Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 47

Lavililər kitabından çox şey öyrənmək olar

Lavililər kitabından çox şey öyrənmək olar

«Müqəddəs Yazılardakı hər kəlmə Allahdandır və... faydalıdır» (2 TİM. 3:16).

NƏĞMƏ 98 Allahdan ilham almış Müqəddəs Yazılar

İCMAL *

1, 2. Nəyə görə Lavililər kitabı bizə maraqlı olmalıdır?

HƏVARİ BULUS gənc dostu Timutiyə demişdi ki, «Müqəddəs Yazılardakı hər kəlmə Allahdandır və... faydalıdır» (2 Tim. 3:16). Bu, Lavililər kitabına da aiddir. Siz bu kitab haqda nə düşünürsünüz? Bəziləri üçün Lavililər kitabı dövrümüzdə keçərli olmayan qaydalar siyahısıdır. Lakin həqiqi məsihilər başqa fikirdədir.

2 Lavililər kitabı təxminən 3500 il bundan öncə yazılsa da, Yehova onu «bizə nəsihət olaraq» qoruyub saxlayıb (Rom. 15:4). Bu kitab Yehovanın düşüncə tərzini əks etdirdiyi üçün orada yazılanlar bizə maraqlı olmalıdır. Əslində, Allahın ilhamı ilə yazılmış bu kitabdan öyrənəcəyimiz çox şey var. Gəlin onlardan dördünə nəzər salaq.

YEHOVANIN RAZILIĞINI NECƏ QAZANIRIQ?

3. Nəyə görə hər il Kəffarə günü qurbanlar gətirilirdi?

3 Birinci dərs. Qurbanlarımızın qəbul olunması üçün Yehovanın razılığını qazanmalıyıq. İsrail xalqı hər il keçirilən Kəffarə günü bir araya toplaşırdı və həmin gün heyvan qurbanları gətirilirdi. Bu qurbanlar İsrail xalqına günahdan təmizlənməli olduqlarını xatırladırdı. Amma həmin gün baş kahin qurbanların qanını Ən müqəddəs yerə gətirməzdən əvvəl başqa bir şey etməli idi. Bu, xalqın günahının bağışlanmasından daha vacib idi.

(4-cü abzasa baxın) *

4. Lavililər 16:12, 13 ayələrində qeyd olunduğu kimi, Kəffarə günü baş kahin Ən müqəddəs yerə birinci dəfə girəndə nə edirdi? (Üz qabığındakı şəklə baxın.)

4 Lavililər 16:12, 13 ayələrini oxuyun. Gəlin Kəffarə gününü xəyalımızda canlandıraq. Baş kahin Müqəddəs çadıra daxil olur. Həmin gün o, Ən müqəddəs yerə üç dəfə girməlidir. İndi kahin bura birinci dəfə girəcək. Onun bir əlində ətirli buxurla dolu qab, o biri əlində isə közlə dolu qızıl buxurdan var. O, Ən müqəddəs yerin girişini örtən pərdənin qarşısında bir qədər dayanır. Dərin hörmətlə içəri daxil olub Əhd sandığının önündə durur. Məcazi mənada desək, kahin düz Yehova Allahın hüzurunda dayanıb! İndi kahin müqəddəs buxuru ehmalca yanar közün üzərinə tökür və otaq xoş ətirlə dolur *. Daha sonra o, heyvan qurbanlarının qanı ilə yenidən Ən müqəddəs yerə daxil olur. Diqqət yetirin ki, kahin günah qurbanının qanını təqdim etməzdən öncə buxur yandırır.

5. Kəffarə günü buxurun istifadə olunması ilə bağlı nə öyrənirik?

5 Kəffarə günü buxurun istifadə olunması ilə bağlı nə öyrənirik? Müqəddəs Kitabda deyilir ki, Yehovanın sadiq xidmətçilərinin Ona məqbul duaları buxur kimidir (Zəb. 141:2; Vəhy 5:8). Nəzərə alaq ki, baş kahin buxuru Yehovanın hüzuruna böyük hörmətlə gətirirdi. Eynilə, biz də Yehovaya dua edəndə bunu dərin ehtiram hissi ilə etməliyik. Allaha çox minnətdarıq ki, Kainatın Yaradanı olsa da, bir ata kimi Ona üz tutmağımıza və yaxınlaşmağımıza izin verir (Yaq. 4:8). Yehova bizi Öz dostu hesab edir! (Zəb. 25:14). Bu bizim üçün o qədər böyük şərəfdir ki, heç vaxt Onu məyus edəcək nəsə etmək istəmərik.

