Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 5

Biz sizinlə gedəcəyik

Biz sizinlə gedəcəyik

«Biz də səninlə gedirik, çünki eşitmişik, Allah sizinlədir» (ZƏK. 8:23).

NƏĞMƏ 26 «Bunu mənim üçün etdiniz»

İCMAL *

Başqa qoyunlar («on adam») məsh olunmuşlarla («bir yəhudi») birgə Yehovaya xidmət etmək şərəfinə sahibdir (1 və 2-ci abzaslara baxın)

1. Yehova bizim dövrlə bağlı nə demişdi?

YEHOVA bizim dövrümüzlə bağlı öncədən demişdi: «O günlərdə bütün xalqlardan olan, müxtəlif dillərdə danışan on adam bir yəhudinin ətəyindən yapışıb deyəcək: “Biz də səninlə gedirik, çünki eşitmişik, Allah sizinlədir”» (Zək. 8:23). Burada «yəhudi» Yehovanın müqəddəs ruhla məsh etdiyi şəxsləri təmsil edir. Onlar həmçinin «Allahın İsraili» adlanır (Qal. 6:16). «On adam» isə yer üzündə əbədi yaşamaq ümidinə malik olan insanları təmsil edir. Onlar Allahın bu məsh olunmuşlardan ibarət qrupu seçdiyini bilir və onlarla birgə Allaha ibadət etməyi özlərinə şərəf sayırlar.

2. «On adam» hansı mənada məsh olunmuşlarla bir gedir?

2 Bu gün yer üzündə olan bütün məsh olunmuşların adını bilməyimiz mümkün olmasa da *, yer üzündə yaşamaq ümidi olanlar məsh olunmuşlarla bir gedə bilər. Hansı mənada? Müqəddəs Kitabda yazılıb ki, «on adam bir yəhudinin ətəyindən yapışıb deyəcək: “Biz də səninlə gedirik, çünki eşitmişik, Allah sizinlədir”». Ayədə bir yəhudidən danışılır. Lakin «sizinlədir» sözü bir yox, daha çox adama aid işləndiyindən, aydın olur ki, ayədə yəhudi deyilərkən, bir nəfər yox, məsh olunmuşlardan ibarət bütün qrup nəzərdə tutulur. Məsh olunmayan kəslər məsh olunmuşlarla birgə Yehovaya xidmət edir. Bununla belə, onlar məsh olunmuşlara rəhbərləri kimi yanaşmır, çünki Rəhbərlərinin İsa Məsih olduğunun fərqindədirlər (Mət. 23:10).

3. Bu məqalədə hansı sualların cavabını tapacağıq?

3 Bu gün Allahın xalqı arasında hələ də məsh olunmuşlar olduğundan, bəzi suallar yarana bilər: 1) Məsh olunmuşlar özləri haqda hansı fikirdə olmalıdır? 2) Anma mərasimində simvollardan qəbul edənlərə necə yanaşmalıyıq? 3) Simvollardan qəbul edənlərin sayının artması bizi narahat etməlidir? Məqalədə bu sualların cavabını tapacağıq.

MƏSH OLUNMUŞLAR ÖZLƏRİ HAQDA HANSI FİKİRDƏ OLMALIDIR?

4. Məsh olunmuşlar 1 Korinflilərə 11:27—29 ayələrindəki hansı xəbərdarlıq barədə ciddi düşünməlidir və nə üçün?

4 Məsh olunmuş məsihilər 1 Korinflilərə 11:27—29 ayələrindəki xəbərdarlığa çox ciddi yanaşmalıdır. (Ayələri oxuyun.) Necə ola bilər ki, məsh olunmuş kəs anma mərasimində «nalayiq tərzdə» iştirak etsin? Əgər həmin şəxs Allahın saleh normalarına uyğun yaşamadığı halda, simvollardan qəbul edərsə (İbr. 6:4—6; 10:26—29). Məsh olunmuşlar dərk edirlər ki, «Allahın Məsih İsa vasitəsilə verdiyi göylər dəvəti» mükafatını yalnız sadiq qaldıqları halda ala bilərlər (Filip. 3:13—16).

