirdilər və məskunlaşdıqları ərazilərdə sinaqoqlar yaradırdılar.

Beləcə, artıq birinci əsrdə sinaqoqlar Yaxın Şərqdən tutmuş İsrailə kimi Aralıq dənizinin ətrafına səpələnən icmaların dini və ictimai mərkəzinə çevrilmişdi. Yerusəlim Yəhudi Universitetinin professoru Li Levin deyir: «[Sinaqoqlar] təlim almaq, müqəddəs yemək mərasimlərini təşkil etmək, yığılan pulların istifadəsini planlaşdırmaq, siyasi və ictimai görüşlər keçirmək üçün fəaliyyət göstərirdi. Amma əlbəttə ki, bu yerlər əsas etibarilə ibadət üçün nəzərdə tutulurdu». Odur ki, İsa Məsihin tez-tez sinaqoqlara getməsi təəccüblü deyil (Mark 1:21; 6:2; Luka 4:16). O, sinaqoqlarda toplaşanlara təlim verir, onları öyrədir və ruhlandırırdı. Məsihi yığıncağı yaranandan sonra, görünür, həvari Bulus da tez-tez sinaqoqlarda təbliğ edirdi. Allaha yaxınlaşmaq istəyən insanlar, adətən, sinaqoqlara üz tutduğuna görə, həvari Bulus da girdiyi şəhərdə təbliğ etmək üçün ilk növbədə ora üz tuturdu (Həv. 17:1, 2; 18:4).