Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 29

«Gedin... şagird hazırlayın»

«Gedin... şagird hazırlayın»

«Gedin və bütün xalqların içində şagird hazırlayın» (MƏT. 28:19).

NƏĞMƏ 60 Həyatları xilas edən müjdə

İCMAL *

1, 2. a) İsa Məsihin Mətta 28:18—20 ayələrindəki tapşırığına əsasən, məsihi yığıncağının əsas işi nədir? b) Bu məqalədə hansı sualları araşdıracağıq?

HƏVARİLƏR intizardadır. İsa Məsih diriləndən sonra onların hamısını dağa toplayıb (Mət. 28:16). Çox güman ki, bu, İsanın «eyni vaxtda beş yüzdən çox qardaşa» göründüyü zaman idi (1 Kor. 15:6). İsa şagirdləri nəyə görə çağırmışdı? Onlara möhtəşəm bir iş tapşırmaq üçün: «Gedin və bütün xalqların içində şagird hazırlayın». (Mətta 28:18—20 ayələrini oxuyun.)

2 Məsihin sözlərini eşidənlər birinci əsrdəki məsihi yığıncağının üzvləri oldu. Bu yığıncağın əsas işi daha çox insanı Məsihin şagirdi * olaraq hazırlamaq idi. Bu gün bütün dünyada on minlərlə yığıncaq var və onların da əsas məqsədi şagird hazırlamaqdır. Bu məqalədə dörd sualın cavabını araşdıracağıq: «Nə üçün şagird hazırlamaq işi olduqca vacibdir? Bu işə nə daxildir? Şagird hazırlamaq işində bütün məsihilər iştirak edir? Nə üçün bu iş səbir tələb edir?»

NƏ ÜÇÜN BU İŞ OLDUQCA VACİBDİR?

3. Yəhya 14:6 və 17:3 ayələrinə əsasən, nə üçün şagird hazırlamaq işi bu qədər vacibdir?

3 Nə üçün şagird hazırlamaq işi bu qədər vacibdir? Çünki yalnız Məsihin şagirdləri Allahın dostu ola bilər. Həmçinin Məsihin izləri ilə gedənlərin həyatı indi daha yaxşıdır, gələcəkdə isə əbədi həyatdan zövq almaq ümidinə sahibdirlər. (Yəhya 14:6; 17:3 ayələrini oxuyun.) Bəli, İsa Məsih bizə olduqca vacib tapşırıq həvalə edib, lakin bu işdə tək deyilik. Həvari Bulus özü və yoldaşları barədə yazmışdı: «Biz Allahın əməkdaşlarıyıq» (1 Kor. 3:9). Yehova Allah və İsa Məsih qeyri-kamil insanlara necə də şərəfli iş tapşırıb!

4. İvan və Matildanın hadisəsindən nə öyrənirik?

4 Şagird hazırlamaq işi bizə çoxlu sevinc bəxş edə bilər. Məsələn, Kolumbiyadan olan İvan və həyat yoldaşı Matildanın nümunəsinə nəzər salaq. Onlar Davyer adlı bir oğlana təbliğ etmişdilər. Davyer onlara demişdi: «Mən həyatımda dəyişiklik etmək istəyirəm, amma bacarmıram». O, peşəkar boksçu idi, narkotik qəbul edirdi, spirtli içki aludəçisi idi və Erika adlı bir qızla yaşayırdı. İvan deyir: «Biz onları ziyarət etməyə başladıq, onların yaşadığı kəndə gedib çatmaq üçün velosipedlə palçıqlı yollardan keçərək saatlarla yol gedirdik. Davyerin dəyişdiyini görəndə Erika da onunla birgə Müqəddəs Kitabı öyrənməyə başladı». Bir müddət sonra Davyer narkotiki atır, içkini tərgidir, boksla məşğul olmağı dayandırır. O həmçinin Erika ilə evlənir. Matilda deyir: «2016-cı ildə Davyerlə Erika vəftiz olunanda Davyerin “dəyişmək istəyirəm, amma bacarmıram” sözləri yadımıza düşdü. Göz yaşlarımızı saxlaya bilmirdik». Sözsüz ki, insanlara Məsihin şagirdi olmağa kömək edəndə çox xoşbəxt oluruq.

BU İŞƏ NƏ DAXİLDİR?

5. Şagird hazırlamaq işində ilk addım hansıdır?

