Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 11

Vəftiz olunmağa hazırsınız?

Vəftiz olunmağa hazırsınız?

«Vəftiz... xilas edir» (1 BUT. 3:21).

NƏĞMƏ 28 Yehovanın dostu olaq

İCMAL *

1. Ev tikməyə başlamazdan öncə nə etmək lazımdır?

ÖZÜNƏ ev tikmək istəyən bir nəfəri təsəvvür edin. O, necə bir ev tikmək istədiyini bilir. Bəs nə etməlidir, dərhal lazım olan materialları alıb evi tikməyə başlamalıdır? Xeyr. Tikintiyə başlamazdan öncə o, vacib bir işi görməlidir — evin ona neçəyə başa gələcəyini hesablamalıdır. Çünki evi tikib qurtarmaq üçün əlində kifayət qədər pulunun olub-olmadığını müəyyən etməlidir. Məsrəfləri qabaqcadan hesablasa, evi tikib başa çatdıra biləcək.

2. Luka 14:27—30 ayələrinə əsasən, vəftiz olunmazdan öncə nələri yaxşıca götür-qoy etməlisiniz?

2 Ola bilsin, Yehovanı sevdiyiniz, Ona minnətdar olduğunuz üçün vəftiz olmaq barədə düşünürsünüz. Onda ev tikmək istəyən həmin adam kimi, siz də müəyyən şeyləri götür-qoy etməlisiniz. Nəyə görə? Gəlin İsa Məsihin Luka 14:27—30 ayələrində dediyi sözlərə diqqət yetirək. (Ayələri oxuyun.) İsa bu ayələrdə onun şagirdi olmağın nə demək olduğunu izah edir. Onun davamçısı olmaq üçün biz «məsrəfləri» qarşılamağa — çətinliklərə dözməyə və qurbanlar verməyə hazır olmalıyıq (Luka 9:23—26; 12:51—53). Odur ki, vəftiz olunmazdan öncə Məsihin şagirdi olmağa nələrin daxil olduğu barədə yaxşıca düşünməlisiniz. Beləcə, vəftiz olunduqdan sonra Yehovaya xidmətinizi sədaqətlə davam etdirə biləcəksiniz.

3. Bu məqalədə nəyi araşdıracağıq?

3 Bəs Məsihin şagirdi olmaq üçün çətinliklərə dözməyə, qurbanlar verməyə dəyər? Əlbəttə, dəyər! Vəftiz həm indi, həm də gələcəkdə alacağınız sonsuz nemətlərə qapı açır. Gəlin vəftizlə bağlı bəzi vacib sualları nəzərdən keçirək. Bu, vəftizə hazır olub-olmadığınızı müəyyən etməyə kömək edəcək.

HƏSROLUNMA VƏ VƏFTİZ HAQDA NƏLƏRİ BİLMƏLİSİNİZ?

4. a) Həsrolunma nədir? b) Mətta 16:24 ayəsindəki «özünü inkar» etmək ifadəsinin mənası nədir?

4 Həsrolunma nədir? Vəftizdən öncə həsr olunmalısınız. Həsr olunan insan Yehovaya səmimi-qəlbdən dua edərək ömürboyu Ona xidmət edəcəyini deyir. Yehovaya həsr olunan zaman siz bir növ özünüzü «inkar» edirsiniz. (Mətta 16:24 ayəsini oxuyun.) Həmin andan etibarən siz Yehovaya məxsus olursunuz. Bu isə böyük şərəfdir (Rom. 14:8). Duada bildirirsiniz ki, bundan sonra sizin üçün ən önəmlisi öz istəklərinizi həyata keçirmək yox, Ona ibadət etmək olacaq. Həsrolunma Yehova ilə bağladığınız əhddir. Yehova bizi belə bir əhd verməyə məcbur etmir. Amma bu əhdi vermişiksə, ona bağlı qalmağımızı gözləyir (Zəb. 116:12, 14).

