Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 24

«Ürəyimi bütöv et ki, adından qorxum»

«Ürəyimi bütöv et ki, adından qorxum»

«Ürəyimi bütöv et ki, adından qorxum. Yehova Allahım, bütün qəlbimlə Səni ucaldıram» (ZƏB. 86:11, 12).

NƏĞMƏ 7 Yehova gücümüz, qüvvətimiz

İCMAL *

1. Allah qorxusu nədir və nəyə görə Yehovanı sevənlərdə bu qorxu olmalıdır?

MƏSİHİLƏR Allahı həm sevir, həm də Ondan qorxur. Bəziləri bu iki anlayışın bir-birinə zidd olduğunu düşünə bilər. Lakin söhbət insanda vahimə doğuran qorxudan getmir. Bu məqalədə qorxunun xüsusi növündən danışacağıq. Bu cür qorxuya sahib olan insan Allaha dərin ehtiram bəsləyir, Ona ürəkdən hörmət edir. O, səmavi Atasını narazı salmaq istəmir, çünki Onunla dostluq münasibətlərinin korlanmasından ehtiyat edir (Zəb. 111:10; Məs. 8:13).

2. Davud padşahın Zəbur 86:11 ayəsində yazılmış sözləri əsasında hansı iki məqamı araşdıracağıq?

2 Zəbur 86:11 ayəsini oxuyun. Bu sözlərdən aydın görünür ki, Davud padşah Allah qorxusunun vacib olduğunu anlayırdı. Gəlin onun duada dediyi sözləri necə tətbiq edə biləcəyimizi nəzərdən keçirək. İlk növbədə, Allahın adından nə üçün qorxmalı olduğumuzu araşdıracağıq. İkincisi, Allahdan qorxduğumuzu həyatımızın hər sahəsində necə göstərə biləcəyimizi müzakirə edəcəyik.

NƏYƏ GÖRƏ YEHOVANIN ADI QORXU HASİL ETMƏLİDİR?

3. Güman ki, hansı hadisə Musa peyğəmbərə Allah qorxusunu qorumağa kömək etmişdi?

3 Gəlin bir hadisəni xatırlayaq. Musa peyğəmbər qayanın yarığında çöməlib oturmuşdu. Bu vaxt Yehovanın calalı onun qarşısından keçir. Peyğəmbərin bu zaman hansı hisslər keçirdiyini təsəvvür etmək olar. Bu, qorxu hasil edən bir görüntü idi; İsa Məsihin yaşadığı dövrə qədər, bəlkə də, heç kəs belə bir görüntü görməmişdi. Musa peyğəmbər növbəti sözləri eşidir, görünür, bu sözləri mələk deyirdi: «Yehova, Yehova, rəhmli və mərhəmətli, səbirli, məhəbbəti bol, həqiqəti əngin olan Allah. Minlərcə nəsillərə məhəbbət göstərən, təqsiri, asiliyi və günahları bağışlayan... Allah» (Çıx. 33:17—23; 34:5—7). Yəqin ki, Musa peyğəmbər Yehovanın adını çəkəndə bu hadisəni xatırlayırdı. Görünür, elə buna görə o, sonralar İsrail xalqına Yehova Allahın «əzəmətli, zəhmli adından» qorxmağın vacibliyini vurğulamışdı (Qan. 28:58).

4. Ürəyimizdə Allah qorxusu hasil etməyə nə kömək edə bilər?

4 Yehovanın adı haqda düşünəndə bu adın kimə məxsus olduğunun da fərqinə varmalıyıq. Onun güc, hikmət, ədalət və məhəbbət kimi xüsusiyyətləri haqda düşünməliyik. Yehovanın bu və digər xüsusiyyətləri üzərində düşünmək ürəyimizdə Allah qorxusu hasil etməyə kömək edə bilər (Zəb. 77:11—15).

5, 6. a) Allahın adının mənası nədir? b) Çıxış 3:13, 14 və Əşiya 64:8 ayələrinə əsasən, Yehova niyyətini hansı yollarla həyata keçirir?

