Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 2

Siz başqalarına dayaq ola bilərsiniz

Siz başqalarına dayaq ola bilərsiniz

«Bu qardaşlar Allahın Padşahlığı uğrunda mənimlə birlikdə çalışan və mənə dayaq olan... əməkdaşlarımdır» (KOL. 4:11).

NƏĞMƏ 90 Bir-birimizi ruhlandıraq

İCMAL *

1. Yehovanın sədaqətli xidmətçiləri hansı çətinliklərlə üzləşir?

BÜTÜN dünyadakı Yehovanın xidmətçiləri çətinliklərlə, hətta əzablı sınaqlarla üzləşir. Yığıncağınızda belələri var? Bəzi məsihilər ciddi xəstəliklə mübarizə aparır, yaxud əziz adamın ölümünə tab gətirməli olur. Digərlərinə ailə üzvlərinin, yaxud yaxın dostlarının həqiqətdən uzaqlaşması ürəkağrısı verir. Bir başqaları isə təbii fəlakətlərin qurbanı olub. Bu bacı-qardaşların hər birinin dəstəyimizə ehtiyacı var. Onlara necə kömək edə bilərik?

2. Nə üçün bəzən həvari Bulusun dəstəyə ehtiyacı olurdu?

2 Həvari Bulus ard-arda həyati təhlükələrlə üzləşmişdi (2 Kor. 11:23—28). Həmçinin o, cisminə batırılan bir «tikandan», güman ki, hansısa xəstəlikdən əziyyət çəkirdi (2 Kor. 12:7). Üstəlik, bir vaxtlar əməkdaşlıq etdiyi Dimas «dünyanı sevib» onu tərk etdiyi üçün məyusluq keçirmişdi (2 Tim. 4:10). Məsh olunmuş cəsur məsihi kimi Bulus fədakarlıqla başqalarına kömək edirdi, lakin bəzən özünün də ruhdan düşdüyü anlar olurdu (Rom. 9:1, 2).

3. Həvari Bulus təsəlli və dəstəyi necə almışdı?

3 Bulus ehtiyac duyduğu təsəllini və dəstəyi almışdı. Necə? Şübhəsiz, Yehova müqəddəs ruhu ilə ona güc vermişdi (2 Kor. 4:7; Filip. 4:13). Həmçinin onu dindaşları vasitəsilə möhkəmləndirmişdi. Bulus bəzi dindaşlarının ona dayaq olduğunu demişdi (Kol. 4:11). Onun adbaad çəkdiyi insanların arasında Aristarx, Tixik və Mark var idi. Onlar Bulusa dayaq olur, ona dözməyə kömək edirdilər. Bu qardaşlar hansı xüsusiyyətlər sayəsində Bulusa kömək edə bilmişdilər? Onların nümunəsi bir-birimizə dayaq olmaqda, təsəlli verməkdə bizə necə kömək edə bilər?

ARİSTARX KİMİ SƏDAQƏTLİ

Aristarx kimi, biz də dar günlərində bacı-qardaşların yanında olmaqla, sadiq dost ola bilərik (4 və 5-ci abzaslara baxın) *

4. Aristarxın Bulusa sədaqətli dost olduğu nədən görünürdü?

4 Makedoniyanın Saloniki şəhərindən olan Aristarx Bulusun sədaqətli dostu idi. Müqəddəs Kitabda ilk dəfə Aristarxın adı Bulusun üçüncü təbliğ səyahəti zamanı Efesə ziyarəti ilə bağlı çəkilir. Aristarx Bulusun yol yoldaşı olan zaman camaat onu da tutub aparmışdı (Həv. 19:29). Azadlığa buraxılandan sonra o, öz canını qurtarmağa çalışmadı, əksinə, sədaqət göstərib Bulusun yanında qaldı. Bir neçə ay sonra Yunanıstanda düşmənləri Bulusu öldürməyə çalışanda Aristarx hələ də onun yanında idi (Həv. 20:2—4). Təxminən eramızın 58-ci ilində Bulus məhbus kimi Romaya göndəriləndə Aristarx uzun səyahət boyu onun yanında olmuşdu, onlar gəmi qəzasından birgə qurtulmuşdular (Həv. 27:1, 2, 41). Görünür, Romada olanda o bir müddət Bulusla həbsdə yatıb (Kol. 4:10). Sözsüz ki, bu cür sədaqətli dostunun olması Bulusu ruhlandırır və ona təsəlli verirdi!

