Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 4

«Ruh bizə təlqin edir»

«Ruh bizə təlqin edir»

«Bu ruh bizə təlqin edir ki, biz Allahın övladlarıyıq» (ROM. 8:16).

NƏĞMƏ 25 Allahın məxsusi ümməti

İCMAL *

Əllinci gün bayramında Yehova 120-yə yaxın məsihinin üzərinə heyrətamiz şəkildə Öz müqəddəs ruhunu tökdü (1 və 2-ci abzaslara baxın)

1, 2. Eramızın 33-cü ilinin Əllinci gün bayramında hansı heyrətamiz hadisə baş verdi?

ERAMIZIN 33-cü ilinin Əllinci gün bayramıdır. Şənbə günü səhər çağı 120-yə yaxın şagird Yerusəlimdə bir evin üst mərtəbəsində toplaşıb (Həv. 1:13—15; 2:1). Bir neçə gün öncə İsa onlara xüsusi bir ənam veriləcəyini deyərək Yerusəlimdə qalmalarını tapşırmışdı (Həv. 1:4, 5). Bəs bundan sonra nələr baş verdi?

2 «Qəflətən göydən şiddətli küləyin səsinə oxşar bir səs gəldi». Səs oturduqları evi doldurdu. Sonra şagirdlərin başının üstündə «alovun dillərinə bənzər bir şey» peyda oldu və onların hamısı «müqəddəs ruhla doldu» (Həv. 2:2—4). Yehova belə bir heyrətamiz şəkildə Öz müqəddəs ruhunu orada yığışanların üzərinə tökdü (Həv. 1:8). Onlar müqəddəs ruhla məsh olunan * və İsa Məsihlə birgə göydə hakimiyyət sürmək ümidinə sahib olan ilk insanlar oldu.

İNSAN MƏSH OLUNANDA NƏ BAŞ VERİR?

3. Əllinci gün bayramında müqəddəs ruhla məsh olunanlar nə üçün məsh olunduqlarına şübhə etmirdilər?

3 Sözsüz, üst mərtəbədəki otaqda toplaşan şagirdlərin arasında siz də olsaydınız, həmin günü heç vaxt unutmazdınız. Təsəvvür edin, alovun dillərinə bənzər bir şey başınızın üstündə peyda olur və siz başqa dillərdə danışmağa başlayırsınız! (Həv. 2:5—12). Çox yəqin ki, müqəddəs ruhla məsh olunduğunuza cüzi də olsa şübhə etməzdiniz. Bəs müqəddəs ruhla məsh olunanların hamısı hansısa heyrətamiz tərzdə və həyatlarının eyni məqamında məsh olunur? Xeyr. Bunu haradan bilirik?

4. Birinci əsrdə məsh olunanların hamısı göylər dəvətini həyatlarının eyni məqamında almışdı? İzah edin.

4 Gəlin görək insan nə vaxt məsh oluna bilər. Eramızın 33-cü ilinin Əllinci gün bayramında təkcə 120 nəfər məsh olunmadı. Həmin gün onlardan başqa 3000-ə yaxın adam da müqəddəs ruhu aldı. Onlar vəftiz olunan zaman məsh olundular (Həv. 2:37, 38, 41). Lakin sonrakı illərdə məsh olunanların hamısı vəftiz zamanı məsh olunmadı. Səməriyyəlilər vəftizdən müəyyən müddət sonra məsh olundular (Həv. 8:14—17). Kornili və ailəsinin məsh olunması isə demək olar ki, istisna hallardan idi, onlar vəftizdən öncə məsh olundular (Həv. 10:44—48).

5. 2 Korinflilərə 1:21, 22 ayələrinə əsasən, Yehova kimisə məsh etmək üçün seçəndə nə baş verir?

5 Həmçinin gəlin görək Yehova kimisə məsh etmək üçün seçəndə nə baş verir. Bəzən məsh olunanlara Yehovanın onları seçdiyini qəbul etmək çətin gəlir. Ola bilsin, onlar düşünürlər: «Allah nə üçün məni seçib?» Digərləri isə, ola bilsin, belə düşünməsinlər. Həvari Bulus məsh edilmək üçün seçilənlərlə nə baş verdiyini belə izah etmişdi: «Siz iman edəndən sonra Allah Məsih vasitəsilə sizi vəd edilmiş müqəddəs ruhla möhürlədi *. Bu ruh mirasımıza zəmanətdir» (Efes. 1:13, 14). Deməli, Yehova müqəddəs ruhu vasitəsilə bu məsihilərə tamamilə aydın edir ki, onları seçib. Müqəddəs ruhun fəaliyyəti sayəsində onlar zəmanət alırlar ki, gələcəkdə yer üzündə yox, göydə əbədiyyən yaşayacaqlar. (2 Korinflilərə 1:21, 22 ayələrini oxuyun.)

