Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 28

Qadağaya rəğmən, Yehovaya ibadəti dayandırmayın

Qadağaya rəğmən, Yehovaya ibadəti dayandırmayın

«Biz gördüyümüz və eşitdiyimiz şeylər barəsində danışmaya bilmərik» (HƏV. 4:19, 20).

NƏĞMƏ 122 Mətin qalın, sarsılmaz olun!

İCMAL *

1, 2. a) Nə üçün ibadətimizə qadağa qoyulması bizi təəccübləndirmir? b) Bu məqalədə nələri araşdıracağıq?

2018–ci ildə 223 000-dən çox müjdəçi fəaliyyətimizin qadağan olunduğu və ya məhdudiyyət qoyulduğu ölkələrdə yaşayırdı. Bu, təəccüblü deyil. Öncəki məqalədən öyrəndiyimiz kimi, məsihilər təqib olunacaqlarını bilir (2 Tim. 3:12). Harada yaşamağımızdan asılı olmayaraq, hökumət gözlənilmədən Allahımız Yehovaya ibadəti qadağan edə bilər.

2 Əgər yaşadığınız ərazidə hökumət Yehovaya ibadəti qadağan etsə, sizdə belə suallar yarana bilər: «Təqiblər Yehovanın bizdən narazı olduğunu göstərir? Daha ibadət edə bilməyəcəyik? Bəlkə, fəaliyyətimizin qadağan olmadığı ölkəyə köçüm?» Məqalədə bu sualları araşdıracağıq. Həmçinin öyrənəcəyik ki, qadağa zamanı Yehovaya ibadəti necə davam etdirə bilərik və hansı sahələrdə ehtiyatlı olmalıyıq.

TƏQİBLƏR YEHOVANIN BİZDƏN NARAZI OLDUĞUNU GÖSTƏRİR?

3. 2 Korinflilərə 11:23—27 ayələrinə əsasən, həvari Bulus sədaqətinə rəğmən, hansı təqiblərlə üzləşirdi və biz onun nümunəsindən nə öyrənirik?

3 Hökumət fəaliyyətimizə qadağa qoyarsa, yanlış qənaətə gələrək Yehovanın rəğbətini itirdiyimizi düşünə bilərik. Amma unutmamalıyıq ki, təqiblər Yehovanın bizdən narazı olduğunun göstəricisi deyil. Məsələn, götürək həvari Bulusu. Bilirik ki, Yehova ondan razı idi. Ona İncilin 14 məktubunu yazmaq və digər xalqlara göndərilmiş həvari olmaq şərəfi nəsib olmuşdu. Bununla belə, o, güclü təqiblərlə üzləşirdi. (2 Korinflilərə 11:23—27 ayələrini oxuyun.) Həvari Bulusun nümunəsi göstərir ki, bəzən Yehova sədaqətli xidmətçilərinin təqiblərə məruz qalmasına izin verir.

4. Nəyə görə dünya bizə nifrət edir?

4 İsa Məsih davamçılarının pis rəftara məruz qalmasının səbəbini izah etmişdi. O bildirmişdi ki, bu dünyanın bir parçası olmadığımıza görə nifrət hədəfinə çevrilirik (Yəh. 15:18, 19). Təqiblər Yehovanın rəğbətini itirdiyimizin yox, əksinə, doğru yolda olduğumuzun göstəricisidir!

DAHA İBADƏT EDƏ BİLMƏYƏCƏYİK?

5. Yehovaya ibadətə kimsə son qoya bilər? İzah edin.

5 Heç bir insan Külli-İxtiyar Yehovaya ibadətə son qoya bilməz. Çoxları buna cəhd edib, amma uğursuzluğa düçar olub. İkinci Dünya müharibəsi zamanı baş verənlərə nəzər salaq. Həmin vaxt bir çox ölkədə hökumət Allahın xalqını şiddətlə təqib edirdi. Yehovanın Şahidlərinin fəaliyyəti Almaniyada nasist partiyası tərəfindən, həmçinin Avstraliya, Kanada və digər ölkələrdə hökumət tərəfindən qadağan olunmuşdu. Amma görün bu, nə ilə nəticələnir. 1939-cu ildə, müharibə başlayanda bütün dünyada 72 475 nəfər təbliğçi var idi. Hesabatlara əsasən, 1945-ci ildə, müharibə qurtaranda Yehovanın xeyir-duası ilə təbliğçilərin sayı 156 299 nəfərə çatmışdı. Təbliğçilərin sayı iki dəfədən çox artmışdı!

