Kontentə keç

Mündəricatı göstər

İsa Məsih mənim uğrumda ölüb?

İsa Məsih mənim uğrumda ölüb?

MÜQƏDDƏS KİTABDA «bizdəki kimi duyğulara malik» bir çox insanın hissləri yer alır (Yaq. 5:17, haş.). Misal üçün, həvari Bulusun Romalılara 7:21—24 ayələrində yazılan sözlərini anlamaq çətin deyil: «Düzgün iş görmək istəyəndə pislik artıq yanımda hazır durur... Necə də yazıq adamam!» Qeyri-kamilliyimizlə mübarizə aparan zaman Bulus kimi imanlı insanların bu cür səmimi hissləri bizə təskinlik verir.

Həvari Bulus keçirdiyi digər hissləri də qələmə almışdı. Qalatiyalılara 2:20 ayəsində o, Məsihin şəxsən onu sevdiyini və canını onun uğrunda fəda etdiyini vurğulayır. Siz də bu fikirdəsiniz? Bəlkə də, hərdən belə düşünmürsünüz.

Keçmiş günahlarınız ucbatından hələ də özünüzü dəyərsiz hiss edirsinizsə, Yehovanın sizi sevdiyinə, sizi əfv etdiyinə inanmaq çətin gələ bilər. O ki qaldı, fidyə qurbanlığının şəxsən sizin üçün verilən ənam olduğunu qəbul etməyə. Bəs doğrudanmı, İsa Məsih fidyə qurbanlığına bu cür yanaşmağımızı istəyir? Belədirsə, fidyənin ənam olduğunu anlamağa bizə nə kömək edə bilər? Gəlin bu iki sualı araşdıraq.

İSA MƏSİHİN ÖDƏDİYİ FİDYƏYƏ MÜNASİBƏTİ

İsa Məsih istəyir ki, ödədiyi fidyəni şəxsən bizə bəxş olunan ənam kimi qiymətləndirək. Buna necə əmin ola bilərik? Luka 23:39—43 ayələrindəki səhnəni təsəvvür edin. Bir kişi İsanın yanındakı dirəkdən asılıb. O, günah işlədiyini etiraf edir. Görünür, o, çox ciddi günah işləmişdi, çünki işgəncə dirəyində ölümə ciddi cinayət törədənlər məhkum olunurdu. Ağır vəziyyətdə olduğuna görə kədərə qərq olan bu adam İsa Məsihə yalvararaq deyir: «Padşahlığına gələndə məni yada sal».

İsa ona necə cavab verir? Başını cinayətkara tərəf çevirməyin onun üçün necə ağrılı olduğunu təsəvvür edin. Çəkdiyi işgəncəyə baxmayaraq, İsa özündə güc tapıb mehribancasına onu əmin edir: «Bunu bil: sən mənimlə Cənnətdə olacaqsan!» İsa ona sadəcə olaraq deyə bilərdi ki, «insan Oğlu... bir çoxları uğrunda həyatını fidyə kimi vermək üçün gəlib» (Mət. 20:28). Lakin fikir verin ki, İsa qurbanlığının şəxsən o insan üçün məna kəsb etdiyini vurğuladı. O, mülayim şəkildə «sən», «mənimlə» əvəzliklərini istifadə etmişdi. Həmçinin cinayətkara şəxsən onu nəzərdə tutaraq yerüzü cənnətdə yaşayacağını bildirmişdi.

Şübhəsiz, İsa Məsih istəyirdi ki, verəcəyi qurbanlığı cinayətkar şəxsən onun üçün verilən ənam olaraq qəbul etsin. Əgər İsa Məsih Allaha xidmət etməyən cinayətkara bu cür münasibət bəsləmişdisə, məgər Allaha xidmət edən vəftiz olunmuş məsihilərə bundan daha güclü hisslər bəsləmir? Bəs günahlarımıza baxmayaraq, fidyə qurbanlığının şəxsən bizim üçün verildiyinə necə əmin ola bilərik?

