Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 12

Bir-birimizin dərdinə şərik olaq

Bir-birimizin dərdinə şərik olaq

«Bir-birinizin dərdinə şərik... olun» (1 BUT. 3:8).

NƏĞMƏ 90 Bir-birimizi ruhlandıraq

İCMAL *

1. 1 Butrus 3:8 ayəsinə əsasən, nəyə görə ətrafımızda bizə can yandıran insanların olmasını xoşlayırıq?

ƏTRAFIMIZDA bizi düşünən, bizə can yandıran insanların olması hər birimiz üçün xoşdur. Onlar özlərini bizim yerimizə qoymağa çalışır. Köməyə ehtiyacımızın olduğunu duyub, bəzən biz deməmiş yardım əli uzadırlar. Dərdimizə şərik olan * insanlar bizim üçün çox əzizdir. (1 Butrus 3:8 ayəsini oxuyun.)

2. Nəyə görə insanların dərdinə şərik olmaq üçün öz üzərimizdə işləməliyik?

2 Hər bir məsihi başqalarının dərdinə şərik olmağa çalışır. Lakin bu, heç də həmişə asan olmur. Nə üçün? Səbəblərdən biri qeyri-kamil olmağımızdır (Rom. 3:23). Bizdə anadangəlmə xudbinlik xüsusiyyəti var və onunla mübarizə aparmalıyıq. Bundan əlavə, bəzilərinə aldığı tərbiyəyə və ya keçmişdə yaşadıqlarına görə başqalarının hisslərini duymaq çətindir. Digər səbəb isə ətrafdakı insanların təsiridir. Yaşadığımız axırzamanda çoxları xudbindir, başqalarının hisslərinə qarşı laqeyd yanaşır (2 Tim. 3:1, 2). Bəs insanların dərdinə şərik olmağı necə öyrənə bilərik?

3. a) İnsanların dərdinə şərik olmağı necə öyrənə bilərik? b) Bu məqalədə nəyi araşdıracağıq?

3 Yehova Allahın və İsa Məsihin nümunəsi insanların dərdinə şərik olmağımıza kömək edə bilər. Yehova məhəbbətli Allahdır və başqalarının qayğısına qalmaqda ən gözəl örnəkdir (1 Yəh. 4:8). İsa Məsih Atasının xüsusiyyətlərini mükəmməl şəkildə əks etdirirdi (Yəh. 14:9). Onun yerüzü həyatı insanın necə şəfqətli ola biləcəyini göstərir. Bu məqalədə Yehovanın və İsa Məsihin insanların qayğısına qaldığını göstərən nümunələri araşdıracaq və onlardan necə örnək ala biləcəyimiz haqda danışacağıq.

YEHOVANIN NÜMUNƏSİ

4. Əşiya 63:7—9 ayələri Yehovanın bəndələrinin hisslərinə biganə olmadığını necə göstərir?

4 Müqəddəs Kitabdan öyrənirik ki, Yehova xidmətçilərinin hisslərinə biganə deyil. Misal üçün, Yehovanın qədimdə İsrail xalqının üzləşdiyi çətinliklərə necə yanaşdığına nəzər salaq. Kəlamda yazılıb: «Onlar əzab çəkəndə O da əzab çəkdi». (Əşiya 63:7—9 ayələrini oxuyun.) Yehova daha sonra Zəkəriyyə peyğəmbər vasitəsilə bildirmişdi ki, xalqına qarşı olunan pis rəftarı Özünə qarşı edilən pislik hesab edir. O, xidmətçilərinə demişdi: «Sizə toxunan Mənim göz bəbəyimə toxunur» (Zək. 2:8). Yehova xalqının qayğısına qaldığını necə də güclü sözlərlə təsvir edib!

Yehova Allah israillilərin halına acıyıb, onları Misir köləliyindən azad etdi (5-ci abzasa baxın)

5. Yehova əzab çəkən bəndlərinə kömək etmək üçün keçmişdə hansı tədbirləri görmüşdü?

5 Yehova bəndələrinin halına yanmaqla yanaşı, onlara kömək etmək üçün tədbir görür. Misal üçün, Misirdə qul olan israillilər əzab çəkəndə Yehova onların halına yanmış və xilas etmişdi. O, Musa peyğəmbərə demişdi: «Xalqımın əzab-əziyyətini görürəm... etdikləri fəryadları eşidirəm, nə çəkdiklərindən agaham. Mən yerə enib onları misirlilərin əlindən qurtaracağam» (Çıx. 3:7, 8). Yehova xalqının halına yandığı üçün onları köləlikdən azad etmişdi. Əsrlər sonra israillilər Vəd edilmiş diyarda düşmən hücumuna məruz qalan zaman da Yehova onların hisslərinə biganə yanaşmamışdı. Kəlamda yazılıb: «Zülmkarların və zalım qaniçənlərin əlindən xalqın etdiyi fəryad ərşə qalxanda Yehovanın onlara yazığı [gəldi]». Yehova bu dəfə də şəfqət hissindən irəli gələrək tədbir gördü. O, israilliləri düşmən əlindən qurtarmaq üçün hakimlər göndərdi (Hak. 2:16, 18).