5. Məsəllər 17:17 ayəsinə əsasən, sədaqətli dost olmaq üçün nə edə bilərik?

5 Aristarx kimi, biz də bacı-qardaşlarımızın tək xoş günlərində yox, həm də dar günlərində yanlarında olmaqla sədaqətli dost ola bilərik. (Məsəllər 17:17 ayəsini oxuyun.) Hətta çətinliklər ötüb-keçəndən sonra da onlar uzun müddət təsəlliyə ehtiyac duya bilər. Üç ayın içində hər iki valideynini xərçəngdən itirən Franses * deyir: «Zənnimcə, ağır sınaqlar insana uzun müddət əzab verir. Sadiq dostlarımın olduğuna görə çox minnətdaram, onlar valideynlərimin vəfatından neçə vaxt keçməsinə baxmayaraq, hələ də dərd içində olduğumu unutmayıblar».

6. Sədaqət bizi nəyə təşviq edəcək?

6 Sədaqətli dostlar dindaşlarına dəstək olmaq üçün müəyyən qurbanlar verir. Misal üçün, həkimlər Piter adlı bir qardaşa ölümcül xəstəliyinin olduğunu və xəstəliyin çox sürətlə irəlilədiyini demişdilər. Piterin həyat yoldaşı Ketrin deyir: «Yığıncağımızdan bir ər-arvad bizi həkim müayinəsinə apardı, Piterin xəstəliyi haqda orada öyrəndik». Bu ər-arvad oradaca qərar verir ki, onları həyatlarının bu ağır dönəmində tək qoymayacaqlar. Ketrin əlavə edir: «Onlar ehtiyac duyduğumuz hər an yanımızda oldular». Çətinliklərə dözməyə kömək edən dostlarımızın olması, həqiqətən də, böyük dayaqdır!

TİXİK KİMİ ETİBARLI

Tixik kimi, biz də çətinliklərlə mübarizə aparanlara etibarlı dost ola bilərik (7—9 abzaslara baxın) *

7, 8. Koloslulara 4:7—9 ayələrindən Tixikin etibarlı dost olduğu necə görünür?

7 Asiyanın Roma əyalətindən olan Tixik adlı bir məsihi Bulusun çox etibarlı əməkdaşı idi (Həv. 20:4). Eramızın təxminən 55-ci ilində Bulus Yəhudiyyədəki məsihilərə kömək etmək üçün bəxşiş toplamaq işini təşkil etmişdi və görünür, Tixiki bu vacib işdə köməkçi təyin etmişdi (2 Kor. 8:18—20). Daha sonra Bulus Romada birinci dəfə həbsə düşəndə Tixik onun şəxsi elçisi olaraq xidmət göstərmişdi. Tixik Bulusun məktublarını və ruhlandırıcı sözlərini Asiyadakı yığıncaqlara çatdırırdı (Kol. 4:7—9).

8 Tixik sona qədər Bulusun etibarlı dostu olaraq qaldı (Tit. 3:12). Amma həmin vaxt heç də bütün məsihilər Tixik kimi etibarlı deyildi. Eramızın təxminən 65-ci ilində ikinci dəfə həbs olunan zaman Bulus Asiya əyalətindən olan bəzi məsihilərin ondan uzaq durduğunu yazmışdı, görünür, buna səbəb onların təqibçilərdən qorxması idi (2 Tim. 1:15). Amma Bulus Tixikə güvənə bilirdi və ona başqa bir tapşırıq da vermişdi (2 Tim. 4:12). Sözsüz ki, Bulus Tixik kimi dostunun olduğuna görə çox şad idi.

