Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 6

Səmavi Atamız bizə dərin məhəbbət bəsləyir

Səmavi Atamız bizə dərin məhəbbət bəsləyir

«Buna görə də bu cür dua edin: “Göylərdə olan Atamız”» (MƏT. 6:9).

NƏĞMƏ 135 Yehova nəvazişlə çağırır: «Oğlum, hikmətli ol»

İCMAL *

1. Fars şahının hüzuruna çıxmaq üçün nə tələb olunurdu?

TƏSƏVVÜR EDİN Kİ, siz 2500 il öncəki dövrdə Fars şahlığında yaşayırsınız. Ölkənin şahı ilə bir məsələ barədə danışmaq üçün onun iqamətgahının yerləşdiyi Şuş şəhərinə yola düşürsünüz. Rüsxət almadan şahın hüzuruna çıxmağı ağlınıza belə gətirmirsiniz. Axı bu sizin həyatınız bahasına başa gələ bilər (Əst. 4:11).

2. Yehova Onunla münasibətlərimizin necə olmasını istəyir?

2 Nə yaxşı ki, Yehova Allah həmin Fars şahı kimi deyil. Heç bir hökmdar gücdə-qüvvətdə Yehovaya tay ola bilməz, bununla belə, O, istənilən an bizi dinləməyə hazırdır. Yehova istəyir ki, biz Ona yaxınlaşmağa çəkinməyək. O, Ulu Yaradan, Külli-İxtiyar, Qüdrətli Hökmdar kimi ali sifətlərlə vəsf olunsa da, Ona səmimi şəkildə müraciət etməyimizi, «Ata» deməyimizi istəyir (Mət. 6:9). Yehovanın bizimlə sıx, isti münasibət qurmaq istəməsi necə də xoşdur!

3. Yehovaya nə üçün «Ata» deyə müraciət edə bilərik və bu məqalədə nəyi araşdıracağıq?

3 Yehovaya «Ata» deyə müraciət etməyimiz yerindədir, axı O bizə həyat bəxş edib (Zəb. 36:9). Atamız olduğu üçün Ona itaət etməliyik. Onun buyurduğu kimi davransaq, misilsiz nemətlər dadacağıq (İbr. 12:9). Bu nemətlərə ya göydə, ya da yer üzündə əbədi yaşamaq daxildir. İtaətkarlıq günü bu gün də bizə fayda gətirir. Məqalədən Yehovanın bir Ata kimi qayğımıza necə qaldığını və bizi heç vaxt tərk etməyəcəyinə nə üçün əmin ola biləcəyimizi öyrənəcəyik. Amma gəlin əvvəlcə müzakirə edək görək, Yehovanın bizi ürəkdən sevdiyinə və qayğımıza qaldığına nə üçün əmin ola bilərik.

YEHOVA MƏHƏBBƏTLİ VƏ QAYĞIKEŞ ATADIR

Qayğıkeş ata övladına yaxın olmaq istədiyi kimi, Yehova da bizə yaxın olmaq istəyir (4-cü abzasa baxın)

4. Nəyə görə bəziləri üçün Yehovaya Ata kimi yanaşmaq çətindir?

4 Yehovaya Ata kimi yanaşmaq sizin üçün çətindir? Bəziləri Yehovanın əzəməti qarşısında özlərini cılız və dəyərsiz hiss edir. Külli-İxtiyar Allahın onlarla şəxsən maraqlandığına inana bilmirlər. Amma məhəbbətli Allahımız Yehova belə düşünməyimizi istəmir. O bizə həyat verib və Onunla dostluq münasibəti qurmağımızı istəyir. Həvari Bulus da afinalılara bu həqiqəti vurğulayaraq bildirmişdi ki, Yehova «heç birimizdən uzaq deyil» (Həv. 17:24—29). Yehova istəyir ki, uşaq məhəbbətli və qayğıkeş valideyninə üz tutduğu kimi, biz də Ona üz tutaq.

5. Bir bacının hadisəsindən nə öyrənirik?

5 Bəziləri ata sevgisi ya az görüb, ya da ümumiyyətlə görməyib, buna görə də onlara Yehovanı bir Ata kimi qəbul etmək çətindir. Bir bacı demişdi: «Atam mənə qarşı çox kobud olub. Müqəddəs Kitabı öyrənməyə başlayanda Yehovaya Ata kimi yanaşmaq mənə çətin idi. Amma Onu tanıdıqca hər şey dəyişdi». Siz də nə vaxtsa bu cür hisslər keçirmisiniz? Əgər elədirsə, əmin ola bilərsiniz ki, zamanla siz də Yehovanın ən yaxşı Ata olduğunu görəcəksiniz.