6. Baş kahinin qurban gətirməzdən öncə buxur yandırması bizə İsa Məsih haqda nəyi öyrədir?

6 Xatırlayaq ki, baş kahin qurban təqdim etməzdən öncə buxuru yandırmalı idi. Bununla o, əvvəlcə Yehovanın razılığını qazanır, sonra qurbanı təqdim edirdi. Bu bizə İsa Məsih haqda nəyi öyrədir? İsa Məsih həyatını qurban verməzdən öncə bəşəriyyətə xilas bəxş etməkdən daha vacib bir şey etməli idi. Söhbət nədən gedir? İsa kamil və sadiq ömür sürməli idi ki, Yehova onun qurbanlığını qəbul etsin. Beləcə, Yehovanın buyurduğu kimi yaşamağın ən düzgün həyat yolu olduğunu sübut edəcəkdi. Atasının hakimiyyət etmək tərzinə bəraət qazandıracaqdı, başqa sözlə, Onun rəhbərliyinin haqlı və ədalətli olduğunu isbat edəcəkdi.

7. Nəyə görə Yehova İsa Məsihin bütün həyatından razı idi?

7 İsa Məsih yerüzü həyatı boyu Yehovanın saleh normalarına mükəmməl itaətkarlıq göstərdi. Heç bir çətinlik, heç bir sınaq, hətta əzabla öləcəyini bilməsi belə, Atasının hakimiyyət tərzini müdafiə etmək istəyini zəiflədə bilmədi (Filip. 2:8). Ağır sınaqlarla üzləşəndə o, «Allaha fəryad etmiş, göz yaşları ilə yalvarmış»dı (İbr. 5:7). Onun ürəkdən etdiyi dualar sədaqətindən xəbər verirdi və Allaha itaət etmək qətiyyətini daha da möhkəmləndirirdi. Yehova üçün İsanın duaları xoş ətirli buxur kimi idi. İsa Məsihin bütün həyat tərzi Atasını məmnun etmiş və Onun hakimiyyətinə bəraət qazandırmışdı.

8. İsa Məsihin həyat yolunu necə təqlid edə bilərik?

8 Biz də Məsihdən örnək ala bilərik. Bunun üçün var gücümüzlə çalışmalıyıq ki, həyatımız boyu Yehovanın qanunlarına itaət edək və Ona sadiq qalaq. Sınaqlarla üzləşəndə hərarətlə dua edirik, çünki Yehovanı razı salmaq istəyirik. Bu yolla Yehovanın hakimiyyət tərzini dəstəklədiyimizi göstəririk. Bilirik ki, Yehovanın nifrət etdiyi əməllərlə məşğuluqsa, O bizim duamızı qəbul etməyəcək. Lakin Allahın qanunlarına uyğun yaşayırıqsa, səmimi dualarımızın Yehova üçün xoş ətirli buxur kimi olduğuna arxayın ola bilərik. Həmçinin əmin ola bilərik ki, itaət və sədaqətimiz Yehovanı məmnun edir (Məs. 27:11).

XİDMƏTİMİZ MİNNƏTDARLIQ VƏ MƏHƏBBƏTDƏN DOĞUR

(9-cu abzasa baxın) *

9. Ünsiyyət qurbanı nə üçün təqdim olunurdu?

9 İkinci dərs. Biz Yehovaya minnətdarlıq hissindən irəli gələrək xidmət edirik. Qədim İsraildə həqiqi ibadətin digər vacib hissəsi olan ünsiyyət qurbanları minnətdarlıq hissindən irəli gələrək xidmət etməyin vacibliyini başa düşməyimizə kömək edir *. Lavililər kitabından öyrənirik ki, israillilər ünsiyyət qurbanlarını «minnətdarlıq ifadəsi olaraq» gətirirdilər (Lav. 7:11—13, 16—18). İsrailli bu qurbanı tələb olduğu üçün yox, ürəyindən keçdiyi üçün təqdim edirdi. Belə ki, bu, hər bir israillinin Yehovaya sevgisindən irəli gələrək gətirdiyi könüllü qurban idi. Qurban ətindən onu təqdim edən kəs, ailəsi və kahin yeyirdi. Lakin heyvanın müəyyən hissələri yalnız Yehovaya təqdim olunurdu. Bunlar hansı hissələr idi?