9. Tixikin nümunəsini necə izləyə bilərik?

9 Tixikin nümunəsini izləyərək biz də etibarlı dost ola bilərik. Misal üçün, ehtiyac duyan bacı-qardaşlarımıza sadəcə kömək edəcəyimizi vəd etmirik, onlara əməldə kömək edirik (Mət. 5:37; Luka 16:10). Dəstəyimizə ehtiyacı olan bacı-qardaşlar biləndə ki, bizə bel bağlaya bilərlər, ürəkləri arxayın olur. Bir bacı bunu belə izah edir: «Kömək edəcəyinə söz verən insanın sözünün üstündə durub-durmayacağına görə əlavə stress keçirmirsən».

10. Məsəllər 18:24 ayəsinə əsasən, çətinlik və məyusluqla mübarizə aparanlar təsəllini kimdə tapa bilər?

10 Çətinliklərlə, yaxud məyusluqla mübarizə aparanlar çox vaxt təsəllini etibarlı dostdan alır. (Məsəllər 18:24 ayəsini oxuyun.) Oğlu yığıncaqdan kənar olunduğuna görə məyus olan Bijay qardaş deyir: «Hisslərimi etibarlı biri ilə bölüşməyə ehtiyacım var idi». Öz səhvi ucbatından yığıncaqdakı məsuliyyətlərini itirmiş Karlos deyir: «Mühakimə olunacağımdan qorxmadan hisslərimi bölüşə biləcəyim “təhlükəsiz sığınacağa” ehtiyacım var idi». Karlos üçün bu “təhlükəsiz sığınacaq” ağsaqqallar oldu. Onlar Karlosa problemlərini aşmağa kömək etdilər. Ağsaqqalların onun dediklərini sirr olaraq saxlayacağını bilmək də Karlosa rahatlıq vermişdi.

11. Etibarlı dost olmaq üçün nə etmək gərəkdir?

11 Etibarlı dost olmaq üçün səbir yetişdirməliyik. Əri tərəfindən tərk edilən Janna bacı hisslərini yaxın rəfiqələri ilə bölüşərək təsəlli tapmışdı. Bacı deyir: «Eyni şeyi təkrar-təkrar danışsam da, onlar məni səbirlə dinləyirdilər». Siz də yaxşı dinləyici olmaqla yaxşı dost ola bilərsiniz.

MARK KİMİ BAŞQALARINA XİDMƏT ETMƏYƏ HAZIR

Markın xeyirxahlığı Bulusa dözməyə kömək etdi, biz də faciə zamanı dindaşlarımıza kömək edə bilərik (12—14 abzaslara baxın) *

12. Mark kim idi və ondakı hazırlıq ruhu nədən görünürdü?

12 Mark ləqəbli Yəhya Yerusəlimdən olan yəhudi məsihi idi. Onun qohumu Barnəba çoxlarının yaxşı tanıdığı müjdəçi idi (Kol. 4:10). Görünür, Mark imkanlı ailədən idi, lakin maddi şeylər onun həyatında birinci yerdə deyildi. Mark həyatı boyu hazırlıq ruhu göstərirdi. O, başqalarına xidmət etməkdən sevinc duyurdu. Misal üçün, Mark müxtəlif vaxtlarda həvari Bulusla və həvari Butrusla xidmət etmiş və ehtimal ki, onların fiziki tələbatlarını qarşılamışdı (Həv. 13:2—5; 1 But. 5:13). Bulus digər qardaşlarla yanaşı, Markı da Allahın Padşahlığı uğrunda onunla birlikdə çalışan və ona dayaq olan əməkdaş adlandırmışdı (Kol. 4:10, 11).

