Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 9

Qoy Yehova sizi ovutsun

Qoy Yehova sizi ovutsun

«Fikirlər məni çulğayanda mənə təsəlli verib ovutdun» (ZƏB. 94:19).

NƏĞMƏ 44 Məzlumun duası

İCMAL *

1. Nələr narahatlığımıza səbəb ola bilər və bizdə hansı fikir yarana bilər?

NƏ VAXTSA narahatlıq * keçirmisiniz? Bəlkə də, kiminsə sözü və ya hərəkəti sizi incidib. Yaxud da dediyiniz və ya etdiyiniz şeyə görə pis olmusunuz. Məsələn, ola bilsin, hansısa səhvə yol vermisiniz və narahatsınız ki, Yehova sizi heç vaxt bağışlamayacaq. Üstəlik, bu qədər narahatlıq keçirdiyinizə görə özünüzü qınayıb düşünə bilərsiniz ki, bu, imanınızın zəif olduğunu, pis insan olduğunuzu göstərir. Bəs bu, doğrudanmı belədir?

2. Narahatlıq keçirməyin imanımızın zəifliyindən xəbər vermədiyinə dair Müqəddəs Kitabda hansı nümunələr var?

2 Gəlin Müqəddəs Kitabdan bir neçə nümunəyə nəzər salaq. İşmuil peyğəmbərin anası Hənnə böyük iman sahibi idi. Buna baxmayaraq, ailəsinin bir üzvü onunla pis rəftar etdiyi üçün Hənnə kədərə qərq olmuşdu (1 İşm. 1:7). Həvari Bulusun güclü imanı var idi, bununla belə, o, «yığıncaqların fikrini çəkir», güclü narahatlıq keçirirdi (2 Kor. 11:28). Davud padşahın imanı o qədər güclü idi ki, Yehovanın xüsusi rəğbətini qazanmışdı (Həv. 13:22). Lakin səhvlərə də yol vermişdi və bu səhvlərə görə iztirab çəkirdi (Zəb. 38:4). Yehova bu bəndələrinin hər üçünə təsəlli vermiş, onları ovutmuşdu. Gəlin görək onların nümunəsindən nə öyrənə bilərik.

MÖMİN QADIN HƏNNƏNİN NÜMUNƏSİ

3. Kimsə sözü ilə bizi incidəndə hansı hisslər keçirə bilərik?

3 Kimsə bizimlə kobud danışanda, yaxud nəzakətsizlik edəndə daxilimizdə narahatlıq baş qaldırır. Üstəlik, həmin adam yaxın dostumuz, yaxud qohumumuzdursa, narahat oluruq ki, birdən münasibətlərimiz korlanar. Bəzən kimsə düşünmədən elə sözlər deyir ki, sanki bizə qılınc zərbəsi vurur (Məs. 12:18). Və yaxud da kimsə bizi incitmək üçün qəsdən nə isə deyir. Bir gənc bacı bu cür problemlə üzləşmişdi. O deyir: «Bir neçə il bundan əvvəl yaxşı rəfiqə hesab etdiyim bir nəfər haqqımda sosial şəbəkələrdə yalanlar yaymağa başladı. Bu, çox xətrimə dəymişdi, pis olmuşdum. Mənə nə üçün arxadan zərbə vurduğunu anlaya bilmirdim». Əgər siz də yaxın dostunuz, yaxud qohumunuz tərəfindən zərbə almısınızsa, Hənnənin nümunəsi sizə kömək edə bilər.

4. Hənnənin hansı böyük çətinlikləri var idi?

4 Hənnənin böyük çətinlikləri var idi. Uzun illər idi ki, uşağı olmurdu (1 İşm. 1:2). İsraildə sonsuz qadına Allahın lənətinə düçar olmuş insan kimi baxırdılar. Buna görə Hənnə özünü alçaldılmış hiss edirdi (Yar. 30:1, 2). Onun dərdinə dərd qatan başqa bir şey də var idi: oğul-uşaq sahibi olan Fəninə adlı günüsü. Fəninə Hənnəni qısqanırdı və «onu ələ salıb dilxor edirdi» (1 İşm. 1:6). Əvvəl-əvvəl Hənnə bu çətinliklərin öhdəsindən gələ bilmirdi. O qədər məyus olurdu ki, «ağlayır və çörək yemirdi». Hənnə «çox kədərli idi» (1 İşm. 1:7, 10). Bəs o, təsəllini necə tapdı?