5. Həsrolunma ilə vəftiz bir–birilə necə bağlıdır?

5 Həsrolunma ilə vəftiz bir–birilə necə bağlıdır? Həyatınızı Yehovaya həsr edəndə bunu Yehova ilə sizdən başqa heç kəs bilmir, siz bunu təklikdə edirsiniz. Vəftiz isə insanların qarşısında və adətən böyük toplantılarda icra olunur. Vəftiz olunmaqla göstərirsiniz ki, artıq özünüzü Yehovaya həsr etmisiniz *. Beləcə, hamı açıq-aydın görür ki, Yehovanı bütün qəlbinizlə, bütün varlığınızla, bütün ağlınızla və var gücünlə sevirsiniz və əbədiyyət boyu Ona xidmət etməyə qəti qərarlısınız (Mark 12:30).

6, 7. 1 Butrus 3:18—22 ayələrinə əsasən, hansı iki səbəbə görə vəftiz olunmaq mütləqdir?

6 Vəftiz olunmaq mütləqdir? Gəlin 1 Butrus 3:18—22 ayələrinə diqqət yetirək. (Ayələri oxuyun.) Necə ki gəmi Nuh peyğəmbərin iman sahibi olduğunu göstərirdi, eləcə də, vəftiz sizin Yehovaya həsr olunduğunuza əyani sübutdur. Bəs vəftiz olunmaq mütləqdir? Əlbəttə! Həvari Butrus vəftizin vacibliyini izah etmişdi. Əvvəla, vəftiz «xilas edir». Əgər biz İsaya, onun bizim uğrumuzda öldüyünə, sonra göyə qalxdığına və hal-hazırda Allahın sağında əyləşdiyinə inandığımızı göstərən addımlar atmışıqsa, vəftiz bizi xilas edə bilər.

7 İkincisi, vəftiz olunmaqla «təmiz vicdan»a sahib oluruq. Özümüzü Yehovaya həsr edib vəftiz olunanda Yehova ilə aramızda xüsusi münasibətlər yaranır. Səmimi-qəlbdən tövbə etdiyimizə və fidyəyə iman gətirdiyimizə görə Yehova günahlarımızı bağışlayır. Bunun sayəsində Onun önündə təmiz vicdana sahib oluruq.

8. Vəftiz olunmağa təşviq edən əsas səbəb nə olmalıdır?

8 Vəftiz olunmağa sizi nələr təşviq etməlidir? Müqəddəs Kitabı yaxşı-yaxşı araşdırmağınız sayəsində Yehova haqda, Onun xüsusiyyətləri və yolları haqda çox şey öyrənmisiniz. Öyrəndikləriniz könlünüzü oxşayıb, Ona sevginizi artırıb. Sizi vəftiz olunmağa təşviq edən əsas səbəb məhz Yehovaya sevgi olmalıdır.

9. Mətta 28:19, 20 ayələrində deyildiyi kimi, «Ata, Oğul və müqəddəs ruh adı ilə» vəftiz olunmaq nə deməkdir?

9 Vəftiz olunmağa sizi təşviq edən digər səbəb Müqəddəs Kitabdan öyrənib iman gətirdiyiniz həqiqətlərdir. Gəlin görək İsa şagird hazırlamaq tapşırığını verəndə nə demişdi. (Mətta 28:19, 20 ayələrini oxuyun.) İsanın sözlərinə əsasən, «Ata, Oğul və müqəddəs ruh adı ilə» vəftiz olunmaq lazımdır. Bu, nə deməkdir? Siz Yehova, İsa Məsih və müqəddəs ruhla bağlı Müqəddəs Kitab həqiqətlərinə bütün ürəyinizlə inanmalısınız. Bu həqiqətlər böyük qüvvəyə malikdir və ürəyinizin dərinliyinə işləyə bilər (İbr. 4:12). Gəlin bunlardan bəzilərinə baxaq.