HƏVARİ BULUSA NƏ KÖMƏK ETMİŞDİ?

Xidmət həvari Bulusa İsa Məsihin onun uğrunda öldüyünü anlamağa kömək edirdi. Necə? O deyir: «Mənə güc verən Ağamız Məsih İsaya minnətdaram, çünki o, məni sadiq bilərək mənə xidmət həvalə edib. Hərçənd əvvəllər mən küfr danışır, Allahın xalqını təqib edirdim və çox azğın adam idim» (1 Tim. 1:12—14). Etdiyi səhvlərə baxmayaraq, təyinat alması Bulusu əmin edirdi ki, Məsih ona mərhəmət göstərir, onu sevir və etibar edir. Eynilə, İsa Məsih bizim də hər birimizə xoş xəbəri təbliğ etməyi tapşırıb (Mət. 28:19, 20). Bu tapşırıq İsa Məsihin bizim uğrumuzda öldüyünə əminliyimizi necə artıra bilər?

Təxminən 34 il yığıncaqdan kənar olunmuş Albert adlı bir nəfər təzəlikcə Yehovaya tərəf dönüb. O deyir: «Günahım gözümün önündə durub. Lakin təbliğdə olanda həvari Bulus kimi hisslər keçirirəm; İsa Məsih şəxsən mənə təbliğ etməyi tapşırıb. Bu fikir əhval-ruhiyyəmi yüksəldir, özüm, həyatım və gələcəyim barədə müsbət düşünməyə kömək edir» (Zəb. 51:3).

Dərs keçdiyiniz şəxsi İsa Məsihin mərhəmətinə və məhəbbətinə inandırın

Həqiqəti öyrənməzdən öncə cinayət və zorakılıq dolu həyat yaşayan Alan deyir: «Hələ də insanlara necə zülm verdiyim haqda düşünürəm. Bəzən bu, məni depresiyaya salır. Lakin Yehovaya minnətdaram ki, mənim kimi günahkara başqalarına xoş xəbəri təbliğ etmək imkanı verib. İnsanlar xoş xəbərə hay verəndə Yehovanın necə gözəl, necə məhəbbətli Allah olduğunu görürəm. Yehovanın mənim vasitəmlə keçmişi mənimki kimi olan insanlara kömək etdiyini hiss edirəm».

Xidmət bizə yaxşı iş görməyə və düşüncəmizi pozitiv saxlamağa kömək edir. Beləcə, İsa Məsihin bizə qarşı mərhəmətinə, sevgisinə və etibarına əmin oluruq.

YEHOVA ÜRƏYİMİZDƏN BÖYÜKDÜR

Şeytan dünyası məhv olana qədər ürəyimiz keçmiş səhvlərimizə görə bizi mühakimə etməyə davam edəcək. Bu kimi hisslərlə mübarizə aparmaq üçün nə edə bilərik?

Gənclik illərində ikili həyat sürdüyünə görə vicdan əzabı çəkən Ceyn deyir: «“Allah ürəyimizdən böyükdür” sözlərini çox sevirəm» (1 Yəh. 3:19, 20). Yehovanın və İsa Məsihin bizim günahlı olduğumuzu bizdən daha yaxşı anladığını bilmək bizim də qəlbimizə rahatlıq bəxş edə bilər. Unutmayın ki, onlar fidyəni kamil insanlar üçün yox, tövbə edən günahlı şəxslər üçün təqdim ediblər (1 Tim. 1:15).

İsa Məsihin günahlı insanlarla rəftarı üzərində dərindən düşünsək və onun bizə həvalə etdiyi işi həyata keçirmək üçün əlimizdən gələni etsək, fidyənin şəxsən bizdən ötrü verilən ənam olduğuna əmin olacağıq. Belə etsək, biz də həvari Bulus kimi «İsa Məsih məni sevir və canını uğrumda fəda edib» deyəcəyik.