Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 34

Təyinatınızdakı dəyişikliyə uyğunlaşın

Təyinatınızdakı dəyişikliyə uyğunlaşın

«Allah ədalətsiz deyil ki,.. Onun adına göstərdiyiniz məhəbbəti və çəkdiyiniz zəhməti unutsun» (İBR. 6:10).

NƏĞMƏ 38 Allah səni güclü edəcək

İCMAL *

1—3. Tamvaxtlı xidmətçilərin təyinatları hansı səbəblərə görə dəyişə bilər?

«XÜSUSİ təyinatlı müjdəçi kimi 21 il gözəl xidmət etmişik. Hər ikimizin valideynləri qocalıb taqətdən düşdüyü üçün təyinatımızı dayandırmalı olduq. Əlbəttə, onların qayğısına qalmaq xoş idi, lakin bizə doğma olmuş bu ərazini tərk etmək çox çətin idi», — deyə Robert və Meri Cou xatırlayır.

2 «Səhhətimizdən dolayı yenidən təyinatımıza qayıda bilməyəcəyimizi öyrənəndə bizi ağlamaq tutdu. Başqa ərazidə Yehovaya xidmət etmək arzumuz yarımçıq qaldı», — deyə Vilyam və Teri qeyd edir.

3 «Təqibçilərin xidmət etdiyimiz filialı bağlamaq istədiyini bilirdik. Lakin bu, baş verəndə dəhşətə gəldik. Beyteli tərk etməli olduq», — deyə Aleksey bölüşür.

4. Məqalədə hansı sualları araşdıracağıq?

4 Bu siyahıya təyinatı dəyişmiş minlərlə beytellini və digərlərini əlavə etmək olar *. Bu sadiq bacı-qardaşlar üçün çox sevdikləri təyinatdan ayrılmaq çətin gələ bilər. Bəs bu çətinliyin öhdəsindən gəlməkdə onlara nə kömək edər? Siz onlara necə dayaq ola bilərsiniz? Bu sualların cavabları hər birimizə həyatda üzləşdiyimiz dəyişikliklərə uyğunlaşmaqda kömək edəcək.

DƏYİŞİKLİYƏ NECƏ UYĞUNLAŞMALI?

Nə üçün təyinatlarının dayanması tamvaxtlı xidmətçilərə çətin gələ bilər? (5-ci abzasa baxın) *

5. Təyinatın dəyişməsi insana necə təsir edə bilər?

5 Beyteldə, yaxud tamvaxtlı xidmətin başqa növündə olmağımızdan asılı olmayaraq, xidmət etdiyimiz əraziyə və oradakı insanlara bağlanırıq. Buna görə də təyinatımızı dayandırmalı olanda çox pis oluruq. Geridə qoyduğumuz bacı-qardaşlar üçün darıxırıq, onlara görə narahat oluruq, xüsusilə də oranı təqiblər üzündən tərk etməli olmuşuqsa (Mət. 10:23; 2 Kor. 11:28, 29). Bundan əlavə, yeni təyinat alanda, hətta doğma yurdumuza geri qayıdanda çox vaxt oranın mədəniyyətinə uyğunlaşmaq lazım gəlir. Robert və Meri Cou deyir: «Aid olduğumuz mədəniyyəti və ana dilimizdə təbliğ etməyi yadırğamışdıq. Öz vətənimizdə özümüzü əcnəbi kimi hiss edirdik». Təyinatı dəyişənlərin bəziləri qəfildən maddi çətinliklərlə üzləşir. Ola bilsin, onlar özünəinamsızlıq, məyusluq hissinə qapılsınlar. Bəs onlara nə kömək edə bilər?

Nə üçün Yehovaya yaxınlaşmaq və Ona etibar etmək vacibdir? (6 və 7-ci abzaslara baxın) *

6. Yehovaya bağlı qalmaq üçün nə edə bilərik?

6 Yehovaya bağlı qalın (Yaq. 4:8). Bunu necə etmək olar? «Duaları eşidən» Allahımıza etibar etməklə (Zəb. 65:2). Zəbur 62-ci fəsil 8-ci ayədə deyilir: «Ürəyinizi Ona açın». Yehova «xahiş etdiyimiz, düşündüyümüz hər bir şeydən qat-qat artığını» etməyə qadirdir (Efes. 3:20). O, təkcə duada xahiş etdiyimiz şeylərə cavab vermir. Yehova problemimizi gözləmədiyimiz, hətta heç vaxt ağlımıza gəlməyəcək tərzdə həll edə bilər.

7. a) Yehovaya bağlı qalmağa bizə nə kömək edəcək? b) İbranilərə 6:10—12 ayələrinə əsasən, Yehovaya sədaqətlə xidmət etməyə davam etməyin nəticəsi nə olacaq?