6. Təqiblər hansı müsbət nəticələr verə bilər? Nümunə çəkin.

6 Təqiblər zamanı qorxu keçirməyimiz təbiidir. Bununla belə, təqiblərin müsbət yönü də var: onlar bizi Yehovaya daha da əzmlə xidmət etməyə təşviq edə bilər. Misal üçün, balaca uşaqları olan bir ər-arvadın yaşadığı ölkədə hökumət ibadətimizə qadağa qoyur. Bu ər-arvad qorxuya qapılıb geri çəkilmir, əksinə, öncül xidmətinə başlayır. Qadın hətta yaxşı maaşı olan işini atır. Ər deyir ki, qadağaya görə bir çoxlarında Yehovanın Şahidləri haqda suallar yarandı. Buna görə də Müqəddəs Kitab dərsinə başlamaq onun üçün daha asan oldu. Qadağanın başqa müsbət təsiri də oldu. Həmin ölkədəki ağsaqqal qeyd edir ki, vaxtilə Yehovaya xidməti dayandıranlar yığıncaqlara gəlməyə və yenidən təbliğ etməyə başlayıb.

7. a) Lavililər 26:36, 37 ayələrindən nə öyrənirik? b) Qadağa zamanı nə edəcəksiniz?

7 Bizə qarşı çıxanlar fəaliyyətimizə qadağa qoymaqla qorxuya qapılıb ibadəti dayandıracağımıza ümid edirlər. Qadağa ilə yanaşı, onlar haqqımızda yalanlar yayır, məmurları evimizdə axtarış aparmağa göndərir, bizi məhkəməyə verir, hətta bəzilərimizi həbs edirlər. Onlar bir neçə nəfəri həbs etməklə qorxuya qapılacağımızı düşünürlər. Əgər ürəyimizdə qorxu yaratmalarına izin versək, hətta özümüz ibadətimizi «qadağa» altına sala bilərik. Biz Lavililər 26:36, 37 ayələrində təsvir olunan insanlara bənzəmək istəməzdik. (Ayələri oxuyun.) Yol verməyin ki, qorxu ruhani fəaliyyətinizə məhdudiyyət qoymağınıza, yaxud onu dayandırmağınıza gətirib çıxarsın. Yehovaya tam etibar edin və təlaşa düşməyin (Əşy. 28:16). Dua edərək Yehovadan rəhbərlik diləyin. Əmin olun ki, Yehova sizinlədir və ən güclü insan hökuməti belə, Ona sədaqətlə xidmət etməyinizə mane ola bilməz! (İbr. 13:6).

BƏLKƏ, BAŞQA ÖLKƏYƏ KÖÇÜM?

8, 9. a) Hər bir məsihi özü və ya ailəsi ilə bağlı hansı qərarı verməlidir? b) Hikmətli qərar vermək üçün nələri nəzərə almaq lazımdır?

8 Yaşadığınız ölkədə hökumət ibadətinizə qadağa qoyubsa, ola bilsin, Yehovaya sərbəst ibadət etmək üçün başqa ölkəyə köçmək haqda düşünürsünüz. Bu, hər kəsin şəxsi qərarıdır və heç kəs sizin yerinizə qərar verə bilməz. Qərar verməzdən öncə birinci əsrdə təqiblərlə üzləşən məsihilər barədə araşdırmaq faydalı olar. Düşmənlər Stefanı daşqalaq edib öldürdükdən sonra Yerusəlimdəki şagirdlər Yəhudiyyə və Səməriyyə boyu, hətta Finikiya, Kipr və Antakya kimi daha uzaq ərazilərə köçmüşdü (Mət. 10:23; Həv. 8:1; 11:19). Bundan yanaşı, birinci əsrdə digər təqib dalğası ilə üzləşən məsihilərin necə davrandığını nəzərdən keçirmək olar. Həvari Bulus insanların təbliğ işinə qarşı çıxdığı ərazidən köçməmək qərarına gəlmişdi. O, özünü təhlükəyə ataraq xoş xəbəri müjdələyir və şiddətli təqiblər olan şəhərlərdəki bacı-qardaşları möhkəmləndirirdi (Həv. 14:19—23).