6. Yehovanın yanlış düşünən bəndəsinin hisslərinə anlayışla yanaşdığına dair nümunə çəkin.

6 Yehova hətta səhv fikirdə olan bəndələrinin də hisslərinə anlayış göstərir. Yunus peyğəmbər buna bir misaldır. Allah onu Neynəvaya qarşı hökm xəbərini çatdırmağa göndərmişdi. Amma xalq tövbə etdiyi üçün onları məhv etmir. Bu qərar Yunus peyğəmbərin ürəyincə olmur. Neynəvanın dağılacağı ilə bağlı söylədiyi peyğəmbərliyin yerinə yetməməsi onu bərk hirsləndirir. Lakin Yehova Yunusla səbirlə davranır və ona düşüncəsini dəyişməyə kömək edir (Yun. 3:10—4:11). Çox keçməmiş Yunus Yehovanın öyüdünün məğzini anlayır. Üstəlik, Yehova bizlərə də nəsihət olsun deyə, Yunusa baş verənləri qələmə almağı buyurur (Rom. 15:4) *.

7. Yehovanın bəndələrinə qarşı münasibəti bizi nəyə əmin edir?

7 Yehovanın xalqına münasibəti bizi əmin edir ki, bəndələrinin hissləri Onun üçün önəmlidir. Hər birimizin çəkdiyi əzab-əziyyət, duyduğu ağrı-acı Ona məlumdur. Yehova «insanın ürəyindəkilərdən agah»dır (2 Saln. 6:30). O bizim ən dərin düşüncə və hisslərimizi, məhdudiyyətlərimizi anlayır və qoymaz ki, gücümüz çatmayan sınaqlara məruz qalaq (1 Kor. 10:13). Doğrudan da, bu vəd insanın qəlbinə rahatlıq gətirir!

İSA MƏSİHİN NÜMUNƏSİ

8—10. İsa Məsih nələrin sayəsində insanlara qayğı göstərə bilirdi?

8 Yer üzündə yaşayarkən İsa Məsih insanlara can yandırırdı. Gəlin ona bu sahədə kömək edən üç amilə nəzər salaq. İlk növbədə, artıq qeyd etdiyimiz kimi, İsa Məsih Atasının xüsusiyyətlərini mükəmməl şəkildə əks etdirirdi. Yehova kimi, o da insanları sevirdi. Yehovanın xəlq etdiyi hər şeyə görə fərəhlənsə də, onun könlünü ən çox şad edən «bəşər övladları» idi (Məs. 8:31). İsa insanları sevdiyi üçün onların hisslərinə biganə qala bilmirdi.

9 İkincisi, İsa Məsih insanların ürəyindəkiləri görürdü, onların hansı hisslər keçirdiyini bilirdi (Mət. 9:4; Yəh. 13:10, 11). Buna görə də insanın dərdli olduğunu görəndə ona yazığı gəlirdi və təsəlli verirdi (Əşy. 61:1, 2; Luka 4:17—21).

10 Üçüncüsü, insanların üzləşdiyi bəzi çətinliklərlə İsa Məsih özü də üzləşmişdi. Məsələn, çox yəqin ki, o, kasıb ailədə böyümüşdü. Atası Yusifin yanında işlədiyi üçün ağır zəhmətin nə demək olduğunu bilirdi (Mət. 13:55; Mark 6:3). Həmçinin görünür, Yusif İsa yer üzü xidmətinə başlamazdan öncə ölmüşdü. Odur ki, İsa əziz insanı itirməyin acısını da çəkmişdi. Bundan əlavə, insanın ailə üzvlərinin onunla eyni imana sahib olmamasının nə demək olduğunu bilirdi (Yəh. 7:5). Bu kimi vəziyyətlər İsa Məsihə adi insanların üzləşdikləri çətinlikləri, keçirdikləri hissləri anlamağa kömək edirdi.