5. Dua Hənnəyə necə kömək etdi?

5 Hənnə dua edib ürəyini Yehovaya boşaltdı. Sonra vəziyyəti baş kahin Əliyə danışdı. Əli cavabında ona dedi: «Salamat get, qoy İsrailin Allahı səni muradına çatdırsın». Bu, nə ilə nəticələndi? Hənnə «getdi və yemək yedi. Artıq onun çöhrəsində kədər olmadı» (1 İşm. 1:17, 18). Dua Hənnənin ürəyinə təskinlik verdi.

Qədimdə yaşamış Hənnənin nümunəsi bizə qəlb rahatlığı tapmağa necə kömək edə bilər? (6—10 abzaslara baxın)

6. Hənnədən və Filippililərə 4:6, 7 ayələrindən dua haqda nə öyrənə bilərik?

6 Daima dua etsək, ürəyimiz rahatlıq tapar. Hənnə səmavi Atasına xeyli dua etmişdi (1 İşm. 1:12). Biz də narahatlığımız, qorxu və zəifliklərimiz barədə Yehova ilə uzun-uzun danışa bilərik. Dualarımızı bədii şəkildə ifadə etməyə, yaxud sözlərimizi inci kimi düzməyə gərək yoxdur. Hətta hərdən elə olur ki, ürəyimizin dərdini Yehovaya danışarkən qəhər bizi boğur, sözlərimiz boğazımızda düyünlənib qalır. Hər bir halda, Yehova heç vaxt bizi dinləməkdən yorulmur. Problemlərimiz barədə dua etməklə yanaşı, Filippililərə 4:6, 7 ayələrindəki məsləhəti də unutmamalıyıq. (Ayələri oxuyun.) Bu ayələrdə həvari Bulus şükran, minnətdarlıq duaları etməyin vacibliyini xüsusilə vurğulayır. Yehovaya təşəkkür etmək üçün o qədər səbəbimiz var ki! Misal üçün, bizə həyat verdiyinə, yaratdığı gözəlliklərə, məhəbbətinə, bəxş etdiyi ümidə görə minnətdarlığımızı bildirə bilərik. Hənnədən daha nə öyrənmək olar?

7. Hənnə ilə əri müntəzəm olaraq nə edirdi?

7 Hənnə çətinliklərinə baxmayaraq, Yehovaya ibadət etmək üçün əri ilə birgə müntəzəm olaraq Şiloya gedirdi (1 İşm. 1:1—5). Elə Şilodakı məbəddə baş kahin Əli Hənnəni ruhlandırıb, duasına cavab alacağına ümid etdiyini söyləmişdi (1 İşm. 1:9, 17).

8. İbadət görüşlərimiz bizə necə kömək edə bilər? İzah edin.

8 İbadət görüşlərində daima iştirak etsək, ürəyimiz rahatlıq tapar. Görüşün əvvəlində dua edən qardaşlar adətən Allahın müqəddəs ruhunun bizimlə olmasını diləyir. Müqəddəs ruhun bəhrəsinin bir hissəsi sülhdür (Qal. 5:22). Narahatlığımıza baxmayaraq, ibadət görüşlərində iştirak edəndə Yehovanın və dindaşlarımızın bizi ruhlandırmaq, ürəyimizdə və fikirlərimizdə yenidən sülhün, qəlb rahatlığının olmasına kömək etmək imkanı olur. Dua və ibadət görüşləri Yehovanın qəlbimizi ovutmaq üçün istifadə etdiyi əsas üsullardandır (İbr. 10:24, 25). Gəlin görək Hənnədən daha nə öyrənə bilərik.