(10-cu abzasa baxın) *

10. Lavililər 3:6, 12, 14—16 ayələrində ünsiyyət qurbanı haqda yazılanlarla İsa Məsihin Yehovaya xidməti arasında hansı bənzərlik var?

10 Üçüncü dərs. Məhəbbətdən irəli gələrək Yehova üçün əlimizdən gələnin ən yaxşısını edirik. Yehovanın gözündə heyvanın ən yaxşı hissəsi piy hesab olunurdu. O, heyvanın böyrəyi və qaraciyəri də daxil, bəzi hissələrinin xüsusilə dəyərli olduğunu bildirmişdi. (Lavililər 3:6, 12, 14—16 ayələrini oxuyun.) Odur ki, israilli öz istəyilə heyvanın piyini və bu hissələrini təqdim edəndə Yehova xüsusilə məmnun qalırdı. Bu qurbanı verməklə israilli Allahı Yehova üçün əlində olanın ən yaxşısını vermək istədiyini göstərirdi. Eynilə, İsa Məsih də könül xoşluğu ilə Yehovaya əlində olanın ən yaxşısını təqdim etmişdi — sevgidən irəli gələrək Ona canla-başla xidmət etmişdi (Yəh. 14:31). İsa Məsih Allahın qanunlarını ürəkdən sevirdi, Onun iradəsini yerinə yetirməkdən zövq duyurdu (Zəb. 40:8). Sözsüz ki, Məsihin cani-dildən xidmət etdiyini görmək Yehovaya çox xoş idi!

Yehovaya məhəbbət Ona əlimizdən gələnin ən yaxşısını verməyə təşviq edir (11—12 abzaslara baxın) *

11. Hansı mənada xidmətimiz ünsiyyət qurbanına bənzəyir və nəyə görə bunu bilmək bizə rahatlıq gətirir?

11 Bizim Yehovaya xidmətimizi də ünsiyyət qurbanına bənzətmək olar; xidmətimiz Yehovanı nə qədər sevdiyimizi göstərir. Yehovaya əlimizdən gələnin ən yaxşısını veririk, çünki Onu bütün qəlbimizlə sevirik. Milyonlarla xidmətçisinin Ona məhəbbətdən irəli gələrək xidmət etdiyini görmək Yehovanın qəlbini fərəhləndirir! Yehovanın təkcə Onun üçün etdiklərimizi yox, həmçinin hansı niyyətlə etdiyimizi görməsi insana rahatlıq verir. Məsələn, əgər siz yaşlısınızsa və artıq əvvəlki qədər xidmət edə bilmirsinizsə, əmin olun ki, Yehova məhdudiyyətlərinizi anlayır. Bəlkə də, Yehova üçün çox şey edə bilmədiyinizi düşünürsünüz, amma Yehova görür ki, qəlbinizdəki məhəbbət sizi bacardığınız qədərini etməyə təşviq edir. Əlinizdən gələnin ən yaxşısını etməyiniz Onu məmnun edir.

12. Yehovanın Ona təqdim olunan ünsiyyət qurbanlarına münasibəti bizi nəyə əmin edir?

12 Ünsiyyət qurbanlarının təqdim olunmasından nə öyrənirik? Qurban təqdiməsinin ən yaxşı hissələri yananda göyə xoş ətir qalxırdı və bu, Yehovaya xoş idi. Əmin olun ki, cani-dildən etdiyiniz xidmət də Yehovaya bu cür xoşdur (Kol. 3:23). Onun sizdən nə qədər razı qaldığını bir təsəvvür edin! Az ya çox şey etməyinizdən asılı olmayaraq, Yehova canla-başla etdiyiniz xidmətə bir xəzinə kimi yanaşır və zəhmətinizi heç vaxt unutmaz! (Mət. 6:20; İbr. 6:10).