5. Məsh olunmuş məsihilər özləri haqda hansı fikirdə olmalıdır?

5 Yehovanın müqəddəs ruhu xidmətçilərinə təvazökar olmağa və qürurlanmamağa kömək edir (Efes. 4:1—3; Kol. 3:10, 12). Buna görə də məsh olunmuşlar özlərini başqalarından üstün hesab etmir. Onlar bilirlər ki, Yehova məsh olunmuşlara digər xidmətçilərindən daha artıq müqəddəs ruh bəxş etmir. Məsh olunmuşlar Müqəddəs Kitab həqiqətlərini başqalarına nisbətdə daha dərindən anladıqlarını düşünmürlər. Və onlar heç vaxt kiməsə «sən də məsh olunmusan və simvollardan qəbul etməlisən» demirlər. Əksinə, təvazökarlıqla qəbul edirlər ki, göylər həyatına dəvəti yalnız Yehova verir.

6. 1 Korinflilərə 4:7, 8 ayələrinə əsasən, məsh olunmuş məsihilər necə davranmalıdır?

6 Məsh olunmuşlar göylər dəvəti almağı böyük şərəf bilsələr də, özlərinə qarşı xüsusi münasibət gözləmirlər (Filip. 2:2, 3). Həmçinin bilirlər ki, Yehova onları məsh edən zaman bu haqda hamıya xəbər verməyib. Buna görə də kimsə məsh olunmuş şəxsin məsh olunduğuna dərhal inanmırsa bu, onu təəccübləndirmir. Axı Müqəddəs Kitabda yazılıb ki, Allahdan xüsusi məsuliyyət aldığını iddia edənlərə dərhal inanmaq lazım deyil (Vəhy 2:2). Məsihi özünə diqqət çəkmək istəmədiyi üçün ilk gördüyü adama məsh olunduğunu söyləməyəcək. Və sözsüz ki, məsh olunduğuna görə başqalarının önündə lovğalanmayacaq. (1 Korinflilərə 4:7, 8 ayələrini oxuyun.)

7. Məsh olunmuşlar nə etməkdən qaçacaq və nə üçün?

7 Məsh olunmuşlar, sanki xüsusi bir qrupun üzvləri kimi, sadəcə məsh olunmuşlarla vaxt keçirməli olduqlarını düşünmürlər. Onlar digər məsh olunmuşları tapmağa çalışaraq onlarla məsh olunmaları haqda söhbət etməyə, yaxud Müqəddəs Kitabı araşdırmaq üçün qrup yaratmağa can atmır (Qal. 1:15—17). Onlar bu kimi şeylər etsələr, yığıncaqda birlik olmaz. Bununla onlar bacı-qardaşlar arasında sülh və birlik yaratmağa kömək edən müqəddəs ruha qarşı çıxmış olarlar (Rom. 16:17, 18).

MƏSH OLUNMUŞLARA NECƏ YANAŞMALIYIQ?

Məsh olunmuşlara və bizə rəhbərlik edən digər qardaşlara məşhur şəxslər kimi yanaşmamalıyıq (8-ci abzasa baxın) *

8. Anma mərasimində simvollardan qəbul edən kəslərə qarşı nə üçün tarazlı münasibət bəsləməliyik? (Həmçinin haşiyəyə baxın.)

8 Məsh olunmuş bacı-qardaşlara necə yanaşmalıyıq? Hər hansı insana həddindən artıq heyranlıq duymaq düzgün olmazdı, hətta o, Məsihin məsh olunmuş qardaşı olsa belə (Mət. 23:8—12). Müqəddəs Kitab bizi ağsaqqalların «imanını örnək» götürməyə təşviq edir, amma bu, o demək deyil ki, biz hansısa insanı özümüzə rəhbər hesab etməliyik (İbr. 13:7). Düzdür, Müqəddəs Kitabda deyilir ki, bəziləri «ikiqat hörmətə layiq»dirlər. Amma məsh olunduqlarına görə yox, «yığıncağı yaxşı idarə» etdiklərinə, həmçinin Allahın sözünü cidd-cəhdlə danışdıqlarına və öyrətdiklərinə görə (1 Tim. 5:17). Məsh olunmuşları lüzumundan artıq tərifləsək və onlara hədsiz diqqət göstərsək, sıxıla bilərlər *. Hətta ən betəri, onların təkəbbürlənməsinə səbəb ola bilərik (Rom. 12:3). Heç birimiz məsh olunmuşlardan kiminsə bu kimi ciddi günah işləməsinə səbəb olmaq istəmərik (Luka 17:2).