İsa Məsih kar adamı sağaltmazdan öncə izdihamın arasından kənara çəkir (11-ci abzasa baxın)

11. İsa Məsihin insanların qayğısını çəkdiyi xüsusilə nədən görünürdü? İzah edin. (Üz qabığındakı şəklə baxın.)

11 İsa Məsihin insanların dərdinə şərik olduğunu xüsusilə də göstərdiyi möcüzələrdən görmək olar. O, bunu sadəcə möcüzə göstərməlidir deyə etmirdi, onun əzab çəkənlərə yazığı gəlirdi (Mət. 20:29—34; Mark 1:40—42). Misal üçün, kar adamı izdihamın içindən qırağa çəkib sağaldanda, yaxud dul qadının yeganə oğlunu dirildəndə hansı hissləri keçirdiyini təsəvvür edin (Mark 7:32—35; Luka 7:12—15). İsa onların halına yanır və onlara kömək edirdi.

12. Yəhya 11:32—35 ayələri İsa Məsihin Martayla Məryəmin dərdinə şərik olduğunu necə göstərir?

12 İsa Məsih İlazərin ölümündən kədərə qərq olan Martayla Məryəmin də dərdinə şərik olmuşdu. Onların göz yaşlarını görəndə o, qəhərlənib ağlamışdı. (Yəhya 11:32—35 ayələrini oxuyun.) İsa yaxın dostunu itirdiyi üçün ağlamamışdı. Axı, nəticə etibarilə, İlazəri diriltmək üçün gəlmişdi. Onun göz yaşlarına səbəb yaxın dostlarının çəkdiyi əzabı duyması idi.

13. İsa Məsihin insanların halına yandığını bilmək bizi nə üçün ruhlandırır?

13 İsa Məsihin insanların dərdinə şərik olduğunu bilmək bizə qəlb rahatlığı verir. İnsanlara şəfqətlə yanaşdığı üçün biz onu çox sevirik (1 But. 1:8). Hal-hazırda onun Allahın Padşahlığının Padşahı olduğunu bilmək bizi çox ruhlandırır. O, tezliklə bütün əzab-əziyyətlərə son qoyacaq. İsa Məsih Şeytanın idarəçiliyinin bəşəriyyətə vurduğu yaraları sağaltmağa kömək edə biləcək ən doğru şəxsdir. Çünki o özü də yer üzündə yaşayanda hər cür çətinliyə və əzaba dözməli olub. Nə xoşbəxtik ki, «zəifliklərimizi anlaya» bilən Rəhbərimiz var! (İbr. 2:17, 18; 4:15, 16).

YEHOVADAN VƏ İSA MƏSİHDƏN ÖRNƏK ALAQ

14. Efeslilərə 5:1, 2 ayələri ürəyimizdə hansı istəyi oyadır?

14 Yehova Allahın və İsa Məsihin qoyduğu nümunə haqda düşündükcə insan başqalarına daha çox şəfqət göstərmək istəyir. (Efeslilərə 5:1, 2 ayələrini oxuyun.) İnsanların ürəyini oxuya bilməsək də, onların hisslərini anlamağa və nəyə ehtiyac duyduqlarını görməyə çalışa bilərik (2 Kor. 11:29). Dünyadakı xudbin insanlardan fərqli olaraq, biz çalışırıq ki, təkcə özümüzü yox, başqalarını da fikirləşək (Filip. 2:4).

(15—19 abzaslara baxın) *

15. Başqalarının dərdinə şərik olmaq xüsusilə kimlərin məsuliyyətidir?

15 Xüsusilə də ağsaqqallar başqalarının dərdinə şərik olmağı bacarmalıdır. Ağsaqqallar onlara əmanət olunan quzuların qeydinə necə qaldıqlarına görə hesabat verəcəklər (İbr. 13:17). Dindaşlarına kömək etmək üçün ağsaqqallar anlayışlı olmalıdır. Bəs onlar başqalarının dərdinə şərik olduqlarını necə göstərə bilər?

16. Bacı-qardaşların halına yanan ağsaqqal nə edir və bu, nə üçün vacibdir?

16 Bacı-qardaşların halına yanan ağsaqqal onlara vaxt ayırır. Suallar verir, diqqətlə və səbirlə onları dinləyir. Bu, olduqca vacibdir, xüsusilə də, əgər kimsə hisslərini bölüşərkən lazımi sözlər seçməkdə çətinlik çəkirsə (Məs. 20:5). Ağsaqqallar bacı-qardaşlara vaxt ayırmağa hazır olanda onların arasında etibar, dostluq və məhəbbət möhkəmlənir (Həv. 20:37).