6. Mətta 11:27 ayəsinə əsasən, Yehova hansı üsulla Ona qayğıkeş Ata kimi yanaşmağımıza kömək edir?

6 Yehova müxtəlif üsullardan istifadə edərək Ona qayğıkeş Ata kimi yanaşmağımıza kömək edir. Misal üçün, O, İsa Məsihin söz və davranışlarını Müqəddəs Kitaba yazdırıb. (Mətta 11:27 ayəsini oxuyun.) İsa Yehovanın xüsusiyyətlərini elə mükəmməl əks etdirirdi ki, hətta belə demişdi: «Məni görən Atanı da görüb» (Yəh. 14:9). İsa Məsih Yehovanın Ata kimi daşıdığı rolu barədə tez-tez danışırdı. Təkcə dörd Müjdəyə nəzər salsaq, İsanın Yehovaya təxminən 165 dəfə «Ata» deyə müraciət etdiyini görə bilərik. İsa nə üçün Yehovaya tez-tez «Ata» deyə müraciət edirdi? Səbəblərdən biri insanları Yehovanın məhəbbətli Ata olduğuna əmin etmək idi (Yəh. 17:25, 26).

7. Oğlu ilə rəftarından Yehova haqda nə öyrənə bilərik?

7 Yehovanın Oğlu ilə rəftarından da Onun haqda çox şey öyrənə bilərik. Yehova İsanın dualarını həmişə dinləyirdi. Hətta nəinki dinləyirdi, həmçinin onlara cavab verirdi (Yəh. 11:41, 42). İsa istənilən sınaq zamanı Yehovanın dəstəyini və sevgisini hiss edirdi (Luka 22:42, 43).

8. Yehova İsanın qayğısına necə qalırdı?

8 İsa başa düşürdü ki, həyatı və yaşamaq üçün lazım olan hər şeyi ona Yehova bəxş edib. Buna görə də demişdi: «Onun sayəsində yaşayıram» (Yəh. 6:57). İsa Atasına tam güvənirdi, Yehova da onu yaşamaq üçün zəruri olan hər bir şeylə təmin edirdi. Ən önəmlisi isə Yehova İsanın ruhani tələbatlarını ödəyirdi (Mət. 4:4).

9. Yehovanın İsaya qayğıkeş Ata olduğu nədən görünür?

9 Yehova qayğıkeş Ata kimi İsaya əminlik vermişdi ki, ona arxa-dayaqdır (Mət. 26:53; Yəh. 8:16). Yehova onu bütün əzablardan qorumasa da, dözməyə kömək edirdi. İsa əmin idi ki, çəkəcəyi istənilən əzab müvəqqəti olacaq (İbr. 12:2). Yehova İsanın qayğısına qaldığını onu dinləməklə, lazımi şeylərlə təmin etməklə, öyrətməklə və ona dayaq olmaqla göstərirdi (Yəh. 5:20; 8:28). Yehova eyni tərzdə bizim də qeydimizə qalır. Gəlin bunu necə etdiyinə nəzər salaq.

QAYĞIKEŞ ATAMIZ QEYDİMİZƏ NECƏ QALIR?

Məhəbbətli ata övladına 1) qulaq asır, 2) onun tələbatlarını təmin edir, 3) ona tərbiyə verir və 4) onu qoruyur. Bizi sevən səmavi Atamız da bizim qayğımıza bu cür qalır (10—15 abzaslara baxın) *

10. Zəbur 66:19, 20 ayələrinə əsasən, Yehova bizə sevgisini necə göstərir?

10 Yehova dualarımızı dinləyir. (Zəbur 66:19, 20 ayələrini oxuyun.) Yehova dualarımızın sayına məhdudiyyət qoymur, əksinə, bizi dönə-dönə dua etməyə təşviq edir (1 Salon. 5:17). Biz Yehovaya istənilən vaxt və istənilən yerdə hörmətcil tərzdə dua edə bilərik. O, həmişə bizə vaxt ayırmağa hazırdır və bizi diqqətlə dinləyir. Yehovanın dualarımızı dinlədiyini biləndə Ona məhəbbətimiz daha da artır. Məzmurçu demişdi: «Yehovanı sevirəm, çünki eşidir səsimi» (Zəb. 116:1).