5 Şagird hazırlamaq işində ilk addım səmimi-qəlbli insanları axtarmaqdır (Mət. 10:11). Hər kəsə şahidlik verməklə Yehovanın Şahidi olduğumuzu göstəririk. İsanın təbliğ etməklə bağlı verdiyi əmrə əməl edəndə onun əsl davamçıları olduğumuzu sübut edirik.

6. Xidmətdə səriştəli olmaq üçün nə etməliyik?

6 Bəzi insanlar Müqəddəs Kitab həqiqətlərini həvəslə öyrənir, lakin çoxları ilk baxışdan etinasız görünə bilər. Onlarda maraq oyatmaq lazımdır. Xidmətdə səriştəli olmaq üçün qabaqcadan yaxşıca hazırlaşmaq vacibdir. Təbliğ etdiyiniz insanların marağına səbəb ola biləcək mövzular seçin. Sonra mövzunu necə təqdim edəcəyinizi düşünün.

7. Söhbətə necə başlamaq olar və nəyə görə insana qulaq asmaq və hörmətcil davranmaq vacibdir?

7 Misal üçün, ev sakininə belə bir sualla müraciət edə bilərsiniz: «Bir mövzu ilə bağlı fikrinizi bilmək istəyərdim. Bu gün boşanmaların sayı get-gedə çoxalır. Necə düşünürsünüz, ailənin möhkəm olması üçün nə etmək olar?» Sonra Mətta 7:12 və ya Koloslulara 3:18, 19 ayələri əsasında söhbət aparmaq olar. Yaxud belə bir sual vermək olar: «Sizcə, tərbiyəli övlad böyütməyin sirri nədir? Fikrinizi bilmək maraqlı olardı». Sonra Qanunun təkrarı 6:6, 7 ayələrini oxuyub izah edə bilərsiniz. Hansı mövzunu seçməyinizdən asılı olmayaraq, rast gələ biləcəyiniz insanlar barədə düşünün. Bölüşdüyünüz məlumatın onlara hansı faydanı gətirəcəyini fikirləşin. Diqqətlə qulaq asmağın və insanların fikrinə hörmətlə yanaşmağın vacibliyini unutmayın. Bu yolla onları daha yaxşı anlayacaqsınız. Onlar da sizə qulaq asmağa meyilli olacaq.

8. Nə üçün təkrar söhbətləri davamlı şəkildə aparmaq gərəkdir?

8 İnsanın Müqəddəs Kitabı öyrənmək qərarına gəlməsi üçün vaxtımızı və gücümüzü sərf edib təkrar söhbətlər aparmaq lazım gələ bilər. Çünki ev sakininə baş çəkəndə, ola bilsin, həmin vaxt söhbət etmək alınmasın. Bundan əlavə, ev sakini sizi müəyyən qədər tanıyıb Müqəddəs Kitabı araşdırmağa razılıq verməsi üçün dəfələrlə ona baş çəkməyiniz lazım gələ bilər. Necə ki bitkinin inkişafı üçün onu müntəzəm sulamaq lazımdır, eynilə, insanın qəlbində Yehovaya və Məsihə məhəbbətin boy atması üçün də müntəzəm olaraq Allahın Kəlamı əsasında söhbət aparmaq lazımdır.

BU İŞDƏ BÜTÜN MƏSİHİLƏR İŞTİRAK EDİR?

Yehovanın Şahidləri bütün dünyada layiqli olanları axtarır (9 və 10-cu abzaslara baxın) *

9, 10. Nəyə görə deyə bilərik ki, səmimi-qəlbli insanların axtarışında bütün məsihilər iştirak edir?

9 Hər bir məsihi səmimi-qəlbli insanları axtarmaq işində iştirak edir. Bu işi itmiş uşağın axtarışına bənzətmək olar. Nə mənada? Gəlin itkin düşmüş üç yaşlı oğlanın hadisəsinə nəzər salaq. Onun axtarışında təxminən 500 nəfər iştirak edirdi. Nəhayət, uşağın itməsindən təxminən 20 saat sonra bir könüllü uşağı tarlada tapır. Həmin adam uşağı tapdığı üçün insanların onu ucaltmasına etiraz edərək belə demişdi: «Onu yüzlərlə adamın axtarışı sayəsində tapdıq».

10 Bu gün də bir çoxları bu uşaq kimi itiblər. Onlar ümidsizdirlər, kömək axtarırlar (Efes. 2:12). Səkkiz milyondan çox olan bizlər həmin adamların axtarışındayıq. Ola bilsin, Müqəddəs Kitabı öyrənmək istəyən adamı şəxsən siz tapmayasınız. Lakin digər təbliğçilər eyni ərazidə təbliğ edən zaman Allahın Kəlamındakı həqiqətləri öyrənmək istəyən kiməsə rast gələ bilər. Bacı-qardaşlarımız sonradan Məsihin şagirdi olan birini tapanda axtarış işində iştirak etmiş hər bir kəsin sevinmək üçün əsası olur.