5 Allahın adının mənası barədə nə bilirik? Bir çox alimlərin qənaətinə görə, Yehova adı «olmasına səbəb olur» mənasını verir. Bu bizə xatırladır ki, heç bir şey Yehovaya niyyətini həyata keçirməyə mane ola bilməz və Onun üçün hər şey mümkündür. Necə?

6 Yehova niyyətinin həyata keçməsi ilə əlaqədar lazımi şeylərin olmasına səbəb olur. (Çıxış 3:13, 14 ayələrini oxuyun.) Nəşrlərimizdə tez-tez Allahın bu heyrət doğuran xüsusiyyətinə diqqət yetirməyə təşviq olunuruq. Yehova həmçinin qeyri-kamil insanları da Ona xidmət etməsi və niyyətini həyata keçirməsi üçün lazım olan kəs etməyə qadirdir. (Əşiya 64:8 ayəsini oxuyun.) Bu yollarla Yehova niyyətinin icra olunmasına səbəb olur. Heç bir şey Ona niyyətində olan şeyi həyata keçirməyə mane ola bilməz (Əşy. 46:10, 11).

7. Səmavi Atamıza minnətdarlığımızı necə artıra bilərik?

7 Səmavi Atamızın gördüyü işlər barədə və Onun sayəsində nələrə qabil olduğumuz barədə düşünməklə Ona minnətdarlığımızı artıra bilərik. Misal üçün, yaradılış möcüzələri haqda düşünəndə Yehovanın nələri var etdiyinə, nələrə qadir olduğuna heyran oluruq (Zəb. 8:3, 4). Eləcə də, Yehovanın iradəsini yerinə yetirməyimiz üçün bizi nələrə qabil etdiyi barədə düşünəndə ürəyimizdə Ona qarşı dərin ehtiram yaranır. Yehova adı, həqiqətən də, qorxu hasil edir! Bu ad səmavi Atamızın necə bir varlıq olduğunu, Onun bu günə qədər gördüyü bütün işləri və gələcəkdə görəcəyi işləri ehtiva edir (Zəb. 89:7, 8).

«YEHOVANIN ADINI BƏYAN EDƏRƏM»

Musa peyğəmbərin öyrətdikləri xalqı ruhlandırmışdı. Öyrətdikləri əsas etibarilə Allahın adı və xüsusiyyətləri ilə bağlı idi (8-ci abzasa baxın) *

8. Qanunun təkrarı 32:2, 3 ayələrinə əsasən, Yehova adına necə yanaşmağımızı istəyir?

8 İsraillilər Vəd edilmiş diyara daxil olmaq üzrə idi. Yehova Musa peyğəmbərə bir nəğmə öyrətdi (Qan. 31:19). Peyğəmbər də bu nəğməni xalqa öyrətməli idi. (Qanunun təkrarı 32:2, 3 ayələrini oxuyun.) İkinci və üçüncü ayələrdən aydın görünür ki, Yehova Öz adının gizli qalmasını, yaxud adını dilimizə gətirməklə bu adın müqəddəsliyinə xələl yetirdiyimizi fikirləşməyimizi istəmir. Yehova istəyir ki, bütün xilqət Onun adını bilsin! Musa peyğəmbərin Yehova və Onun ehtişamlı adı haqda dediklərini eşitmək İsrail xalqı üçün necə də böyük şərəf idi! Bitkiləri suvaran narın yağış kimi, peyğəmbərin öyrətdiyi nəğmə də, xalqı möhkəmləndirdi və ruhlandırdı. Verdiyimiz təlimlərin insanlara bu cür təsir etməsi üçün nə edə bilərik?