11. Yehova dualarımıza necə cavab verir?

11 Yehova sadəcə dualarımızı dinləmir, həm də onlara cavab verir. Həvari Yəhya demişdi: «Onun iradəsinə müvafiq nə diləyiriksə, O eşidir» (1 Yəh. 5:14, 15). Ola bilsin, Yehova dualarımıza bizim gözlədiyimiz tərzdə cavab verməsin. Çünki bizim üçün nəyin daha yaxşı olduğunu bilir və buna görə də bəzən duamıza ya «yox» cavabı verir, ya da «gözlə» deyir (2 Kor. 12:7—9).

12, 13. Səmavi Atamız bizi nələrlə təmin edir?

12 Yehova bizi zəruri şeylərlə təmin edir. O, bütün atalardan tələb etdiyi kimi davranır (1 Tim. 5:8). Yehova övladlarının maddi tələbatlarını ödəyir. O, qidaya, geyimə, yaxud harada yaşayacağımıza görə narahat olmağımızı istəmir (Mət. 6:32, 33; 7:11). Yehova qayğıkeş Ata kimi, hətta gələcək tələbatlarımız üçün də tədbir görüb.

13 Ən əsası isə, Yehova bizim ruhani tələbatlarımızı ödəyir. O, Kəlamı vasitəsilə Özü, niyyəti, həyatın mənası və gələcək haqda həqiqəti əyan edir. Həqiqəti öyrənməyə başlayandan bizimlə şəxsən maraqlanıb, valideynlərimiz və ya bizi öyrədən kəslərin vasitəsilə Onu tanımağımıza kömək edib. Yehova qayğıkeş ağsaqqallar və yetkin bacı-qardaşlar vasitəsilə bizə bu sahədə kömək etməyə davam edir. Üstəlik, yığıncaqlarda ruhani ailəmizlə birgə təlim alırıq. Yehova bu və digər yollarla hər birimizə ata qayğısı göstərir (Zəb. 32:8).

14. Yehova bizi nə üçün tərbiyələndirir və bunu necə edir?

14 Yehova bizə təlim verir. İsa Məsihdən fərqli olaraq, biz qeyri-kamilik. Buna görə də Yehova təliminin bir hissəsi olaraq yeri gələndə bizə tərbiyə verir. Onun Kəlamında deyilir: «Yehova kimi sevirsə, onu tərbiyə edir» (İbr. 12:6, 7). Yehova bizi müxtəlif yollarla tərbiyələndirir. Misal üçün, Kəlamından oxuduğumuz və yığıncaqda eşitdiyimiz fikirlər vasitəsilə səhvlərimizi görüb, düzəldə bilərik. Yaxud da ola bilsin, lazım olan kömək ağsaqqallardan gəlsin. Yehova bizi hansı yollarla tərbiyə edir-etsin, bunu həmişə məhəbbətdən irəli gələrək edir (Ərm. 30:11).

15. Yehova bizi necə qoruyur?

15 Yehova sınaqlar zamanı bizə dayaq olur. Çətin anlarında övladlarına dayaq olan qayğıkeş ata kimi, səmavi Atamız çətinliklərimiz zamanı bizə dayaq olur. O, müqəddəs ruhundan istifadə edərək bizi ruhani zərərdən qoruyur (Luka 11:13). Yehova həmçinin ruhdan düşdüyümüz zaman bizə dayaq olur. Misal üçün, bizə möhtəşəm ümid bəxş edir. Gələcəyə olan bu ümid sınaqlara dözməyə kömək edir. Çünki bilirik ki, başımıza nə gəlir-gəlsin, məhəbbətli Atamız bizə əzab verən istənilən yaranı tamamilə sağaldacaq. Üzləşdiyimiz istənilən sınaq müvəqqətidir, Yehovanın verdiyi nemətlər isə əbədidir (2 Kor. 4:16—18).

ATAMIZ HEÇ VAXT BİZİ ATMAYACAQ

16. Adəm səmavi Atasına itaətsizlik edəndə nə baş verdi?

16 Yehovanın bizi sevdiyini Onun yerüzü ailəsində yaranan ilk problemi necə həll etməsindən görmək olar. Adəm səmavi Atasına itaətsizlik etməklə həm özü, həm də gələcək övladları üçün Yehovanın xoşbəxt ailəsindəki yeri itirdi (Rom. 5:12; 7:14). Buna rəğmən, Yehova Adəmin gələcək övladlarına kömək etmək üçün tədbir gördü.