6. Məsh olunanlar mükafatlarını almaq üçün nə etməlidir?

6 Məsihinin məsh olunması, onun göylər mükafatını mütləq alacağı deməkdir? Xeyr. Məsihi göylər üçün seçildiyinə əmin olur. Lakin növbəti xəbərdarlığı unutmamalıdır: «Qardaşlar, buna görə də aldığınız dəvəti və Allah tərəfindən seçildiyinizi doğrultmaq üçün var qüvvənizlə çalışın. Bunu etsəniz, heç vaxt yıxılmayacaqsınız» (2 But. 1:10). Odur ki, məsh olunmuş məsihi Yehova tərəfindən seçilsə də, başqa sözlə, göylər dəvəti alsa da, mükafatı yalnız sadiq qaldığı təqdirdə alacaq (Filip. 3:12—14; İbr. 3:1; Vəhy 2:10).

İNSAN MƏSH OLUNDUĞUNU NECƏ BİLİR?

7. Məsh olunmuşlar göylər dəvəti aldıqlarını necə bilir?

7 Bəs insan göylər dəvəti aldığını necə bilir? Cavabı Bulusun Romada «müqəddəs olmaq üçün çağırılmış» kəslərə ünvanladığı sözlərdən görmək olar. O demişdi: «Bu ruh bizi kölə edib yenidən qorxuya salmır, bu ruhun vasitəsilə biz oğulluğa götürülürük və bu ruhun təşviqi ilə “Atacan, Ata!” — deyə çağırırıq. Bu ruh bizə təlqin edir ki, biz Allahın övladlarıyıq» (Rom. 1:7; 8:15, 16). Deməli, Yehova məsh olunmuşlara müqəddəs ruhun vasitəsilə aydın bildirir ki, onlar göylər dəvəti alıb (1 Salon. 2:12).

8. 1 Yəhya 2:20, 27 ayələrinə əsasən, nəyə görə məsh olunmuşlar kiminsə onların məsh olunduqlarını təsdiqləməsinə ehtiyac duymurlar?

8 Yehova göylər dəvəti alan kəslərin ağlında və ürəyində bircə şübhə yeri də qoymur. (1 Yəhya 2:20, 27 ayələrini oxuyun.) Əlbəttə, məsh olunmuş kəslər də hər bir kəs kimi, yığıncaq vasitəsilə Yehovadan təlim almalıdır. Lakin kiminsə onların məsh olunduqlarını təsdiqləməsinə ehtiyac duymurlar. Yehova kainatdakı ən güclü qüvvədən, Öz müqəddəs ruhundan istifadə edərək onlara tamamilə aydın şəkildə bildirir ki, onlar məsh olunublar!

ONLAR «YENİDƏN» DOĞULUR

9. Efeslilərə 1:18 ayəsinə əsasən, məsh olunan kəslərdə hansı dəyişiklik baş verir?

9 Bu gün Allahın xidmətçilərinin bir çoxu məsh olunan zaman insanla nə baş verdiyini anlamağa çətinlik çəkir. Bu normaldır, çünki onların özləri məsh olunmayıblar. Allah insanları göydə yox, yer üzündə əbədi yaşamaq üçün yaradıb (Yar. 1:28; Zəb. 37:29). Amma O, bəzilərini göydə yaşamaq üçün seçib. Buna görə də onları məsh edəndə ümidlərini və düşüncə tərzlərini köklü şəkildə dəyişir, belə ki, onlar artıq göydə yaşamağı arzulayırlar. (Efeslilərə 1:18 ayəsini oxuyun.)

10. «Yenidən doğulmaq» nə deməkdir? (Həmçinin haşiyəyə baxın.)

10 Kimsə müqəddəs ruhla məsh olunanda o, «yenidən», yaxud «yuxarıdan» doğulur *. İsa həmçinin vurğulamışdı ki, məsh olunmamış şəxsə «yenidən» doğulmağın, yaxud «ruhdan» doğulmağın nə olduğunu izah etmək mümkün deyil (Yəh. 3:3—8, haş.).

11. Kimsə məsh olunan zaman düşüncəsi necə dəyişir? İzah edin.

11 Məsh olunmuş məsihilərin düşüncə tərzində hansı dəyişiklik baş verir? Yehova onları məsh etməzdən öncə, onlar yer üzündə əbədi yaşamağa ümid edirdilər. Onlar Yehovanın bütün pislikləri məhv edəcəyi və yer üzünü cənnətə çevirəcəyi günü səbirsizliklə gözləyirdilər. Ola bilsin, ölən ailə üzvlərinin, yaxud dostlarının dirilməsini, onları necə qarşılayacaqlarını xəyallarında canlandırırdılar. Lakin məsh olunduqdan sonra onlar başqa cür düşünməyə başlayırlar. Nə üçün? Ona görə yox ki, yer üzündə əbədi yaşamaq artıq onlara maraqlı deyil. Onların düşüncəsinin dəyişməsinə səbəb həyatda çoxlu əzablarla üzləşmələri, güclü stress keçirmələri deyil. Onlar birdən-birə artıq yer üzündə yaşamağın darıxdırıcı olduğu qənaətinə gəlmirlər. Əksinə, Yehova Öz müqəddəs ruhu vasitəsilə onların düşüncə tərzini və ümidlərini dəyişir.