9 Bu hadisələrdən hansı qənaətə gəlmək olar? Hər bir ailə başçısı köçməklə bağlı şəxsən qərar verməlidir. Qərar verməzdən öncə dua etməli, ailəsinin vəziyyəti, köçməyin onlara göstərəcəyi müsbət və mənfi təsirlər barədə yaxşıca düşünməlidir. Bu vəziyyətdə hər bir məsihi «öz məsuliyyət yükünü» daşımalıdır (Qal. 6:5). Biz heç kəsi verdiyi qərara görə mühakimə etməməliyik.

QADAĞA ALTINDA NECƏ İBADƏT EDƏCƏYİK?

10. Filial və ağsaqqallar hansı rəhbərliyi verəcək?

10 Qadağa altında Yehovaya ibadəti necə davam etdirə bilərsiniz? Filial yığıncağınızdakı ağsaqqallara ruhani qida almaq, ibadət üçün birgə yığışmaq və xoş xəbəri təbliğ etməklə bağlı göstərişlər və praktiki məsləhətlər verəcək. Əgər filial ağsaqqallarla əlaqə yarada bilməsə, ağsaqqallar şəxsən sizə və yığıncağın hər bir üzvünə Yehovaya ibadəti davam etməkdə kömək edəcək. Onlar Müqəddəs Kitabı və nəşrlərimizi əsas tutaraq sizə rəhbərlik verəcək (Mət. 28:19, 20; Həv. 5:29; İbr. 10:24, 25).

11. Ruhani qidasız qalmayacağınıza nə üçün əmin ola bilərsiz? Müqəddəs Kitab və nəşrlərinizi qorumaq üçün nə edə bilərsiniz?

11 Yehova xidmətçilərinin imanını möhkəm saxlamaq üçün onları lazım olan hər şeylə təmin edəcəyini vəd edib (Əşy. 65:13, 14; Luka 12:42—44). Odur ki, Onun təşkilatının sizə ehtiyac duyduğunuz ruhani dəstəyi göstərmək üçün əlindən gələni edəcəyinə əmin olun. Siz də bəzi tədbirlər görə bilərsiniz. Fəaliyyətinizə qadağa qoyulanda Müqəddəs Kitabınızı və digər nəşrlərinizi gizlətmək üçün etibarlı yer tapın. Çalışın istər çap, istər elektron formatda olan bu dəyərli nəşrləri asanlıqla ələ keçəcək yerdə saxlamayasınız. Ruhani cəhətdən möhkəm qalmaq üçün hər birimiz tədbir görməliyik.

Yehovanın dayağı sayəsində ibadət görüşlərinə qorxmadan qatıla bilərik (12-ci abzasa baxın) *

12. Ağsaqqallar yığıncağın diqqət çəkmədən keçirilməsi üçün hansı tədbirləri görə bilər?

12 Həftəlik ibadət görüşləri barədə nə demək olar? Ağsaqqallar tədbir görəcək ki, diqqət cəlb etmədən yığıncaqlara qatıla biləsiniz. Ola bilsin, kiçik qruplarla yığışmağı məsləhət biləcək, yığıncağın vaxtını və yerini tez-tez dəyişəcəklər. Görüşə gələndə və gedəndə sakitliyə riayət etməklə yığıncağa gələn hər bir kəsin təhlükəsizliyinin təmin olunmasına kömək etmiş olacaqsınız. Həmçinin ola bilsin, diqqət çəkməyən tərzdə geyinmək lazım gəlsin.