7 Yehovaya bağlı qalmaq üçün Müqəddəs Kitabı hər gün oxuyub üzərində dərindən düşünün. Vaxtilə xüsusi təyinatlı müjdəçi olmuş bir qardaş deyir: «Əvvəlki təyinatınızda etdiyiniz kimi, müntəzəm ailəvi ibadət keçirməyə və yığıncaqlara hazırlaşmağa davam edin». Bundan başqa, yeni yığıncağınızla birgə təbliğdə iştirak etmək üçün əlinizdən gələni edin. Yehova Ona sədaqətlə xidmət etməyə davam edənləri unutmur, hətta onlar əvvəlki kimi xidmət edə bilməsələr də. (İbranilərə 6:10—12 ayələrini oxuyun.)

8. 1 Yəhya 2:15—17 ayələri sadə həyat sürməyə necə kömək edir?

8 Sadə həyat sürməyə davam edin. Şeytan dünyasındakı çətinliklərin ruhani fəaliyyətinizi boğmasına yol verməyin (Mət. 13:22). Təhlükəsiz və gözəl həyatın çoxlu pulda olduğunu aşılayan Şeytan dünyasının, dost-tanışın, yaxud qohumların təzyiqinə qarşı durun. (1 Yəhya 2:15—17 ayələrini oxuyun.) Yehovaya etibar edin, O, söz verib ki, «dara düşəndə» ruhani, emosional və maddi ehtiyaclarınızı ödəməyə kömək edəcək (İbr. 4:16; 13:5, 6).

9. Məsəllər 22:3, 7 ayələrinə əsasən, nə üçün gərəksiz yerə borca girməməliyik və hikmətli qərarlar verməkdə bizə nə kömək edə bilər?

9 Gərəksiz yerə borca girməyin. (Məsəllər 22:3, 7 ayələrini oxuyun.) Başqa yerə köçmək baha başa gələ bilər və asanlıqla borca girə bilərsiniz. Çox da ehtiyacınız olmayan şeyləri almaq üçün kreditə girməsəniz, borcunuz az olar. Gərgin vəziyyətlərdə, məsələn, ailə üzvümüz xəstələnəndə nə qədər borc götürməklə bağlı qərar vermək çətin olur. Bu kimi hallarda unutmayın ki, «dua və yalvarış» hikmətli qərar verməyinizə kömək edə bilər. Yehova da dualarınıza cavab olaraq Öz sülhü vasitəsilə «ürəyinizi və fikirlərinizi» qoruyacaq ki, düzgün qərar verə biləsiniz (Filip. 4:6, 7; 1 But. 5:7).

10. Yeni dostluqlar qurmaq üçün nə edə bilərik?

10 Yaxşı dost əhatəniz olsun. Keçirdiyiniz hissləri və üzləşdiyiniz çətinlikləri dostlarınızla, xüsusilə də sizinlə oxşar vəziyyətdə olan insanlarla bölüşün. Bu, özünüzü daha yaxşı hiss etməyinizə kömək edəcək (Vaiz 4:9, 10). Əvvəlki təyinatınızda qazandığınız dostlar yenə də dostlarınız olaraq qalır. İndi yeni təyinatınızda yeni dostlar qazanmalısınız. Unutmayın ki, dost qazanmaq üçün dost olmaq gərəkdir. Yeni dostluqlar qurmaq üçün nə etmək lazımdır? Yehovanın yolunda qazandığınız zəngin təcrübəni bölüşün, qoy duyduğunuz sevinci başqaları da görsün. Ola bilsin, yığıncaqda bəziləri sizin tamvaxtlı xidməti nə üçün bu qədər sevdiyinizi anlamasın, lakin digərləri sizdən örnək almaq istəyə və sizinlə yaxşı dost ola bilər. Bununla belə, çalışın özünüz, Yehovaya xidmətdə etdikləriniz və mənfi hissləriniz barədə həddindən artıq danışmayasınız.

11. Ailədəki xoşbəxtliyi necə qorumaq olar?

11 Həyat yoldaşınızın səhhətindəki problemə görə təyinatınızı dayandırmalı olmusunuzsa, onu günahlandırmayın. Əgər səbəb öz səhhətiniz olubsa, yoldaşınızı məyus etdiyinizi düşünərək özünüzü qınamayın. Unutmayın ki, siz «bir bədən»siniz və istənilən vəziyyətdə bir-birinizin qeydinə qalacağınıza Yehovanın önündə söz vermisiniz (Mət. 19:5, 6). Təyinatınızın dayanmasına səbəb gözlənilməz hamiləlik olubsa, uşağınızı əmin edin ki, o, sizin üçün təyinatınızdan daha dəyərlidir. Təyinatınızı onun ucbatından dayandırmalı olduğunuzu deyib, onu günahlandırmayın. Qoy övladınız ona Allahdan olan «miras» kimi yanaşdığınızı duysun (Zəb. 127:3—5). Həmçinin təyinatınız zamanı üzləşdiyiniz maraqlı hadisələri övladınıza danışın. Bunun sayəsində uşağınızda sizin kimi Yehovaya tamvaxtlı xidmət etməyə həvəs oyana bilər.