YEHOVA TƏŞKİLATININ İŞİNİ AVAND EDİR

13. Lavililər 9:23, 24 ayələrinə əsasən, Yehova kahinliyin təsis olunmasından razı olduğunu necə göstərdi?

13 Dördüncü dərs. Yehova təşkilatının yerüzü hissəsinin işini avand edir. Eramızdan əvvəl 1512-ci ildə Sina dağının ətəyində Müqəddəs çadır qurulan zaman baş verənlərə diqqət yetirək (Çıx. 40:17). Musa peyğəmbər Harunla oğullarını kahin kimi təyin etmək üçün mərasim təşkil edir. İsrail xalqı kahinlərin ilk heyvan qurbanlarını təqdim etməsinə tamaşa etmək üçün toplaşır (Lav. 9:1—5). Yehova kahinliyin təsis olunmasından razı olduğunu necə göstərir? Harunla Musa xalqa xeyir-dua verəndən sonra Yehova qurbangahın üstündəki təqdimələri yandırmaq üçün od göndərir. (Lavililər 9:23, 24 ayələrini oxuyun.)

14. Qədim İsraildə kahinliyin Harun oğullarına verilməsinin bizim dövrümüzlə hansı bağlılığı var?

14 Kahinlik təsis olunan zaman Yehovanın möhtəşəm şəkildə göydən od göndərməsi nəyi göstərirdi? Yehova bununla kahinliyin Harun və oğullarına verilməsini tam dəstəklədiyini göstərmişdi. İsrail xalqı Yehovanın kahinlərə dəstək olduğunu görəndə başa düşdü ki, onlar da kahinləri dəstəkləməlidirlər. Nəyə görə bunu bilmək bizim üçün vacibdir? Çünki İsraildəki kahinlik daha yaxşı, daha üstün kahinliyin timsalı idi. Böyük Baş Kahin İsa 144 000 sadiq kahinlə birgə göydə idarə edəcək (İbr. 4:14; 8:3—5; 10:1).

Yehova təşkilatının işini avand edir və ona rəhbərlik verir. Biz Yehovanın təşkilatını ürəkdən dəstəkləyirik (15—17 abzaslara baxın) *

15, 16. Yehova sadiq və ağıllı nökərdən razı olduğunu necə göstərir?

15 1919-cu ildə İsa Məsih məsh olunmuş qardaşlarından ibarət kiçik bir qrupu «sadiq və ağıllı nökər» təyin etdi. Bu nökər təbliğ işinə rəhbərlik edir və Məsihin davamçılarına «vaxtlı-vaxtında yemək» verir (Mət. 24:45). Yehovanın sadiq nökərdən razı olduğunun açıq-aydın sübutlarını görürsünüz?

16 Şeytan və onun dünyası sadiq və ağıllı nökərin işini dayandırmaq üçün əlindən gələni edir. Yehovanın dayağı olmasa idi, sadiq nökərin bu işi görməsi mümkünsüz olardı. Birinci və İkinci Dünya müharibəsinə, amansız təqiblərə, qlobal iqtisadi böhrana və haqsız rəftara baxmayaraq, sadiq nökər Məsihin davamçılarını ruhani qida ilə təmin etməyə davam edib. Təsəvvür edin, bu gün 900-dən artıq dildə bol-bol nəşrimiz var, özü də ödənişsiz. Bu, Yehovanın dəstəyinin danılmaz sübutudur. Yehovanın xeyir-duasının digər sübutu təbliğ işimizdir. Həqiqətən də, xoş xəbər «bütün yer üzündə» təbliğ olunur (Mət. 24:14). Yehovanın bu gün Öz təşkilatını idarə etdiyinə və onun işini avand etdiyinə şübhə yoxdur!