Heç bir qadağa təbliğ etməyimizə son qoya bilməz (13-cü abzasa baxın) *

13. Keçmiş Sovet İttifaqında yaşayan bacı-qardaşlarımızdan nə öyrənə bilərik?

13 Təbliğ işinə gəlincə, vəziyyət əraziyə görə dəyişir. Biz Yehovanı sevir və Onun Padşahlığı haqda məmnuniyyətlə danışırıq. Odur ki, təbliğ etməyə bir yol tapacağıq (Luka 8:1; Həv. 4:29). Tarixçi Emili Beran Yehovanın Şahidlərinin keçmiş Sovet İttifaqında təbliği barədə deyir: «Dövlət onlara imanları barədə təbliğ etməyi qadağan edəndə Şahidlər qonşuları, iş yoldaşları və dostları ilə söhbət etməyə başladılar. Bu əməllərinə görə əmək düşərgələrinə göndəriləndə isə onlar digər məhbuslara təbliğ edirdilər». Qadağaya baxmayaraq, keçmiş Sovet İttifaqında yaşayan bacı-qardaşlarımız təbliğ işini dayandırmadılar. Bir gün yaşadığınız ərazidə təbliğə qadağa qoyulsa, siz də bu cür qətiyyətli olun!

HANSI SAHƏLƏRDƏ EHTİYATLI OLMALIYIQ?

Nə vaxt susmalı olduğumuzu bilməliyik (14-cü abzasa baxın) *

14. Zəbur 39:1 ayəsi bizə hansı xəbərdarlığı verir?

14 Məlumat paylaşarkən ehtiyatlı olun. Qadağa zamanı «susmağın öz vaxtı» prinsipini unutmamalıyıq (Vaiz 3:7). Bacı-qardaşlarımızın adları, harada yığışdığımız, təbliğ işini necə apardığımız, ruhani qidanı necə aldığımız və digər məxfi məlumatları gizli saxlamalıyıq. Bu kimi şeyləri nə dövlət məmurlarına açıqlamalıyıq, nə də Yehovanın xidmətçisi olub-olmamasından asılı olmayaraq öz ölkəmizdə və ya başqa ölkədə yaşayan qohumlarımıza və dost-tanışımıza. Ehtiyatı əldən versək, bacı-qardaşlarımızı təhlükəyə atmış olarıq. (Zəbur 39:1 ayəsini oxuyun.)

15. Şeytan nəyə nail olmaq istəyir və onun tələsinə düşməmək üçün nə edə bilərik?

15 Xırda problemlərin parçalanma yaratmasına yol verməyin. Şeytan bilir ki, parçalanmış ev çox davam gətirə bilməz (Mark 3:24, 25). Buna görə də daim aramızda ixtilaf yaratmağa çalışacaq. Şeytan bu yolla ona qarşı yox, bir-birimizə qarşı döyüşəcəyimizə ümid edir.

16. Gertrud Pötzinger bacı necə gözəl nümunəni qoyub?

16 Hətta yetkin məsihilər də ehtiyatlı olmalıdır ki, bu tələyə düşməsinlər. Gertrud Pötzinger və Elfride Lör adlı iki məsh olunmuş bacının nümunəsinə nəzər salaq. Onlar digər məsihi bacılarla nasist həbs düşərgəsinə göndərilmişdilər. Elfride bacının düşərgədəki digər bacılar üçün ruhlandırıcı nitqlər söylədiyini görəndə Gertrud bacıda paxıllıq hissi oyanır. Sonradan o, buna görə utanır və Yehovadan kömək diləyir. Bacı bu barədə demişdi: «Başqalarının bizdən daha bacarıqlı olmasını, daha çox məsuliyyət almasını qəbul etməyi bacarmalıyıq». O, paxıllıq hissinə necə qalib gəldi? Gertrud bacı diqqətini Elfride bacının gözəl xüsusiyyətlərinə və mehribanlığına cəmləyir. Bu yolla yenidən onunla münasibətini bərpa edir. Onların hər ikisi həbs düşərgəsindən sağ çıxır və yerüzü xidmətlərini başa vurana qədər Yehovaya sədaqətlə xidmət edir. Əgər bacı-qardaşlarımızla aramızda yaranan mübahisələri yoluna qoymaq üçün əlimizdən gələni etsək, nəyinsə aramızda parçalanma yaratmasına yol verməyəcəyik (Kol. 3:13, 14).