9. Yehovanın adının müqəddəs tutulmasına necə töhfə verə bilərik?

9 Ev-ev təbliğ edəndə, yaxud ictimai şahidlik verəndə Müqəddəs Kitabdan insanlara Allahın adının Yehova olduğunu göstərə bilərik. Həmçinin onlara Yehova Allahı ucaldan maraqlı nəşrlər vermək, videolar göstərmək, eləcə də onları saytımızdakı materiallarla tanış etmək olar. İşdə, məktəbdə, yaxud yol gedəndə əziz Allahımız və Onun bəyəndiyi şeylər haqda danışmaq üçün fürsət axtara bilərik. Qarşılaşdığımız insanlara Yehovanın bəşəriyyətlə və yer üzü ilə bağlı necə gözəl niyyəti olduğu barədə danışmaqla onlara Allahı tamamilə yeni yöndən tanımağa kömək edə bilərik. Məhəbbətli Yaradanımız haqda həqiqətləri insanlara öyrədəndə Onun adının müqəddəs tutulmasına töhfəmizi veririk. Onlara Allahın adına atılan yalan və böhtanları görməyə kömək edirik. Biz insanlara Allah haqda ən təravətləndirici təlimləri öyrədirik (Əşy. 65:13, 14).

10. Nəyə görə Müqəddəs Kitab dərsi keçdiyimiz insanlara Allahın saleh qanun və normalarını öyrətmək kifayət deyil?

10 Biz Müqəddəs Kitab dərsi keçdiyimiz insanların Yehovanın adını bilməsini və bu adı çəkməyə başlamasını istəyirik. Bundan əlavə, Yehovanı yaxından tanımalarına kömək etmək istəyirik. Bəs onlara sadəcə olaraq Allahın göstərişlərini, buyruqlarını, nəyin səhv, nəyin düz olduğunu öyrətməklə buna nail ola bilərik? Ola bilsin, yaxşı şagird Allahın qanunlarını öyrənəcək, hətta onlara valeh olacaq. Bəs o, Yehovanın varlığına aşiq olub, Ona məhəbbətdən irəli gələrək itaət edəcək? Həvvanı xatırlayaq. O, Yehovanın qanununu yaxşı bilirdi, amma Ona məhəbbəti kifayət qədər deyildi. Eyni şeyi Adəm haqda da demək olar (Yar. 3:1—6). Odur ki, insanlara Allahın saleh qanun və normalarını öyrətmək kifayət deyil.

11. Şagirdə Allahın qanunlarını və normalarını öyrədən zaman Qanunverəni sevməsinə necə kömək edə bilərik?

11 Yehovanın qanunları və normaları həmişə bizim xeyrimizədir (Zəb. 119:97, 111, 112). Amma ola bilsin, şagirdimiz Yehovanın qanunlarının məhəbbətdən qaynaqlandığını anlayana qədər bu fikirdə olmasın. Buna görə də şagirdimizə belə suallar verə bilərik: «Səncə, Allah nə üçün xidmətçilərinə bunu etməyi (yaxud etməməyi) buyurub? Bundan Yehova haqda nə öyrənirsən?» Şagirdi Yehova haqda düşünməyə təşviq etsək və Yehovanın uca adına dərin məhəbbət yetişdirməyə kömək etsək, ürəyinə yol tapmaq daha asan olacaq. O, təkcə qanunları yox, Qanunverəni də sevəcək (Zəb. 119:68). Beləcə, onun imanı artacaq və üzləşəcəyi alovlu sınaqlara hazırlıqlı olacaq (1 Kor. 3:12—15).

«ALLAHIMIZ YEHOVANIN ADI İLƏ YERİYƏCƏYİK»

Bir dəfə Davud padşah ürəyinin haçalanmasına yol vermişdi (12-ci abzasa baxın)