9. Hənnənin vəziyyətində nə dəyişmədi, bəs nə dəyişdi?

9 Hənnənin narahatlığına səbəb olan problem dərhal həll olunmadı. Məbəddə ibadət edib qayıdandan sonra o, yenə də Fəninə ilə eyni evdə yaşamaq məcburiyyətində idi. Üstəlik, Müqəddəs Kitabın heç bir yerində Fəninənin ona olan münasibətinin dəyişdiyi yazılmayıb. Demək ki, Hənnə hələ də günüsünün tənəli sözlərinə tuş gəlirdi. Lakin o, bir də məyusluğa qərq olmadı. Xatırlayırsınızsa, məsələni Yehovanın öhdəsinə buraxandan sonra Hənnə daha narahat olmurdu. O, Yehovaya etibar etmişdi və Ondan təsəlli və qəlb-rahatlığı almışdı. Bir müddət sonra isə Yehova Hənnənin duasına cavab olaraq, ona övlad bəxş etdi! (1 İşm. 1:19, 20; 2:21).

10. Hənnənin hadisəsindən nə öyrənirik?

10 Problemlərimiz həll olunmasa belə, ürəyimizdəki rahatlığı qoruya bilərik. Ola bilsin, müntəzəm dua etməyimizə və daima ibadət görüşlərində iştirak etməyimizə baxmayaraq, bəzi problemlərimiz hələ də həll olunmur. Lakin Hənnənin hadisəsindən gördüyümüz kimi, heç nə Yehovanın bizə təsəlli verib ovutmasına mane ola bilməz. Yehova bizi heç vaxt unutmaz, O, gec-tez bizim sədaqətimizi mükafatlandıracaq (İbr. 11:6).

HƏVARİ BULUSUN NÜMUNƏSİ

11. Həvari Bulusun hansı çətinlikləri var idi?

11 Həvari Bulusun narahatlığına səbəb ola biləcək çox şey var idi. Misal üçün, o, bacı-qardaşları o qədər sevirdi ki, üzləşdikləri çətinliklərə görə daima onların fikrini çəkirdi (2 Kor. 2:4; 11:28). Bundan əlavə, həvari olaraq ona tapşırılmış işi görərkən təqiblərə məruz qalırdı, döyülür və həbs edilirdi. O, həyatda başqa əziyyətlər də çəkmişdi, məsələn, kasıbçılığın nə olduğunu bilirdi (Filip. 4:12). Onun azı üç dəfə gəmi qəzasına düşdüyünü nəzərə alsaq, hər dəfə gəmiyə minəndə nə qədər narahatlıq keçirdiyini təsəvvür etmək olar (2 Kor. 11:23—27). Bəs Bulusa nə kömək etmişdi?

12. Nələr Bulusun narahatlığını azaltmışdı?

12 Həvari Bulus bacı-qardaşların üzləşdiyi problemlərə görə narahatlıq keçirsə də, onların problemlərini özü həll etməyə çalışmırdı. Bulus təvazökar insan idi. O, yığıncaq üzvlərinə kömək etməyi başqalarına tapşırırdı. Misal üçün, o, Timuti və Titus kimi etibarlı qardaşlara çoxlu məsuliyyətlər həvalə etmişdi. Şübhəsiz ki, bu qardaşların gördüyü işlər Bulusun narahatlığını azaldırdı (Filip. 2:19, 20; Tit. 1:1, 4, 5).

Həvari Bulusun nümunəsindən gördüyümüz kimi, narahatlığa qərq olmamaq üçün nə edə bilərik? (13—15 abzaslara baxın)

13. Ağsaqqallar həvari Bulusdan necə örnək ala bilər?

13 Başqalarından kömək istəyin. Həvari Bulus kimi, bu gün də bir çox şəfqətli ağsaqqal çətinliklərlə üzləşən dindaşlarına görə narahat olur. Lakin bir ağsaqqal bütün yığıncağa kömək edə bilməz. Təvazökarlıq sayəsində qardaş daşıdığı yükü başqa məsul qardaşlarla bölüşəcək və gənc qardaşlara Allahın əmanət etdiyi sürünün qeydinə qalmağı öyrədəcək (2 Tim. 2:2).