11. Müqəddəs Kitab dərsi keçməsəniz belə, hansı üsullarla şagird hazırlamaq işində kömək edə bilərsiniz?

11 Hal-hazırda şagirdiniz olmasa belə, bu işdə iştirak edə bilərsiniz. Misal üçün, ibadət evinə gələn qonaqları xoş qarşılaya və onlara kömək edə bilərsiniz. Beləcə, həqiqi məsihi olaraq bizi səciyyələndirən xüsusiyyətin məhəbbət olduğunu görə biləcəklər (Yəh. 13:34, 35). Yığıncaqda verdiyiniz hətta qısa şərhlər də, yeni gələnlərə şərhləri ilə etiqadlarını səmimi və hörmətcil tərzdə ifadə etməyi öyrənməyə kömək edə bilər. Həmçinin yeni təbliğçi ilə xidmətə çıxa və ona insanlarla söhbət edən zaman Müqəddəs Kitabdan istifadə etməyi öyrədə bilərsiniz. Bunu etməklə həmin şəxsə Məsihdən örnək almağa kömək edəcəksiniz (Luka 10:25—28).

12. Şagird hazırlamaq üçün xüsusi bacarığımız olmalıdır? İzah edin.

12 Düşünməməliyik ki, insanları Məsihin şagirdi kimi hazırlamaq üçün xüsusi bacarığımız olmalıdır. Gəlin Boliviyada yaşayan Faustina bacının nümunəsinə baxaq. Yehovanın Şahidləri ilə tanış olanda o, oxumağı bacarmırdı. Faustina o vaxtdan bəri oxumağı bir qədər öyrənib. İndi o, vəftiz olunub və sevə-sevə başqalarına təlim verir. Bacı həftə ərzində beş nəfərlə Müqəddəs Kitab dərsi keçir. Baxmayaraq ki, Faustina hələ də dərs keçdiyi insanlar kimi yaxşı oxuya bilmir, o, altı nəfərin vəftiz olunmasına kömək edib (Luka 10:21).

13. Məşğul olmağımıza baxmayaraq, şagird hazırlamaq işi bizə necə sevinc bəxş edir?

13 Məsihilərin üzərində vacib məsuliyyətlər olduğuna görə, onlar çox məşğuldurlar. Bununla belə, Müqəddəs Kitab dərsləri keçmək üçün vaxt tapır və bundan böyük sevinc duyurlar. Misal üçün, Alyaskadan olan Melaninin nümunəsinə baxaq. Səkkiz yaşlı qızını tək böyüdən bacı tam gün işləyir və xərçəngdən əziyyət çəkən atasının qayğısına qalırdı. O, ucqar bir rayonda yaşayan yeganə Yehovanın Şahidi idi. Bacı soyuq havalarda güc tapıb təbliğə gedə bilmək üçün daima Yehovaya dua edirdi. O, çox istəyirdi ki, kiməsə Müqəddəs Kitab dərsi keçsin. Və bir gün Sara adında bir qadına rast gəlir. Sara Allahın adını öyrənəndə çox sevinir. Bir müddət sonra o, Müqəddəs Kitab dərsi keçməyə başlayır. Melani deyir: «Cümə günləri mən çox yorğun olurdum. Lakin qızımla birgə dərs keçməyə gedirdik və bu, ikimizə də xoş olurdu. Saranın suallarına cavab vermək və onun Yehova ilə necə dostlaşdığını görmək bizə sevinc bəxş edirdi». Sara üzləşdiyi təqiblərə cəsarətlə sinə gərdi, kilsədən ayrıldı və vəftiz olundu.

BU İŞ NƏ ÜÇÜN SƏBİR TƏLƏB EDİR?

14. a) Şagird hazırlamaq işi hansı mənada balıq tutmağa bənzəyir? b) Həvari Bulusun 2 Timutiyə 4:1, 2 ayələrindəki sözləri sizi nəyə təşviq edir?