13. 2 Timutiyə 4:11 ayəsi Markın sədaqətli xidmətinin Bulus üçün dəyərli olduğunu necə göstərir?

13 Şübhəsiz, həvari Bulus Markın bütün o vaxt ərzində etdiyi köməkliyi çox qiymətləndirirdi. Beləcə, Mark Bulusun ən yaxın dostlarından biri olmuşdu. Misal üçün, təxminən eramızın 65-ci ilində həvari Bulus Romada sonuncu dəfə həbsdə olanda Timutiyə ikinci məktubunu yazmışdı. Həmin məktubunda Bulus Timutidən Romaya gəlməsini və Markı da özü ilə gətirməsini xahiş etmişdi (2 Tim. 4:11). Görünür, həmin vaxt Bulus tezliklə edam olunacağını bilirdi və buna görə də Markın onun yanında olmasını istəyirdi. Mark Bulusa bir çox sahələrdə kömək edirdi, ehtimal ki, onu qida ilə və yazı ləvazimatları ilə təmin edirdi. Aldığı dəstək və təsəlli Bulusa həyatının son günlərində dözməyə kömək etmişdi.

14, 15. Mətta 7:12 ayəsindən başqalarına praktiki yollarla kömək etməklə bağlı nə öyrənə bilərik?

14 Mətta 7:12 ayəsini oxuyun. Həyatımızın ağır anlarında bizə kömək əli uzadanları çox qiymətləndiririk! Faciəvi hadisə nəticəsində qəfil atasını itirən Rayan deyir: «Adam əzab çəkəndə gündəlik gördüyü adi işlər belə ona çətin gəlir. Hətta ən xırda görünən əməli kömək belə, insan üçün böyük məna kəsb edir».

15 Diqqətcil və müşahidəçi olsaq, başqalarına kömək etməyin yollarını tapacağıq. Misal üçün, yuxarıda adlarını çəkdiyimiz Piter və Ketrinə kömək etməyə təşəbbüs göstərən bacı bütün tibbi müayinələrdə onların yanında olmuşdu. Piterlə Ketrin artıq maşın sürə bilmədiklərindən həmin bacı cədvəl tərtib etmişdi ki, yığıncaqdakı bacı-qardaşlar onları növbə ilə aparıb-gətirsin. Bunun hansı köməyi dəydi? Ketrin deyir: «Elə bil çiyinlərimizdən ağır yük götürülmüşdü». Kiçik də olsa, praktiki bir köməyinizin başqalarına böyük təsəlli ola biləcəyini unutmayın.

16. Markın nümunəsindən dayaq olmaqla bağlı hansı vacib dərsi öyrənirik?

16 Həvari Bulusun əməkdaşı Mark sözsüz ki, çox məşğul idi. Onun öz adını daşıyan Müjdəni yazmaq da daxil, vacib teokratik təyinatları var idi. Bununla belə, Mark Bulusa dayaq olmaq üçün vaxt ayırırdı, Bulus da ondan çəkinmədən kömək istəyə bilirdi. Ancela adlı bir bacının ailə üzvü qətlə yetiriləndə bacı-qardaşlar ona bu cür canyananlıq göstərmişdilər və o, buna görə çox minnətdar idi. O deyir: «Dostlarınız sizə kömək etməyi səmimi-qəlbdən istəyəndə, onlarla danışmaq asan olur. Onların ürəkdən kömək etmək istədikləri və bunu etməyə çəkinmədikləri aydın görünür». Özümüzdən soruşa bilərik: «Məni dindaşlarıma əməldə dayaq olmağa hazır olan məsihi kimi tanıyırlar?»

BAŞQALARINA DAYAQ OLMAĞA QƏTİYYƏTLİ

17. 2 Korinflilərə 1:3, 4 ayələri bizi təsəlli verməyə necə təşviq edir?

