Kontentə keç

Mündəricatı göstər

Özünə hakim olmaq. Yehovanın rəğbətini qazanmaq üçün zəruridir

Özünə hakim olmaq. Yehovanın rəğbətini qazanmaq üçün zəruridir

«Xalam oğlu ilə söz davasına çıxdıq. Boğazından yapışıb onu boğmağa başladım. İstəyirdim onu öldürüm» (Paul).

«Evdə hər xırda şeyin üstündə özümdən çıxırdım. Əlimə keçən hər şeyi, stol-stulu, uşağın oyuncaqlarını qırıb-dağıdırdım» (Marko).

Ola bilsin, biz bu həddə çatmırıq, amma bəzən hər birimizin özümüzü ələ almağa çətinlik çəkdiyi məqamlar olur. Əsas səbəb ulu valideynimiz Adəmdən günahlı xüsusiyyətləri miras almağımızdır (Rom. 5:12). Paul və Marko kimi, bəzilərinə hirslərini cilovlamaq asan deyil. Digərləri fikirlərini nəzarətdə saxlamağa çətinlik çəkir. Onları qorxudan, ruhdan salan mənfi şeylər barədə düşünüb dururlar. Bəziləri üçün isə əxlaqsızlığa, sərxoşluğa yol verməmək və ya narkotik qəbul etməmək əsl mübarizədir.

Fikirlərinə, nəfslərinə və davranışlarına nəzarət etməyənlər həyatlarını məhv edə bilər. Amma biz bu aqibətdən qaça bilərik. Necə? Özünə hakim olmaq xüsusiyyətini yetişdirməklə. Növbəti üç sualın cavabı bu xüsusiyyəti yetişdirməyə kömək edəcək: 1) Özünə hakim olmaq nədir? 2) Bu xüsusiyyət nə üçün zəruridir? 3) Müqəddəs ruhun bəhrəsinə daxil olan bu xüsusiyyəti necə yetişdirə bilərik? (Qal. 5:22, 23). Bu məqalədə həmçinin özümüzə hakim olmaq çətin olduğu anlarda nə edə biləcəyimizi də araşdıracağıq.

ÖZÜNƏ HAKİM OLMAQ NƏDİR?

Özünə hakim olan insan hər istədiyini etməyən insandır. Belə insan Allahın narazılığına səbəb olacaq danışıq və davranış tərzindən uzaq durmağa çalışır.

İsa özünə hakim olmaqda bariz nümunədir

İsa Məsih özünə hakim olmağın nə demək olduğunu göstərmişdi. Müqəddəs Kitabda deyilir: «O, təhqirə təhqirlə cavab vermirdi. Əzab çəkəndə kimsəyə hədə-qorxu gəlmirdi, lakin özünü adil Hakimə tapşırırdı» (1 But. 2:23). İsa işgəncə dirəyində əzab çəkərkən əleyhdarlarının rişxəndi qarşısında özünə hakim olmuşdu (Mət. 27:39—44). Bu hadisədən qabaq da İsaya düşmən kəsilən din xadimləri onu sözdə tutmağa cəhd edəndə o, möhtəşəm təmkin nümayiş etdirmişdi (Mət. 22:15—22). Hələ yəhudilər qəzəb içində İsanı daşlayanda onun necə davranması adamı heyran edir! O, qisas almadı, «gizləndi və məbəddən çıxdı» (Yəh. 8:57—59).

Biz İsa Məsih kimi davrana bilərik? Müəyyən dərəcədə, bəli. Həvari Butrus yazmışdı: «Məsih... sizin uğrunuzda əzab çəkdi və sizə nümunə qoydu ki, onun izi ilə gedəsiniz» (1 But. 2:21). Qeyri-kamil olsaq da, özünə hakim olmaq məsələsində İsa Məsihin izi ilə gedə bilərik. Bunu etməyimiz nə üçün zəruridir?

ÖZÜNƏ HAKİM OLMAQ NƏ ÜÇÜN ZƏRURİDİR?

Yehovanın rəğbətini qazanmaq üçün özümüzə hakim olmağı bacarmalıyıq. Hətta Yehovaya uzun illər sədaqətlə xidmət etmiş olsaq belə, davranış və danışığımızı nəzarətdə saxlamasaq, Onunla dostluğumuzu itirə bilərik.

Gəlin Musa peyğəmbərin nümunəsini nəzərdən keçirək. O vaxt «dünyada Musa kimi həlim adam yox idi» (Say. 12:3). O, uzun illər İsrail xalqının deyingənliyinə səbirlə dözmüşdü. Amma günlərin bir günü peyğəmbər özünü ələ ala bilmədi. Xalq növbəti dəfə su qıtlığına görə gileylənəndə o əsəbiləşdi. Onlara kobudcasına dedi: «Eşidin, ey asilər! İndi deyirsiniz biz sizin üçün bu qayadan su çıxardaq?» (Say. 20:2—11).

Musa peyğəmbər özünə hakim ola bilmədi. O, şərəfi xalqı su ilə təmin etmək üçün möcüzə göstərən Yehovaya vermədi (Zəb. 106:32, 33). Buna görə də Yehova Musa peyğəmbəri Vəd edilmiş diyara daxil olmağa qoymadı (Say. 20:12). Yəqin ki, peyğəmbər son nəfəsinə qədər təmkinini qorumamağın peşmançılığını çəkmişdi (Qan. 3:23—27).