BAŞQALARI NECƏ KÖMƏK EDƏ BİLƏR?

12. a) Tamvaxtlı xidmətçilərin təyinatlarını davam etdirmələrinə necə dəstək ola bilərik? b) Bacı-qardaşlara yeni vəziyyətlərinə uyğunlaşmağa necə kömək edə bilərik?

12 Tərifəlayiqdir ki, yığıncaqlar və ayrı-ayrılıqda bacı-qardaşlar tamvaxtlı xidmətdə olanlara xidmətlərini davam etdirməyə kömək etmək üçün əllərindən gələni edir. Onları sözləri ilə ruhlandırır, müəyyən ehtiyaclarını qarşılayır, maddi dəstək olur, yaxud uzaqda yaşayan qohumlarının qayğısına qalmağa kömək edirlər (Qal. 6:2). Əgər kimlərsə təyinatları dayandırıldığı üçün sizin yığıncağınıza keçibsə, nəyisə səhv etdiklərini, yaxud təyinatlarının öhdəsindən gələ bilmədiklərini düşünməyin *. Əksinə, onlara yığıncağınıza uyğunlaşmağa kömək edin. Onları xoş qarşılayın və etdikləri xidmətə görə tərifləyin, hətta xəstəlik ucbatından indi çox xidmət edə bilməsələr də. Onları tanımağa çalışın. Zəngin biliklərindən, təcrübələrindən və öyrətdiklərindən faydalanın.

13. Təyinatı dəyişənlərə hansı sahələrdə kömək edə bilərik?

13 Təyinatları dəyişənlərin ev tapmaq, nəqliyyatdan istifadə, iş və digər məsələlərlə bağlı köməyinizə ehtiyacı ola bilər. Həmçinin kommunal xərclərin ödənilməsi, alış-veriş məsələləri ilə bağlı kömək edə bilərsiniz. Ən çox ehtiyac duyduqları şey onların vəziyyətinə acımağınız yox, anlayış göstərməyinizdir. Ola bilsin, özlərinin, yaxud ailə üzvlərinin səhhətindəki problemə görə çətinlik çəkirlər. Və ya yaxın birinin ölümünə görə kədərlidirlər *. Yaxud bildirməsələr də, ola bilsin, köhnə dostlarından ötrü darıxdıqları üçün kədərlidirlər. Bu kimi dərin və qarışıq duyğulardan azad olmaları üçün onlara vaxt lazımdır.

14. Yerli təbliğçilər bir bacıya yeni təyinatına uyğunlaşmağa necə kömək ediblər?

14 Dəstəyiniz və nümunəniz onlara yeni vəziyyətə uyğunlaşmağa kömək edəcək. Uzun illər başqa ərazidə xidmət edən bir bacı deyir: «Əvvəlki təyinatımda hər gün Müqəddəs Kitab dərsi keçirdim. Amma indi xidmət etdiyim ərazidə hətta Müqəddəs Kitabı açıb ayə oxumaq, yaxud video göstərmək belə çətindir. Lakin buradakı təbliğçilər məni təkrar söhbət etdikləri və dərs keçdikləri insanların yanına aparır. Bu sədaqətli və çalışqan bacı-qardaşların Müqəddəs Kitab dərsləri keçirməsi mənə bu ərazinin müsbət tərəflərini görməyə kömək edir. Buradakı insanlarla söhbətə başlamağın yolunu öyrəndim. Bütün bunlar yenidən sevinc duymağıma kömək etdi».

İRƏLİ GEDİN!

Yaşadığınız ərazidə yeni xidmət üsulları axtarın (15 və 16-cı abzaslara baxın) *

15. Yeni təyinatınızda müvəffəqiyyət qazanmaq üçün nə edə bilərsiniz?

15 Siz yeni vəziyyətdə də müvəffəqiyyət qazana bilərsiniz. Keçmiş təyinatınızın öhdəsindən gələ bilmədiyinizi və ya əvvəlki qədər lazımlı olmadığınızı düşünməyin. Yehovanın sizə müxtəlif sahələrdə necə dayaq olduğunu görməyə çalışın və təbliğ işini davam etdirin. Birinci əsrdəki sadiq məsihilərin nümunəsini təqlid edin. Onlar olduqları hər yerdə «ölkəni diyar-diyar gəzərək Allahın sözünü müjdələyirdilər» (Həv. 8:1, 4). Təbliğ işinə davam etməyiniz gözəl nəticələr verə bilər. Məsələn, yaşadıqları ölkədən çıxarılan öncüllər onların dilində xoş xəbərin təbliğinə ehtiyac olan qonşu ölkəyə köçmüşdülər. Orada bir neçə ayın içində yaranmış qruplar sürətlə böyüyürdü.