17. Yehovanın təşkilatını dəstəklədiyimizi necə göstərə bilərik?

17 Yaxşı olar ki, özümüzdən soruşaq: «Yehovanın təşkilatının bir parçası olduğuma görə minnətdaram?» Yehova Musanın dövründə təyin etdiyi şəxslərdən razı olduğunu göstərmək üçün göydən od göndərdiyi kimi, bu gün də təşkilatına dayaq olduğuna dair aydın sübutlar verir. Doğrudan da, minnətdar olmaq üçün səbəblərimiz çoxdur (1 Salon. 5:18, 19). Yehovanın bu gün idarə etdiyi təşkilatı dəstəklədiyimizi necə göstərə bilərik? Nəşrlərimiz, ibadət görüşlərimiz və böyük toplantılarımız vasitəsilə verilən göstərişlərə əməl etməklə. Həmçinin təbliğ və təlim işində bacardığımız qədər iştirak etməklə də dəstəyimizi göstəririk (1 Kor. 15:58).

18. Nə etməyə əzmlisiniz?

18 Gəlin Lavililər kitabından öyrəndiyimiz dərslərə əməl etməyə qəti qərarlı olaq. Qurbanlarımızın qəbul olunması üçün Yehovanın razılığını qazanaq. Yehovaya minnətdarlıq hissindən irəli gələrək xidmət edək. Məhəbbətdən irəli gələrək Onun üçün əlimizdən gələnin ən yaxşısını edək. Yehovanın dayaq olduğu təşkilatı dəstəkləyək. Bütün bunları etməklə göstərəcəyik ki, Yehovanın Şahidi kimi xidmət etmək bizim üçün böyük şərəfdir!

NƏĞMƏ 96 Allahın Kəlamı bir xəzinədir

^ abz. 5 Lavililər kitabında Yehovanın qədim İsrail xalqına verdiyi qanunlar yazılıb. Bu gün bizdən bu qanunlara əməl etmək tələb olunmur, bununla belə, Lavililər kitabından çox şey öyrənmək olar. Məqalədə bunlardan bəziləri araşdırılır.

^ abz. 4 Qədim İsraildə Müqəddəs çadırda yandırılan buxur müqəddəs sayılırdı və yalnız Yehovaya ibadətdə istifadə olunurdu (Çıx. 30:34—38). Birinci əsrdə məsihilərin ibadət məqsədilə buxur yandırdığına dair heç bir məlumat yoxdur.

^ abz. 9 Ünsiyyət qurbanı haqda əlavə məlumat almaq üçün «Müqəddəs Yazıların dərk edilməsi» ensiklopediyasında «Приношения» başlığında «Мирные жертвы» yarımbaşlığına (rus.) və «Gözətçi qülləsi» jurnalının 2012-ci il 15 yanvar sayının 18-ci səhifəsinin 11-ci abzasına baxın.

^ abz. 54 ŞƏKLİN İZAHI. İsraildə baş kahin Kəffarə günü közlə dolu buxurdanı götürüb Ən Müqəddəs yerə girirdi ki, buxurun xoş ətri otağı bürüsün. Daha sonra o, Ən Müqəddəs yerə günah qurbanının qanı ilə girirdi.

^ abz. 56 ŞƏKLİN İZAHI. İsrailli bir kişi ailəsinin adından Yehovaya minnətdarlıq ifadəsi olaraq gətirdiyi qoyunu ünsiyyət qurbanı kimi kahinə verir.

^ abz. 58 ŞƏKLİN İZAHI. İsa Məsih yerüzü xidməti zamanı Yehovaya sevgisinin nə qədər dərin olduğunu Onun qayda-qanunlarına əməl etməklə və davamçılarına da bu əmrlərə əməl etməyə kömək etməklə göstərdi.

^ abz. 60 ŞƏKLİN İZAHI. Fiziki məhdudiyyətləri olan yaşlı bir bacı məktub vasitəsilə şahidlik etməklə Yehovaya əlindən gələnin ən yaxşısını verir.

^ abz. 62 ŞƏKİLLƏRİN İZAHI. 2019-cu ilin fevral ayında Rəhbərlik Şurasının üzvü Qerit Löş qardaş auditoriyaya «Yeni Dünya Tərcüməsi»nin yenidən işlənmiş versiyasının alman dilində işıq üzü gördüyünü elan edir. Bu gün Almaniyadakı təbliğçilər bu iki bacı kimi, yeni işıq üzü görmüş Müqəddəs Kitabı xidmətdə sevə-sevə istifadə edirlər.