10, 11. Səmavi Atamız barədə hansı həqiqətləri öyrənib iman gətirmisiniz?

10 Səmavi Atamız barədə öyrəndiyiniz həqiqətləri yadınıza salın. Öyrənmişdiniz ki, Onun «adı Yehova»dır, dünyada tək O, ucadır, «dünyadakı bütün səltənətlərin Allahı tək» Odur (Zəb. 83:18; Əşy. 37:16). Bizim Yaradanımızdır, qurtuluş Ondadır (Zəb. 3:8; 36:9). Bizi günah və ölümün əsarətindən azad etmək üçün tədbir görüb, bizə əbədi həyat ümidi verib (Yəh. 17:3). Həsr olunub vəftiz olunmağınız Yehovanın Şahidi olduğunuzu göstərəcək (Əşy. 43:10—12). Siz Allahın adını daşımaqdan qürur duyan və bu adı başqalarına bəyan edən ümumdünya ailənin bir hissəsi olacaqsınız (Zəb. 86:12).

11 Müqəddəs Kitabda Yehova barədə yazılanları anlamaq böyük xoşbəxtlikdir! Bu dəyərli həqiqətlərə iman gətirəndə ürəyinizdə özünüzü Yehovaya həsr edib vəftiz olunmaq istəyi oyanacaq.

12, 13. Oğul haqda hansı həqiqətləri öyrənib iman gətirmisiniz?

12 Oğul haqda növbəti həqiqətləri öyrənəndə hansı hissləri keçirmişdiniz? Öyrənmisiniz ki, İsa Yehovadan sonra ikinci qüdrətli varlıqdır. O, özünü bizdən ötrü fidyə verib. Fidyəyə iman gətirdiyimizi əməldə göstərsək, günahlarımız bağışlanacaq, Allaha daha yaxın olacağıq və əbədi həyat qazanacağıq (Yəh. 3:16). İsa Baş kahinimizdir. O, fidyədən faydalanmağımız və Allahla sıx münasibətlərə sahib olmağımız üçün bizə kömək etmək istəyir (İbr. 4:15; 7:24, 25). İsa Məsih Allahın Padşahlığının Padşahıdır. Yehova məhz Onun vasitəsilə Öz adını ucaldacaq, pisliyə son qoyacaq və tezliklə yerüzü Cənnətdə bizə tükənməz nemətlər bəxş edəcək (Mət. 6:9, 10; Vəhy 11:15). O bizim üçün nümunədir (1 But. 2:21). İsa həyatını Yehovanın iradəsini yerinə yetirməyə həsr etməkdə bizə gözəl örnəkdir (Yəh. 4:34).

13 Müqəddəs Kitabdan Allahın əziz oğlu İsa Məsih barədə həqiqətləri öyrənib iman gətirəndə ona məhəbbətiniz yaranır. Bu məhəbbət sizi onun kimi Allahın iradəsini yerinə yetirmək üçün yaşamağa təşviq edir. Bu da sizdə özünüzü Yehovaya həsr edib vəftiz olunmaq istəyi yaradır.

14, 15. Müqəddəs ruh haqda hansı həqiqətləri öyrənib iman gətirmisiniz?

14 Müqəddəs ruh haqda növbəti həqiqətləri öyrənəndə hansı hissləri keçirmişdiniz? Öyrənmişdiniz ki, müqəddəs ruh ruhani varlıq deyil, Allahın fəal qüvvəsidir. Yehova müqəddəs ruhdan Öz Kəlamını yazdırmaq üçün istifadə edib və bu ruh orada yazılanları başa düşüb əməl etməyə kömək edir (Yəh. 14:26; 2 But. 1:21). Müqəddəs ruhun vasitəsilə Yehova bizə «insan gücündən üstün olan güc» verir (2 Kor. 4:7). Bu ruh bizə xoş xəbəri təbliğ etməyə, nəfsimizə üstün gəlməyə, ruh düşkünlüyü ilə mübarizə aparmağa və sınaqlara tab gətirməyə güc verir. Həmçinin ruhun bəhrəsinə daxil olan gözəl xüsusiyyətləri təzahür etdirməyə kömək edir (Qal. 5:22). Yehova Öz müqəddəs ruhunu Ona etibar edənlərə və bu ruhu səmimi-qəlbdən diləyənlərə səxavətlə verir (Luka 11:13).