16. Yeni təyinatınızda sevinc duymaq üçün nə edə bilərsiniz?

16 «Yehovanın bəxş etdiyi sevinc sizə qaladır» (Nəh. 8:10). Təyinatımız bizim üçün nə qədər əziz olsa da, sevinci təyinatda yox, Yehovada tapmalıyıq. Odur ki, Yehova ilə addımlamağa davam edin, hikmət, rəhbərlik və dəstək almaq üçün Ona üz tutun. Əvvəlki təyinatınızı nəyə görə sevdiyiniz barədə düşünün. Axı siz əlinizdən gələn qədər başqalarına kömək etdiyiniz üçün sevinc duyurdunuz. Yeni vəziyyətinizdə də canla-başla xidmət edin, onda Yehovanın sizə yenə sevinc bəxş edəcəyini görəcəksiniz (Vaiz 7:10).

17. İndiki təyinatımızla bağlı nəyi unutmamalıyıq?

17 Unutmamalıyıq ki, indiki təyinatımız müvəqqəti, Yehovaya xidmətimiz isə əbədidir. Ola bilsin, yeni dünyada hər birimizin başqa bir təyinatı olacaq. Yuxarıda bəhs etdiyimiz Aleksey təyinatındakı dəyişikliyin onu gələcəyə hazırladığını söyləyir. O deyir: «Yehova və yeni dünya mənim üçün həmişə gerçək olub, amma nədənsə onlar mənə bir az uzaq görünüb. İndi Yehova, sanki düz qarşımda dayanıb, yeni dünya isə səyahətimin növbəti dayanacağıdır» (Həv. 2:25). Təyinatımız nə olur olsun, gəlin Yehovanın əlini buraxmayaq. O bizi heç vaxt tərk etməyəcək, əksinə, harada oluruqsa olaq, Ona xidmətdə etdiyimiz hər bir şeydə sevinc tapmağa kömək edəcək (Əşy. 41:13).

NƏĞMƏ 90 Bir-birimizi ruhlandıraq

^ abz. 5 Tamvaxtlı xidmətdə olan bacı-qardaşlar bəzən təyinatlarını dayandırmalı olur, yaxud da yeni təyinat alırlar. Məqalədə onların üzləşdikləri çətinliklərdən və yeni vəziyyətə uyğunlaşmaq üçün nə edə biləcəklərindən bəhs edəcəyik. Həmçinin başqalarının onları necə ruhlandırıb, dayaq ola biləcəyini araşdıracaq və çətinlikləri aşmaqda hər birimizə kömək edən prinsipləri nəzərdən keçirəcəyik.

^ abz. 4 Müəyyən yaşa çatan bir çox məsul qardaşlar da məsuliyyətlərini gənc qardaşlara ötürməli olublar. «Gözətçi qülləsi» jurnalının 2018-ci il sentyabr sayında dərc olunmuş «Qocaman ağsaqqallar, sədaqətiniz Yehova üçün çox dəyərlidir» adlı məqaləyə və «Gözətçi qülləsi» jurnalının 2018-ci il oktyabr sayında dərc olmuş «Şəraitimiz dəyişəndə qəlb rahatlığını itirməyək» adlı məqaləyə baxa bilərsiniz.

^ abz. 12 Ağsaqqallar təyinatı dəyişənlərlə bağlı rəy məktubunu mümkün qədər tez göndərməlidir ki, bu bacı-qardaşlar öncül, ağsaqqal, yaxud yığıncaq xidmətçisi kimi xidmətlərini tezliklə davam etdirə bilsinlər.

^ abz. 13 «Oyanın!» jurnalının «Kədərdən qurtulmağın yolları» adlı 2018-ci il 3 nömrəli sayına baxa bilərsiniz.

^ abz. 57 ŞƏKLİN İZAHI: Bir ər-arvad başqa ölkədə xüsusi təyinatlı müjdəçi kimi xidmət edirdi. Ölkəni tərk etmək məcburiyyətində qalan bu cütlük göz yaşları içində yığıncaq üzvləri ilə vidalaşır.

^ abz. 59 ŞƏKLİN İZAHI: Bu ər-arvad öz ölkələrinə geri qayıdır, onlar üzləşdikləri çətinliklərin öhdəsindən gəlmək üçün dönə-dönə Yehovaya dua edir.

^ abz. 61 ŞƏKLİN İZAHI: Yehovanın dəstəyi ilə onlar tamvaxtlı xidməti davam etdirir. Əvvəlki təyinatda öyrəndikləri dilin sayəsində ərazilərindəki mühacirlərə təbliğ edirlər.