12. 1 Butrus 1:3, 4 ayələrinə əsasən, məsh olunmuşlar ümidləri barədə düşünəndə hansı hissləri keçirir?

12 Ola bilər ki, hansısa məsh olunmuş kəs özünü bu şərəfli dəvətə layiq bilməsin. Amma o, Yehova tərəfindən seçildiyinə bir an belə şübhə etmir. Göydə yaşamaq ümidi barədə düşünəndə qəlbi şükran və sevinclə aşıb-daşır. (1 Butrus 1:3, 4 ayələrini oxuyun.)

13. Məsh olunmuşlar yer üzü həyatlarına necə yanaşır?

13 Bəs bu, o deməkdirmi ki, məsh olunmuşlar ölməyi arzulayır? Həvari Bulus bu suala cavab vermişdi. O, öz cismani bədənini çadırla müqayisə edərək demişdi: «Bu çadırda olan bizlər ağır yük altında inildəyirik. Biz onu əynimizdən çıxarmaq yox, başqasına bürünmək istəyirik ki, həyat faniliyi yox etsin» (2 Kor. 5:4). Məsh olunmuşlar bu həyata maraqlarını itirərək, onu tez başa vurmağı arzulamırlar. Əksinə, onlar həyatdan həzz alır və hər günlərini ailələri və dostları ilə birgə Yehovaya xidmətdə keçirmək istəyirlər. Bununla belə, nə işlə məşğul olmalarından asılı olmayaraq, onlar bir an belə gələcəyə dair möhtəşəm ümidlərini unutmurlar (1 Kor. 15:53; 2 But. 1:4; 1 Yəh. 3:2, 3; Vəhy 20:6).

YEHOVA SİZİ MƏSH EDİB?

14. Nələr insanın müqəddəs ruhla məsh olunduğunu göstərmir?

14 Ola bilsin, siz də müqəddəs ruhla məsh olunub-olunmadığınızı düşünürsünüz. Onda növbəti vacib sualları nəzərdən keçirin: «Siz Yehovanın niyyətini icra etmək arzusu ilə alışıb-yanırsınız? Təbliğ işinə xüsusi can qoyduğunuzu düşünürsünüz? Müqəddəs Kitabı mütaliə etməyi və “Allahın dərin sirlərini” öyrənməyi çox sevirsiniz? (1 Kor. 2:10). Təbliğ işinizə Yehovanın xüsusi xeyir-dua verdiyini düşünürsünüz? Başqalarına ruhani dayaq olmağı özünüzə borc bilirsiniz? Həyatınızın bir çox sahələrində Yehovanın dəstəyini görmüsünüz?» Əgər bu suallara cavabınız «bəli»dirsə, bu, göylər dəvəti aldığınızı təsdiq edir? Xeyr, bu, belə deyil. Nə üçün? Çünki məsh olunub-olunmamasından asılı olmayaraq, Allahın bütün xidmətçiləri bu cür hisslər keçirə bilər. Yehova hər bir xidmətçisinə sahib olduğu ümiddən asılı olmayaraq, bu işləri görmək üçün eyni gücü verə bilər. Əslində, əgər siz müqəddəs ruhla məsh olunub-olunmadığınızı düşünürsünüzsə, elə bunun özü göstərir ki, siz məsh olunmamısınız. Yehova tərəfindən çağırılanların buna heç bir şübhəsi olmur! Onlar məsh olunduqlarına əmindirlər!

Yehova heyrətamiz işlər görmələri üçün İbrahim, Sara, Davud və vəftizçi Yəhyaya müqəddəs ruhu vasitəsilə güc vermişdi, amma bu ruh vasitəsilə onlara göydə yaşamaq ümidi verməmişdi (15 və 16-cı abzaslara baxın) *