17. Adəmin üsyanından dərhal sonra Yehova nə etdi?

17 Yehova Adəmi cəzalandırdı, lakin onun övladlarını ümidsiz qoymadı. O, dərhal vəd verdi ki, itaətkar bəşəriyyəti Öz ailəsinə geri qaytaracaq (Yar. 3:15; Rom. 8:20, 21). Bunu əziz Oğlu İsa Məsihin fidyə qurbanlığı sayəsində mümkün etdi. Oğlunu uğrumuzda qurban verməsi Yehovanın bizi dərin məhəbbətlə sevdiyinin sübutudur (Yəh. 3:16).

Məhəbbətli Atamız Yehovadan uzaq düşmüşüksə, amma tövbə etmişiksə, əmin ola bilərik ki, O bizi qəbul etməyə hazırdır (18-ci abzasa baxın)

18. Nəyə görə əmin ola bilərik ki, Yehovadan uzaq düşsək belə, bizi övladı kimi qəbul etməyə hazırdır?

18 Qeyri-kamil olsaq da, Yehova ailəsinin bir üzvü olmağımızı istəyir və heç vaxt bizə yük kimi yanaşmır. Yehovanı məyus edəndə, yaxud Ondan uzaq düşəndə bizdən əlini üzmür. İsa Məsih Yehovanın bir Ata kimi bizi nə qədər çox sevdiyini göstərmək üçün itmiş oğul məsəlini çəkmişdi (Luka 15:11—32). Məsəldəki ata övladının nə vaxtsa geri qayıdacağına ümidini heç vaxt itirmir. Oğlu evə geri dönəndə atası onu böyük sevinclə qarşılayır. Biz də məhəbbətli Atamız Yehovadan uzaq düşmüşüksə, amma tövbə etmişiksə, əmin ola bilərik ki, O bizi qəbul etməyə hazırdır.

19. Yehova Adəmin günahı ucbatından bəşəriyyətə dəyən zərəri necə aradan qaldıracaq?

19 Səmavi Atamız Adəmin günahı ucbatından bəşəriyyətə dəyən bütün zərəri aradan qaldıracaq. Adəmin üsyanından sonra Yehova qərara gəldi ki, insanlar arasından 144 000 nəfəri övladlığa götürsün və onlar Oğlu ilə birgə göydə padşah və kahin kimi xidmət etsinlər. Yeni dünyada İsa Məsih və onun hakimiyyət şərikləri itaətkar bəşəriyyətə kamilliyə yetişməyə kömək edəcək. İtaətkarlıqları sonuncu dəfə sınanandan sonra Yehova onlara əbədi həyat bəxş edəcək. Həmin vaxt Atamız kamil oğul və qızlarının bütün dünyanı bürüdüyünə baxıb fərəhlənəcək. Bu, çox möhtəşəm bir dövr olacaq!

20. Yehova bizə məhəbbət bəslədiyini necə göstərib və növbəti məqalədə nədən danışacağıq?

20 Yehova bizi ürəkdən sevdiyini sübut edib. O, mükəmməl Atadır. Yehova dualarımızı dinləyir, həm ruhani, həm də maddi cəhətdən bizi təmin edir. O bizi öyrədir, bizə dayaq olur. Həmçinin gələcəkdə bizə möhtəşəm nemətlər bəxş edəcək. Atamızın bizi sevdiyini və qayğımıza qaldığını bilmək könlümüzü sevinclə doldurur! Növbəti məqalədə bir övlad kimi Onun məhəbbətinə necə qarşılıq verə biləcəyimizdən danışacağıq.

NƏĞMƏ 108 Allahın sevgisi

^ abz. 5 Allah bizim üçün Yaradan, kainatın Hökmdarıdır. Amma Ona məhəbbətli və qayğıkeş Ata kimi yanaşmağa da çoxlu səbəblərimiz var. Məqalədə bu səbəblər, həmçinin Yehovanın bizi heç vaxt tərk etməyəcəyinə nə üçün əmin ola biləcəyimiz araşdırılır.

^ abz. 59 ŞƏKİLLƏRİN İZAHI: Şəkillərin dördündə də ata və övladı təsvir olunub: ata oğlunu diqqətlə dinləyir; ata qızına yemək verir; ata oğlunu öyrədir; ata oğlunu ovudur. Bu dörd səhnənin arxa fonunda Yehovanın əli təsvir olunub; Yehova da eyni tərzdə bizim qayğımıza qalır.