14. Həvari Bulus nədən narahat deyildi və ondan nə öyrənə bilərik?

14 Təsəlliyə ehtiyac duyduğunuzu qəbul edin. Bulus təvazökar insan idi və ruhlanmağa ehtiyac duyduğunu başa düşürdü. O, dostlarından aldığı təsəlliyə görə kiminsə onu zəif hesab edəcəyindən narahat olmurdu. Filimona məktubunda yazmışdı: «Qardaşım, sənin məhəbbətin barədə eşitmək mənə böyük sevinc və təsəlli gətirdi» (Flm. 7). Bulus çətin anlarda ona dayaq olan başqa dindaşlarının da adını çəkmişdi (Kol. 4:7—11). Biz də təvazökarlıq göstərib, ruhlanmağa ehtiyac duyduğumuzu etiraf etsək, bacı-qardaşlarımız böyük məmnuniyyətlə bizə lazımi dəstəyi göstərəcək.

15. Həvari Bulus həyatının gərgin dönəmində təsəllini necə alırdı?

15 Allahın Kəlamına bel bağlayın. Həvari Bulus Allahın Kəlamının ona təsəlli verəcəyini bilirdi (Rom. 15:4). Həmçinin bilirdi ki, ilahi kəlmələr ona istənilən sınağa sinə gərmək üçün hikmət verəcək (2 Tim. 3:15, 16). Romada ikinci dəfə həbsdə olarkən Bulus ölümünün yaxınlaşdığını hiss edirdi. Belə bir gərgin vəziyyətdə o, nə etmişdi? Bulus Timutidən tez bir zamanda onun yanına gəlməsini və «tumarları» da gətirməsini xahiş etmişdi (2 Tim. 4:6, 7, 9, 13). Nə üçün? Ehtimal ki, bunlar Tövratın bəzi hissələri idi və Bulus onları fərdi mütaliəsi üçün istəmişdi. Bulus kimi, biz də müntəzəm olaraq Allahın Kəlamını araşdırsaq, Yehova hətta ən ağır çətinliyimizdə belə, Kəlamı vasitəsilə bizi ovunduracaq.

DAVUD PADŞAHIN NÜMUNƏSİ

Davud padşahın nümunəsindən gördüyümüz kimi, ciddi günah işləyəndə bizə nə kömək edə bilər? (16—19 abzaslara baxın)

16. Davud padşah günahı ucbatından hansı hisslər keçirirdi?

16 Davud padşah günahı ucbatından vicdan əzabı çəkirdi. O, Badsəba ilə zina etmişdi, onun ərini öldürtmüşdü və bir müddət əməllərini ört-basdır etmişdi (2 İşm. 12:9). Davud əvvəl-əvvəl vicdanını susdurmağa çalışırdı. Bu, nəinki onun Yehova ilə münasibətlərini korladı, hətta ona fiziki və emosional zərbə vurdu (Zəb. 32:3, 4). Davud nəyin sayəsində çəkdiyi iztirablardan qurtula bildi? Bəs ciddi günaha yol vermişiksə, bizə nə kömək edə bilər?

17. Zəbur 51:1—4 ayələrindən Davudun dərin peşmanlıq çəkdiyi necə görünür?

17 Dua edib əfv diləyin. Nəhayət, Davud Yehovaya üz tutub dua etdi. Dərin peşmanlıq hissi ilə günahlarını etiraf etdi. (Zəbur 51:1—4 ayələrini oxuyun.) Və yenidən qəlb rahatlığı duydu! (Zəb. 32:1, 2, 4, 5). Əgər ciddi günaha yol vermisinizsə, onu gizlətməyə çalışmayın. Əksinə, dua edib günahınızı Yehovaya etiraf edin. Onda günahınız ucbatından çəkdiyiniz vicdan əzabı azalacaq. Amma Yehova ilə dostluğunuzu bərpa etmək istəyirsinizsə, dua etmək kifayət deyil.