17 Dəstəyə ehtiyac duyan bacı-qardaşları tapmaq üçün uzağa getmək lazım deyil. Bəlkə də, onlarla başqalarının bizi təsəlli etmək üçün söylədiyi fikirləri bölüşə bilərik. Nənəsi vəfat etmiş Nino bacı deyir: «Yehova bizim vasitəmizlə başqalarına təsəlli verə bilər, yetər ki, buna şərait yaradaq». (2 Korinflilərə 1:3, 4 ayələrini oxuyun.) Yuxarıda adı çəkilən Franses deyir: «2 Korinflilərə 1:4 ayəsində böyük həqiqət var. Aldığımız təsəllini başqalarına ötürə bilərik».

18. a) Nə üçün bəziləri təsəlli verməyə çəkinir? b) Yaxşı təsəlli vermək üçün nə etməliyik? Nümunə çəkin.

18 Başqalarına kömək etmək üçün təşəbbüs göstərmək lazımdır, hətta bunu etməyə çəkinsək də. Məsələn, təsəlliyə ehtiyacı olan insana nə deyəcəyimizi, onun üçün nə edəcəyimizi bilmədiyimizə görə ehtiyat edə bilərik. Paul adlı bir ağsaqqal atasının ölümündən sonra bəzi bacı-qardaşların ona necə təsəlli verdiyini xatırlayaraq deyir: «Deyə bilərəm ki, onlar üçün yaxınlaşıb mənimlə söhbət etmək asan deyildi. Nə deyəcəklərini bilmirdilər. Amma onların dəstək olmaq və təsəlli vermək istədiklərini görmək hər bir halda xoş idi». Güclü zəlzələdən sağ çıxmış Tajon qardaş deyir: «Düzünü desəm, zəlzələdən sonrakı günlərdə mənə göndərilən bütün məktublar yadımda deyil, amma mənim sağ-salamat olduğuma görə narahat olduqları dəqiq yadımdadır». Bu cür qayğı göstərsək, biz də yaxşı təsəlli verməyi bacaracağıq.

19. Nə üçün başqalarına dayaq olmaq əzmindəsiniz?

19 Bu şər dünyanın sonu yaxınlaşdıqca, dünyadakı vəziyyət daha da betər olacaq və yaşamaq daha da çətinləşəcək (2 Tim. 3:13). Üstəlik, miras aldığımız günah və qeyri-kamillik ucbatından başımıza açdığımız bəlalara görə yenə də təsəlliyə ehtiyac duyacağıq. Həvari Bulusun ömrünün sonuna qədər sadiq qala bilməsinin səbəblərindən biri dindaşlarının ona dayaq olması idi. Gəlin biz də Aristarx kimi sadiq, Tixik kimi etibarlı və Mark kimi başqalarına xidmət etməyə hazır olaq. Onda bacı-qardaşlarımıza imanda sarsılmaz qalmağa kömək edə biləcəyik (1 Salon. 3:2, 3).

^ abz. 5 Həvari Bulus həyatda çoxlu çətinliklərlə üzləşib. Bu çətinliklər zamanı bəzi qardaşlar ona böyük dayaq olub. Gəlin görək bu qardaşlara başqalarına dayaq olmaqda hansı üç xüsusiyyət kömək edib. Həmçinin onların nümunəsi əsasında bacı-qardaşlarımıza dəstək olmağın praktiki yollarına nəzər salacağıq.

^ abz. 5 Bu məqalədəki bəzi adlar şərtidir.

NƏĞMƏ 111 Yehova — sevinc mənbəyimiz

^ abz. 56 ŞƏKLİN İZAHI: Aristarx və həvari Bulus gəmi qəzasından birgə qurtulmuşdular.

^ abz. 58 ŞƏKLİN İZAHI: Tixikə Bulusun yazdığı məktubları yığıncaqlara çatdırmaq işi etibar edilmişdi.

^ abz. 60 ŞƏKLİN İZAHI: Mark Bulusa praktiki yollarla kömək edirdi.