9. Məsh olunmuşlara hörmət etdiyimizi necə göstərə bilərik?

9 Yehovanın məsh etdiyi kəslərə hörmət etdiyimizi necə göstərə bilərik? Onlara məsh olunmaları barədə şəxsi suallar verməməklə. Bu, şəxsi məsələ olduğundan bu barədə bilməyə haqqımız yoxdur (1 Salon. 4:11; 2 Salon. 3:11). Onların həyat yoldaşlarının, valideynlərinin və ailə üzvlərinin də məsh olunduğunu düşünməməliyik. İnsan göylər həyatına ümidi ailəsindən miras almır. Bu ümidi ona Allah verir (1 Salon. 2:12). Biz həmçinin başqalarını incidəcək suallar verməkdən də çəkinməliyik. Misal üçün, məsh olunmuş qardaşın həyat yoldaşına belə sual verməməliyik: «Ərin yanında olmadan yer üzündə əbədi yaşamaq ümidin haqda düşünəndə hansı hissləri keçirirsən?» Biz tam əmin ola bilərik ki, Yehova yeni dünyada «hər bir məxluqu istəyinə» çatdıracaq (Zəb. 145:16).

10. Şəxsiyyətə pərəstiş etməkdən qaçmaqla özümüzü nədən qorumuş oluruq?

10 Məsh olunmuşlara digərlərindən daha önəmli şəxslər kimi yanaşmasaq, özümüzü də qorumuş oluruq. Necə? Müqəddəs Kitabda deyilir ki, ola bilsin, bəzi məsh olunmuşlar sadiq qalmasın (Mət. 25:10—12; 2 But. 2:20, 21). Əgər bizdə şəxsiyyətə pərəstiş meyli yoxdursa, istər məsh olunmuş olsun, istər tanınmış, istərsə də Yehovaya uzun illərdir xidmət edən kəs, biz heç vaxt heç bir insanın ardınca getməyəcəyik. Və əgər onlar sədaqətsizlik göstərərsə, yaxud yığıncağı tərk edərsə, onda nə imanımız sarsılacaq, nə də xidmətimizi dayandıracağıq.

SİMVOLLARDAN QƏBUL EDƏNLƏRİN ARTMASI BİZİ NARAHAT ETMƏLİDİR?

11. Anma mərasimində simvollardan qəbul edənlərin sayında hansı dəyişiklik baş verib?

11 Uzun illər anma mərasimində simvollardan qəbul edənlərin sayı azalmağa doğru gedirdi. Amma son illərdə bu say hər il artır. Bəs bu bizi narahat etməlidir? Xeyr. Gəlin yadda saxlamalı olduğumuz bəzi əsas məqamlara nəzər yetirək.

12. Nə üçün anma mərasimində simvollardan qəbul edənlərin sayının artmasına görə narahat olmamalıyıq?

12 «Yehova Ona məxsus olanları tanıyır» (2 Tim. 2:19). Yehovadan fərqli olaraq, qardaşlar anma mərasimində simvollardan qəbul edənləri sayan zaman kimin həqiqətən də məsh olunduğunu bilmirlər. Buna görə də bu saya məsh olunduğunu hesab edən, əslində isə məsh olunmayan şəxslər də daxildir. Misal üçün, simvollardan qəbul edənlərin bəziləri sonradan bunu dayandırıblar. Digərləri isə, ola bilsin, əqli və ya emosional problemlərindən irəli gələrək Məsihlə birgə göydə hakimiyyət sürəcəklərinə inanır. Aydındır ki, biz yer üzündə qalan məsh olunmuşların dəqiq sayını bilmirik.

13. Böyük müsibət başlayanda yer üzündə nə qədər məsh olunmuşun olacağı ilə bağlı Müqəddəs Kitabda nəsə yazılıb?

13 İsa Məsih məsh olunmuşları göyə aparmaq üçün yer üzünə gələndə, dünyanın bir çox yerində məsh olunmuş olacaq (Mət. 24:31). Müqəddəs Kitaba əsasən, axırzamanda yer üzündə az sayda məsh olunmuş qalacaq (Vəhy 12:17). Lakin böyük müsibət başlayanda yer üzündə nə qədər məsh olunmuşun olacağı haqda orada heç nə deyilmir.