15. Nəyə görə deyə bilərik ki, Allahdan müqəddəs ruh alanların hamısı göylər həyatı üçün seçilməyib?

15 Allahın Kəlamında müqəddəs ruh almış çoxlu mömin kişi və qadının nümunəsi var. Bununla belə, onlar göylər ümidinə malik deyildilər. Davudu müqəddəs ruh yönləndirirdi (1 İşm. 16:13). Müqəddəs ruh ona Yehova haqda dərin bilikləri anlamağa və Müqəddəs Kitabın bölmələrini yazmağa kömək etmişdi (Mark 12:36). Üstəlik, həvari Bulus da demişdi ki, Davud «göyə qalxmayıb» (Həv. 2:34). Vəftizçi Yəhya «müqəddəs ruhla» dolmuşdu (Luka 1:13—16). İsa Məsih demişdi ki, bəşər övladları arasında Yəhyadan böyüyü olmayıb, lakin o, səmavi Padşahlığa daxil olanların sırasında deyil (Mət. 11:10, 11). Yehova müqəddəs ruhu vasitəsilə bu şəxslərə möhtəşəm işlər görməyə güc versə də, onları göylər həyatı üçün seçməmişdi. Bu, onların göydə hakimiyyət sürmək üçün seçilənlərdən daha az imana sahib olduğu deməkdir? Xeyr. Bu, sadəcə olaraq o deməkdir ki, Yehova onları dirildəndə onlar yerüzü Cənnətdə yaşayacaqlar (Yəh. 5:28, 29; Həv. 24:15).

16. Yehovanın xidmətçilərinin böyük bir qismi hansı mükafatı səbirsizliklə gözləyir?

16 Bu gün Yehovanın yer üzündə yaşayan xidmətçilərinin böyük bir qismi göydə yaşamaq ümidinə malik deyil. İbrahim, Sara, Davud, vəftizçi Yəhya da daxil olmaqla, qədimdə yaşamış çox sayda kişi və qadın Allahın Padşahlığının yer üzünü idarə edəcəyi vaxtı gözləyirdi (İbr. 11:10).

17. Növbəti məqalədə hansı suallar araşdırılacaq?

17 Məsh olunmuşların bəziləri hələ də yer üzündə Allahın xalqı arasında olduğundan, ortaya bəzi suallar çıxır (Vəhy 12:17). Misal üçün, məsh olunmuşlar özləri haqda hansı fikirdə olmalıdır? Əgər yığıncağınızdan kimsə anma mərasimində simvollardan istifadə etməyə başlayarsa, həmin insanla necə rəftar etməlisiniz? Bəs məsh olunduğunu deyənlərin sayı artırsa, onda necə? Buna görə narahat olmalısınız? Bu suallara növbəti məqalədə cavab veriləcək.

^ abz. 5 Bizim eranın 33-cü ilinin Əllinci gün bayramından bəri Yehova bəzi məsihilərə möhtəşəm bir ümid bəxş edir. Bu, İsa Məsihlə birgə göydə hakimiyyət sürmək ümididir. Bəs bu məsihilər belə bir şərəfə layiq görüldüklərini necə anlayırlar? İnsan məsh olunanda nə baş verir? Məqalədə bu sualların cavabını tapacağıq. Bu məqalə «Gözətçi qülləsi»nin 2016-cı il yanvar sayında dərc olunan məqaləyə əsaslanır.

^ abz. 2 BƏZİ İFADƏLƏRİN İZAHI. Müqəddəs ruhla məsh olunmaq: Yehova İsa Məsihlə göydə hakimiyyət sürəcək şəxsi müqəddəs ruhundan istifadə edərək seçir. O, müqəddəs ruhu vasitəsilə həmin şəxsə gələcək həyatı ilə bağlı «zəmanət» verir (Efes. 1:13, 14). Bu məsihilər müqəddəs ruhun onlara göydə mükafat alacaqlarını təlqin etdiyini, başqa sözlə aydın bildirdiyini deyə bilirlər (Rom. 8:16).

^ abz. 5 BƏZİ İFADƏLƏRİN İZAHI. Möhürlənmə: Bu möhürlənmə sonuncu möhürlənmə deyil. Sadiq məsh olunmuşların sonuncu möhürlənməsi ya ölümündən bir qədər əvvəl, ya da böyük müsibətin başlanmasından öncə baş verir (Efes. 4:30; Vəhy 7:2—4). («Gözətçi qülləsi»nin 2016-cı il aprel sayında dərc olunmuş «Oxucuların sualları» rubrikasına baxın.)

^ abz. 10 «Yenidən doğulmaq» ifadəsinin nə demək olduğuna dair ətraflı məlumat almaq üçün «Gözətçi qülləsi»nin 2009-cu il 1 aprel sayının 3—12 səhifələrinə (rus.) baxın.

NƏĞMƏ 27 Allahın oğulları aşkara çıxır

^ abz. 57 ŞƏKLİN İZAHI: İmanımıza görə həbs olunmağımızdan, yaxud həqiqəti maneəsiz təbliğ edib, şagird hazırlamağımızdan asılı olmayaraq, Allahın Padşahlığının idarə edəcəyi vaxtı səbirsizliklə gözləyirik.