18. Davud düzəlişə necə yanaşdı?

18 Düzəlişi qəbul edin. Yehova Natan peyğəmbəri Davudun günahını ifşa etməyə göndərəndə Davud nə özünə haqq qazandırdı, nə də günahının ciddiliyini azaltmağa çalışdı. O, Badsəbanın ərinə qarşı, ən əsası isə Yehovaya qarşı günah işlədiyini dərhal boynuna aldı. Davud Yehovanın verdiyi tərbiyəni qəbul etdi, Yehova da onu bağışladı (2 İşm. 12:10—14). Əgər ciddi günaha yol vermişiksə, Yehovanın bizə rəhbərlik etməyə təyin etdiyi kəslərlə danışmalıyıq (Yaq. 5:14, 15). Özümüzə bəraət qazandırmağa çalışmamalıyıq. Bizə verilən düzəlişi nə qədər tez qəbul edib ona uyğun davransaq, sevinc və qəlb rahatlığını da bir o qədər tez duyacağıq.

19. Biz nəyə qətiyyətli olmalıyıq?

19 Çalışın eyni səhvləri təkrarlamayasınız. Davud padşah bilirdi ki, eyni səhvləri təkrarlamamaq üçün Yehovanın köməyinə ehtiyacı var (Zəb. 51:7, 10, 12). Yehova onu bağışladıqdan sonra, Davud yanlış fikir və arzulardan uzaq durmağa qətiyyətli idi. Nəticədə, o, yenidən qəlb rahatlığı tapdı.

20. Yehovanın əfvini dəyərləndirdiyimizi necə göstərə bilərik?

20 Yehovanın əfvini dəyərləndirdiyimizi necə göstərə bilərik? Dua edib Yehovadan əfv diləməklə, düzəlişi qəbul etməklə və səhvimizi təkrarlamamaq üçün əlimizdən gələni etməklə. Beləcə, qəlb rahatlığı tapacağıq. Ciddi günaha yol vermiş Ceyms adlı bir qardaş bunun həqiqət olduğunu təsdiqləyir. O deyir: «Günahımı ağsaqqallara etiraf edəndə, elə bil çiynimdən ağır yük götürüldü. Yenidən qəlb rahatlığı duymağa başladım». Nə xoşdur ki, «Yehova qəlbisınıqlara yaxındır, pərişan insanları azad edir»! (Zəb. 34:18).

21. Yehovanın bizə təsəlli verib ovutması üçün nə etməliyik?

21 Bu şər dünyanın sonuna çox az qaldığı üçün narahatlığımıza səbəb olan şeylər get-gedə artacaq. Nəyəsə görə narahatlıq keçirəndə yubanmadan Yehovadan kömək istəyin. Müqəddəs Kitabı yaxşıca araşdırın. Hənnədən, Bulusdan və Davuddan nümunə götürün. Narahatlığınıza səbəb olan şeyləri ayırd edə bilməyiniz üçün Yehovaya dua edin (Zəb. 139:23). Qayğı yükünüzü, xüsusilə də həlli sizin əlinizdə olmayan qayğılarınızı Ona həvalə edin. Belə etsəniz, Yehovaya həmd söyləyən məzmurçunun hisslərini siz də keçirəcəksiniz. O demişdi: «Fikirlər məni çulğayanda mənə təsəlli verib ovutdun» (Zəb. 94:19).

NƏĞMƏ 4 «Yehova qayğıkeş Çobanımdır»

^ abz. 5 Bəzən hər birimiz üzləşdiyimiz problemlərə görə narahatlıq keçiririk. Bu məqalədə çoxlu narahatlıq keçirmiş üç Müqəddəs Kitab personajının nümunəsinə nəzər salacağıq. Həmçinin Yehovanın onların hər birinə necə təsəlli verib ovutduğunu öyrənəcəyik.

^ abz. 1 BƏZİ İFADƏLƏRİN İZAHI: Narahatlıq insanın keçirdiyi həyəcan, təşviş hissidir. Maddi çətinlik, sağlamlıqla bağlı problemlər, ailədəki çətinliklər, yaxud da şəxsi problemlər narahatlığımıza səbəb ola bilər. Həmçinin keçmişdə etdiyimiz səhvlər və ya gələcəkdə üzləşə biləcəyimiz çətinliklər ucbatından narahatlıq keçirə bilərik.