Anma mərasimində simvollardan qəbul edən kəslərə necə yanaşmalıyıq? (14-cü abzasa baxın)

14. Romalılara 9:11b, 16 ayələrinə əsasən, məsh olunmuşların seçimi barədə nəyi anlamalıyıq?

14 Yehova məsh olunmuşları nə zaman seçəcəyinə Özü qərar verir (Rom. 8:28—30). Yehova məsh olunmuşları İsa Məsihin dirilməsindən sonra seçməyə başladı. Görünür, birinci əsrdə bütün məsihilər məsh olunmuş idi. Növbəti əsrlərdə Məsihin davamçısı olduğunu iddia edənlərin əksəriyyəti onun ardınca getmirdi. Buna baxmayaraq, həmin illər ərzində Yehova həqiqi məsihi olan az sayda insanı məsh etmişdi. Onlar İsanın da dediyi kimi, alaq otları arasında böyüyən buğda kimi idilər (Mət. 13:24—30). Axırzamanda Yehova 144 000 nəfərə daxil olacaq kəsləri seçməyə davam edir *. Odur ki, Yehova son gəlməzdən əvvəl kimisə seçmək qərarına gəlirsə, biz Onun hikmətinə şəkk gətirməməliyik. (Romalılara 9:11b, 16 ayələrini oxuyun.) * Biz İsa Məsihin bir məsəlində təsvir olunan işçilər kimi davranmamalıyıq. Onlar Ağalarının işin qurtarmasına bir saat qalmış işləməyə başlayanlara qarşı münasibətinə görə şikayətlənirdilər (Mət. 20:8—15).

15. Mətta 24:45—47 ayələrində bəhs olunan «sadiq və ağıllı nökər» sinfinə bütün məsh olunmuşlar daxildir? İzah edin.

15 Göydə yaşamaq ümidinə malik olanların heç də hamısı «sadiq və ağıllı nökər» sinfinə aid deyil. (Mətta 24:45—47 ayələrini oxuyun.) Birinci əsrdə olduğu kimi, bu gün də Yehova və İsa Məsih bir neçə qardaş vasitəsilə çoxlarına qida verir, başqa sözlə, təlim verir. Birinci əsrdə yalnız az sayda məsh olunmuş İncilin yazılmasında iştirak etmişdi. Bu gün də Allahın xalqına «vaxtlı-vaxtında yemək vermək» işi yalnız az sayda məsh olunmuş məsihiyə həvalə olunub.

16. Bu məqalədən nə öyrəndiniz?

16 Bu məqalədən nə öyrəndik? Yehova xalqının böyük bir hissəsinə yer üzündə əbədi yaşamaq ümidini verib, İsa Məsihlə birgə göydə idarə etmək imkanını isə az sayda insana bəxş edib. Yehova xidmətçilərinin hamısını, həm «yəhudini», həm də «on adam»ı mükafatlandırır və onlardan eyni qanunlara əməl etməyi, sadiq qalmağı tələb edir. Onların hamısı təvazökar qalmalıdır. Hamısı Ona birlik içində xidmət etməlidir. Və hamısı yığıncaqdakı sülhü qorumağa çalışmalıdır. Sona doğru yaxınlaşdıqca, gəlin «bir sürüdə» birləşib Yehovaya xidmət etməyə və İsanın izləri ilə getməyə davam edək (Yəh. 10:16).

^ abz. 5 Bu il İsa Məsihin ölümünü anma mərasimi 7 aprel, çərşənbə axşamına təsadüf edir. Bu mərasimdə simvollardan qəbul edən şəxslərə necə yanaşmalıyıq? Simvollardan qəbul edənlərin sayının artması bizi narahat etməlidir? «Gözətçi qülləsi»nin 2016-cı il yanvar sayına əsaslanan bu məqalədə bu suallara cavab verilir.

^ abz. 2 Zəbur 87:5, 6 ayələrinə əsasən, ola bilsin, gələcəkdə Yehova İsa Məsihlə birgə göydə hakimiyyət sürəcək şəxslərin hamısının adını açıqlayacaq (Rom. 8:19).

^ abz. 8 «Gözətçi qülləsi»nin 2016-cı il yanvar sayının 27-ci səhifəsində yerləşən «Məhəbbət “nalayiq davranmır”» adlı çərçivəyə baxın.

^ abz. 14 Həvarilərin işləri 2:33 ayəsində müqəddəs ruhun İsa Məsih vasitəsilə töküldüyü deyilsə də, orada göstərilir ki, hər bir kəsi dəvət edən Yehovadır.

^ abz. 14 Ətraflı məlumat üçün «Gözətçi qülləsi»nin 2007-ci il 1 may sayının «Oxucuların sualları» rubrikasına (rus.) baxın.

NƏĞMƏ 34 Kamillik yolunda yeriyək

^ abz. 56 ŞƏKLİN İZAHI: Təsəvvür edin ki, bir toplantıda baş idarənin nümayəndəsi və həyat yoldaşı onların şəklini çəkməyə çalışan izdiham tərəfindən sıxışdırılır. Bu, onlara qarşı necə də hörmətsizlik olar!