15 Bəli, Yehovanın xidmətçisi kimi xidmətdə müqəddəs ruhun köməyinə arxalana bilərik. Bunu bilmək bizə qol-qanad verir! Müqəddəs ruh haqqında həqiqətləri qəbul edəndə özünüzü Yehovaya həsr edib vəftiz olunmaq istəyəcəksiniz.

16. Araşdırdığımız məqamlardan nə öyrəndiniz?

16 Özünüzü Yehovaya həsr edib vəftiz olunmaq qərarına gələndə həyatınızın ən vacib addımını atmış olursunuz. Bu məqalədən öyrəndiniz ki, «məsrəfləri» qarşılamağa, yəni çətinliklərə dözməyə və qurbanlar verməyə hazır olmalısınız. Lakin alacağınız nemətlər verəcəyiniz qurbanlardan qat-qat artıq olacaq. Vəftiz sayəsində həyatınızı xilas edə və Yehovanın qarşısında təmiz vicdana sahib ola bilərsiniz. Sizi vəftiz olunmaq qərarını verməyə təşviq edən başlıca səbəb Yehova Allaha olan məhəbbətiniz olmalıdır. Həmçinin Ata, Oğul və müqəddəs ruh haqqında öyrəndiyiniz həqiqətlərə bütün qəlbinizlə inanmalısınız. Araşdırdığımız məqamları nəzərə alaraq, nə deyərdiniz, vəftiz olunmağa hazırsınız?

VƏFTİZDƏN ÖNCƏ NƏ ETMƏLİSİNİZ?

17. Vəftizə aparan bəzi addımlar hansılardır?

17 Vəftiz olunmağa hazır olduğunuzu düşünürsünüzsə, deməli, Yehova ilə yaxşı münasibətlərə sahib olmaq üçün müəyyən addımlar atmısınız *. Müntəzəm olaraq Müqəddəs Kitab dərsləri aldığınız üçün Yehova və İsa Məsih haqqında çox şey öyrənmisiniz. Öyrəndiklərinizə iman gətirmisiniz (İbr. 11:6). Yehovanın vədlərinə tamamilə etibar edirsiniz və İsa Məsihin fidyə qurbanlığına iman gətirməyin sizi günah və ölümdən qurtara biləcəyinə inanırsınız. Günahlarınıza görə tövbə etmisiniz, yol verdiyiniz səhvlərə görə ürəkdən peşmansınız və Yehovadan əfv diləmisiniz. Həyatınızda dəyişikliklər etmisiniz; pis həyat tərzinizi büsbütün geridə qoyub Allahı razı salan tərzdə yaşamağa başlamısınız (Həv. 3:19). Böyük həvəslə etiqadınızı başqaları ilə bölüşməyə çalışırsınız. Vəftiz olunmamış təbliğçi kimi yığıncaqla əməkdaşlıq edirsiniz (Mət. 24:14). Bu mühüm addımları atdığınız üçün Yehova sizinlə qürur duyur. Siz Onun qəlbini sevindirmisiniz! (Məs. 27:11).