12. Davud padşah ürəyinin haçalanmasına necə yol vermişdi və bu, nə ilə nəticələnmişdi?

12 Zəbur 86:11 ayəsindəki «ürəyimi bütöv et» ifadəsi də vacib məna daşıyır. Davud padşah bu sözləri Allahın ruhunun ilhamı ilə yazmışdı. O, insanın ürəyinin asanlıqla haçalana bildiyini öz həyatından görmüşdü. Bir dəfə Davud sarayın damında var-gəl edərkən kiminsə arvadının çimdiyini gördü. Həmin vaxt Davudun ürəyi haçalanmışdı, yoxsa bütöv idi? O bilirdi ki, Yehovanın qanununa əsasən, heç kimin arvadında gözü olmamalıdır (Çıx. 20:17). Bununla belə, görünür, o, qadından gözünü çəkmədi. Davudun ürəyi Badsəbanı əldə etmək istəyi ilə Allahı razı salmaq istəyi arasında haçalandı. Yehovanı hədsiz dərəcədə sevməsinə və Ondan qorxmasına baxmayaraq, o, xudbin arzusuna təslim oldu. Beləcə, Davud səhv yola qədəm qoydu. O, Yehovanın adını bədnam etdi. Üstəlik, ailəsi də daxil olmaqla, günahsız insanların başına bəla gətirdi (2 İşm. 11:1—5, 14—17; 12:7—12).

13. Davudun sonralar yenidən bütöv ürəyə sahib olduğunu haradan bilirik?

13 Yehova Davuda günahının ciddiyyətini başa saldı. Daha sonra o, yenidən Yehova ilə yaxşı münasibətə sahib oldu (2 İşm. 12:13; Zəb. 51:2—4, 17). Əlbət ki, Davud ürəyinin haçalanmasının nə qədər bəla və əzab gətirdiyini unutmadı. Onun Zəbur 86:11 ayəsində yazdığı sözləri «mənə haçalanmamış ürək ver» kimi də tərcümə etmək olar. Bəs Yehova Davudun ürəyinin bütöv, haçalanmamış olmasına kömək etdi? Bəli, çünki Müqəddəs Kitabda sonralar Davudun ürəyinin «bütünlüklə Allahı Yehovaya bağlı» olduğu deyilir (1 Pad. 11:4; 15:3).

14. Nəyin üzərində düşünməliyik və nə üçün?

14 Davudun hadisəsi həm bizi ruhlandırır, həm də ciddi düşünməyə təşviq edir. Onun ciddi günah işləməsi bu gün Allaha xidmət edən kəslər üçün bir xəbərdarlıqdır. Yehovaya təzəlikcə, yaxud uzun illərdir xidmət etməyimizdən asılı olmayaraq, düşünməliyik: «Bəs mən Şeytanın ürəyimi haçalamaq cəhdlərinə qarşı dururam?»

Şeytan ürəyimizi haçalamaq üçün hər şey edəcək. Ona imkan verməyin! (15 və 16-cı abzaslara baxın) *

15. Ehtiras oyadan nə isə görəndə Allah qorxusu bizi necə qoruya bilər?

15 Misal üçün, televiziyada və ya internetdə sizdə ehtiras oyada biləcək nə isə görəndə necə davranırsınız? Bu zaman özünüzü həmin şəklin, yaxud filmin pornoqrafik olmadığına asanlıqla inandıra bilərsiniz. Amma bəlkə, bu, Şeytanın ürəyinizi haçalamaq cəhdidir? (2 Kor. 2:11). Gördüyünüz həmin şəkli böyük odun parçasını yarmaq üçün istifadə olunan baltaya bənzətmək olar. Baltanı oduna ilk dəfə saplayanda o, dərhal bölünmür. Amma bir neçə zərbədən sonra odun yarılır. Eynilə, ehtiras oyadan şəkillərin mənfi təsiri, bəlkə də, dərhal özünü büruzə verməyəcək. Lakin gec-tez ürəyimizin haçalanmasına, yəni günah işləməyimizə və sədaqətsizlik göstərməyimizə gətirib çıxara bilər. Odur ki, nalayiq olan heç bir şeyin ürəyinizə daxil olmasına yol verməyin! Bütün ürəyinizlə Allahdan qorxmaq üçün əlinizdən gələni etməyə davam edin!