17. Bir çox bacı-qardaşın ağsaqqallarda ən çox dəyərləndirdiyi xüsusiyyət hansıdır? Nümunə çəkin.

17 Bir çox bacı-qardaş ağsaqqallarda ən çox dərdə şərik olmaq xüsusiyyətini dəyərləndirdiyini deyir. Nə üçün? Adelayda adlı bir bacı deyir: «Ağsaqqalların sənin hisslərini başa düşdüyünü biləndə onunla danışmaq daha asan olur. Onlarla danışarkən göstərdikləri münasibətdən bilinir ki, sənin hisslərini duyurlar». Ağsaqqalın göstərdiyi münasibətə görə minnətdar olan bir qardaş deyir: «Ağsaqqala öz problemim haqqında danışanda onun yanağından yaş süzüldüyünü gördüm. Bu, heç vaxt yadımdan çıxmaz» (Rom. 12:15).

18. Bacı-qardaşlarımızın dərdinə şərik olmağı necə öyrənə bilərik?

18 Təbii ki, başqalarının dərdinə şərik olmaq təkcə ağsaqqalların məsuliyyəti deyil. Bu xüsusiyyəti hər birimiz yetişdirə bilərik. Necə? Bunun üçün ailə üzvlərinizin və dindaşlarınızın nələr yaşadığını anlamağa çalışın. Yığıncaqdakı gənclərlə, xəstə olanlarla, yaşlılarla, əzizlərini itirənlərlə maraqlanın. Onların halını soruşun. Hisslərini bölüşərkən diqqətlə qulaq asın. Qoy onları həqiqətən başa düşdüyünüzü görsünlər. Əlinizdən gələn köməyi təklif edin. Belə edəndə onlara əsl məhəbbət göstərmiş olacaqsınız (1 Yəh. 3:18).

19. Nə üçün kömək etmək istədiyimiz insanların vəziyyətinə uyğunlaşmaq gərəkdir?

19 Bacı-qardaşlarımıza kömək edərkən onların vəziyyətlərinə uyğunlaşmağa çalışın. Nəyə görə? Çünki insanlar çətinliyə müxtəlif yanaşır. Bəziləri belə vəziyyətlərdə danışmağa meyilli olur, digərləri isə problemləri barədə danışmağı xoşlamır. İnsanlara kömək etməyə çalışarkən onları pis vəziyyətdə qoyan suallar verməməliyik (1 Salon. 4:11). Hətta ola bilər ki, insan bizimlə hisslərini bölüşən zaman onun fikirləri ilə razı olmayaq. Bu zaman başa düşmək lazımdır ki, bu, onun hissləridir. Odur ki, «eşitməyə hazır olmalı», danışmağa tələsməməliyik (Mət. 7:1; Yaq. 1:19).

20. Növbəti məqalədə söhbət nədən gedəcək?

20 Bacı-qardaşlarımızın dərdinə şərik olmaqla yanaşı, bu xüsusiyyəti xidmətdə də təzahür etdirmək istəyirik. İnsanların dərdinə şərik olduğumuzu şagird hazırlamaq işində necə təzahür etdirə bilərik? Növbəti məqalədə bu haqda danışacağıq.

NƏĞMƏ 130 Bir-birimizi bağışlayaq

^ abz. 5 Yehova Allah və İsa Məsih insanların keçirdiyi hisslərə biganə deyil. Məqalədə onların nümunəsindən nələr öyrənə biləcəyimiz araşdırılacaq. Həmçinin bir-birimizin dərdinə şərik olmağın vacibliyi və bunu göstərməyin yolları müzakirə olunacaq.

^ abz. 1 BƏZİ İFADƏLƏRİN İZAHI. «Dərdə şərik olmaq» birinin hisslərini başa düşməyə çalışmaq və özünü onun yerinə qoymaq deməkdir (Rom. 12:15).

^ abz. 6 Yehova ruhdan düşən, qorxuya qapılan xidmətçilərinə də şəfqətlə yanaşıb. Məsələn, Hənnənin (1 İşm. 1:10—20), İlyasın (1 Pad. 19:1—18), Əbədməlikin (Ərm. 38:7—13; 39:15—18) hadisəsini xatırlayın.

^ abz. 65 ŞƏKLİN İZAHI. İbadət görüşləri bir-birimizə qayğı göstərməyə imkan yaradır. Şəkildə 1) ağsaqqal gənc təbliğçi və anası ilə mehriban söhbət edir; 2) ata və qızı yaşlı bacını maşına qədər ötürür; 3) iki ağsaqqal məsləhət almaq istəyən bacıya diqqətlə qulaq asır.