18. Vəftiz olunmazdan öncə daha hansı addımları atmalısınız?

18 Vəftiz olunmazdan öncə atmalı olduğunuz başqa addımlar da var. Öyrəndiyiniz kimi, özünüzü Yehovaya həsr etməlisiniz. Təklikdə Ona səmimi-qəlbdən dua edib söz verin ki, bundan sonra həyatınızı Onun iradəsini yerinə yetirməyə həsr edəcəksiniz (1 But. 4:2). Daha sonra ağsaqqallar şurasının koordinatoruna yaxınlaşıb vəftiz olunmaq istədiyinizi bildirin. O, digər ağsaqqallardan xahiş edəcək ki, sizinlə söhbət etsinlər. Narahat olmayın, o qardaşlar artıq sizi tanıyır və sevirlər. Onlar sizinlə Müqəddəs Kitabın əsas təlimlərini müzakirə edəcəklər. Qardaşlar müəyyən etmək istəyirlər ki, siz bu təlimləri, eləcə də həsrolunmanın və vəftizin vacibliyini başa düşürsünüz, ya yox. Əgər onlar sizi vəftizə hazır bilsələr, növbəti toplantıda vəftiz oluna biləcəyinizi deyəcəklər.

VƏFTİZDƏN SONRA NƏ ETMƏLİSİNİZ?

19, 20. Vəftizdən sonra nə etməlisiniz və bunu necə edə bilərsiniz?

19 Vəftizdən sonra nə etməlisiniz? * Unutmayın ki, həsrolunma Yehova ilə bağladığınız əhddir və Yehova bu əhdə sadiq qalmağınızı gözləyir. Odur ki, vəftizdən sonra da əhdinizə uyğun yaşamalısınız. Bu, nə deməkdir?

20 Yığıncaqla əməkdaşlıq edin. Vəftiz olunmaqla siz ümumdünya «qardaşlığı»n bir hissəsi olursunuz (1 But. 2:17). Yığıncaqdakı bacı-qardaşlar sizin ruhani ailənizdir. Yığıncaqlara müntəzəm gəlmək dindaşlarınızla münasibətlərinizi möhkəmləndirəcək. Allahın Kəlamını hər gün mütaliə edib dərinliyinə varın (Zəb. 1:1, 2). Oxuduğunuz parçanın mənası üzərində düşünməyə vaxt ayırın. Onda oxuduqlarınız ürəyinizə təsir edəcək. «Daima dua edin» (Mət. 26:41). Səmimi dualarınız sizi Yehovaya daha da yaxınlaşdıracaq. «Padşahlığı... hər şeydən üstün tutun» (Mət. 6:33). Bunu təbliğ işini həyatınızda birinci yerə qoymaqla göstərə bilərsiniz. Müntəzəm təbliğ etməyin sayəsində imanınız möhkəm qalacaq və başqalarına da əbədi həyata aparan yolda yeriməyə kömək edə biləcəksiniz (1 Tim. 4:16).

21. Vəftiz olunmaq qarşınızda hansı imkanları açır?

21 Özünüzü Yehovaya həsr edib vəftiz olunmaq qərarınız həyatda verdiyiniz ən vacib qərardır. Düzdür, müəyyən qurbanlar verməli olacaqsınız. Bəs görəsən buna dəyər? Əlbəttə! Bu dünyada üzləşdiyiniz istənilən çətinliklər «qısamüddətli və yüngül»dür (2 Kor. 4:17). Vəftiz olunmaqla isə siz həm indi mənalı həyat sürəcək, həm də gələcəkdə əsl həyata qovuşacaqsınız (1 Tim. 6:19). Odur ki, dua edib bu sual üzərində yaxşıca düşünün: «Vəftiz olunmağa hazıram?»

NƏĞMƏ 50 Həsr duası

^ abz. 5 Vəftiz olunmaq barədə düşünürsünüz? Elə isə, bu məqalə məhz sizin üçün yazılıb. Məqalədə vəftizə dair mühüm suallar araşdırılır. Bu suallara cavabınız vəftiz olunmağa hazır olub-olmadığınızı müəyyən etməyə kömək edəcək.

^ abz. 19 Əgər «Müqəddəs Kitab təlimləri» və «Allahın məhəbbətindən heç vaxt ayrılmayaq» kitablarını hələ bitirməmisinizsə, hər iki kitabı qurtarana qədər dərsi davam etdirməlisiniz.