16. Tamaha üstün gəlmək üçün hansı sualların üzərində düşünməliyik?

16 Şeytan ehtiras oyadan şəkillərlə yanaşı, digər üsullarla da bizi yoldan çıxarmağa çalışır. Bəs biz nə edirik? Asanlıqla özümüzü aldada bilərik. Misal üçün, düşünə bilərik: «Buna görə məni yığıncaqdan kənar etməyəcəklər, deməli, bu, o qədər də ciddi bir şey deyil». Bu, olduqca yanlış düşüncə tərzidir. Yaxşı olar ki, növbəti suallar üzərində düşünək: «Bəlkə, Şeytan bununla ürəyimi haçalamaq istəyir? Nəfsimə təslim olsam, Yehovanın adını bədnam etməyəcəyəm ki? Bu məni Yehovaya yaxınlaşdıracaq, yoxsa daha da uzaqlaşdıracaq?» Bu cür suallar üzərində yaxşıca düşünün. Onlara dürüstcəsinə, özünüzü aldatmadan cavab vermək üçün Yehovadan hikmət diləyin (Yaq. 1:5). Bu sizin üçün əsl müdafiə ola bilər. Beləcə, sınaqla üzləşəndə «rədd ol, Şeytan» deyən İsa Məsih kimi, siz də sınaqlara qətiyyətlə qarşı dura biləcəksiniz! (Mət. 4:10).

17. Nə üçün haçalanmış ürəyin heç bir qiyməti yoxdur? Nümunə çəkin.

17 Haçalanmış ürəyin heç bir qiyməti yoxdur. Təsəvvür edin ki, idman komandasının üzvləri bir-biri ilə yola getmir. Kimisi şöhrətə təkcə yiyələnməyə çalışır, kimisi qaydalara əməl etmək istəmir, kimisi də məşqçiyə saymazyana yanaşır. Bu cür komanda çətin ki, qalib gəlsin. Amma üzvləri arasında birlik olan komanda üçün uğur qazanmaq daha realdır. Sizin də ürəyinizin bu komanda kimi olması üçün fikirləriniz, arzularınız və hissləriniz Yehovaya xidmətə cəmlənməlidir. Unutmayın ki, Şeytan ürəyinizi haçalamaq arzusundadır. O istəyir ki, fikirləriniz, arzularınız və hissləriniz sizi Yehovanın normalarına zidd davranmağa təşviq etsin. Amma ürəyiniz bütöv olmalıdır ki, Yehovaya xidmət edə biləsiniz (Mət. 22:36—38). Şeytanın ürəyinizi haçalamasına izin verməyin!

18. Mikə 4:5 ayəsinə əsasən, nəyə qətiyyətlisiniz?

18 Davud padşah kimi Yehovaya duada deyin: «Ürəyimi bütöv et ki, adından qorxum». Bu duaya uyğun yaşamağa qəti qərarlı olun. Hər gün kiçikdən tutmuş böyüyə kimi, verdiyiniz bütün qərarlarda Yehovanın müqəddəs adına ehtiram bəslədiyinizi göstərməyə qətiyyətli olun. Bununla siz Yehovanın Şahidi kimi Onun adını yaxşı təmsil edəcəksiniz (Məs. 27:11). Onda hər birimiz Mikə peyğəmbərin sözlərinə qoşulub deyəcəyik: «Biz isə əbədiyyən Allahımız Yehovanın adı ilə yeriyəcəyik» (Mik. 4:5).

NƏĞMƏ 41 Ey Allahım, eşit duamı

^ abz. 5 Bu məqalədə Davud padşahın Zəbur 86:11, 12 ayələrində yazılmış duasına nəzər salacağıq. Yehovanın adından qorxmaq nə deməkdir? Nəyə görə Onun uca adından qorxmalıyıq? Allah qorxusu bizi səhvə sürükləyən şeylərdən necə qoruya bilər?

^ abz. 53 ŞƏKLİN İZAHI: Musa peyğəmbər xalqa Yehovanı ucaldan nəğməni öyrədir.

^ abz. 57 ŞƏKLİN İZAHI: Həvva nəfsinə üstün gəlmədi. Ondan fərqli olaraq, biz yanlış istəklər oyadacaq və Allahın adını bədnam edəcək hərəkətlərə gətirib çıxaran şəkillərə baxmamağa və mesajlar oxumamağa qətiyyətliyik.