17. Nə üçün təkəbbürlü olmamalıyıq?

17 Təkəbbürlü olmayın. Qardaşlardan gələn rəhbərliyə əməl etsək, problemlərdən qaçacağıq (1 But. 5:5). Misal üçün, fəaliyyətimizin qadağa altında olduğu bir ölkədə məsul qardaşlar təbliğçilərə xidmətdə çap olunmuş nəşrlərdən istifadə etməməyi tapşırmışdı. Lakin bir öncül qardaş özünün daha yaxşı bildiyini düşünüb ədəbiyyat paylayır. Bu, nə ilə nəticələnir? Qeyri-formal şahidliyi bitirər-bitirməz onu və bir neçə nəfəri polis dindirilməyə çağırır. Görünür, rəsmilər onları izləmiş və payladıqları ədəbiyyatları yığmışdı. Bundan nə öyrənirik? Özümüz nəyisə daha yaxşı bildiyimizi düşünsək də, göstərişlərə riayət etməliyik. Yehova təyin etdiyi qardaşlarla əməkdaşlığımızı həmişə qiymətləndirir (İbr. 13:7, 17).

18. Nə üçün lüzumsuz qaydalar qoymamalıyıq?

18 Lüzumsuz qaydalar qoymayın. Ağsaqqallar lüzumsuz yerə qaydalar qoymaqla başqalarının yükünü ağırlaşdıra bilər. Yuray Kaminski adlı qardaş keçmiş Çexoslovakiyada qadağa zamanı baş verənlər barədə deyir: «Bir çox ağsaqqal həbs olunduqdan sonra yığıncaqlarda və rayonlarda qalan ağsaqqalların bəziləri təbliğçilər üçün olar-olmazlar qaydası tərtib etməyə başladı». Yehova bizə başqaları üçün qaydalar qoymaq səlahiyyəti verməyib. Lüzumsuz qaydalar qoyan kəs bacı-qardaşları qorumur, əksinə, onların imanı üzərində ağalıq etməyə çalışır (2 Kor. 1:24).

YEHOVAYA İBADƏTİ HEÇ VAXT DAYANDIRMAYIN

19. 2 Salnamələr 32:7, 8 ayələrinə əsasən, nə üçün Şeytanın cəhdlərinə baxmayaraq, cəsur olmalıyıq?

19 Baş düşmənimiz Şeytan Yehovanın sədaqətli xidmətçilərini təqib etməkdən usanan deyil (1 But. 5:8; Vəhy 2:10). Şeytan və onun əlaltıları Yehovaya ibadətimizə qadağa qoymağa çalışacaq. Amma qorxunun bizi iflic etməsinə heç bir səbəb yoxdur! (Qan. 7:21). Yehova bizimlədir və hətta fəaliyyətimiz qadağa altında olsa belə, O, bizə dayaq olmağa davam edəcək. (2 Salnamələr 32:7, 8 ayələrini oxuyun.)

20. Siz nəyə qətiyyətlisiniz?

20 Birinci əsrdə yaşamış qardaşlarımız dövlət rəsmilərinə demişdilər: «Özünüz fikirləşin: Allahın qarşısında Allahı qoyub sizə qulaq asmaq nə dərəcədə düzgündür? Biz gördüyümüz və eşitdiyimiz şeylər barəsində danışmaya bilmərik» (Həv. 4:19, 20). Gəlin biz də onların qətiyyətini təzahür etdirək.

NƏĞMƏ 73 Bizə cəsarət ver

^ abz. 5 Hökumət Yehovaya ibadətimizə qadağa qoysa, nə etməliyik? Məqalədə Yehovaya ibadəti heç vaxt dayandırmamaq üçün nə etməli və nə etməməli olduğumuza dair məsləhətlər verilir.

^ abz. 59 ŞƏKLİN İZAHI. Bütün şəkillərdə fəaliyyətimizə məhdudiyyət qoyulduğu ərazilərdə yaşayan Yehovanın Şahidləri təsvir olunub. Kiçik bir qrup ibadət üçün qardaşın evinin anbarında yığışıb.

^ abz. 61 ŞƏKLİN İZAHI. Bir qadınla adi söhbət edən bacı (solda) ruhani şeylərdən danışmaq üçün imkan axtarır.

^ abz. 63 ŞƏKLİN İZAHI. Polis tərəfindən dindirilən bir qardaş yığıncağı ilə bağlı məlumat verməkdən imtina edir.