Buradan nə öyrənirik? Uzun illərdir Yehovaya xidmət etsək də, kimsə bizi qıcıqlandıranda, yaxud kiminsə səhvini düzəltməli olanda əsla hörmətsizlik etməməliyik (Efes. 4:32; Kol. 3:12). Düzdür, yaşa dolduqca və səhhətimiz pisləşdikcə bəzən səbrimizi boğmaq çətin olur. Amma Musanı yadımıza salaq. Heç vaxt istəməzdik ki, bircə dəfə özümüzə hakim olmamağımız uzun illər sədaqətlə etdiyimiz xidmətə xələl gətirsin. Bu vacib xüsusiyyəti necə yetişdirə bilərik?

BU XÜSUSİYYƏTİ NECƏ YETİŞDİRMƏK OLAR?

Duada müqəddəs ruh diləyin. Özünə hakim olmaq xüsusiyyəti müqəddəs ruhun bəhrəsinə daxildir və Yehova Ondan diləyənlərə müqəddəs ruh verir (Luka 11:13). Yehova müqəddəs ruhu vasitəsilə güc verə bilər ki, özümüzə hakim olaq (Filip. 4:13). Həmçinin Onun köməyi ilə ruhun bəhrəsinə daxil olan digər xüsusiyyətləri, məsələn, məhəbbət xüsusiyyətini yetişdirə bilərik. Bu xüsusiyyət sayəsində özümüzə hakim olmaq daha asan olacaq (1 Kor. 13:5).

Özünüzə hakim olmağı çətinləşdirən hər şeydən uzaq durun

Özünüzə hakim olmağı çətinləşdirən hər şeydən uzaq durun. Misal üçün, günahlı əməllərin təlqin olunduğu internet səhifələrindən və əyləncə növlərindən uzaq durun (Efes. 5:3, 4). Əslində, bizi yanlış hərəkətlərə sövq edən hər bir şeydən uzaq olmalıyıq (Məs. 22:3; 1 Kor. 6:12). Misal üçün, əxlaqsız davranışlara zəifliyi olan şəxs yaxşı olar ki, ümumiyyətlə romantik kitablar oxumasın və bu cür filmlərə baxmasın.

Bəlkə də, bu məsləhətə əməl etmək bizə çətindir. Amma əlimizdən gələni etsək, Yehova özümüzə hakim olmaq üçün güc verəcək (2 But. 1:5—8). Bu köməyin sayəsində fikirlərimizi, danışığımızı və davranışımızı nəzarətdə saxlaya biləcəyik. Yuxarıda adı çəkilən Paul və Markonun nümunəsi bunu sübut edir. Onların hər ikisi hirslərini cilovlamağı öyrəndilər. Başqa bir qardaş isə, sükan arxasında olan vaxt özündən çıxırdı, hətta başqaları ilə mübahisə etməyə başlayırdı. Bəs o nə etdi? Qardaş deyir: «Hər gün hərarətlə dua edirdim. Özünə hakim olmaqla bağlı məqalələr oxuyur və bununla bağlı ayələr əzbərləyirdim. Bu xüsusiyyətin üzərində neçə illərdir işləsəm də, indinin özündə də hər səhər qarşıma məqsəd qoyuram ki, təmkinli qalım. Həm də harasa gedəndə evdən tez çıxıram, beləcə, heç yerə tələsmirəm».

ÖZÜMÜZƏ HAKİM OLA BİLMƏYƏNDƏ

Bəzən özümüzə hakim ola bilməyəcəyimiz məqamlar olacaq. Bu zaman Yehovaya dua etməyə üzümüz gəlməyə bilər. Amma məhz bu zaman daha çox dua etməliyik. Odur ki, dərhal dua edin. Yehovaya yalvarıb əfv diləyin, kömək istəyin və bu səhvi bir də təkrarlamamağa qətiyyətli olun (Zəb. 51:9—11). Yehova mərhəmət diləyinizi cavabsız qoymayacaq (Zəb. 102:17). Həvari Yəhya demişdi ki, «İsanın qanı bizi bütün günahlardan təmizləyir» (1 Yəh. 1:7; 2:1; Zəb. 86:5). Unutmayın ki, Yehova xidmətçilərinə bir-birini dəfələrlə bağışlamağı buyurub. Deməli, Onun da bizimlə bu cür davranacağına əmin ola bilərik (Mət. 18:21, 22; Kol. 3:13).

Musa peyğəmbərin səhrada özünə hakim ola bilməməsi Yehovaya ağır getmişdi. Buna rəğmən, Yehova onu bağışladı. Onun Kəlamında Musa peyğəmbərin möhtəşəm iman örnəyi olduğu deyilir (Qan. 34:10; İbr. 11:24—28). Düzdür, Yehova peyğəmbərə Vəd edilmiş diyara daxil olmağa izin vermədi. Amma yerüzü Cənnətdə onu həyata qaytaracaq və əbədi yaşamaq imkanı bəxş edəcək. Bu zəruri xüsusiyyəti, özünə hakim olmaq xüsusiyyətini yetişdirsək, bizim də əbədi yaşamaq imkanımız olacaq (1 Kor. 9:25).