14 Xidmətiniz bəhrəsiz görünsə belə, ruhdan düşməyin, şagird axtarmağa davam edin. Yadınızdadırsa, İsa Məsih şagird hazırlamaq işini balıq tutmağa bənzətmişdi. Balıqçılar balıq tutmaq üçün bəzən saatlarla gözləməli olur. Çox vaxt onlar gecənin qaranlığında, yaxud da sübh tezdən balıq ovuna çıxırlar və bəzən uzaq məsafə qət etməli olurlar (Luka 5:5). Eynilə, bəzi bacı-qardaşlarımız da xeyli vaxt sərf edib «balıq tutmaq» üçün günün müxtəlif saatlarında və fərqli məkanlarda təbliğ edir. Beləcə, onların daha çox insana şahidlik etmək imkanı olur. Daha çox can qoyan bacı-qardaşlar, əksər hallarda, xoş xəbərə hay verən insanlara rast gəlir və beləcə, zəhmətlərinin bəhrəsini alırlar. Bəs siz daha çox insana rast gələ biləcəyiniz saatda və məkanda təbliğ edə bilərsiniz? (2 Timutiyə 4:1, 2 ayələrini oxuyun.)

Şagirdlərinizə ruhani addımlar atmaqda səbirlə kömək edin (15 və 16-cı abzaslara baxın) *

15. Nə üçün Müqəddəs Kitab şagirdi hazırlamaq üçün səbir gərəkdir?

15 Nə üçün şagird hazırlamaq işi səbir tələb edir? Səbəblərdən biri odur ki, biz insanlara Müqəddəs Kitabdakı təlimləri və onları sevməyi öyrətməklə kifayətlənməməliyik. Biz onlara Müqəddəs Kitabın müəllifi olan Yehovanı tanımağa və Onu sevməyə kömək etməliyik. Bundan əlavə, şagirdə təkcə Məsihin öyrətdiyini yox, öyrəndiklərini necə tətbiq etməli olduğunu da göstərməliyik. Prinsipləri həyatında tətbiq etməyə çalışarkən ona səbirlə kömək etməliyik. Bəziləri bir neçə ayın içində yanlış düşüncə və pis vərdişlərindən azad olur. Digərlərinin dəyişməsi üçün daha çox vaxt lazım gələ bilər.

16. Raulun hadisəsindən nə öyrənirsiniz?

16 Perudan olan bir xüsusi təyinatlı müjdəçi səbirli olmağın bəhrəsini görmüşdü. O deyir: «Mən Raul adlı bir nəfərlə Müqəddəs Kitaba əsaslanan iki nəşri araşdırmışdım. Amma o, həyatında hələ də çoxlu dəyişikliklər etməli idi. Ailə həyatı problemli, söyüşkən insan idi, buna görə də uşaqları ona hörmət edə bilmirdi. Müntəzəm olaraq yığıncaqlara gəldiyi üçün onu və ailəsini ziyarət edib köməklik göstərməyə davam edirdim. Tanışlığımızdan üç ildən çox vaxt keçəndən sonra, o, vəftizə yararlı oldu».

17. Növbəti məqalədə nəyi araşdıracağıq?

17 İsa Məsih bizə «gedin və bütün xalqların içində şagird hazırlayın» deyə buyurub. Onun tapşırığını yerinə yetirərkən tez-tez düşüncə tərzi bizimkindən fərqli olan insanlara rast gəlirik. Belə insanların arasında heç bir dinə qulluq etməyən və ya Allahın varlığına inanmayan insanlar da olur. Növbəti məqalədə bu cür insanlara təbliğ etməyin yolunu araşdıracağıq.

NƏĞMƏ 68 Padşahlıq toxumunu səpək

^ abz. 5 Məsihi yığıncağının əsas işi insanlara İsa Məsihin şagirdi olmağa kömək etməkdir. Məqalədə bizə tapşırılan bu işi yerinə yetirməyə dair praktiki məsləhətlər təqdim olunur.

^ abz. 2 BƏZİ İFADƏLƏRİN İZAHI. Məsihin şagirdləri onun təlimlərini öyrənməklə kifayətlənmir. Onlar öyrəndiklərini tətbiq edir. Şagirdlər çalışır ki, İsanın izlərini, yəni nümunəsini addımbaaddım izləsinlər (1 But. 2:21).

^ abz. 52 ŞƏKİLLƏRİN İZAHI. İstirahətə gedən bir kişi hava limanında Yehovanın Şahidlərindən nəşr götürür. Tətildə olduğu müddətdə o, Yehovanın Şahidlərinin ictimai şahidlik verdiyini görür. Evə qayıdandan sonra Yehovanın Şahidləri onun evinin qapısını döyür.

^ abz. 54 ŞƏKİLLƏRİN İZAHI. Həmin kişi Müqəddəs Kitabı öyrənməyə razılaşır. Daha sonra vəftiz olunur.